Bu gün şair Tofiq Mahmudun 90 illiyidir

Rate this item
(0 votes)

 

Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabr ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, əmək fəaliyyətinə 1954-cü ildə indiki Mədəniyyət Nazirliyinin Mədəni Maarif  Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb, sonra 1958-1961-ci illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir, 1961-ci ildə “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi olub. “Gəzməsəm də, görməsəm də” adlı ilk şeiri 1953-cü ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunub. 1976-cı ildən “Göyərçin” jurnalının redaktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, 1989-cu ildən həm də rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Uşaq və gənclər ədəbiyyatı şurasının sədri olub. Həmişə gözəlliyi vəsf edən, ana yurdun şəninə şeirlər qoşan, qəlbi ülvi məhəbbətin eşqi ilə çırpınan şairin ətrafda müşahidə etdiyi nöqsan və qüsurlara, mənəviyyatsızlara öz baxışı, tənqidi münasibəti olub, şeirlərində belə “simasız”ları cəsarətlə tənqid edib. Onun uşaqlar üçün qələmə aldığı “Utancaq oğlan”, “Leylək yuvası”, “Dibçək”, “Qızımın sualları” kimi şeirləri də yığcam, lakonik və maraqlıdır.

 

Şair 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı olub, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. O, 1997-ci il aprel ayının 4-də Bakıda vəfat edib. Şairin adına hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunan “Tofiq Mahmud mükafatı” təsis edilib. Ruhu şad olsun!