Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

24 –cü dərc

 

-Sındır!

İsrafil vintaçanla qıfılın dilini qarcıyıb qırmaq istəsə də, bir şey alınmadı. Bunu görəndə vintaçanı rahlayıb çəkiclə başına möhkəm bir zərbə endirdi. Qıfıl yerindən laxladı. Daha iki zərbədən sonra sınmış qıfılı və alətləri masanın üzərinə qoyub kənara çəkildi.

Əlimi uzadıb dolabı açdım. Ortadan rəflə iki yerə bölünmüş dolabın alt hissəsində elektrik və dəm çaydanları, bir qutu çay, üst hissəsində isə qəndqabı, iki boşqab, iki qaşıq, iki çəngəl və üç bardaq var idi. Bardaqlardan biri ağ, biri qırmızı, üçüncüsü isə tünd göy rəngdə idi. Qara rəngli sellofan torbadakı bir qədər karamel konfetini və qəndi, onun yanındakı qurumuş yarımçıq ruleti nəzərə almasaq, dolabda daha başqa heç nə yox idi.

-İndi mümkünsə, sizin otağa gedək. Kamera qeydlərinə bir nəzər salaq.

-Əlbəttə, ancaq axı həmin gecə kamera işləməyib.

-Bunu bilirəm. Hər-halda bir baxaq, -Mahmud müəllimin lazımsız mülahizələrini kəsmək üçün gözətçi otağından birinci çıxdım. Binaya daxil olduqda ardımca gələn təsərrüfat müdiri, -Sola dönəcəyik, -deyib əli ilə kabinetini göstərdi.

Monitorun qarşısında yerimizi aldıqdan sonra məni maraqlandıran sualları verməyə başladım.

-Zəhmət olmasa deyin, bu hadisədən əvvəl də kamera sıradan çıxırdımı?

-Bəli, son vaxtlar üç-dörd dəfə olub.

-Təxminən nə vaxt?

-Haradasa axırıncı bir ay içində nasazlıq yaranıb. İlk dəfə axtarıb otağıma gələn naqilin qırıldığını aşkar elədim və təzədən caladım. Sonrakı nasazlıqlarda həmin calaq yerində boşluq əmələ gəlibmiş, eləcə sıxdım, düzəldi.

-Bəs calaq yerini lentlə bağlamışdızmı?

-Xeyir, naqildə cərəyan olmadığı üçün caladım, qaldı, buna ehtiyac duymadım. Həm də misdəndi, pas atan metal deyil.

-Nasazlıq yaranan günlərin tarixlərini deyə bilərsinizmi?

-Bəli. Sonuncunu bilirsiniz, on altı may tarixidir. Ondan əvvəlki nasazlıq üç gün əvvəl, mayın on üçündə, o birilər isə on iki və on doqquz aprel tarixlərində baş vermişdi.

-Bunu necə xatırladız?

-Hər ehtimala qarşı həmin tarixləri bloknotumda qeyd etmişəm. Çünki həmin vaxtlar yaddaş qeydlərində boşluq yaranıb. Qeydlərə də ki, bir şey baş verərsə, birbaşa mən cavabdehəm. Yazdığım şeylərsə, mənim yadımda yaxşı qalır. 

-Başqa bir nasazlıq aşkar etmədiz ki?

-Yox. O calaqları da çox möhkəm vurmuşdum, niyə boşalırdı, bilmirəm.

-Oraya sonda baxarıq. İndi Salamın son növbədə olduğu gün olanları danışın.

-Deməli, vəziyyət belədir, Bəxtiyar müəllim. Kamera həmin gün axşamacan işlək olub, Salam növbəni qəbul edəndə də işləyirdi. Bayaq İsrafil deyəndə bildiniz ki, səhər və axşam növbələri saat 9-dan 9-a dəyişir. Ancaq gözətçilərdən fərqli olaraq, ümumilikdə o biri işçilərin iş vaxtı səhər saat 9-da başlayıb axşam 7-də bitir. Mən isə həmişə bir saat tez gəlib bir saat da gec çıxıram. Bu məndə vərdişdir. Həmin gün də axşam 8-də gündüz növbəsi ilə sağollaşıb evə getdim. Salam saat 9-da növbəni qəbul edib və bu görüntülərdə qeydə alınıb. Təxminən saat 01:30-da kamera görüntüləri itib. Monitor mənim otağımda olduğu üçün gözətçi bunu bilə bilməzdi. Səhər səkkizdə işə gələn kimi, monitoru işə salıb gecə gözətçinin yatıb-yatmamasını bilmək üçün görüntülərə baxmaq istədim. Məlum oldu ki, kamera yenə xarab olub. Tez eşiyə çıxıb həmin kəsik olan yerə baxdım. Açığı, o naqili necə möhkəm sıxdığım yadımda idi, cəmi üçcə gün əvvəl sıxmışdım. Ancaq yenə də boşalıb aralanmışdı, naqillər bir-birinə zorla dəyirdi. Təmas zəif olanda da, bilirsiz, görüntü ötürülmür. “Lənət şeytana” deyib, təzədən calayıb otağa qayıtdım. Gördüm ki, görüntülər qayıdıb.

-Stop. Bu təxminən 9-a işləmiş olub, növbə isə 9-da dəyişib. Həmin aradakı görüntüləri görmək istəyirəm.

Mahmud müəllim bir qədər sonra görüntüləri ekrana verib dedi:

-Buyurun, bax budur, 8:12-dən başlayır. Bu da Salam, otaqda oturub. Az qalır oturduğu yerdə yatsın.

Salam doğrudan da çox yuxulu görünürdü. Masanın üzərində dolabda gördüyüm çaydanlar, ağ rəngli bardaq və qəndqabı var idi. Salam hərdən yuxulamamaq üçün gözlərini ovuşdurur, sonra bardaqdakı çaydan içirdi. Saat 9-da əşyalarını dolabına yığıb qıfıllayan Salam onu dəyişən gözətçiyə növbəni təhvil verib otağı tərk edir.

-İndi qayıdaq saat 1:30-dək olan görüntülərə.

-Hazırdır.

Bu görüntülər də ilk baxışdan adi görüntülər idi. Növbəni təhvil alan Salam bir neçə dəfə həyətə çıxıb qayıdır, sonra telefonu ilə başını qatır. Saat 00:55-də dolabı açıb oradan bir şüşə «Fanta» şirəsi çıxarır, ağ bardağa süzüb içir və yenə telefonda qurdalanır. Saat 01:30-da görüntülər itir.

-İndi isə keçək üç gün əvvəlki görüntülərə.

-Buyurun, -on beş saniyə sonra görüntüləri monitora verən Mahmud müəllim onları rahat görməyim üçün kreslosunu bir qədər geriyə sürüşdürdü.

Vaxt itirməmək üçün görüntüləri bir qədər sürətlə ötürüb baxmağa başladım. Bu görüntülərdə hərdən həyətə çıxıb tez də qayıdan Salam demək olar növbənin çox hissəsini otaqda keçirir. Saat 5:50-də yenə görüntülər itir və bir də əvvəlki görüntülərdə olduğu kimi, 8:13-də bərpa olur.

-Yəqin yenə də siz gəlib naqilləri sıxmısız, hə? -gözümü monitordan çəkib Mahmud müəllimdən soruşdum.

-Elədir ki, var.

-İndi baxaq 8:13-dən sonra nə baş verib.

Əvvəlki görüntülərdə gördüyüm çay ləvazimatları yenə də masanın üzərində idi. Ancaq onlardan başqa masa üzərində ikinci, dolabda gördüyüm qırmızı rəngli bardaq, iki boşqabda dilimlənmiş rulet və yanlarında qoyulmuş iki çəngəl var idi. Yenə də, bir qədər sonra qabları yuyub yığışdıran Salam dolaba qoyur və növbəni təhvil verib gedir. Vəssalam. Görəsən Salamın qonağı kim olub?

-Mahmud müəllim, zəhmət olmasa deyin, əvvəlki iki dəfə də kamera gecə saatlarında sıradan çıxıb?

-Xeyir, onlar gündüz saatlarında olub. İlk dəfə səhər saat 10-da, ikinci dəfə 10:30-da.

-Aydındır. İndi həmin naqilin zədələndiyi yerə baxaq.

Birlikdə ayağa qalxdıq. Xəstəxananın həyəti elə də böyük deyildi. Gözətçi otağının solunda darvaza, bu darvazadan bir qədər sonra isə bina yerləşirdi. Təsərrüfat müdirinin otağı binanın başlanğıcında yerləşdiyi üçün onun pəncərəsi birbaşa gözətçi otağına baxırdı. Gözətçi otağı ilə kabinetin arası təxminən doqquz-on metr olardı. Bu məsafədə kameradan otağa qədər çəkilən bir cüt naqil hündür darvazanın üzəri ilə keçib nisbətən alçaq olan divar boyu binaya qədər gəlir, pəncərədəki dəlikdən otağa girir və motnitora qoşulurdu.

-Nə əcəb, naqilli kamera qoymusuz?

-Əvvəl məsafədən ötürən kamera qoymaq istəmişdim. Ancaq yoxlayanda məlum oldu ki, kamera otağın içində olduğu üçün dalğalar zəif ötürülür, usta dedi ki, pis hava şəraitində ümumiyyətlə dalğalar itəcək, ona görə də getdim, dəyişdirib gəldim.

-Bəs dediyiniz kəsik haradadır?

-Divarın üstündə, baxın, orada, -Mahmud müəllim darvazanın sol tərəfindəki divarı göstərdi. Elə axırıncı dəfə üstünə çıxdığım stulu da orada saxlamışam ki, yenə lazım olsa, daha axtarmayım. 

Stulun olduğu yerin yanında zibil qutusu qoyulmuş, divara «siqaret çəkmək üçün yer» lövhəsi vurulmuşdu. Mahmud müəllim bəstəboy olduğu üçün stuldan istifadə etmişdi. Mənimsə, əlim naqilə rahat çatardı. Yaxınlaşıb hündür divarın yuxarısı ilə çəkilmiş calaq yerinə toxundum. Calaq kifayət qədər möhkəm vurulmuşdu.

-Əminsiniz ki, calağı həmişə belə möhkəm vururdunuz?

-Bəli, tam möhkəm. Ancaq yenə də boşalır.

Belə-belə işlər cənab detektiv, belə-belə işlər… Bu naqil çox maraqlı naqildir. Daha sonuncu sualı da verib getmək olar.

-Mahmud müəllim, xəstəxanaya gələn, fərqi yoxdur xəstə yanına və ya başqa işlə bağlı bütün adamların qeydiyyatı hansısa formada aparılırmı?

-Bəli, mütləq qaydada bütün ziyarətçilərin adları, gəlmə və getmə vaxtları qeydə alınır.

-Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.

-Həmişə qulluğunuzdayam, Bəxtiyar müəllim.

-Sağ olun.

-Sağ olun.

Mahmud müəllimin əlini sıxıb, bir qədər kənarda dayanmış İsrafillə sağollaşıb həyətdən çıxdım. Ancaq getməyə tələsmədim. Xəstəxananın divarı boyu axıra qədər gedib geri qayıtdım. Bu, bir müşahidəmi yoxlamaq üçün lazım idi. Bundan sonra əsas yola çıxıb şəhər istiqamətində gedən avtobusların dayanacağında dayanmış avtobusa mindim. Bu avtobusun şəhərin hansı hissəsinə getməsi mənim üçün maraqlı deyildi. Üçüncü dayanacaqda düşüb bir kənara çəkildim və cib telefonuma sim kartı yerləşdirib işə saldım. Bir azdan nömrə mobil şəbəkəyə qoşuldu.

 Elbrusu yığıb gözləməyə başladım.

-Eşidirəm, Bəxtiyar müəllim, görüşə bildiniz?

-Görüşdüm.

-Onda deyin gəlsin.

-«Karat» mayın on altısından on yeddisinə keçən gecə qətlə yetirilib. Bu Salamın sonuncu növbəsi ilə eyni vaxta təsadüf edib. Sonra Salam saxlanılıb. Ancaq mayın on üçündə olan növbəsi zamanı Salamın qonağı olub, birlikdə çay içiblər. İmkan olan kimi Kürdəxanıya gedib Salamla görüşün, həmin adamın kimliyini öyrənin. Paralel olaraq ötən ay, on iki və on doqquz aprel tarixlərində günün birinci yarısında xəstəxanaya gəlmiş bütün adamların siyahısını tələb edin. Bu həm mütəmadi olaraq ambulator müayinə üçün müraciət edən pasiyentlər, həm də ayrı-ayrı işlər üçün gəlmiş adamlar ola bilər. Onların hər biri bizim üçün maraq doğurur. Həmin tarixlərdə gəlişi təkrarlanan varsa, həmin naməlum qonaqla eyni adam olub-olmamasını müəyyən edin. Eynidirsə, qalanlarını bir kənara qoya bilərsiz. Yox, qonaq və təkrarlanan adam ayrı-ayrı adamlardırlarsa, onda onlardan hansının solaxay olduğunu öyrənin. Bizi maraqlandıran adam solaxaydır, bunu unutmayın.

-Hər şey aydındır, qardaş. Dərhal sorğunu verirəm.

-Nə isə bilinsə, telefonuma mesaj atın. Arada işə salıb baxacağam.

-Oldu, sağ olun.

-Sağ olun.

Söhbəti bitirən kimi düyməni basıb telefonun sönməsini gözlədim, sonra sim kartı çıxarıb cibimə qoydum.

Əgər telefonumu izləyirsinizsə, indi fikirləşin, bu şəhərkənarı yolda mən nə axtarırdım, cənablar…

Bir azdan başqa avtobus məni şəhər istiqamətində aparırdı. Bu avtobusda elə də çox sərnişin yox idi.

 

 

 “Ədəbiyyat və incəsənət”

(18.07.2023)