Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

30–cu dərc

 

Bəxtiyarı, sonra isə Qılıncı bağa gətirən bu gün səhər polkovnikin tapşırıqlarını verdiyi Xalid idi. O, Saleh adlı adamla görüşüb onun verdiyi bağlamanı polkovnikə gətirmiş, polkovnik açıb baxdıqdan sonra bağlamanı özündə saxlaması üçün qaytarmış, yeni tapşırıqlarını vermişdi. Bu tapşırığa əsasən Xalid Bakı kəndlərində maklerliklə məşğul olan bir tanışı vasitəsilə Qılıncı polkovnikin ona nişan verdiyi, Hövsan qəsəbəsindəki bağda gecə qalmaq şərti ilə işləməyə razı sala bilmişdi. Əslində elə işi onun-bunun həyətində işləmək olan Qılıncın bu sifarişə yox deməyəcəyi əvvəldən məlum idi. Təkcə yolun uzaqlığı və işin çoxluğunu əsas gətirərək onu bağda gecələməyə razı salmaq mütləq lazım idi ki, adətən günü qırx manata işləyən Qılınca iki gün üçün yüz on manat verməklə bu məsələ də həllini tapmışdı. Elə bu məqsədlə, bir neçə bağın içərisindən ən uzaqda, Hövsan bağlarında olanı da təsadüfi seçilməmişdi. Bağ yaxında olarsa, o gəlib-gedəcəyini deyər, gecə qalmağa razı olmaya da bilərdi. Bağın harada olduğunu eşidən Qılınc, bir qədər tərəddüddən sonra, gecə qalmağa razılıq vermişdi. Bu məsələdə əvvəlcədən iyirmi manat xidmət haqqını almış, Qılıncı mütəmadi olaraq işlə təmin edən maklerin də təkidləri öz rolunu oynamışdı.

Bundan sonra Xalid Vaqif kimi tanıdığı Bəxtiyarı əvvəlcədən bağa gətirmiş, polkovnikin verdiyi açarları, içərisində nə olduğunu bilmədiyi iri idman çantasını və bağlamanı ona verib Qılıncı gətirmək üçün getmişdi.

İndi Xalid axşamı gözləyib iki nəfərlik şam yeməyi hazırlatmalı və yenidən o bağa aparmalı idi. Bununla da o, bu günlük işini bitirəcəkdi.

 

* * *

İş vaxtı bitmiş, işçilər çoxdan çıxıb getmişdilər. Əlində tutduğu bardaqdakı kofeni qarışdıran polkovnik Dadaşzadə dünəndən bu günə qədər baş verənləri fikirləşirdi. İlk baxışdan hər şey plan üzrə gedirdi. Əvvəlcə, polkovnikin haqqında kifayət qədər məlumatlı olduğu iş adamı Rəmzi Xanbabayev araşdırmanın maraq dairəsinə düşmüşdü. Rəmzi bu qətldə əli olan fiqurantlardan biri idi. Ancaq iştirakı nədən ibarət idi və günahının dərəcəsi nə idi, bunu hələ dəqiqləşdirmək lazım idi. Sonra Bəxtiyarın Matveylə görüşündə öyrəndikləri olduqca maraqlı şeylər ortaya qoyulmuşdu. Əvvəla təcrübəli tələbəsinin bacarığı sayəsində qoca ekspert gənc Əmirxanın qətlində ekspertiza rəyini saxtalaşdırdığını etiraf etmişdi. Bunu həmin dövrlərdə adının qorxu ilə çəkildiyi, bıçağının dalı da, qabağı da kəsən «Harun»un göndərdiyi adamların təzyiqi altında etdiyi məlum olmuşdu. Qocaman polkovnik indiyə qədər alınmış məlumatların içərisində bu məlumatı ən önəmlisi hesab etmişdi. Çünki «Harun» hazırda ölkəni tərk etsə də, onun hələ də şəhərdə hansı əlaqələrinin olması polkovnikə bəlli idi. Başqa sözlə, bu məlumat alınmış «həyəcan» siqnalı idi. Cinayət aləmində indi və keçmiş anlayışları yoxdur. İstənilən halda onlar üçün təhlükə mənbəyinə çevrilən adam, əgər başqa çıxış yolu yoxdursa, ölümə məhkum edilir. Məhz elə bu səbəbdən o, Bəxtiyarın köməkçisi Layiqəni sığortalamaq üçün araşdırmadan uzaqlaşdırmış və onu Quba rayonuna göndərmişdi. Bununla həm də bu tərəfdən tələbəsi sığortalanmış olmuşdu. Özü və Bəxtiyar isə təhlükəsizlik tədbirlərini ikiqat artırmış, adamlarına da lazımi tapşırıqlarını vermişdi.

Polkovnik bayaqdan əlində tutduğu kofedən bir qurtum içdi. Kofenin soyuduğunu görüb başını buladı və bardağı masanın üzərinə qoydu. Fikirləri yenə də Bəxtiyarın gətirdiyi məlumatların yanına qayıtdı.

Matvey olduqca maraqlı olan başqa bir məlumat da vermişdi. Nəticədə indi, bu saatlarda Bəxtiyarın «bağını» belləməkdə olan Qabulov soyadlı birisi ortaya çıxmışdı. Əmirxanın qətlə yetirildiyi ərəfədə həbsxanadan çıxmış, az sonra Ruhi-əsəb xəstəxanasına yerləşdrilmiş Qılınc Qabulov idi bu. Polkovnik, adətən cinayətkarların izi itirmək üçün belə üsullardan istifadə etdiklərini gözəl bilirdi. Məhz hansı izi itirmək istədiklərini Bəxtiyarla birlikdə təhlil edərkən, bunun böyük ehtimalla Əmirxanın qatilinin izi olduğunu düşünmüşdülər. Axı rəyin saxtalaşdırılmasını da, adamın xəstəxanaya yerləşdirilməsini də Matveydən tələb edən eyni adamlar - «Harun»un adamları olmuşdu. Özü də cəmi üçcə gün fərq ilə. Bunlar, nəzəri olaraq qatilin bəzi əlamətlərə əsasən Qabulovun olmasını düşünmək üçün yetərli idi. İndi praktiki olaraq bunu sübuta yetirmək lazım gəlirdi. Birlikdə gəldikləri qənaətdən sonra Bəxtiyar elə orada planını ona açıqlamış, polkovnik planı bəyənərək qısa müddətdə lazım olan şeyləri təşkil etmişdi. Hazırda Bəxtiyar özünün təklif etdiyi planı həyata keçirmək üçün Hövsan qəsəbəsində, onun dostlarından birinin bağında idi.

Beləliklə, qatilin Qabulov olduğunu düşünən iki polis zabiti ehtimallarını təsdiqləyən real sübutların toplanmasına başlamışdılar. Ancaq hətta qatil bilinərsə belə, o, sifarişçinin adını verməyə bilərdi. Polkovnik bu məsələdə bütün ümidlərini Bəxtiyarın planındakı bir incəliyə bağlamışdı. Əgər həmin fənd baş tutarsa, bəlkə də sifarişçi də qısa müddətə məlum olacaqdı. Yox, baş tutmazsa, onda sifarişçinin kim olmasını öyrənmək üçün xeyli baş sındırmaq lazım gələcəkdi.

Başqa bir məsələ də var idi. Bəxtiyarın qonşusu olan gəncin «Karat»ın ölümündə təqsirləndirilərək tutulması məsələsi. Gəncin günahsız olması gün kimi aydın idi. Ancaq iş elə qurulmuşdu ki, bütün sübut və dəlillər ona qarşı idi. Bu da məsələnin əsas tərəfi deyildi. Bu iki cinayətin dəsti-xəttində oxşar əlamətlərin olması hər iki zabitə olduqca maraqlı gəlmişdi. Nəyinsə aydınlaşması üçün müstəntiq Elbrus Cavadovun verəcəyi məlumatı gözləmək lazım idi. Ruhi-əsəb xəstəxanasından veriləcək məlumatın müstəntiq tərəfindən alınmasını gözləmək qət olunmuşdu. Həm də, hələlik gəncin bir müddət içəridə qalması, nə qədər absurd səslənsə də, onun xeyrinə idi. Tutarlı dəlillər ortaya qoyulmadan onun zaminə buraxılması məsləhət deyildi. «Karat»ın, elə həmin Ruhi-əsəb xəstəxanasnın bəzi pasiyentlərindən az fərqlənən adamları azadlıqda olan Salama zərər yetirə bilərdilər.

Polkovnik, soyumuş kofeni təzələmək üçün ayağa qalxdı. O da Bəxtiyar kimi, bu gecə çox az yatacağını bilirdi. Mühüm bir tapşırıq verdiyi adamı gecə yarısından sonra ofisə gələcəkdi.

 

* * *

Artıq hava qaralmışdı. Nəhayət bayaqdan çay belə içmək istəməyən Qılınc havanın qaraldığını və yeməyin gətirildiyini görüb beli bir kənara qoydu. Həyətə keçib yuyunmaq üçün su kranının yanına getdi.

Bayaqdan dəmlədiyim çaydan içə-içə onun hərəktlərinə göz qoyur, hərdən də bəzi əhəmiyyətsiz tapşırıqlar verirdim. Hiss edirdim ki, əsas görəcəyi işləri izah etdikdən sonra işinə müdaxilə etməyim Qılıncı qıcıqlandırır. Məqsədim də elə bu idi. Ancaq çox da dərinə gedib onu tam təbdən çıxarmaq olmazdı. Bu adam bir anda əsəbləşib, beli yerə atıb çıxıb gedə bilərdi. O zaman bütün planım və bu qədər əziyyətimiz hədər getmiş olardı.

Onun qıcıqlandığını hiss etdikdə, dərhal hər şeyi zarafata çevirirdim. Bunun da səbəbi var idi. Onun, etdiyim zarafatlara olan reaksiyası da mənim üçün çox maraqlı idi.

Yuyunub gələn Qılınc keçib masanın arxasında oturdu. Cibindən çıxardığı köhnə model, ekranı çatlamış kiçik telefon aparatını masanın üzərinə qoydu.

-Həəə, mən də yaman acmışam, çək görək, -deyib əllərimi bir-birinə sürtdüm.

Qılınc qabını yeməklə doldurub qabağına çəkdi və marçıltı sala-sala yeməyə başladı.  Mən də qabıma yemək qoydum. Sakitcə yeməyə başladım. Yemək əsnasında danışmaq fikrim yox idi.  Hərdən bir «bəh-bəh» eləyib başımı tərpətməklə sadəlövh ev sahibi rolunu oynamaqda kifayətlənirdim. Əgər alınarsa, Qılıncı, yeməkdən sonra, çay süfrəsi arxasında söhbətə çəkmək fikrində idim.

Bayaq gələndə salamlaşıb əlini sıxarkən, onun necə bir fiziki gücə malik olduğunu təxmin etmişdim. Sonradan bellə torpağı necə çevirməsini, fasilə vermədən necə işləməsini də gördükdən sonra bu adamda fil gücü olması qənaətinə gəlmişdim. Başqa müşahidələrim də var idi. Olduqca maraqlı müşahidələrim. Ancaq ən maraqlı şeylərin Qılınc dincəlmək üçün ona ayırdığım otağa getdikdən sonra, gecə baş verəcəyini düşünürdüm.

Yeməyin qalanını da qabına çəkib yeyən Qılınc boşqabını kənara itələyib mənə baxdı.

-Çay içək? -deyə soruşdum.

-İçək, -Qılınc qısa cavab verdi.

Samovarı yenidən alışdırıb, süfrədəki şeyləri mətbəxə daşıdım. Qayıdanda iki stəkan, qəndqabı, mürəbbə ilə qayıtdım.

Kömür atdığımdan samovardakı su isti qaldığı üçün tez qaynadı. Çayı dəmə qoyub Qılıncla üzbəüz oturdum. Çayı süzəndən sonra, bu qaraqabaq adamı söhbətə tutmağa bir daha cəhd edəcəkdim.

 

* * *

 Qırmızı işıqlı lampa ilə işıqlandırılan otaqda oturmuş adam az əvvəl gəlmiş ağ köynək, boz kostyum geyinmiş, kostyumu rəngində qalstuk taxmış kişinin oturmasını gözlədi. İlk baxışdan onun qonağını hansısa iri müəssisənin rəhbərinə bənzətmək olardı. Xarici görünüşü ilə yanaşı onun sanballı davranışı bu təəssüratı daha da artırırdı. Qonağın sağ əlinin şəhadət və orta barmağında iki iri üzük var idi. O, bu üzükləri cavan vaxtı həbsxanada barmaqlarına döydürdüyü döymələri gizlətmək üçün taxırdı və yalnız yatanda çıxarırdı. Onun üzbəüzdəki kresloda yerini rahatladığını görən ev sahibi soruşdu:

-Bir şey içəcəksən?

-Viski.

Qarşısındakı zəngi basan adam içəri girən gəncə viski gətirməsini tapşırdı. Bir azdan bir şüşə viski, iki qədəh və qəlyanaltı ilə qayıdan gənc, gətirdiklərini masanın üstünə düzüb qədəhləri doldurdu və otaqdan çıxdı.

Qonaq qədəhini qaldırıb xırda qurtumlarla içməyə başladı. Hər ikisi susurdu. Bir azdan, onun qədəhinin boşaltdığını görən ev sahibi sükutu pozdu:

-Dediyimi eləyə bildin?

-Eləmişəm, hər şey dediyin kimidir, -qonaq masadakı şokoladdan birini ağzına atıb cavab verdi.

-Mən ikinci səhvin olmasını istəmirəm.

-Olmayacaq, arxayın ol.

-O qıza belə arxayınsan? -ev sahibi zənlə qonağına baxdı.

Tükü tükdən seçən qonaq, müsahibinin bu baxışlarla nə demək istədiyini gözəl başa düşdü. Onların yaşadığı aləmdə qadının sözünə ehtiyac olunmurdu. O isə, indiki halda bir qadına zamin dururdu. Qonaq qədəhinə yenidən viski süzüb birdəfəyə başına çəkdi. Yenə ağzına şokolad atıb aramla çeynədikdən sonra dedi:

-Əvvəla bu onun birinci işi deyil. İkincisi də, o Lalə elə qancıqdı ki, onunla bir dəfə olan mütləq yenə də görüşmək istəyir. Budəfəki tanışlıqdır, ancaq əminəm ki, «Qızılbaş» onunla yenə görüşmək istəyəcək. Bax onda, əgər o vaxta qədər son qərar verilərsə, mənim bir işarəm ona kifayət edəcək.

-Sən bilərsən. Məsuliyyət sənin üzərindədir, unutma. Bizə isə, səhv edən adam lazım deyil. Bu gün bir səhvi ilə ona çıxarlar, sabah da bizə.

-Sən heç içmədin, -qonaq ev sahibinin dolu qalan qədəhinə işarə edib söhbəti dəyişdi.

Ev sahibi heç nə deməyib başını yellədi.

-Həkim nə dedi?

Bir qədər də susan ev sahibi fikirli-fikirli dilləndi:

-Son diaqnoz da ürəkaçan olmadı. Ömürlük gün işığına həsrət qalacam. Dadıma çatan bircə bu qırmızı işıqdı.

-Allah köməyin olsun.

-Sağ ol.

Ayağa qalxan qonaq sağ əli ilə ev yiyəsinin əlini sıxıb, sol əli ilə onun çiyninə toxundu. Daha deməyə bir söz qalmamışdı.

Onları uzun illər əvvəl həbsxana həyatı birləşdirmişdi. Ayrı-ayrı vaxtlarda həm ev sahibi ilə, həm də «Qızılbaş»la birgə cəza çəkən qonaq sonradan hər ikisi ilə, xüsusilə «Qızılbaş»la möhkəm dostluq münasibətlərini saxlamışdı. Ancaq yaşadıqları aləmin qanunları heç bir səhvi bağışlamağa icazə vermirdi. Nə dostluq, nə də tonlarla kəsilmiş duz-çörək buraxılmış səhv qarşısında hansısa güzəştə əsas vermirdi. Bu aləmdə ideya hər şeydən irəli, yazılmamış qanunlar isə müqəddəs idi. «Qızılbaş»ın həyatı nazik bir tükdən asılı idi. Hər şeyi gedişat göstərəcəkdi. Lazım gələrsə, onu aradan götürtmək isə, nə qədər paradoksal olsa da, ən yaxın dostuna tapşırılmışdı…

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)