Güneydən səslər: “Təbriz dəlixanalarının divarlarla öpüşən dəliləri…” - Zaman Paşazadə Featured

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında Zaman Paşazadənin həftəsi başa çatır.

O, bu dəfə “Evə qayıdırdım” deyəcək. 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mə “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)