Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

34–cü dərc

 

Bağdan çıxan Xalid maşını sürətlə sürüb özünü şəhərə çatdırmış, bağın açarlarını, çantanı, bağlamanı və məktubu Arif Dadaşzadəyə vermişdi. Polkovnik məktubu oxuyub Xalidə dincəlməsini tapşırmış, sonra dərhal Layiqənin rəfiqəsini qorumasını tapşırdığı adamını yanına çağırmışdı. Qız üçün heç bir təhlükənin olmadığı daha şübhə doğurmurdu və onu qorumağa ehtiyac yox idi. Bu, onun ən təcrübəli adamı idi. Ona verəcəyi tapşırıq isə olduqca diqqətli olmağı tələb edirdi. Artıq Əmirxanın qatilinin kim olduğu bilinmişdi və onu izləməyi gənclərdən heç birinə tapşıra bilməzdi. Qısa müddətdə yanına gələn adam tapşırığı alıb, vaxt itirmədən Kürdəxanı kəndinə yollanmışdı.

Nədənsə, polkovnik bu gün, daha doğrusu bu gecə çox vacib bir xəbər alacağını hiss edirdi. Ona görə də yuxusu qaçmışdı, gecə saat 3 olsa da, ona rahatlıq verməyən bu hissin təsiri altında son günlər qaldığı ofisindəki otağında var-gəl edir, dincəlməyi heç düşünmürdü.

Bəxtiyar, bağda keçirdiyi son yoxlamalardan sonra göndərdiyi məktubunda Qılıncın məhz onları maraqlandıran adam olduğunu yazmışdı. Razılaşdıqları kimi, indi Bəxtiyarın cızdığı planın ikinci hissəsini o həyata keçirirdi. Elə ona görə də bu işi ən çox etibar etdiyi adamına tapşırmışdı, hazırda o, Qılıncın evini nəzarətdə saxlayırdı. Adama səhərə qədər gözünü qırpmamağı tapşırmışdı polkovnik. Plan elə idi ki, hətta indi həyata keçirdiyi ikinci hissəsi bir neçə gün də çəkə bilərdi. Ancaq uzun illərin təcrübəsi və güclü hissiyatı ona hər şeyin bu gün aydınlaşacağını, bir çox yarımçıq qalmış sualların cavablarının yerini alacağını deyirdi.

Polkovnik otağın işığını söndürüb pəncərəyə yaxınlaşdı. Şəhər yatırdı. O, bu şəhərdə anadan olmuş, bu şəhərdə böyümüş, bütün ömrünü bu şəhərdə yaşamışdı. Bu qocaman insanın uşaqlıq xatirələri, məktəb, tələbəlik illəri, ömrünün yarısından çoxunu həsr etdiyi polis sıralarındakı xidməti bu şəhərlə, ona son dərəcə doğma olan Bakı ilə bağlı idi. O, bu şəhəri, onun insanlarını sevirdi. İstefaya çıxsa da doğma şəhərinin sakinlərinin rahatlığını pozan, onların həyatlarına qəsd edən, halal mal və mülklərinə göz dikənlərlə heç vaxt barışmayacağına, onlarla mübarizə aparacağına özünə söz vermişdi Arif Dadaşzadə…

 

* * *

Qaranlıqda gizlənib həkim briqadasının gəldiyinə əmin olduqdan sonra oradan uzaqlaşmışdım. Təxmin etdiyim kimi, gözətçi dayı «təcili yardım»a zəng etmişdi. Cibimdəki tapança ilə şəhərdə gəzmək təhlükəsiz deyildi. Əslində, tapança məsələsində gec də olsa Arif müəllimlə məsləhətləşməli idim. Ancaq hələ araşdırmanın lap əvvəlində ona sonluqdakı qərar barədə sual verəndə cavab vermək üçün necə çətinlik çəkdiyini görmüşdüm. Ona görə də, bu məsələ ilə onu daha da yükləməyə lüzum görmürdüm. Sadəcə, tapançanı yox edəcəkdim. Haraya, necə, bunu təkcə özüm biləcəkdim. Bəzən yaranmış vəziyyətə uyğun addım atmaq ən düzgün olan addım hesab olunur. İndi təcili yardım maşınında xəstəxanaya aparılan və fədakar həkimlərimizin «adam» bilərək həyatını xilas etmək üçün çalışdıqları, kim bilir neçə günahsız insanın həyatına son qoymuş o muzdlu qatil onsuz da öz cəzasına çatıb. Çətin ki, bu zədə ilə bir də kimisə öldürməyə qalxa bilsin. Cəzanı ona mən yox, Allah verdi. Belə işlərdə nə qədər hazırlıqlı olsam da, rəqibimin ən azı mənim qədər hazırlıq keçdiyi göz qabağında idi və bu qarşıdurmada əsas bel bağladığım gözlənilməzlik amili arxa plana çəkiləndən sonra üstünlük aşkar onun tərəfinə keçmişdi. Bəli, yaxın məsafədən atılmış iki güllədən məni salamat qurtaran da, qaranlıqda onu binanın yarımçıq betonlanmış döşəməsindən aşağı mərtəbəsinə yuvarladıb belini qıran da Allahdır. Başqa sözlə, o Uca Varlıq, hərəyə öz haqq etdiyini verdi. O ki qaldı tapançaya, onsuz da heç bir muzdlu qatil eyni silahdan iki dəfə istifadə etmir. Bu tapança «təmizdir» və ələ keçməsi onun törətdiyi heç bir qətlin açılmasına kömək etməyəcək.

Artıq saat 3 idi. Gecənin bu saatında Gülanəni narahat etmək fikrim yox idi. Bir neçə saat yatmağa görə hansısa bir oteldə yer götürmək də istəmirdim. Tək gedəcəyim yer Arif müəllimin ofisi idi. Xasiyyətini gözəl bildiyim üçün, araşdırmanın belə bir məqamında onun yatmayacağına, verdiyi tapşırıqla bağlı cavabı gözləyib oyaq qalacağına əmin idim. Oraya getməyim həm də vaxt udmağımıza kömək edə bilərdi. «Bağ əməliyyatı»nın ikinci hissəsi ilə bağlı hər-hansı məlumat daxil olardısa, onu Arif müəllimlə birlikdə dərhal müzakirə edib növbəti addımlarımız barədə qərar verərdik. Birgə olduğumuz müddətdə Qılıncı kifayət qədər «oxuya» bilmişdim. Nə qədər bic olsa da, onun bizim xeyrimizə işləyən bir cəhətini aşkara çıxarmışdım. Bu adam olduqca hövsələsiz biri idi. Bağa gələn kimi söhbəti uzatmadan və çaydan imtina edərək tez yekunlaşdırmaq üçün dərhal işə başlaması, arada qəsdən bağa keçib ona hansısa xırda tapşırıqlar verməyimdən qıcıqlanması, səhər açılar-açılmaz gecə qaldığı otaqda ona atdığım «yem»lə bağlı şübhələrini dəqiqləşdirmək üçün hətta səhər yeməyinin bitməsini gözləmədən suallar verməsi bu qənaətə gəlməyimə kifayət etmişdi. Əgər belədirsə və bu adamın bağda yarandığı şübhələrlə bağlı hansısa addım atmaq fikri varsa, mütləq elə bu gecə hərəkətə keçəcəyinə əmin idim. Bu gecədən bir «hədiyyə»mi almışdım, görək ikinci «hədiyyə»ni də bəxş edəcəkmi mənə gecə. Saata baxdım, 4-ə işləyirdi, səhərə hələ var idi.

 

* * *

Arif Dadaşzadənin Kürdəxanı kəndinə gəlmiş adamı lazım olan ünvanı tapdıqdan sonra uzaqdan müşahidə aparmış, hava qaraldıqdan sonra isə maşınını bir qədər yaxına sürüb görünməməkçün arxa oturacağa keçmişdi. Ancaq yenə də şübhə doğurmamaqçün izlədiyi evlə arasında kifayət qədər məsafə saxlamışdı. Kiçik taxta giriş qapısı, suvağı tökülmüş divarları, bu divarlardan aşıb küçəyə sallanan çoxdan budanmamış ağacların toz basmış budaqları evin olduqca kasıb və baxımsız olmasından xəbər verirdi. Kəndin bu qaranlıq küçəsində gediş-gəliş hələ axşamdan kəsilmişdi. Gecə düşdükdən sonra isə, ümumiyyətlə bir adam da gözə dəymirdi. Hər yan sükuta qərq olmuşdu, bu sükutu təkcə həyətlərdən hansındasa hərdən-bir hürən itin səsi pozurdu.

Adam qolunu azca qaldırıb əqrəbləri fosforlu olan saatına baxdı. Saat 03:30 idi. Elə bu zaman əsas küçədən bu ara küçəyə dönən avtomobilin işıqları hər yanı işıqlandırdı. Adam cəld maşının oturacağına uzanıb gözləməyə başladı. Maşın onun yanından keçib bir qədər irəlidə, axşamdan bəri müşahidə apardığı evin qarşısında dayandı. Ehmalca başını qaldıran adam bundan sonra nə olacağını görə bilmək üçün maşının dayandığı yerə baxmağa başladı. Gələn maşının üzərində taksi emblemi var idi. Sürücü mühərriki və işıqları söndürmədən sükan arxasında oturub gözləyirdi. Adam maşının markasını və nömrə nişanlarını yadında saxlayıb izləməni davam etdirdi. Gün kimi aydın idi ki, taksi hazırda onun izlədiyi ünvana çağırılıb və bu küçəni məkan barədə ona atılmış məlumat əsasında naviqator vasitəsilə çox rahatlıqla tapıb. Naviqator quraşdırılmış telefon aparatının ekranı hələ də maşının salonunu işıqlandırırdı.

Birdən həyətin qapısı açıldı və oradan hündürboylu, cantaraq bir kişi çıxıb maşına yaxınlaşdı. Maşının işığında kişini çox rahatlıqla görmək olurdu. Əynində qara kostyum, açıq mavi rəngli köynək, ayaqlarında ucu biz ayaqqabılar olan bu kişi, bir qədər sağa-sola boylanandan sonra taksinin arxa oturacağına oturdu. Taksi dövrə vurub gəldiyi yolla geri qayıtdı və əsas yola tərəf istiqamət aldı. Yenidən maşının işıqlarından gizlənməyə məcbur olan adam, taksi ötüb keçdikdən sonra cəld uzandığı yerdən qalxıb bir sıçrayışla öndəki oturacağa, sükan arxasına keçdi. Mühərriki işə salıb bir qədər gözlədi, sonra, işıqlarını yandırmadan maşını uzaqlaşmaqda olan taksinin ardınca sürdü.

 

* * *

 Saat 04:10 idi. Tapançanı «yox» etdikdən sonra Arif müəllimin ofisinə gəldim. Bir qədər aralıda düşdüyüm taksini yola salıb arxa tərəfdən binaya yaxınlaşdım. Dəmir qapıdakı kodu yığıb yuxarı qalxdım, ofisin qapısını şərtləşdiymiz kimi, əvvəl bir dəfə, kiçik fasilədən sonra isə iki dəfə taqqıldadıb gözlədim. Az keçmiş qapını açan Arif müəllimlə salamlaşıb içəri keçdim. Gözlədiyim kimi polkovnik yatmamışdı. Dəhlizin işığında mənə diqqətlə baxan polkovnik heç nə deməyib başını buladı.

Əlbəttə, nə qədər üst-başımı səhmana salsam da, az əvvəl toz basmış binadakı süpürləşmənin izləri paltarlarımda qalmışdı. Təcrübəli polkovnikin bunu sezməməsi mümkün deyildi. İndi bu söhbətin açılması marağımda olmadığından onun susması yerinə düşdü. Keçib divanda oturdum. Mətbəxdə özünə kofe düzəldən Arif müəllim oradan səsləndi:

-Çay içəcəksən?

O, hamının yuxusunu qaçıran kofenin mənə yuxu gətirdiyini bilirdi.

-Özüm süzərəm, -deyib ayağa qalxdım.

-Otur, gətirirəm, -nidasıyla bir azdan otağa qayıdan polkovnik çay süzdüyü bardağı və əlindəki konfeti mənə uzatdı. Elə bu vaxt kabinetdəki şəhər telefonuna zəng gəldi. Telefonun dəstəyini qaldırıb o, heç nə demədən qulaq asmağa başladı. Xəttin o başındakı adam söhbəti bitirdikdən sonra, -Daha dincələ bilərsən, -deyərək polkovnik dəstəyi yerinə qoydu. Sonra üzünü mənə tutdu:

-Təbrik edirəm, Bəxtiyar. Sənin planın yüz faiz özünü doğrultdu. Təxminən bir saat əvvəl evdən çıxıb taksi ilə şəhərə gələn Qılıncın getdiyi ünvan məlum oldu.

Maraqla onun üzünə baxıb susdum. Planımı hazırlayarkən, gecə bağda Qılıncın «rahatlığını» pozduqdan sonra gedə biləcəyi bir neçə ünvanı təxmin etmişdim. Ancaq onlar arasında seçim edə bilməmişdim. İndi, gələn zəngdən sonra gözlərindəki yorğunluğu bir anda yoxa çıxan müəllmimin hansı ünvanı səsləndirəcəyini gözləyib ona baxırdım. Gün kimi aydın idi ki, məhz o ünvanlardan birini eşidəcəyəm. Nəhayət gözləri gülən polkovnik dilləndi:

-«Dostumuz» Rəmziyə qonaq gedib.

Bu, gözlədiyim ehtimallardan biri idi. Nəhayət bütün daşlar yerini almağa başlayır. İndi Arif müəllim də, mən də deyə bilərdik ki, ilk gündən  yalnız ehtimallara əsaslanan araşdırmamızda ilk real nəticəni əldə etmişik. Qatil olduğunu müəyyən etdiyimiz, Bakı ətrafında yaşayıb onun-bunun həyətində işləməklə dolanan bir «dəli»nin böyük biznes imperiyasının başında dayanan, milyonlar sahibi Rəmzi Xanbabayevlə nə əlaqəsi ola bilərdi, təxmin etdinizmi? Özü də, az qala səhər açılana yaxın. Şəhərin özündən deyən kişiləri bu saatda Rəmzini narahat etməyə cəsarət etməz, nə qədər vacib işləri olsa belə, səhərin açılmasını gözləyərdilər. «Dəli» kimi tanınması bir yana, onun-bunun qapısında işləməklə dolanan biri isə çox rahat şəkildə bunu edir. Deməli, bu iki adamı bir-birinə bağlayan çox dərin tellər var. Üstəlik də, nə isə fövqəladə hadisə baş verib. «Fövqəladə hadisə»ni də biz yaratmışdıq onlar üçün. Böyük ehtimalla isə bu görüş hansısa yolla əvvəlcədən razılaşdırılıb.

Bəli, Əmirxanın qatilini müəyyən etməyin mənasız olduğunu, damla-damla toplayacağımız sübutların bizi bu qətlin sifarişçisinə çıxaracağını düşünmüşdük. Təxminən hər şey də buna gedirdi. Bir neçə adam diqqət mərkəzimizə düşmüş, onlar ətrafında aparılan işlə sifarişçiyə yaxınlaşmışdıq. Ancaq Matvey Semyonoviçin gözləmədiym halda verdiyi bir məlumat bizə həm də qətlin icraçısına çıxmağımıza kömək etmişdi. Maraqlı olsa da, əgər Rəmzi haqqında əvvəlki şübhələrimizi nəzərə almasaq, sonda məhz qatildən icraçıya çıxa bilmişdik. Bu, yüz olmasa da, doxsan doqquz faiz Rəmzinin sifarişçi, yaxud da sifarişçilərdən biri olduğunun sübutu idi. Heç nə danışmasa da, polkovnikin də belə düşündüyünə əmin idim. Nadir hallarda gözlərində görünən sevinc də buna dəlalət edirdi.

Dediyim kimi, araşdırmamızda maraq doğuracaq adamların tam siyahısını müəyyən etmək üçün etdiyim psixoloji gediş nəticə verməkdə davam edirdi. Heç də yaxşı şeylərə bağlanmayan böyük bir sirrin daşıyıcıları təhlükə hiss edən kimi təcili olaraq bir-biri ilə görüşməyə başlamışdılar. Əlbəttə, onların hamısı eyni vaxtda bir yerə yığışa bilməzdilər.  Kimin kimlə bağlılığı varsa, ona da üz tutmuşdu. Məsələn, İlk hərəkətə gətirilən Səlim İsfəndiyarı ziyarət edib şübhələrini yoxladıqdan sonra hər ehtimala qarşı Rəmzi ilə görüşüb vəziyyəti bölüşməyi lazım bildi. Qılınc da eyni şeyi etdi. Amma böyük ehtimalla o, Səlimi heç tanımır. Bu səbəbdən onunla görüşməsi mümkün deyil. Əminəm ki, Səttar dünyasını dəyişməsə idi, mütləq eyni şeyləri müşahidə edəcəkdik. O ki qaldı «Qızılbaş»a, onun bu qətldə hansısa formada birbaşa rolunun olmasına gümanım azdır. Hətta səhv etmirəmsə, Əmirxan qətlə yetiriləndə o həbsxanada olub və hər hansı iştirakı mümkün deyildi.Ancaq hələ də, adı çəkilən adamlardan hansınınsa onunla da görüşəcəyi istisna olunmur. Çünki qətlin araşdırmasında bizə qarşı verilən tapşırıqların ondan gəldiyini öyrənə bilmişdik. «Qızılbaş»a isə hansısa tapşırığı ondan qat-qat yuxarıda duran birisi verir. Deməli bu məsələdə «Qızılbaş» yox, ona bu işi tapşıran maraqlı tərəfdir. Bu faktın özü də ilk gündən gəldiyimiz qənaətin, bu məsələdə «oğru» dünyasının başında duranların əli olması barədəki ehtimallarımızı bir daha təsdiqləyir. Mənim qətlimin sifariş verilməsi kimi kəskin bir addımın atılması isə bu ehtimalların doğruluğuna heç bir şübhə qoymur. 

Sifarişçi və ya sifarişçilərdən birinin Rəmzi olması qənaətinə də elə-belə gəlmədik. Bu adamın adı düz üç dəfə hallandı araşdırmada. Belə təsadüf olmur. Əvvəlcə polkovnikin şübhələndiyi Səlim təhlükə hiss edən kimi bir müddət evinə qapandı, sonra isə Rəmzi ilə görüşməyə tələsdi. Bundan sonra Səttarın göndərdiyi gizli şifrin açmasında Rəmzi adı ortaya çıxdı. Bu artıq tutarlı sübut idi. Qılıncın da, bağdan qayıdan kimi elə həmin gecə, təcili Rəmzinin yanına getməsi bu sualın nöqtəsini qoymuş oldu.

İndi Arif müəllimin nə qərar verəcəyini gözləyirdim. Bizə lazım olan hədəflər artıq məlum idi. Ancaq məsələ o qədər də sadə deyildi. Hər şey bizim üçün məlum olmuşdu sadəcə. Az əvvəl sadaladıqlarım yalnız bizim apardığımız analitik işin və çoxgedişli kombinasiyalarımızın nəticəsində əldə olunan və doğruluğuna əmin olduğumuz sübutlardır. Bu sübutlarla, hətta aradan keçən müddəti nəzərə alaraq qanun imkan versə belə, istintaq orqanları qarşısında hansısa iddia qaldırmaq elə ilk gündən uduzmaq deməkdir. Ona görə də, hər şey müəllimimin verəcəyi qərardan asılı idi.

-Bu gün ayın neçəsidir?

Arif müəllimin sualı məni fikirdən ayırdı.

–Mayın iyirmi altısı.

Polkovnik əli ilə tük basmış çənəsini ovuşdurdu.

-Sən daha bu gün və sabah heç bir addım atma. Sonrasına baxarıq.

Yenə heç nə soruşmasa da, “heç bir addım atma” deyəndə, bayaq içəri girəndə paltarlarımda qalmış süpürləşmə əlamətlərini nəzərdə tuturdu polkovnik.

-Aydındır, Arif müəllim, -qısa cavab verdim.

-İndi isə bir az yatmaq lazımdır. Sən elə bu oturduğun divanda dincəl. Mən isə istirahət otağına keçirəm.

Arif müəllimin istirahət otağına keçməsini gözləyib ayaqqabılarımı çıxardım və divana uzandım. Bu iki günün niyə boş keçəcəyini bilmirdim. Ancaq bu iki gün Salamın yarımçıq qoyduğum işi ilə məşğul olmağım üçün əla fürsət idi. Nəyin harada qırıldığını tapmalı, sonra düzgünlüyünə əmin olduğum fərziyyəmi həmin yerdən davam etdirməli idim. Bunun üçünsə, indi bir qədər yatmaq lazım idi. Beyin insan ac olanda daha sürətlə işləyir, yuxusuz olanda isə fikirlər qarışır.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)