Unudulmaz sevgi şeirləri - “Bəhanəsiz get” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Unudulmaz sevgi şeirləri” rubrikasında bu gün sizlərçün unudulmaz sevgi şairi Nüsrət Kəsəmənlinin ən gözəl şeirlərindən birini dərc edirik: “Getmək istəyirsən bəhanəsiz get…”


Nüsrət Kəsəmənli

 

GETMƏK İSTƏYİRSƏN BƏHANƏSİZ GET

Gətmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı…

 

Sən dəniz qoynuna tullanmış çiçək,

Üstünə dalğalar atılacaqdır.

Saxta məhəbbətin saxta sənəd tək

Nə vaxtsa üstündə tutulacaqdır.

 

Döşənib yollar tək ayaqlarına

Sənə yalvarımmı?…bü mümkün deyil!

Qoymaram qəlbim tək vüqarım sına

Alçalıb yaşamaq ömür-gün deyil.

 

Demirəm sən uca bir dağsan, əyil,

Demirəm qalıbdır əlacım sənə.

Nə səndə məhəbbət qara pul deyil,

Nə mən dilənçiyəm əl açım sənə…

 

Getmək istəyirsən…O yol, o da sən…

Bir cüt göz baxacaq arxanca sənin.

Getdinmi…Nə vaxtsa dönmək istəsən

Tikanlı yastığa dönəcək yerin.

 

Getmək istəyirsən…Nə danış, nə din!

Yox ol uzaqlar tək dumanda, çəndə…

Nəyimi sevmişdin? Deyə bilmədin,

Indisə yüz eyib görürsən məndə.

 

Getmək istəyirsən, bəhanəsiz get,

Oyatma mürgülü xatirələri.

Səsin həmin səsdir, baxışın ögey,

Gedirsən, səsin də yad olsun barı…

 

“Ədəbiyyat və incəsənət”
(01.08.2023)