Uraqanın “Qaranlıq pıçıltılar”ı Featured

“Ədəbiyyat və incəsənət” portalı gənc olsa da kifayət qədər oxucu auditoriyasına malik olan Uraqanın bir nəsr nümunəsini oxucularının ixtiyarına verir.

 

Həyatın bəxş etdiyi hədiyyələr nəfəs aldıqca qarşımıza çıxmağa davam edir. Qız heç nəyi düşünmədən ruhunu ölüm laylasının çərpələnginə bağladığı zaman külək onu çox-çox uzaqlara uçurdu. Həzin meh çərpələngə bağlamış ruhunu özüylə birgə hərəkət etdirirdi. İlk başda hündürlükdən çox qorxdu, amma o, çərpələnglə uçduqca qərara aldı ki, ruhunu tamamilə ona təslim etsin. Əgər nə vaxtsa, bir yerə çırpılacaqsa, daha buna öyrəşmişdi, amma istəməzdi ki, çərpələngə bir şey olsun, sınsın, qırılsın, və ya istəmədən ona bir xətər yetirsin.

Qızın ruhu çərpələnglə uçaraq həzin mehi içinə aldıqca rahatladığını hiss edirdi. Sanki mehin ürəyinə qatdığı sərinlik beynindəki bulanıqlığı durultmaqla yanaşı, həm də ürəyindəki tozu da silib süpürürdü.

Çərpələnglə irəlilədikcə yağışın damcı səslərini eşitdi. Qısa bir müddət sonra islanmasına baxmayaraq anladı ki, indiyə kimi heç vaxt özünü bu qədər güvəndə hiss etməmişdi. Ona görə də sakitcə yağış notları ilə bəstələnən musiqidən həzz almağa başladı.

Yağışdan sonra çıxan günəş qısa bir zamanda onun əsrarəngiz göyqurşağı görməsinə səbəb oldu. Qız başını qaldırıb onu saxlayan çərpələngə baxdı. Bununla o, sanki çərpləngə nəsə deməyə çalışırdı. Fəqət özü də bilirdi ki, bu mümkünsüzdür.

Sanki bu an çərpələng onun duyğularını oxudu, demək istədiyi sözləri dilə gətirmədən qızı başa düşdü. Qadın qüruru elə bir həddədir ki, onlar hər zaman hər şeyi demək məcburiyyətində deyillər. Elə qadına yaraşan da budur. Möhtəşəm qadınlar bir işarə işarə ilə, bir jest ilə nə demək istədiklərini ifadə edirlər. Amma bu da, arifə bir işarədir.

Göyqurşağının rəngləri müxtəlif çalarları ilə yarımhalqa kimi görünürdü. Digər göyqurşaqlarından fərqli olaraq bu halqalara yaxınlaşdıqca nə gözdən itir, nə də ondan uzaqlaşmırdı. Əksinə ora doğru yaxınlaşdıqca rəngarəng halqaların üzərində kiminsə əyləşdiyini sezdi.

Çərpələng dartılaraq göyquşağına doğru yaxınlaşdıqca halqaların üzərində əyləşən və onu özünə tərəf çəkən par-par parıldayan birini gördü. Bu şəxs ipləri əlində bərk-bərk saxlayıb özünə tərəf çəkirdi. Çox keçməmiş çərpələngi rəngarəng halqaların üzərində saxladı.

Yalnız bu zaman qız anladı ki, çərpələngi uçuran parıltı daha öncə qarşısına çıxıb onunla söhbət edən həmin varlıqdır. Ona yaxınlaşıb yanında əyləşdiyi zaman qız bir xeyli heyrətləndi. Bu ki onun kitabxanada qarşısına çıxan həmin oğlan idi. Onun burada nə işi ola bilərdi?

Qızı göyqurşağının üzərinə endirsə də, o, çərpələngdən ayrılmaq istəmirdi. Axı onu buralara bu çərpələng gətirib çıxarmışdı. Buraxıb buraxmayacağından əmin deyildi.

“O, getməlidir.” Bir anda mələyin səsini eşitdi.

“Hara?” qeyri-ixtiyari olaraq üzünü oğlana çevirdi. Amma oğlan ona bir qram da olsun diqqət yetirmədi.

“Sənin kimi insanları xilas etməyə” parıltı saçan varlıq dərindən nəfəs alaraq yenidən ipi boşladı və çərpələngi havaya buraxdı. Beləcə çərpələng çox uzaqlara yollanaraq gözdən itdi.

“Burada nə işin var?” qız sual dolu nəzərlərlə dilləndi. Amma onun mənasız baxışlarından heç nə anlaya bilmədi. Oğlan üzünü çevirib qıza baxdı. Sanki ona baxarkən nələrisə ifadə etməyə çalışırdı. Çərpələngin iplərini əllərindən bir az boşlayaraq pıçıldadı:

“Balıq tuturam.”

“Dənizə tor buraxmaq əvəzinə səmaya çərpələng buraxmaqla?”

“Mənim məqsədim onları xilas etməkdir.”

“Kimdən?”

“Elə özlərindən!”

“Onları özündən niyə xilas edəsən ki?”

“Özümüzə elədiyimiz haqsızlıqları bir başqası bizə qarşı edə bilməz.” üzünü yenidən buludlara çevirib səmaya baxaraq əlavə etdi, “Biz icazə verməsək heç kim bizi üzə bilməz.”

“Amma məni çox üzdülər, ən yaxınlarım, ən çox sevdiklərim məni çox incitdi. Onlar məni sevmir. Bilmirəm”. Qızın gözləri doldu. Harada olduğunu anlaya bilmədi.

 “Biz haradayıq?”

“Mənim yanımda” – Oğlan soyuqqanlılıqla dilləndi.

“Bəs siz kimsiniz?” Qız bir anda siz deyə müraciət etdi.

O isə gülümsədi, amma cavab vermədi, sanki qızın sualını eşitməmişdi. Sakitcə əlavə etdi:

“Gedək mənimlə”

Yerindən durarkən qız da onunla birlikdə ayağa qalxdı.

“Bəs çərpələng?” Bir anda qızın ağlına çərpələngin aqibəti gəldi.

“Çərpələngi pianoya bağlayacağam. Beləcə musiqilər insanların duyğularını yansıtdıqca nə onları yalnız buraxar, nə də yıxılmağa qoymaz.”

Göyqurşağından aşağı endikdə gözlərinə çoxlu sayda güzgü göründü. Hərəsi ayrı formada, hərəsi ayrı görüntünü əks etdirirdi. Qız güzgülərin önündən keçdikcə özünü fərqli görüntülərdə görüb çox təəccübləndi.

Bəzisində çox eybəcər, bəzisində çox gözəl, bəzisində çox yaşlı, bəzisində isə uşaq kimi. Nə qədər dayanıb o güzgüləri seyr etsə də, heç birində yanındakı parıltı saçan oğlanın yansımasını görə bilmədi.

Mələk arxadan yavaşca qızın kürəyinə toxundu. Qızı ən gözəl göstərən güzgünün qabağında dayanıb qulağına pıçıldadı.

“Bu güzgülərdə olan əkslərini görürsən? Hər biri müxtəlif formada səni əks etdirir.” Nəfəsini dərdi və sözünə davam etdi, “Onların hər biri sənə baxanların gözləridir. İnsanlar səni hansı formada görürsə, o formanı alırsan. Önəmli olan odur ki, sən özünü hansı güzgüdən, yəni kimin gözlərindən baxmaq istəyəcəksən. Bax, qarşında dayanan güzgü səni dünyanın ən gözəl xanımı kimi görür və göstərir. Sən isə özün haqqında deyirdin ki, “gözəl deyildim, amma çirkin də sayılmazdım, bəs insanlar məni niyə niyə sevmir?” – Bəlkə səni sevən, hər gecə dərdinə yanan hələ qabağına çıxmayıb. Həyat isə səni o insanla görüşdürə bilmək üçün yaralayaraq hazırlayıb sənə dərs verirdi.”

Oğlan bunu deyib bir anda qızı güzgünün içinə itələdi.

Bununla o, güzgünün içinə daxil olub heç gözləmədiyi bir boyuta keçdi.

Pəncərəyə düşən işığın şəfəqləri bu otağı az da olsa işıqlandırırdı. Qız ətrafına baxdıqda küncə qısılmış bir ədəd divan, qarşılarında isə bir televizor gördü. Oğlan televizora yaxın gələrək pultu əlinə alıb onu yandırdı. Əyilərək aşağıdan bir disk çıxartdı. Diskin üzərində qızın rəsmi və onun da arxasında qaranlıq kölgə görsənirdi.

Yenidən üzünü çevirib qıza baxdı:

“Hazırsan?”

“Nəyə?” Qız anlamadı.

“Burdan o tərəfə mən gələ bilməyəcəyəm” deyərək geri çəkildi.

Heç nə demədən diski televizora qoşmağı ilə qızın həyatı bir film lenti kimi gözünün qarşısında canlandı.

Bir anda sanki hadisələri televizordan deyil, reallığın özüymüş kimi izləyirdi. Qaranlıq otaq yox olmuş, qarşısında keçmiş xatirələri canlanmışdı. Yaşamış olduğu həyatına geri dönüb keçmişinə bir daha baxdı. Yaşadığı zaman düşündüyü fikirləri onu təqib edən qaranlıq bir pıçıltı kimi eşidə bilirdi:

“Beynimi ələ keçirən qaranlıq fikirlər bir sarmaşıq kimi uzanıb, çoxalırdı. Bundan yorulmuşdum. Artıq gecələr yatmaq işgəncə halını almışdı. Sanki daima məni izləyən, arxamca gələn qara, iri bir kölgə vardı. O hər zaman arxamca gəlirdi. İndi olduğu kimi. Varlığını hiss edə bilirdim. İlk başlarda ondan qorxsam da, artıq öy-rəşmişdim.”

Beləcə, öz həyat filminin lentlərini izlədikcə anladı ki, qaranlıq kölgə elə onun özüdür ki, var. Bu illər ərzində təqib olunduğunu sandığı qaranlıq kölgə əslində onun özü, ölümündən sonrakı həyatıymış. Qaranlıq kölgə hər şeyə səbəb olan həmin günə gəlib çatdığı zaman susdu. Geri çəkilərək qızı yalnız buraxdı. Anasının “tez gəl” deməsini uzaqdan eşidərkən, sevilməyən bir övlad olduğunu düşünmüşdü. Gözlədiyi şeylər anlayış, sevgi, sayğı və bir az da qayğı idi.

Qaranlıq kölgə düşündü: “Kaş keçmiş halına qayıda və bu qıza söyləyə bilsəydi, “bir az daha səbrli ol, həyat elə birini qarşına çıxardacaq ki, sən onun varlığı üçün hər gün Allaha şükürlər edəcəksən.”

Amma təəssüf ki, kölgə qıza yaxınlaşa bilmirdi. Hər dəfə bunu demək üçün yaxınlaşmaq istəyərkən qız ondan qorxub qaçmağa başlayır və özü üçün bir hasar yaradırdı. Bu vaxta qədər o, öz qaranlığından qorxmuşdu. Öz içindəki boşluq onu daxildən məhv etmişdi.

Qaranlıq kölgə lentləri diqqətlə izlədikcə atası ilə mübahisəni, sevgisiz atasının onu necə alçaltdığını təkrar izləmək istəyirdi. Amma o anda atası ilə olan son xatirəsinin əvəzinə atasının dərd-kədərdən büzüşüb haldan-hala düşmüş simasını gördü. Atası tabutun kənarında yerə yıxılıb tabutun taxtasını sığallıyırdı. Dırnaqları ilə tabutu nə qədər caynaqlamağa çalışsa da, heç bir xeyri olmurdu. Tabutu açsadyı belə, qızını həyata qaytara bilərdimi?!

Son mübahisəsində o, ağır ittihamları eşitdiyi üçün dözmür, nəfəs ala bilmədən gözlərindən yaş axıdırdı.

Qızından eşitdiyi “sən mənim atam deyilsən” sözü atasının qulağında cingildəyirdi. Axı atası nə edə bilərdi ki, öz sevgisini qızına göstərə bilməmişdi. Bəzi insanlar hər an öz sevgilərini hiss etdirməyə çalışarkən, bir başqaları bu sevgini göstərə bilmir və ya göstərməkdən çəkinirdi. Qorxurdular ki, bunu etsələr...

Soyuq külək bir anda əsərək bütün kadrları buxara çevirdi. Vəhşi dalğaların sərtcə qayalıqlara vuraraq çıxartdığı səs gecənin ecazkarlığına mirvari bir boyunbağı ilə bəzəyirdi sanki.

“Allahım, yardım et mənə” deyərək başını qaldırıb bağırdı. Əslində o ürəyində yalvarsa da, qaranlıq kölgə qızın içindəki səsi duya bildi. Arxasında peyda olduğu zaman qız qaranlıq kölgənin varlığını hiss edirdi. Amma daha qorxmurdu.

“Yenə də burdasan?” qız dedi. Heybətli varlığı həmişə yanında idi. Heç zaman onu tək buraxmamışdı. Qızı öz qaranlığına qəbul edib bağırmağa başladı. Qaranlıq dayanmadan qıza yaşamın gözəlliyindən bəhs edirdi. Amma qız bütün bu səsləri pıçıltı kimi hiss edirdi. “Ölüm məni çağırır” deyərək özünü dənizin boşluğuna ataraq heç nə düşünmədən əbədi olaraq gözlərini yummaq istədi.

Daş qayalıqlardan tullanarkən dənizin onu qəbul edəcəyini düşünürdü. Di gəl, belə olmadı. Dəniz 2 yerə ayrılarkən qız gəldiyi yolla o boşluqda addımlamağa başladı. Bu zaman dənizin necə 2 yerə parçalandığını gördü. Qaranlıq hələ də pıçıldamağa davam edirdi. Qız sadəcə o pıçıltıları dinləmək istədi. “Səsini duymaq istəyənə bir fısıltın yetər” deyirdilər. Qız bu gün həmişə qorxub qaçdığı qaranlığı dinləməyə başladı. Yavaşca gəldiyi yolla geri addımlayaraq dayandığı uçurumun kənarındakı dənizi tərk etdi.

O, dənizi tərk etdikcə dəniz yenidən birləşməyə başlayıb bir bötüv oldu.

Bu dəfə nə o qaranlıq, nə çərpələng, nə də ki, o oğlan vardı. Qəlbi dəfələrlə ayaqlar altında qalıb əzilməsinə baxmayaraq hələ də dimdik ayaqda durmağa çalışan qızın hekayəsi idi bu. Nə olursa olsun başına gələcək hadisədə özündə güc toplayıb geri dönən qızın hekayəsi idi.

Bütün ağrıları ilə mübarizə aparacaq qədər güclü və həyatın zərbələrindən yıxılmayacaq qədər güclü idi bu qız.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)