Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

26–cı dərc

 

-Getdiyim yerdə avtobus dayanacağından başqa bir şey yox idi.

«Kölgə», onunla üzbəüz oturmuş «Qızılbaşa» baxıb başını yellədi.

-Başını yelləmə. Mənsə fikirləşirəm ki, aldığımız hər bir məlumatı yoxlamaq vacibdir. Bu Bəxtiyar gec-tez bir səhv buraxmalıdır ya yox? -«Qızılbaş» dedi.

-Belə görünür ki, yox.

-Bəs onda nə təklif edirsən, yenə də o yarımçıq binada oturub müşahidə aparacaqsan?-«Qızılbaş»ın səsində açıq-aydın istehza hiss olunurdu.

Cavabında qonağı mənalı-mənalı gülümsədi.

-Arxayın olasan ki, o müşahidəni dayandırmayacam. Bunun doğru addım olduğuna əminəm. Ancaq indi başqa bir şey də edəcəm.

-O nədir elə, de biz də bilək? -«Qızılbaş» yenə də istehza ilə soruşdu.

-Mən bunu etmək istəmirdim. İndi başqa çarə yoxdur. Bəxtiyarın köməkçisini qaçırdacağam.

-O ofisdəki qızı?

-Hə. Onun əlimizdə olduğunu bilən Bəxtiyar mütləq özü ayağımıza gələcək. Bax onda ikisini də…

-Biz qızı öldürmək barədə heç bir göstəriş almamışıq.

-Şahid saxlamaq barədə də heç bir göstəriş olmayıb.

«Qızılbaş» bir qədər fikrə getdi. Bəxtiyarın fiziki cəhətdən aradan götürülməsinin vacibliyi ilə nə qədər razı idisə, bir qızın qanının tökülməsi ilə razılaşmaq istəmirdi. Nəhayət, bu qızın adi bir qız yox, əks cəbhədən olan bir detektiv köməkçisi olduğunu arqument kimi gətirib qərar verdi:

-Yaxşı. Ancaq axı bildiyim qədər o qız da ortalıqda yoxdur, ofisə də gəlib getmir, evə də.

-İndi gəlib çıxdın, mənim Bəxtiyarın evinin izlənməsini dayandırmamağımın doğruluğu barədə dediklərimə.

-Yəni?

-Yəni bu gün günün birinci yarısı həmin qız əks tərəfdəki küçələrdən biri ilə Bəxtiyarın yaşadığı məhəlləyə gəldi. Oradan bir köhnə «Jiquli»yə oturub uzaqlaşdığı üçün çatdırıb izləyə bilmədim. Ancaq səbirlə oturub maşını qaytarması üçün gələcəyini gözlədim. Belə də oldu. Bir neçə saatdan sonra gəlib maşını həmin yerdə təhvil verdi və piyada gəldiyi yolla qayıtdı. O köhnə maşın nəyinə lazım idi başa düşmədim, ancaq piyada gedən bir adamın haraya getdiyini izləyib öyrənmək çətin olmadı. Qısası, qızın yeri məlumdur. Elə bu fikrə də, onun yerini bildikdən sonra gəldim. Sabah evdən çıxan kimi, oraya qoyduğum adamım qızı qaçırıb məkanımıza gətirəcək. Sonrası asandır.

-Adamın etibarlı birisidir?

-Arxayın ol, qızın heç ruhu da inciməyəcək. Daha mən gedim.

-Yaxşı.

Ayağa qalxan qonaq, bir qədər sonra villanı tərk etdi.

 

* * *

 Polkovnik Arif Dadaşzadə son dərəcə qayğılı görünürdü. Öz təşəbbüsü ilə başladığı bu əməliyyatda riskin dərəcəsinin kifayət qədər yüksək olacağını əvvəlcədən təxmin etmişdi. Ancaq məsələnin «Harun»a qədər gedib çıxması çox pis əlamət idi. «Harun»un işinə qarışan hər kəsin ölüm hökmü elə əvvəldən verilmiş sayılırdı. Özü üçün narahat deyildi. Sevimli tələbəsi Bəxtiyarla son görüşündə fikirli görünməsinin səbəbi də onun üçün narahat olması idi. Elə bu səbəbdən ilk növbədə təcili olaraq Bəxtiyarın köməkçisi Layiqəni oyundan çıxarmağı qərara almışdı. Bu etapda qarşı tərəfi Bəxtiyarın izinə çıxara biləcək ən real adam Layiqə idi. Layiqə barədə Bəxtiyarın da onun kimi düşündüyü məlum olmuşdu. Bəxtiyarı isə, hələ ki, araşdırmadan kənarlaşdırmaq mümkün deyildi. Onun peşəkarlığına bələd olduğu üçün, sadəcə xəbərdarlıq etməklə kifayətlənmişdi hələlik.

Başqa bir narahatedici səbəb də ortaya çıxmışdı. Bəxtiyar Rəmzi adlı birini yoxlamağın vacibliyini demişdi. Yəqin ki, onun Rəmzinin kimliyi barədə elə də məlumatı yox idi. Bu ad araşdırmanın ikinci günündə İsfəndiyar Mövlayevin dostlarının ona verilmiş siyahısında yer almışdı və Bəxtiyarın Rəmzi adı barəsində məlumatının yeganə mənbəyi bu siyahı idi. Onun bu ada necə çıxdığını soruşmamışdı polkovnik. Heç buna ehtiyac da yox idi. Əgər Bəxtiyar bu adı çəkirsə, deməli siyahıdakı səkkiz addan hələlik onun marağını çəkməyə səbəbi olan tək ad Rəmzidir. Bunu necə müəyyən etməsi onsuz da sonra bilinəcək. Vacib olan odur ki, Rəmzi araşdırmada adları çəkilən avtoritetli cinayətkarlarla birbaşa əlaqələri olan, imkanlarına və zəhminə görə şəhərdə İsfəndiyar Mövlayevdən az tanınmayan biridir. Başqa vacib olan şərt də  odur ki, ilk gündən Əmirxan Mövlayevin qətlində hansısa formada iştirakı olduğundan şübhələndiyi Səlimin Day-dayla görüşündən sonrakı son günlərdə görüşdüyü dörd nəfərdən biri, daha doğrusu birincisi Rəmzi Xanbabayev olmuşdu. Əgər polkovnik ilk əvvəl bunu çoxşaxəli biznesləri olan iki tanınmış iş adamının görüşü kimi qəbul etməyə məcbur idisə, Bəxtiyarla söhbətindən sonra Rəmzi bəlkə də bir nömrəli şübhəliyə çevrilirdi. Səlimin Rəmziylə görüşməsi ondan şübhələnmək üçün elə də güclü bir arqument deyildisə, təcrübəli tələbəsinin Səttarın oğlu Teymurla görüşünün nəticəsi olaraq Rəmzinin adını çəkməsi sonuncu üçün çox ağır ittihama çevrilirdi. Çünki bu, Teymur vasitəsilə sağlığında Day-daya ən yaxın olan mərhum Səttardan gələn bir məlumat olmalıdır. İsfəndiyar, Səttar, Səlim, Rəmzi - bu dörd nəfəri haradasa dostluq və haradasa işgüzar münasibətlərdən başqa birləşdirən bir səbəb də olmalıdır. Əgər bu səbəbi tapa bilsəm, bəlkə də əsas ipucunu tapmış olacağam. Kimdənsə və ya kimlərdənsə şübhələnmək olar, ancaq bunu hələ sübut etmək lazımdır. Xüsusilə şübhələndiyin adamlar hər biri ayrı-ayrılıqda xüsusi statusa malik biriləridirlərsə. Şübhələrini təsdiqləyən sübutları əldə etmək isə heç də asan olmayacaq. Ancaq mümkün olmayan heç nə yoxdur. Bu işi başlamışamsa, mütləq sonuna çıxacağam.

Bütün bunları təhlil edən təcrübəli polkovnik hər şeyin son fazadan əvvəlki fazaya daxil olduğunu gözəl başa düşürdü. Bunun ardınca, bu isə cəmi bir neçə gün çəkə bilərdi, hadisələr son mərhələyə, kilminasiya nöqtəsinə çatacaqdı. Sonluq uzaqda deyildi, təkcə bu sonluğun necə olacağı böyük sual altında idi. Hər şey hadisələrin gedişatından asılı olacaqdı. Bir şey təskinlik verirdi. Otuz il səbrlə gözləmiş polkovnik, nəhayət, dostunun günahsız qətlə yetirilmiş oğlunun qisasını almağa yaxın idi.

Bəxtiyarı maraqlandıran Ruhi-əsəb xəstəxanasında yatmış adamın kimliyini müəyyən etmək kifayət deyildi, onun indi harada olduğunu da öyrənmək lazım idi. Əgər birincini etmək elə də çətin olmayacaqdısa da, ikinciyə xeyli vaxt sərf oluna bilərdi. Ona görə də, bununla bağlı təcili olaraq lazımi tapşırıqlarını vermiş, özü isə Rəmzi ilə daha yaxından məşğul olmağı planlaşdırırdı. Sovet dövründə böyük risk hesabına qazandığı sərvəti ilə sonradan böyük biznes imperiyası qurmuş, yaşadığı şəhərdə çox özündən deyən kişilərin «yollarının kəsişməsini» arzulamadığı Rəmzi ilə…

 

* * *

Pəncərədən boylanıb taksinin həyətə girdiyini görən Layiqə üzünü rəfiqəsinə tutdu:

-Daha mən düşüm. Hər şeyə görə çox sağ ol, bacıcan.

-Ancaq heç demədin də haraya gedirsən.

-Çox bilsən, tez qocalarsan, gələndə bilərsən.

Qızlar gülüşüb qucaqlaşdılar.

-Səni ötürüm.

-Yox, ehtiyac yoxdur. Bir çantamdı, bir də özüm, əziyyət çəkmə, -Layiqə yenə zarafatla deyib bir həftəlik dəyişək paltarlarını yığdığı çantasını götürdü və bir daha rəfiqəsinin yanağından öpüb əlini qapının dəstəyinə uzatdı.

Bir qədər sonra hündürmərtəbəli binanın lifti onu aşağıya aparırdı. Az sonra binadan çıxan Layiqə ətrafa boylansa da, bayaq onun sifarişi ilə gəlib həyətə dönmüş taksini görmədi. Maşını rəfiqəsinin telefonu ilə sifariş etdiyindən nə edəcəyini fikirləşərkən qəfildən peyda olan, haradan gəldiyini görmədiyi bir kişi ona yaxınlaşdı.

-Mənə demişdilər çantanız ağır olacaq, ancaq baxıram ki, elə də böyük deyil.

-Nəyinsə çəkisi, onun böyük-kiçikliyi ilə ölçülməz.

Bu, polkovnikin görüş zamanı söhbətin sonunda tapşırdığı, axşam saatlarında Bəxtiyarın zəng vurub ona dediyi parol və cavabı idi.

-Taksini axtarmayın, Layiqə xanım, onu yola saldım. Qubaya mənimlə gedəcəksiniz, buyurun əyləşin.

Bunu deyən təxminən əlli yaşlarında olan kişi bir qədər aralıda dayanmış maşınını göstərdi. Heç nə deməyən Layiqə keçib maşının arxa oturacağında əyləşdi. Əgər vəziyyət dəyişərsə, hər şeyin məhz belə olacağı ona deyilmişdi. Ayrıca, ötən gecə səhər açılanadək evdən çıxmağı da ona qadağan etmişdi şefi. Ondan tələb olunan yalnız verilən təlimatların düzgün yerinə yetirilməsi idi. Sükan arxasına keçən kişi mühərriki işə salıb həyətdən çıxdı.

Layiqə heç ağlına da gətirməzdi ki, Qubaya qədər yol yoldaşlığı edəcəyi bu gülərüzlü adam az əvvəl cinayətkarların onu qaçırmağa göndərdikləri, gecədən binanın həyətində maşınında oturub keşik çəkən birini boynunun dalından vurduğu zərbə ilə yatızdırmışdı. Sükan arxasında huşunu itirmiş vəziyyətdə qalan adam hələ bir xeyli müddət özünə gələ bilməyəcəkdi.

Bu kişi həm də şəhərdən çıxana qədər maşını uzun-uzadı yaxşı bələd olduğu dolanbac şəhər yolları ilə sürüb hər ehtimala qarşı izi azdırdıqdan sonra onlar əvvəlcədən həyətlərdən birində qoyulmuş başqa bir maşına oturacaq, yalnız bundan sonra Qubaya tərəf üz tutacaqdılar.

 

* * *

Bu gün, nə Elbrusun verdiyi sorğudan, nə də Arif müəllimdən cavabların gələcəyini gözləmək sadəlövhlük olardı. Bunun üçün çox tez idi. Çox şeylər bu cavablardan sonra məlum olacaq, sonrakı addımlarımı müəyyən edəcəkdim. Hər halda, vəziyyəti nəzərə alaraq, sabah bu cavabların əlimizdə olacağına ümid etmək olardı. Yaranmış vəziyyətdə isə, yenə də bəzi xırda sualların cavablarını tapıb bir yerə toplamaqla məşğul olacaqdım. Sonrakı təhlillərdə bağlayıcı rolunu oynayacaqdı bu cavablar. Əsas arqumentləri bir-birinə bağlayıb onların doğruluğunu təsdiq edən bağlayıcılar. Axşam Matvey Semyonoviçə zəng vurub məni maraqlandıran sualın cavabını almışdım. Onun verdiyi cavab da çox şeyi kökündən dəyişirdi.

Layiqə yəqin ki, artıq yolda olmuş olar. Polkovnik, şəhəri tərk edənədək onu qorumaq kimi bir vəzifədən məni azad edib bunu başqa adamına tapşırmaqla işimi xeyli yüngülləşdirmişdi.

İndi bir fikrimi yoxlamaq üçün elektrik malları mağazasına dəyməliydim. Olduğum əraziyə ən yaxın belə mağaza, daha doğrusu mağazalar «Mikrorayon bazarı» ətrafında idi. Binaların arası ilə bazara tərəf düşdüm. Köhnə Bakının vaxtilə tən ortası ilə beş nömrəli tramvayın işlədiyi bu küçəsində tikilmiş körpüyolu keçməyi çətinləşdirirdi. Ona görə də çatandan sonra, elə küçənin bazarla üzbəüzdəki tərəfində uyğun bir mağaza tapmaq üçün ətrafa göz gəzdirdim. Aha, bu da mənə lazım olan obyekt.

Mağazaya girib bir qədər baxdıqdan sonra satıcıya nə istədiyimi dedim. Təəccüblə mənə baxan satıcı əvvəlcə onunla zarafat etdiyimi düşündü, ancaq sonra tam ciddi olduğumu görüb istədiyim şeydən dediyim qədər verib pul da götürmədi. Ancaq mağazadan çıxanadək arxamca baxıb sonra başını buladı. Yəqin ki, işlədiyi müddətdə rast gəldiyi ən qəribə müştərisi olduğumu düşündü.

Bir azdan dostum Nadirlə görüşməliydim. Görüşü dünən axşamdan, Nadir işdə olacağı üçün elə Nazirliyin yanına təyin etmişdim. Saata baxdım. Yəqin ki, yarım saata oraya çataram. Əvvəllər «Karl Marks»ın heykəli qoyulmuş, heykəl götürüldükdən sonra da el arasında bu adla adlandırılmaqda davam edən yolayrıcına tərəf gedib yolu keçdim və qaçaraq tərpənməkdə olan avtobusa mindim.

Bəzi küçələrdə tıxac olmasına baxmayaraq, deyilən vaxtda görüş yerinə çatdım. Nadir polis zabiti olmağın ona aşıladığı punktuallıqla məni gözləyirdi. Yaxınlaşıb dostumla görüşdüm. Vaxtı az olduğu üçün dostum dərhal söhbətə keçdi:

-Dediyin adamlar nəinki ata-oğul deyillər, ümumiyyətlə, onların heç bir qohumluq əlaqələri yoxdur. Səni maraqlandıran «Nexia» markalı maşın çox az hallarda idarə olunur. Əsasən sükan arxasında saqqallı biri olur. Maşın, etibarnaməsiz idarəetməyə görə iki dəfə saxlanılıb «cərimə meydançası»na qoyulub. Hər iki halda sahibi, yəni o yaşlı kişi bir sürücü ilə gəlib sənədlərini təqdim etdikdən sonra ona təhvil verilib. 

-«Karat» haqqında nə deyə bilərsən?

-Qibtə ediləcək bir tərcümeyi-halı var. Səfərov Cabir Yusif oğlu. Körpəykən valideynlərini itirib. Böyüyəndə çox imkanlı biri olacağını təxmin etməyən və böyük ehtimalla sonradan bu hərəkətlərinə görə peşman olan qohumları ondan imtina etdikləri üçün yetimxanaya yerləşdirilib. Yetimxanadan sonra o vaxtlar şəhərin ən tanınmış zərgəri olan Moisey Ştilman onu yanına şagirdliyə götürüb. Bacarıqlı biri olduğunu görən Ştilman sənətin sirlərini öyrətməklə yanaşı qaçaqmal yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını, daş-qaşları onun vasitəsi ilə xırıd edib. Bu riskli işləri həmişə uğurla yerinə yetirən Cabir də əldə olunan gəlirdən kənarda qalmayıb, yavaş-yavaş öz şəxsi kapitalını toplayıb. Ştilman İsrailə köçəndə isə, şəhərin mərkəzində yerləşən zərgər dükanını ona bitişik emalatxanası ilə birlikdə artıq doğma oğlundan ayırmadığı Cabirə verib. Onun işini uğurla davam etdirən oğlan brilyantın qızıldan daha çox gəlir gətirdiyini nəzərə alıb, əsas ticarətini daş-qaşlarla qurub. Riskli bir iş olan daş-qaş alveri ona hədsiz gəlir gətirib. Elə daş-qaşa olan həvəsi də «Karat» ləqəbinin ona yapışmasına səbəb olub. Deyilənə görə, çox tamahkar biri imiş. Ancaq onu da deyim ki, yetimxanada onunla bir yerdə böyümüş uşaqlara əl tuturmuş. Başqa heç kimə bir şüşə su almasını da heç kim xatırlamır. Bu ölüm işi ilk gündən tərəfimizdən nəzarətə götürülüb. Məlum olub ki, bu şəxs yaxın keçmişdə zərgərliklə kifayətlənməyib, ayrı-ayrı sahələrdə də biznesini qurmağa başlayıb. Xeyli yeni işgüzar əlaqələr yaradıb. Apardığımız təhlillər qətlə yetirilməsində sonradan qurduğu bu əlaqələrdən şübhələnməyə əsas verir. Söhbət ayrı-ayrı layihələrə qoyulmuş milyonlardan gedir. Hazırda əlaqələri yoxlanılır. Konkret iş ortaqlarının kimliyi bilinsə də, hələ ki, şübhəlilərin dairəsi müəyyən edilməyib. 

-Bu halda, bu qətli sifarişli hesab etmək olar?

-Əminliklə nəsə söyləmək çətindir. Ancaq böyük ehtimalla hə, sifarişli qətlin dəsti-xəttinə oxşarlıq var. Bütün ömrünü brilyant alverinə həsr etmiş biri «firavan» həyat sürür, ancaq fəaliyyət istiqamətini başqa sahələrdə şaxələndirəndən bir müddət sonra dan yeri sökülən vaxt bir küçədə meyiti tapılır. Ola bilsin ki, maraqları kiminsə maraqları ilə üst-üstə düşüb.

-Yaxşı, əlimdəki işləri bitirəndən sonra, dəyərli məlumatlarına görə səni maraqlı bir yerə aparacağam. İndi isə vaxtını almayım.

-Sağ ol, əziz dostum.

-Sağ ol.

Nadirdən ayırılıb, bir qədər irəli gedib sağa, «İçərişəhər» metrosuna qalxan yola döndüm. Mənə lazım olan paltar mağazası bir qədər irəlidə idi. Belə tezliklə hansısa məlumatın verilməyəcəyini bilsəm də, buraya qədər gəlmişkən yeni əlaqə yerinə baş çəkməyi lazım bilmişdim. Daha Layiqə də yox idi və buranı hər gün özüm yoxlamalı olacaqdım.

Mağazanın qarşısından keçərkən vitrinə ötəri bir nəzər saldım. Gözlədiyim kimi, heç bir işarə verilməmişdi. Vitrindəki ən sağda qoyulmuş kişi manekeninin əynində qara rəngli qısaqol köynək var idi.

Küçənin o biri başına qədər qalxıb oradan metro ilə gedəcəkdim. Hələ bir neçə şeyi də yoxlamaq lazım idi. Metro ilə getsəm, vaxta qənaət etmiş olacaqdım.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)