Bütöv Azərbaycan həsrətlisi Featured

 

 

Bu gün Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Bu gün Azərbaycanın görkəmli şairi, bu ölməz misraların müəllifi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 117-ci ildönümü tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

1906-cı il iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açan Məhəmmədhüseyn Şəhriyar Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.

Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər həsr edir. Deyilənlərə görə, həmin vaxt Sürəyyanı şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq etməyə başlayırlar. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edirlər. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru "Yar qasidi" şeiri olub ki, sonralara şair bu şeiri ağlaya-ağalaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib:
"Sürəyyanın eşqi olmasaydı men şair yox, həkim olardım"...

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
O, XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Məhəmməd Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.

Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilir. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. 
Ruhu şad olsun!

“Ədəbiyyat və incəsənət”
(31.07.2023)