Vəhşi quş, yoxsa kəpənəkqanadlı təyyarə? - Ülviyyə Əbülfəzqızının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtundan növbəti bədii əsəri diqqətinizə çatdırırıq. Ülviyyə Əbülfəzqızının “Vəhşi quş, yoxsa kəpənəkqanadlı təyyarə” hekayəsini.

 

Budur yenə həmin yollar, həmin təkrarlanan ağrılar. Hava limanına aparan yollardan nə vaxt keçirdimsə, mənəvi ağrılarım ən yüksək zirvəsinə çatırdı. Nə vaxt təyyarə görürdümsə, o mənə vəhşi quş kimi görünürdü, o vəhşi quş ki, sevdiyimi məndən alıb uzaqlara aparmışdı.

Psixomatik ağrılar kaş ki, heç yaranmazdı..

Hər hansı bir hadisə qarşısında yaranan xoş və ya pis hisslər insanın davranışında mütləq özünü göstərəcək. İnsan özünü yaxşı hiss etdikdə bu pozitivliyi vucudu əks etdirir. Məmnuniyyət, razılıq, xoşbəxtlik kimi müsbət emosiyalar serotonin və ya dopamin kimi müsbət kimyəvi maddələrin ifrazına imkan verir. Eyni hal bunun əksi üçün də keçərlidir. Özümüzü yaxşı hiss etmkriksə, bu zehni yorğunluq bədənimizlə özünü ifadə edə bilər. Məsələn: vücudumuz uzun müddətli fiziki, zehni və ya emosional stress yaşayanda kortizolun səviyyəsi artır.

Psixomatik ağrılar xroniki və fiziki əlamətləri olan, lakin tibbi bir açıqlaması olmayan narahatçılıqdır.

Mənfi düşüncələr və hisslərin enerji tezliyi müsbət olanlardan fərqlənir. Elə buna görə də orqan, toxuma və hüceyrələrə ağrı verir.

Deməli, bu ağrıları özümüz özümə layiq bilirik.

Nədir axı vücudumuzun təqsiri?!

Maraqlısı budur ki, bütün bunları bilə-bilə özümə, bəlkə də, ona əziyyət verirdim. Ruhum və cismim əzab adlı məngənədə dustaq idi.

Onun gedişini bilirdim, lakin, dayandırmaq üçün heç nə etməmişdim. Bəlkə də, onu məndən ayıran vücudu dəmir olan vəhşi quşa- təyyarəyə qalib gəlib sevdiyimi geri qaytara bilərdim, amma heç cəhd də etmədim. Halbuki, onsuz sadəcə nəfəs alan, məyus yaşayan bir robot olacaqdım.

Övladım olmadığını öyrənən zaman dünya başıma yıxılmışdı.

Atilla da məyus olmuşdu, amma bildirməmək üçün uğrunda canımı belə verə biləcəyim qara gözlərindəki hüznü qovub təbəssümü süni şəkildə göstərməyə çalışmışdı.

Məni isə “ Yəqin ki, səhv diaqnozdur” deyib, sakitləşdirməyə cəhd etmişdi. Amma sevdiyim insanı, əlbəttə, atalıq hissindən məhrum etməyəcəkdim.

Atilla xarakterimi və tərsliyimi gözəl bilirdi. Hətta bir dəfə Atilla xəstə olduğu üçün yemək yeməkdən imtina edəndə mən də həmin gün heç su da içməmişdim. Hətta ac və susuzluqdan az qala ikinci mərtəbədən düşəndə yıxılacaqdım və son anda Atillanın cəldliyi ilə qurtuldum.Amma o, əsəbi olanda “möhtəşəm mədəni danlağından” qurtulmaq olmazdı.

Lakin susub bir kəlmə də danışmadım, günahkar idim. Əslində o yesin deyə, mən də inad etmişdim. Yazıq Atilla, özü süfrə açıb “Müjgan xanım, buyur” -söyləmişdi.

Heç iştahım yox idi, Atillaya acığım tutmuşdu, amma onun aclığına dözə bilmədiyim üçün süfrəyə əyləşdim.

Onun simasına baxa bilmirdim. Atilla mən yıxılmaq üzrə olanda çox qorxmuşdu. Onu incitmək mənim üçün ağır idi. Çox tanışlarımız ideal cütlük ifadəsi zamanı “Atilla və Müjgan sevgisi” söyləyirdi. Əlbəttə, ailədə xırda söz-söhbətlərimiz olurdu, amma sevgimizin böyüklüyü incikliyi nöqtəyə çevirib yox edirdi.

Bir dəfə Atillanı qısqandığım üçün az qala maşının altında qalacaqdım.Təbii ki, bu dəfə Şeytan məni aldatmağı başarmışdı və indi də özümü bu hərəkətim üçün heç cür bağışlaya bilmirəm.

Atillanın xanım iş yoldaşı xəstə imiş , özünü pis hiss edirmiş, təzyiqi ani qalxıb və huşunu itirib yıxıldığı zaman Atillanın ona köməketmə məqamını səhv anlamışdım. Buna görə ondan bütün varlığımla incimişdim. Halbuki, Atilla o xanımı yerdən qaldırıb kürsüyə əyləşdirəndə xanım özündə deyilmiş.

Mən isə aləmi bir-birinə vurmuşdum. Necə də axmaq olub Atilla barəsində ona layiq olmayan fikirlər düşünmüşdüm.

Haqq yerin tapdı, mən isə bu dəfə uzun müddət Atilladan qaçıb anamgildə qaldım. O da ona güvənmədiyim üçün məndən çox incimişdi. Haqlı da idi.İlk dəfə idi ki, Atilladan bu qədər uzaq qalırdım.

Gecələr uzun və qara əlləri ilə məni boğub yarımcan edirdi. Qara rəng öz vahiməsində məni istədiyi kimi qorxuda bilirdi. Atilla- deyərək qışqırsam da, sanki səsim çıxmırdı. Bu səssizlik qaranlığın ehtirasını daha da vəhşilik dərəcəsinə çatdırırdı və mənə rəhmi gəlmirdi.

Atilla onsuz canlı ölü olduğumu bilirdi, amma ona inanmadığım üçün mənə bərk acığı tutmuşdu. Onun gəlişini arzu edirdim. Özüm isə addım ata bilmirdim,  görünməz zəncirlər ayaqlarımı bağlamışdı.

Əlimi bəlkə, yüz dəfə telefona atıb geri çevirmişdim. Əminəm ki, o da mənim kimi yarımcan idi.

O məndən 4 yaş da balaca idi. Onu qıcıqlandırmaq üçün- məndən balacasan-deyirdim. Bu onun heç xoşuna gəlmirdi.

Bu dəfə həqiqətən, günah məndə idi. Ona “sənin heç günahın olmayıb?” yazdım. Anında oxuyub “yazını getdiyin andan gözləyirdim”- yazdı.

Atilladan üzr istədim. Atilla isə bir şərtlə barışmağa razı oldu ki, o işdən qayıdanda sevdiyi balıq qızartması şam yeməyinə hazır olsun.

Baş üstə yazıb bir də səni qısqanmayacağam söylədim.

Əlbəttə, özüm dediyimə heç özüm də inanmadım. Mənfi cəhətim idi, ən zəif nöqtəm idi Atilla. Hətta kostyumuna belə təsadüfən yol keçən toxunurdusa, dəliyə dönürdüm. Deyəsən, qısqanclığım sərhəddi keçmişdi, bilirdim ki, bu, bizim yuvamızı uçura bilərdi. Bu hadisədən sonra özümə söz verdim ki, Atillanı səbəbsiz qısqanmayacağam. Atilla məni öz yanında işə də düzəltdi və hər şey çox gözəl davam edirdi.

Həkimə getdiyim o günə kimi.

Ailə qurduğumuz o gözəl gün -həsrətin məğlub, sevgimizin qalibiyyət qazandığı gündən düz 365 gün sonra..

Müxtəlif analizlərdən sonra həkim qərara gəldi ki, mən heç vaxt ana ola bilməyəcəyəm.

Bu xəbəri eşidəndə keçirtdiyim hissləri elə indi də xatırlayıram: uca sevincə sürətlə qanad açıb çox keçmədən qanadlarını itirmək kimi idi. Sevinc zirvəsinə az qalmış qanadlarını itirmək qədər ağrılı nə ola bilərdi ki?!

Mən qanadlarımı itirmişdim. Atilla isə bir an sadəcə susqun qalmışdı, lakin təsəlli vermək üçün tez özünə gəlmişdi.

Elə o andan Atilla ilə münasibətlərimi planlı şəkildə dəyişməyə başladım.

Mənəvi əzab çəkirdim, amma Atillanın mənə nifrət etməsini istəyirdim, ayrı cür o bağlararını məndən qoparmayacaqdı.

Atilla isə daxilimi üzümə oxuyurdu, nələri sevdiyimi, nədən nifrət etdiyimi əla bilirdi. Əslində biz onunla ruh əkizi idik. Düşündüyünü onun dili işə başlamamış söyləyirdim. Lap məəttəl qalırdı. Dediyinə görə, elə məni ona çəkən təxəyyülünü oxumam olubmuş.

Əslində tanışlığımız da ani olmuşdu. Yadımdadı, o, yaşıl rəngli gödəkçə geyinmişdi, saçları buruq idi. Maraqlı saç düzümü ona xüsusi yaraşıq verirdi.

Mən isə səbirsizliyimi nümayis etdirdiyim anda o məni izləyirmiş.Telefonuma kontur yükləmək istəyirdim, aparat isə pulu geri qaytarırdı, mən də tələsirdim. Dəfələrlə bu proses təkrar oldu, dodağımın altında “lənət sənə kor şeytan”- söyləmişdim. Atilla da məndən arxada növbə gözləyirmiş. O, pulu məndən alıb cəmi bir dəfəyə mənim bayaqdan  “vuruşduğum” məsələni həll etdi. Mən Atillanın üzünü görmədən ilk olaraq qolundan gödəkçəsinin yaşıl olduğunu görüb, biixtiyar -sağ ol yaşıl rəng- söylədim.

Atilla təəccüblə mənə baxdı. Bəlkə də, ürəyində “Bu qız lap dəlidir”- söylədi.

Sonra üzünə baxmadan “təşəkkür edirəm” söylədim.

Bu hadisədən bir həftə ötmüşdü. Bir dəfə tanımadığım nömrədən mənə zəng gəldi. Amma telefonu açdığımda kim idisə, səsini çıxarmırdı.

Bu düz beş dəfə təkrar oldu. Ən sonda yenə səbirsizliyimi nümayiş etdirib “Ay qorxaq, dilin laldı, yoxsa, cəsarətini qaranlıqda itirmisən”- söylədim.

Elə bu an: “Yaşıl gödəkçəli oğlanam” söylədi.

Anladım ki, o mənim nömrəmi balansımı artırarkən əzbərləyib. Düzü, acığım tutdu və biixtiyar söylədim ki, “Yaşıl rəngi sevirəm deyə, o demək deyil ki, bütün yaşıl rəngdə geyimi olanları da sevməliyəm”.

Atilla tutulub əlaqəni bitirmişdi. Mən isə sanki elədiyimdən peşman olmuşdum.Çünki o yaşıl gödəkçəli oğlan mədəni bir oğlana bənzəyirdi.

Etdiyimdən peşman olub ona zəng vurdum. Atilla, dili tutula-tutula- bəli- söylədi. Deyəsən, gözü qorxmuşdu.

Zəng etməyinin səbəbini soruşdum. Atilla isə “Sizə bir şəkil göndərmək istəyirəm”  söyləmişdi.

Əvvəlcə, yenə əsəb keçirdim, amma bu dəfə sakit tonla danışıb olar dedim. Özümə də maraqlı idi, bu yaşıl gödəkçəli oğlanda nə isə var idi..

Atilla şəkli mənə yönəltdi və gözlərimə inanmadım. Elə Atilla ilə qarşılaşdığım gündə itirdiyim- rəhmətlik nənəmin mənə yadigar verdiyi yaşıl rəngli sırqanın şəklini görəndə dəlicəsinə hönkürtü ilə ağlaya-ağlaya Atillaya “yaşıl gödəkçəli oğlan, təşəkkür edirəm”- deyib səsli mesaj yolladım. Yəqin ki, Atilla bu dəfə yüz faiz “Bu qız dəlidir” - söyləmişdi.

Sonra Atillaya bu sırqanın nənəmin mənə yadigarı və çox əziz olduğunu söylədim. Atilla isə “Yaşıl rəngi çoxmu sevirsən?” - soruşdu.

-Bəli, çox sevirəm söyləmişdim

Daha sonrakı səsli mesajda bildirdi ki, sırqanı tapmasaydım, Sizi narahat etməzdim. O, sırqa tayını məndən ayrılandan sonra elə həmin məkandan tapıbmış. Çox güman ki, qulağımda sırqanı görübmüş.

Düzü, kobudluğuma görə bir az utandım.

Atilladan soruşdum ki,  “Nə vaxt o sırqanı Sizdən götürə bilərəm?”

Atilla isə “Nə vaxt istəsəniz” –cavabını verdi.

Qərara aldıq, işimə yaxın bir yerdə görüşək, çünki heç cür vaxtım olmurdu.

Elə səhərisi gün dediyim saatda Atilla o sırqa tayını mənə gətirmişdi. Üstəgəl əlində balaca bir hədiyyə də var idi. Onu götürməyimi və evdə açmağımı xahiş etdi. Atilla quru xına yaşılı rəngində köynək də geyinmişdi və bu rəng o buruqbaşa çox yaraşırdı.

Deyəsən, yaşıl sevdası mənə baha başa gələcəkdi.

Əlbəttə, hədiyyəni işə çatmamış yolda açacaqdım, səbirsiz adam idim.

Hədiyyəni açanda isə yaşılqaşlı gözəl bir üzük gördüm. Anında barmağıma taxdım. Sanki bu üzük mənə xüsusi güc verirdi.

İşdən evə getdikdən sonra isə adını bilmədiyim yaşılgödəkçəli oğlana hədiyyə üçün təşəkkür etdim. Adını da soruşdum. O isə adının Atilla olduğunu söylədi.

Təsadüf idi, ya yox, amma bu adı çox sevirdim.

O da məndən adımı söyləməyi xahiş etdi.

Mən də adım Müjgandır söylədim.

Adımı söyləyən kimi məşhur şeirdən bir parçanı yazdı.

 

Çərşənbə günündə çeşmə başında,

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun keçdi sinəmdən,

Cadu qəmzələri canıma düşdü.

 

Aşıq Ələsgərin bu şeirini çox sevirdim.

Yaşadığım süjet xətti beynimi dumanlandırmışdı, Atilla artıq doğma birinə çevrilmişdi.

O, məşhur klinakalardan birində psixoloq çalışırdı. Atilla mənə yaşıl rəng haqqında səsli məlumat yollamışdı. Psixologiyada yaşıl rəngin enerji verən, ümid, inkişaf, sakitlik, rahatlıq kimi yozumları haqqında bilgilər idi.

Atillanın zəngin zəkasına günü-gündən aşiq olurdum. Hətta, bəzən ona olan möhtəşəm hisslərimə görə nənəmin mənə verdiyi sırqaya təşəkkür edirdim.

Artıq Atillanı tanıdığım gündən düz bir ay keçmişdi və Atilla ruhumun qidasına çevrilmişdi.

Psixologiya elmi haqqında maraqlı müzakirələr edirdik. Düzdür təhsilim olmasa da, dünyagörüşüm zəngin idi və bu Atillanın çox xoşuna gəlmişdi.

Hətta Atilla ali məktəbə sənəd verməyimi xahiş etdi. Atilla elə bil möcüzə yaradırdı. Mən ali məktəbə elə həmin il qəbul oldum. Halbuki, on birinci sinfi düz beş il əvvəl bitirmişdim. Birinci il 4-cü qrupa imtahan verib kəsilmişdim və tam ruhdan düşmüşdüm. Dəyərli psixoloq Atilla mənə necə motivasiya verdisə, 6 ay içində bütün proqramı əla mənimsəyib Tibb Universitetinə qəbul oldum.

Atillanının ailəsi ilə bizim ailəmiz münasibətlərimizi rəsmiləşdirmək qərarına gəlmişdi. Hisslərimiz onlara da bəlli idi. Atillanın mənə verdiyi yaşılqaşlı üzük hər ürək döyüntümə şərik idi. Sanki bu üzük Atillanın böyük sevgisinin simvolu idi. Bu üzüyü göz-bəbəyim kimi qoruyurdum.

Yazda nişanımız oldu, yayda isə nikah masasına əyləşdik.

Çox xoşbəxt idik. Amma bu xoşbəxtlik bitməyə iddialı idi. Atilla ata olmağa layiq idi. Ona bu hissləri yaşada bilmədiyim üçün hər gün ölüb-dirilirdim. Onun üçün, ümumiyyətlə, qız və oğlan övladının fərqi yox idi.

Onu ata kimi təsəvvürümdə çox canlandırmışdım. Mən sarışın olsam da, övladlarımızın Atilla kimi qaraşın və buruqsaçlı olmasını arzulayırdım. Amma başıma gələcəklərdən xəbərsiz idim.

Atillaya ayrılmalıyıq söyləyəndə, əlbəttə, bunu əsəbi və qəzəblə qarşıladı. Hətta körpələr evindən uşaq götürməmizi istədi, lakin buna razı olmadım.

Nəhayət, cəsarətimi toplayıb boşanma üçün ərizə verdim.

Atilla narazı olduğu üçün məhkəmə işi üç ay təxirə saldı, əlbəttə, bu müddətə kimi ondan uzaq və ayrı qalacaqdım.

Atilla çox cəhdlər etdi, amma mən fikrimdən dönmədim ki, dönmədim. İş o yerə çatdı ki, o əsəbindən içib sükan arxasına əyləşmişdi. Qəza belə törətmişdi. Yaxşı ki, yüngül xəsarət almışdı.

Mən isə ona qəzadan sonra belə baş çəkmədim.

Bu , Atilla üçün növbəti zərbə oldu.

Bu olanlardan sonra artıq onun da qüruruna toxunmuşdum...

Bir müddət gözümə görünmədi. Əlbəttə, Atillasız hər an əvvəl sönməz odda yanacaq sonra isə buz tutmuş bir otaqda titrəyəcəkdim. Amma təslim olan deyildim. Bu işgəncələri özüm seçmişdim.

Atillanı itirmək ruhumdan imtina etmək kimi bir şey idi, amma o, mənsizliyə alışmalı idi. Ata olub məni, əlbəttə, unudacaqdı.

Beləliklə, biz rəsmi boşandıq. İmzanı atanda Atillanın üzünə baxmaqdan imtina etsəm də dəhlizdə əsəbi şəkildə qolumdan tutub mənə nifrət etdiyini söylədi.

Mən isə bu cümlələri qələbə kimi hiss etdim. Böyük mübarizədə qalib idim. Mən sevdiyimi özümdən xilas etmişdim...Bəli.. sevdiyimi özümdən xilas etmişdim. Onu özümdən çox sevirdim, o hər şeyin ən gözəlinə layiq idi.

Mən onu möhtəşəm hisslərdən məhrum edə bilməzdim.

Boşanma prosesindən bir həftə sonra atam söylədi ki, Atilla Türkiyəyə köçüb orada çalışacaq. Bəli, mən Atillamı tam itirəcəkdim. Uçuş saatın bilirdim, bəlkə də, bir kəlməmlə o mənə dönərdi. Amma, əlbəttə, lal olacaqdım, hisslərimi Günəşdə yandırıb, buzda donduracaqdım. Dəmir vücudlu vəhşi quşun- təyyarənin uçuş vaxtını da bilirdim.

Anam söylədi ki, Atilla səninlə son dəfə danışmaq istəyir.

Nömrəmi dəyişmişdim, Atilla ona görə anama zəng vurmuşdu.

Mən isə “Allah, keç günahımdan” deyib Atilla ilə gözləmədiyi tonda və obrazda danışdım. Atilla tam varlığı ilə mənə nifrət etdi və mənimlə keçirtdiyi ömrünün hər anına lənət oxudu. Amma bu məni mənə, dediyim kimi, qələbə sevinci kimi gəlirdi, çünki Atillanı barsız söyüddən, boş beşikdən xilas etmişdim.

 

***

Atillanın qrup yoldaşı da Türkiyənin tanınmış xəstəxanalarından birində çalışırdı. Atilla da həmin xəstəxanaya işə düzəlmişdi..

O xanım subay idi. Tələbə olarkən aralarında ötəri sevgi hissi olmuşdu, amma Atilla üçün bu, sevgidən daha çox dostluq hissi olduğunu mənə etiraf etmişdi. O, qısqanclığımı gözəl bilirdi. Onun yerə düşən bir telini belə bir qadınla bölüşməzdim.

Atilla əminəm ki, məndən qisas almaq üçün onun yanına getmişdi. Çox sonralar onların evləndiklərini öyrəndim.

Hətta onlar məşhur türk xəstəxanasında çalışan azərbaycanlı cütlüklər kimi müsahibə də vermişdilər.

 

***

İllər sonra Atillanın simasını gördüm. Saçları ağarıb siması yadlaşmışdı, o özünə bənzəmirdi.

Yoxsa, xoşbəxt deyildi? Görəsən, ata olmuşdumu? Nədənsə, bu suala cavab almaq həvəsi nəfəsimi kəsdi. Atillanın anası da onunla Türkiyəyə köçmüşdü. Bilmirdim kimdən soruşum ki, Atilla ata olub, ya yox.

Artıq beş il idi ki, Atilladan uzaq yaşayırdım. Mart ayının 24-ü idi. İşə getmək üçün evdən çıxdım. Evimizdən bir az aralaşmışdım ki, gözlərimə inanmadım. Atilla yaşıl gödəkçə ilə qarşıma çıxdı. Əvvəlcə düşündüm, yenə xəyal görürəm. Amma o, mənə yaxınlaşıb qucaqlayanda yanaqlarının istisi illərlə buz tutmuş qəlbimi alovlandırdı, qəlbimin buzu isti suya çevrilib gözlərimdə selə döndü.

Atilla “Müjgan, səni analıqdan məhrum edən həyat yoldaşını bir də sevərsənmi” - söylədi. Nə baş verdiyini anlamadım.

Elə bu anda onun həyat yoldaşı- qrup yoldaşı dizi üstə yerə çöküb qarşımda ikiqat oldu. Yenə heç nə anlamadım.

Atilla söylədi ki, mənim analizlərim saxtalaşdırılıb və həmin qarşımda ikiqat olan bu xanımın çirkin niyyəti ilə..

Zaman da intiqamını Atillanın ata ola bilməyəcəyi surprizi ilə o xanıma verib. Hətta onlar bir ildir ki, boşandıqlarını söylədilər.

O xanım bağışlanmağını məndən dilədi.

Mən isə o xanıma “Allah səni bağışlasın” -söylədim.

Amma əvvəlki qısqanclıq ani qayıtdı, yaşıl gödəkçəli buruq başı özümə dartıb o xanıma “buradan yox ol” söylədim. Atilla isə artıq əvvəlki şıltaq və qısqanc Müjganı görürdü.

Artıq təyyarələr mənə vəhşi quş kimi yox, sevdiyimi mənə yetirən kəpənəkqanadlı kimi görünürdü. Bu dəfə dəmir vücuda sahib vəhşi quş gözümdə kövrəlmiş görünürdü. Hətta elə kövrəlmişdi ki, kəpənəkqanadlıya bənzəyirdi.

 

***

2018- ci il yanvar ayının 18-i Atilla qucağında Mədinə adlı bir körpə ilə nə isə danışırdı. Narkozun təsirindən ayılmamışdım, amma Atillanın “möcüzə qızım” söylədiyini tam eşidirdim.

Səbrimizin çiçəyi- meyvəsi çox şirin idi. Həm də Atillanın ikinci arzusu da yerinə yetmişdi. Mədinə mənə bənzəyirdi. Səbrimizin mükafatı isə yaman ağlağan idi. Onun ağlamağı belə Atillanın dodaqlarında təbəssümə çevrilirdi. Yaradana Şükr edirdik.

Allah səbir edənləri sevir.( Ali İmran 146)

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)