“Şaftalı çiçəkləri fəsli” – Həmid Piriyev Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisində layihəsində nəsr fırtınası davam edir. Yenidən sizlərə Həmid Piriyevin hekayəsi təqdim ediləcək.

 

 

 

Həmid PİRİYEV

 

 

ŞAFTALI ÇİÇƏKLƏRİ FƏSLİ

 

Bağlarda yabanı razyanalar bitir. Baxımsız bağlarda böyüyür, kollanır, hasar boyu qalxır. Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin iyinə qarışır, təsiri itir. İndi qışdı, hər tərəfdən razyana iyi gəlir.

Gecəni yatmamışam. Sərxoş dünən səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi. Axşam zəng eləyib naxoşladığını dedi. Mənsə tək qalanda qorxuram, yata bilmirəm...

Həyətə çıxan kimi razyananın iyi burnumu qıcıqlandırır. İyi ciyərlərimə çəkdikcə bütün yorğunluğum, yuxusuzluğum yoxa çıxır, gümrahlaşıram. Quyudan su çəkirəm, əl-üzümü yuyuram bumbuz quyu suyuyla. Su sifətimə dəyəndə qeyri-ixtiyari çənəm əsir, dişlərim dişlərimə dəyir, canıma üşütmə düşür. Beş-on saniyə keçən kimi üzümdəki su damcıları qızışır, üşütməm keçir, amma dekabr ayazı damcıları yenə soyudur, üzüm elə bil çatlayır. Vedrədəki suyu boşaldıb evə girirəm. Gecədən yarım dənə çörəklə ət konservinin yarısı qalıb. Bu, Sərxoşun payıydı, gəlsəydi, o yeyəcəkdi. Əl-üzümü siləndən sonra konservi elə öz qabında qızdırıram, soyuducudan şoraba çıxaranda ağzı açılmamış arağa baxıram. Sərxoş gəlsəydi, bunu da gecə içəcəkdik. Üzü pəncərəyə oturub çörəyimi yeyirəm. Sərxoş keçən il düz pəncərənin qabağında şaftalı ağacı əkib. Şaftalıdan xoşu gəlir. Öz həyətləri şoranlıqdı, ağaclar iki-üç ildən sonra quruyur. Gətirib burda əkib ki, bəlkə, tutdu, öz əkdiyi şaftalının meyvəsindən yeyə bildi.

Dəniz qırağına yaxın bağdı bura. Burda işləyirəm, həm bağbanam, həm də gözətçi. Gündə bir-iki saat gedib evə dəyirəm, kənddən alınmalı şeyləri alıb gəlirəm, qalan bütün vaxtım burda keçir. Bağ yiyəsi qışda çox gəlmir, ayda bir dəfə gəlib maaşımı verir, hərdən də kefinə düşəndə dost-tanışını yığıb yeyib-içməyə gətirir.

Sərxoş da qonşu bağın gözətçisidi. Açılıb-yığılan çarpayısını gətirmişik, gecələri burda yatır. Tək qalmaqdan qorxuram. Yaxşı ki, Sərxoş var, yoxsa gecəni bağrım yarılar burda. Hər axşam araq alıram, içib şellənirik. İçəndə çox vaxt ağlayır, uşaqlığından danışır. Ona görə Sərxoş deyirəm ona.

Uşaqlıqda araqdan xoşum gəlmirdi. Araqpulu üçün yalvaranları çox görmüşdüm. İçib küçədə yatanları da. O vaxtdan ağlıma batmışdı ki, araq pis şeydi. Söz vermişdim heç vaxt içməyim. Amma indi araqsız dayana bilmirəm, həm də tək içə bilmirəm, gərək yanımda kimsə olsun.

Çörəyimi yeyib süfrəni yığışdırıram. Həyətə çıxıb siqaret yandırıram. Yenə razyana iyi burnumu qıcıqlandırır. Bizim həyətdə razyana kolu yoxdu, bağ yiyəsinin ot-ələfdən xoşu gəlmir, bağı təmiz saxlayıram. Bu biri bağsa yiyəsizdi, Sərxoşun işlədiyi yox, sol tərəfimizdəki. Neçə ildi buralardayam, o bağın qapısını açan görməmişəm. Həyət başdan-başa razyana koludu. Yayda lap qəşəng görsənir, kollar yaşıllaşır. İndi saralıblar, amma yenə də qəşəngdilər.

Beli götürüb əncir ağacının dibini qazımağa başlayıram. Qazıya-qazıya kökündəki bicqıcları təmizləyirəm. Bunu atamdan öyrənmişdim. Hər il belə eləyirdi. Dövrələmə qazıyandan sonra bir araba peyin götürüb paylaşdırıram, çalanı doldururam. Bu, iki saat vaxtımı alır. Çay qızdırıb içəndən sonra bir ağacın da dibini açıram. Bu ağacın dibindən paslı qıfıl çıxır. Bu, həyətdən tapdığım ikinci qıfıldı. Birincisi keçən il nar ağacının dibini qazıyanda çıxmışdı. Onda Sərxoş demişdi ki, bu bağın köhnə yiyəsi cindar arvad idi. Yəqin, kimlərinsə bəxtini bağlayıbmış.

İkinci ağacın da dibini peyinləyib örtürəm. Bu günlük bəsdi.

Bir stəkan da çay içəndən sonra durub geyinirəm. Həm gedim evə dəyim, həm də Sərxoşu başa çıxım. Soyuducudakı araq yadıma düşür, götürüb gödəkçəmin iç cibinə soxuram. Bir stəkan içirdərəm Sərxoşa, azarı çıxar canından.

Qapını qıfıllayanda görürəm ki, papağımı götürməmişəm. Amma dala qayıtmıram, yoldan qayıtmaq xoşuma gəlmir. Yiyəsiz bağın yanından keçəndə əl atıb hasardan boylanan razyana kolundan bir əlçim qopardıram, sağ əlimdə ovuşdururam. İyi əlimə hopur. Tünd iyi var razyananın, əlini sabunla yumasan, axşamacan getməz. Gedə-gedə hərdən ovcumu iyləyirəm. Təxminən on dəqiqə gedəndən sonra bağlar qurtarır, kənd evləri başlayır. Dar küçələr bomboşdu.

Evə çatıram, anam yemək çəkir, yeyib dururam.

– Dükana gedəcəm, bir şey lazımdı? – soruşuram.

– Yox, – deyir.

Həyətdən çıxıb siqaret yandırıram. Külək dayanıb, amma hava çox soyuqdu, qulaqlarım kəsilir. Sərxoşgilin evi kəndin o biri başındadı. Kəndin içindən keçəndə dükana girirəm, deyirəm bir az şirni alım, əliboş getməyim. Piştaxtadakı şirni qutularına baxıram.

Birdən cibimdəki araq bədənimi soyudur.

İki qutu biskvit, bir kilo şokolad, bir qutu da çay alıram.

Dükandan çıxıb ara dalanlarla Sərxoşgilin məhəlləsinə gedirəm. Bura kəndin ən axırıncı küçəsidi. Burdan o tərəfə şordu.

Sərxoşgilə çatanda anası da qonşudan çıxır. Salamlaşıram, Sərxoşu soruşuram, başını yellədir. Həyətə giririk.

Sərxoşun otuz səkkiz yaşı var, evlənməyib. Anasıyla yaşayır, atası Qarabağda şəhid olub. Bir bacısı  var, ərdədi. Bildir anasını əməliyyat elətdirib, onda kalan borca girmişdi. Keçən ay qurtara bildi borcunu.

Evə girirəm. Sərxoş şüşəbənddə, divanda uzanıb. Şirni olan torbanı Sərxoşun anasına verib Sərxoşun yanına gəlirəm. Anası yorğanla yaxşı-yaxşı basdırıb, başına yun papaq basıb, boynundakı şərfin ucu yorğanın altından görünür. Qırmızı, tüklü şərfdi. Atamın cavanlıq şəklində görmüşdüm beləsini. Yəqin, Sərxoşun atasından qalmadı bu şərf. Məni görən kimi dikəlmək istəyir, imkan vermirəm, stul çəkib yanında otururam. Yorğanı sinəsinə çəkir, üzü açılır.

– Sərxoş, – deyirəm, – necəsən?

– Ölürəm, – deyir, xırıltılı səsi elə bil quyudan gəlir.

– Görürəm, – deyib gülürəm.

Anası sinidə çay gətirir mənimçün, qənddana mən aldığım şokoladlardan töküb. Çayı qoyub həyətə çıxır.

– Sənin dərmanın məndədi, – deyib cibimdən arağı çıxartıram.

– Yox, – Sərxoş başını yellədir, – boğazımdan bir gilə su keçmir.

– Bir stəkan iç, yaxşı olacaqsan, – deyirəm.

Yenə başını yellədir. Çiyinlərimi çəkirəm, yəni özün bil. Butulkanı təzədən cibimə soxuram.

– Noldu e, sənə birdən-birə? – soruşuram.

– Srağagün səhər tezdən gəlmişdim e evə, yadındadı?

– Hə, – deyirəm.

– Hələ alaqaranlıq idi axı. Evə çatanda gördüm şorda ağ nəsə görünür. Yaxına gedib baxdım, qu quşu imiş.

– Qu quşu? Qışın bu vaxtı qunun burda nə işi var?

– Bilmirəm. Gördüm uça bilmir. Soyunub girdim suya. Tutdum bunu. Ayağı yaralı idi.

– Xəstəsən e sən. Nə ölümdü axı? Nəyinə lazımdı şordan quş tutursan?

– Neçə həftədi evə ət ala bilmirdim. Dedim heç olmasa quş əti yeyək...

Onsuz da güclə çıxan səsi xırıldayır. İstəyirəm söhbəti dəyişim.

– Doxdurxanaya getmisən? – soruşuram.

Yenə başını yellədir. Pulu yoxdu Sərxoşun, getsə, bir palaz iynə–dərman yazacaqlar, nəynən alacaq?

– Gözlə, gedim Elnur doxduru gətirim, – deyirəm.

– Lazım deyil, – deyir, – onsuz da öləcəyəm.

– Hardan bilirsən?

– Atam da otuz səkkiz yaşında ölmüşdü.

Bilmirəm nə deyim. Çoxdandı bu fikir Sərxoşun beyninə işləyib. Həmişə dəm olanda deyir ki, atam ölən yaşda öləcəyəm. İndi də deyir. Mənsə bilmirəm nə cavab verim. Bir-iki dəqiqə bir-birimizə baxırıq. Bayırdan nəsə tappatup səsi gəlir, deyəsən, odun doğrayırlar. Sərxoş çaya işarə edir, stəkanı götürüb bir-iki qurtum içirəm.

– Şaftalı bu il gül açmalıdı, – Sərxoş deyir.

– Hə, – deyirəm. – İkinci ilidi.

– Qoyma qurusun, – deyir, – şaftalının güllərinə fikir vermisən? Badam gülünə oxşayır.

– Hə, – deyirəm, – oxşayır. Az qalıb, bir-iki aya yaz gəlir, gül açacaq.

Anası bir qucaq odunla evə girir. Odunları dəmir sobaya doldurur, sobanın yanındakı köhnə corabı düyünləyib fitil düzəldir, butulkadakı ağ neftlə isladıb yandırır, odunların arasına soxub sobanın qapısını bağlayır. Sonra yenə mətbəxə keçir.

Çayı içib ayağa dururam. Cibimdən bir az pul çıxartıb Sərxoşun balışının altına qoyuram. Etiraz etmək istəyir, imkan vermirəm.

Gödəkcəmin yaxasını bağlayanda Sərxoş soruşur:

– Papağın hanı?

– Bağda qalıb.

– Mənimkini götür. – Asılqandakı təzə papağa işarə edir. – Bayaq xəbərlərdə dedilər, yağış yağmalıdı. İslanarsan.

– Yox, – deyirəm, – hara gedirəm ki? Beş dəqiqəyə çatacağam da bağa.

Amma Sərxoşgildən bağacan hardasa yarım saatlıq yoldu. Əslində, yolun uzunluğunu fikirləşmirəm, gecə yenə tək qalmalıyam, onu fikirləşirəm, bir də arağı tək içməyin dərdi götürüb məni...

Sağollaşıb çıxıram. Evin damına, sobanın bacasına baxıram. Bacanın ağzına yanakı kərpic qoyublar, tüstü kərpicin yanındakı boşluqlardan çıxıb göy üzünə millənir.

Göy üzü tərtəmizdi, bir tikə də bulud yoxdu.

Yağış yağmır.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)