Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

33–cü dərc

 

 

Səhər yeməyini yeyib qurtaran «Qızılbaş» qızın qolundakı saata baxdığını görüb dedi:

-Tələsirsən?

Qız şıltaq-şıltaq cavab verdi:

-Hə, işlərim var, amma heç səndən ayrılmaq istəmirəm.

«Qızılbaş» özünün də xeyli işi olduğunu fikirləşib dedi:

-Eybi yox, onsuz da vədələşdiyimiz vaxt tamamdı. Gedək, səni yola salım.

Birlikdə süfrədən qalxıb həyətə endilər. Həyətdəki ikiqapılı «Mercedes» markalı idman avtomobilinə çatanda dayandılar. Qız öpmək üçün üzünü yaxınlaşdıranda «Qızılbaş» əli ilə sinəsindən tutub onu saxladı.

-Dayan görüm, gedirsən, ancaq heç demədin dayıdan nə istəyirsən?

-Öpüm, sonra deyəcəm.

Cavab gözləməyən qız, əvvəlcə onun yanağından, sonra boynundan öpdü, bundan sonra dodaqlarını qulağına yaxınlaşdırıb pıçıldadı, -«Sən həyatımda qarşılaşdığım ən erkək kişisən, səninlə bir də olmaq istəyirəm».

Gecə bu qızla dünyanın həzzini yaşamış «Qızılbaş», bu sözlərdən xoşhallanıb, gülümsədi:

-Yaxşı, bir-iki gün işlərim var, sonra səninlə əlaqə saxlayacaqlar.

Üzünə təbəssüm verən qız, -Sağ ol, canım,-deyib maşına oturdu və mühərriki işə saldı. İdman maşınının mühərrikinin gurultusu həyəti başına götürdü. Motorun qızmasını gözləməyən qız sürətlə avtomatik açılan darvazadan çıxıb gözdən itdi.

O, ona verilən tapşırığın ilk hissəsini yerinə yetirmişdi…

 

* * *

Gecə düşmüşdü. Saat ikinin yarısı idi. Xəlvətcə məhəlləmizin yaxınlığındakı tikintisi yarımçıq qalmış hündürmərtəbəli binanın arxa tərəfinə yaxınlaşdım. Müəllimimə buraya gələcəyimi deməmişdim. Bilsəydi, bunu mənə qadağan edəcəyinə şübhəm yox idi. Ona görə hər şeyi ondan gizlətməli olmuşdum. Tikinti sahəsinə əvvəlcədən gəlmiş, gözətçinin oturduğu yeri öyrənmiş, sonra ərazini hasarlayan dəmir lövhələrdən birinin bir tərəfinin mismarlarını çıxarıb getmişdim. Qaranlıqda həmin lövhəni tapmaq çətin olmadı, onu özümə tərəf çəkdim və içəri keçdim. Bina bir bloklu idi. İndi tikilinin dördüncü mərtəbəsinə qalxmalı idim. Ehtiyatla pilləkənlərə yaxınlaşıb səs salmadan qalxmağa başladım. Üçüncü mərtəbəyə çatıb bir qədər dayandım. Ani olaraq məhəlləmizə tərəf baxdım. Böyük bir ərazini əhatə edən məhəllənin tək-tük işıq yanan həyətlərini nəzərə almasam, hər yan qaranlığa qərq olmuşdu. Mənim evim isə buradan görünmürdü. Sonradan qonşuluğa köçmüş Fəttah kişinin yol kənarında tikdirdiyi ikimərtəbəli, üstü mansardlı evi mənim evimin qarşısını kəsirdi. Ona görə də, evimi görmək üçün aşağı mərtəbələrdən müşahidə aparmaq mümkün deyildi. Elə məni də bir mərtəbə yuxarı, dördüncü mərtəbəyə aparan səbəb, lazım olan adamın məhz bu səbəbdən orada qərar tutması idi. İndi son dərəcə ehtiyatlı olmalı idim. Dediyim kimi, bu gecə qarşı tərəfə ilk ağır zərbəni endirəcəkdim. Başımın üstündəki mərtəbədən gecənin qaranlığına qarışmış ölümün soyuq nəfəsini hiss edirdim. Ancaq narahat deyildim. Yuxarıdakı adam məni burada gözləmədiyindən ona qəfil hücum edəcəyim üçün üstünlük məndə olacaqdı. Belə bir vəziyyətdə isə, bu heç də kiçik üstünlük deyildi. Bəlkə də imkan tapıb endirəcəyim tək zərbə kifayət edəcəkdi. Son dərəcə ehtiyatla sonuncu pilləkənləri qalxmağa başladım. Birinci, ikinci, üçüncü, nəhayət sonuncu pillə. Mərtəbəyə qalxan kimi cəld birinci, sonra ikinci sütunun arxasına keçdim. Artıq gözüm qaranlığa öyrəşmişdi. Diqqətlə baxanda, bir qədər irəlidə, daşın üstündə oturub kürəyini divara söykəmiş adamı gördüm. Adam bir nöqtəyə baxıb qımıldanmırdı. Gizləndiyim sütun ilə onun arasında təxminən iki metr məsafə olardı. Bu, qəfil həmlə etmək üçün yaxşı məsafə idi. Nəfəsimi alıb sıçrayışa hazırlaşdım. Elə bu zaman olduqca sakit tərzdə deyilən sözlər sükutu pozdu:

-Burada olduğunu bilirəm, Bəxtiyar. Səni gözləyirdim.

Bunu deyən adam ayağa qalxdı və dayandığı yerdən sol tərəfə bir addım atdı. Qaranlıqda onun əlində tutduğu tapançanın lüləyinə səsboğucu keçirdiyini görməyə imkan tapdım. Vəziyyət kökündən dəyişmişdi. Az qala nəfəs belə almadığım halda adam mənim burada olduğumu hiss etmişdi. Ehtimal etdiyim kimi, qara paltarlı, məndən bir qarış hündür olan bu adam mükəmməl hazırlıq keçmiş biridir. Soyuqqanlı davranışı da, qalxdıqdan sonra sola bir addım atması da buna dəlalət edirdi. Bu addımla o, qarşısındakı dörd beton sütunun hər biri ilə arasında olan maksimal məsafəni ən optimal həddə çatdırmışdı. Əlbəttə, mənim məhz hansı sütunun arxasında olduğumu bilmədyindən bu addımı atmışdı, bu isə, aramızdakı məsafəni yarım metr də çoxaltmaqla onun üstünlüyünü artırmışdı. Təbii ki, o, harada olduğumu dəqiq bilmədiyindən daldalanmaq üçün sütunlardan heç birinə yaxınlaşmadı.

Daha qəfil hücumdan heç bir söhbət gedə bilməzdi. Nə qədər ehtiyatla tərpənsəm də, özümü büruzə vermişdim. Adamın sualını da cavabsız qoymaq mənasız idi. Qarşımdakı mənim kimi bir peşəkar idi və səhv etmədiyini bilirdi. Əlbəttə sual səsimi çıxarmaqla, hansı sütunun arxasında olduğumu öyrənməyə hesablanmışdı.

-Mən heç yana tələsmirdim. Ona görə də, bu «lyuks otel»də bir müddət dincəlməyin üçün sənə şərait yaratdım. Əlbəttə, darıxmamağın üçün şəhər kənarına təşkil etdiyim ekskursiyanı da nəzərə alsaq, yəqin ki, məndən narazı qalmamısan.

İstehza ilə dedyim bu sözlərin bir peşəkara toxunacağına əmin idim.

-Oraya mən öz istəyimlə getməmişdim,- səs yenə də sakit idi, ancaq bu səsdə özü kimi bir peşəkarın istehzasından doğan təəssüfün zəif notlarını tuta bildim.

Aldığım cavabla, düz onluğa düşdüyümü də anladım. Həriflər Ruhi-əsəb xəstəxanasından qayıdarkən avtobusdan düşüb etdiyim zəngin koordinatlarını öyrənib o düzənlik ərazini yoxlamışdılar. Bu, həm də polkovnikin telefondan istifadə etməyi qadağan edərkən necə haqlı olduğunu sübut edirdi. Bu adamların əlləri həqiqətən də çox uzundur.

-Bilirəm, «Qızılbaş»ın sözündən çıxa bilməzdin.

Bu dəfə araya sükut çökdü. Çox uzun bir sükut. Nəhayət adam dilləndi.

-Elə birisini tanımıram.

Verdiyi uzun pauza onun yalan danışdığını, mənimsə, fürsət düşmüşkən yoxladığım daha bir ehtimalımızın doğru olduğunu təsdiq edirdi. Bizə qarşı bilvasitə tapşırıqları verən «Qızılbaş» idi.

-İnanıram. Amma bu heç nəyi dəyişmir.

Söhbət edə-edə beynim sürətlə işləyir, yaranmış vəziyyətdə variantları götür-qoy edirdim. Aramızdakı məsafəni bir daha vizual olaraq ölçdüm. Bu məsafəni sıçrayışla qət etməyə mənə bir saniyə yetərdi. Belə şeyləri vaxtilə polis sıralarında xidmət edərkən çox məşq etmişdim. Belə təlimlər əməliyyat işinə buraxılış üçün tələb olunan sərt şərtlərdən biri idi və bu məşqlərə xüsusi önəm verilirdi. Ancaq əgər birbaşa irəli atılaramsa, bu saniyə qarşımdakı adamın sərrast atəş açmasına da kifayət edirdi. Bu zaman mənim heç bir şansım qalmırdı. Onun dayandığı yeri binanın hörülməmiş çöl divarlarından düşən zəif ay işığı işıqlandırırdı. Elə ay işığında əlindəki silahın Avstriya istehsalı olan «Qlok17» tipli tapança olduğunu müəyyən edə bilmişdim. Kalibri doqquz millimetr olan bu tapançanın çəkisi on yeddi patronla birlikdə cəmi doqquz yüz beş qram idi və bu da istifadə edənə xeyli üstünlük verirdi. Üstəlik, atış sürəti də çox yüksək idi. Bir çox ölkələrin xüsusi xidmət orqanları hətta suyun altında belə atəş açmağa imkan verən bu silahdan istifadə etməyə üstünlük verirdilər. Əlindəki silah qarşımdakı adamın peşəkar olmasının daha bir sübutu idi. Artıq geriyə çəkilmək də mümkün deyildi. Son dərəcə diqqətli və cəld hərəkət etməli idim. Silahdan istifadə edib səs-küy salmaq planlarıma daxil deyildi. Tək çıxış yolu, qarşımdakı adamı ilk atəşi açmağa vadar etmək, sonra ikinci atəşi açmaq imkanı vermədən onu yaxalamaq idi. Birinci və ikinci atəşin arasındakı zaman kəsiyi isə, bir yox, yarım saniyə idi və deməli yenə də şansım əlli faiz azalırdı. Hər halda başqa çıxış yolum yox idi. Xırda bir üstünlüyüm də var idi ki, adam məni görmür, mən isə, açıqlıqda dayandığı üçün onu rahat görə bilirdim. Elə bundan istifadə etməyi qərara aldım.

Bayaqdan yerdən tapıb sol əlimdə tutduğum yarımçıq kərpic parçasını sağ əlimə ötürdüm. Bütün diqqətini konsentrasiya etdiyi halda ona hücum edə bilməzdim. Onu bir qədər də söhbətə çəkib danışdığı anda hücum edəcəkdim. Öz hazırlığıma arxayın idim. Buraya, sadəcə məni aradan götürmək tapşırığı almış bu qaniçəni şil-küt edib uzun müddətə sıradan çıxarmağa gəlmişdim. Qoy bir-neçə ay yorğan-döşəkdə yatsın. Bu həm onun xeyrinə gedər, həm də araşdırmamızın həlledici məqamında əl-ayağa dolaşmaz. Əgər onu silahla vurub aradan götürmək fikrim olsaydı, bunu çoxdan etmiş olardım. Ancaq mən qatil deyiləm. Həm də, bunu etmiş olaramsa, sonradan istintaq orqanlarına təqdim etmək üçün əlimdə əsaslı sübutlarım yoxdur. Daha doğrusu, haqlı olduğuma nə qədər əmin olsam da, əlimdə olan sübutlar istintaq üçün yetərli olmayacaq. Üstəlik, bu araşdırma əvvəlkilərə bənzəmir və hər şeyi səssiz etmək lazımdır. Hər halda mənim daldanacaqda, onun isə açıqlıqda dayanması riskli addımımın yaxşı nəticələnəyinə çox ümid verirdi. «Qızılbaş»ı tanımadığını dedikdən sonra adam bir kəlmə də kəsməmişdi. Onun bütün əzalarının qayış kimi gərildiyini hiss edirdim. Əlbəttə, o da bir peşəkar kimi, açıqlıqda dayanmasının onun üçün yaratdığı riski dərk edirdi.

-Mənim buraya gələcəyimə niyə belə əmin idin, axı gəlməyə də bilərdim, -qəfildən soruşdum.

-Sənin qeyri-standart düşüncə tərzinin olduğunu çoxdan başa düşmüşəm. Ya buraya, ya da evinə mütləq gələcəyini bilirdim.

-Buraya sənin pis əməllərinə son qoymaq üçün gəldim, -bu sözləri deyib, tam şəkildə özümü topladım.

-Ona hələ bax…

Qara paltarlı adama sözünü bitirməyə imkan verməyib sütunun arxasından çıxmadan əlimdəki kərpic parçasını var gücümlə onun səsi gələn tərəfə, təxminən sifəti tuşunda atdım. Adam cəld əyilib ona tərəf uçan kərpicdən yayındı və dərhal mənə tərəf atəş açdı. Güllə gizləndiyim beton sütuna dəyib cingildədi. Mən də elə bunu gözləyirdim. Cəld hərəkətlə sütunun arxasından yarım addım sağa atıb ona tərəf yuvarlandım. Yuvarlanaraq atılacağımı təxmin etmədiyindən adamın qarın nahiyyəsi səviyyəsində mənim tərəfə atdığı ikinci güllə vıyıltı ilə başımın üstündən keçib arxamdakı yarıtikili divara dəyidi. Ancaq artıq adamı haqlamışdım. Onun silah tutan əlinə güclü bir zərbə endirib tapançanı yerə saldım. Düşən tapança taqqıltı salaraq kənara sürüşdü. Bu vaxt adam uzun ayağı ilə sinəmə tutarlı bir təpik atdı. Son anda bir qədər zərbədən yayına bildiyim üçün ayağı sinəmi yalayıb keçdi. Müvazinətimi düzəldib, onun növbəti həmləsini gözlədim. Əlləri və ayaqları uzun olduğu üçün onunla məsafədən döyüşmək özünü doğrultmazdı. İmkan tapıb «yaxın döyüşə» girməli idim. Elə bu zaman adam sıçrayıb bir qədər əvvəl atdığı təpiyi yenidən təkrarladı. Buna hazır idim. Cəld əyilib ayağını altdan çiynimə keçirib qalxdım və yerə dayaq verdiyi sol ayağına bir badalaq vurdum. Adam yerə sərildi. Ancaq yıxılarkən, bədəni qayış kimi elastik olan bu adam sürüşüb əlimdən çıxmağa imkan tapdı və qalxıb yenə üstümə atıldı. Atdığı yumruqlardan yayınıb qəfildən var gücümlə qarnından bir qədər yuxarı, günəş kələfinə möhkəm bir təpik ilişdirdim. Bu təpikdən səntirləyib dal-dala gedən adam birdən qaranlıqda gözdən itdi, ardınca isə aşağı mərtəbədən bir guppultu səsi gəldi. Tez yaxınlaşıb onun yıxıldığı yerə, aşağı baxdım. Qaranlıqda heç nə seçmək mümkün deyildi. Cibimdən dəsmalımı çıxarıb yerə düşüb qalmış tapançanı götürdüm və əlimi toxundurmadan dəsmala bükdüm. Sonra ehtiyatla aşağı düşdüm. Adam yerə tökülmüş dəmir parçalarının üstünə sərilib zarıyırdı. Mənim gəldiyimi görəndə zarıya-zarıya dedi:

-Deyəsən belim sındı.

Onu bu halda qoyub gedə bilməzdim. Yaxına gəlib vəziyyətinə baxdım. Vəziyyəti pis idi, deyəsən, doğrudan bel sümüyü sınmışdı.

-Bir az döz, mən gedirəm, amma təcili yardım çağıracam.

Adam diqqətlə mənə baxdı. Sonra dedi:

-Tapançanı götürdün?

-Götürmüşəm.

İkimiz də vəziyyətə düzgün qiymət verirdik. Artıq suallar heç birimizə lazım deyildi. Ağrıdan sifəti əyilmiş adam daha heç nə deməyib üzünü çevirdi.

Pilləkənləri düşüb gözətçi köşkünə yaxınlaşdım. Yaşlı gözətçi oturduğu yerdə mürgüləyirdi. Pəncərəni taqqıldadıb ay düşən tərəfdən üzü köşkə tərəf dayandım. Taqqıltıya oyanan gözətçi köşkün qapısını açıb bayıra çıxdı:

-Kimsən, ay bala?

Dayını qorxutmamaqçün tez dilləndim:

-Dayı narahat olma, yoldan keçənəm. Yuxarıda kimsə köməyə çağırır. Səsi yola gəlirdi. Ona görə gəldim deyim ki, biləsiz.

-Harada ay bala? -bunları eşidən dayı həyəcanla soruşdu.

-Dəqiq bilmirəm, ya ikinci, ya da üçün mərtəbə tərəfdən.

Qoca tez köşkə girib iri bir fənərlə qayıtdı. Bayaqdan ay işığı arxadan düşdüyü üçün gözətçinin mənim üzümü görməsi mümkün deyildi. Ancaq fənərlə qayıtdığını görəndə yandırıb üzümə işıq sala biləcəyindən ehtiyatlanıb arxamı ona çevirdim və qəsdən axsaya-axsaya bir neçə addım atıb dayandıqdan sonra özümü yuxarı mərtəbələrə baxan kimi göstərdim. Gözucu baxanda gözətçinin «axsadığıma» fikir verdiyini gördüm. Mənə də bu lazım idi. Sonradan buraya gələcək polis işçilərinə xəbəri verən adamın axsaq olduğunu deyəcəkdi.

-Gedim, görüm nə məsələdir.

-Hə, baxın, bəlkə təcili yardım lazımdır.

Gözətçi fənəri yandırıb yaşının imkan verdiyi sürətlə binanın girişinə tərəf getdi. Daha burada mənlik bir iş qalmamışdı. Qoca yuxarı qalxıb adamı tapacaq, sonra təcili yardım çağıracaqdı. Yavaşca dövrə vurub tikinti sahəsini tərk etdim. Hələ cibimdəki tapançanı da yox etməli idim…

 

 

 “Ədəbiyyat və incəsənət”

(01.08.2023)