Güneydən səslər: “Və əllərimi gözlərində qızdırıram” - Zaman Paşazadə Featured

Rate this item
(1 Vote)

Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Zaman Paşazadə öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “Sadəcə sən bilirsən” deyəcək. 

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını qəhvə ilə qarışdırır mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil, hadisə yerindən uzaqlaşmaq üçündür

Sadəcə sən bilirsən caddələr gəlmək deyil, tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mə-ləməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuq qanlılıqla uzaqlaşır taksidə.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)