Qasım Qasımzadənin anım günündə oğlu Nəriman Qasımoğlunun paylaşımı Featured

Yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Qasım Qasımzadənin bu il 100 illiyidir. 

1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991) Qasım Qasımzadə özündən sonra çox dəyərli ədəbi irs qoyub. 

28 iyul onun anım günü idi. 

Bu münasibətlə onun oğlu - məşhur islamşünas Nəriman Qasımoğlu bir paylaşım edərək “Ədəbiyyət” şeirini təqdim edib. 

 

 

ƏBƏDİYYƏT

 

Bir adamın bütün nəsli

Yer altından qalxsa əgər,

Neçə rəngli, neçə səsli,

Neçə-neçə qiyafəli,

Neçə cəsurluq heykəli

Milyon-milyon cərgələnər.

 

Cərgələrdən biri mənim

Arxamdakı insanlardır:

Damarımda çox-çox qədim

Ulusların, obaların,

Nəcib qəlbli babaların -

Əcdadımın qanı vardır.

 

Bir zəncirdir — o cərgənin

Nə ucu var, nə bucağı.

Onun sirli həlqəsinin

Getsə idi biri bada,

Göz açmazdım mən həyata

Əsrimizin oğlan çağı.

 

Nəhayətsiz bu zəncirin

Son həlqəsi bəlkə mənəm?

Düşündükcə dərin-dərin,

Gördükcə dən düşən saçı,

Fikr edirdim acı-acı,

Ürəyimi sarmışdı qəm.

 

Övlad eşqi min həsrətlə

Xəyalımda yandırdı şam —

O zamanlar çox riqqətlə

Bir ataya nəzər salıb,

Qibtə edib, ilham alıb

Bir şeir də mən yazmışam.

 

Bəxt üzümə güldü, nə qəm,

Gəldi evdən körpə səsi

Sanki təbrik etdi aləm

O güldükcə şirin-şirin,

Çünki artıq o zəncirin

Mən deyiləm son həlqəsi.

 

Bir ağacdan neçə budaq

Şaxələnib çıxacaqdır.

Öyünməsin ölüm nahaq —

Mənim qanım milyonların,

Nəsil-nəsil insanların

Damarında axacaqdır.

Mənim gözüm milyonların,

Nəsil-nəsil insanların

Gözləriylə bu dünyaya - 

Ulduzlara, Günə, Aya

Zaman-zaman baxacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)