Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

21 –ci dərc

 

Əlimi kövrəlmiş Matvey kişinin çiyninə qoydum.

-Sizə, şərəfi ilə vətəninə xidmət etmiş polis zabiti kimi söz verirəm. Bunu edən və ya edənlər kimlərdirsə, mütləq cəzalarına çatacaqlar.

Matvey əlinin arxası ilə yaşarmış gözlərini sildi.

-Sizə inanıram Bəxtiyar, bilmirəm niyə, ancaq inanıram.

Yaranmış zərurətdən əvvəlini bir qədər fərqli başlasam da, Matveylə söhbətimizin sonunun yaxşı olacağına şübhəm yox idi. Bu yaşlı adamı qətiyyən narahatçılıq içərisində qoyub getməyəcəkdim. Ancaq söhbətimizin belə bir məcraya, belə bir səmimiyyətə gətirib çıxaracağını açığı, heç gözləmirdim.

Otaqdakı divar saatına baxdım. Daha getmək lazım idi. Sağollaşmaq üçün ayağa qalxdım. Ancaq fikrimi göydə tutan ev sahibi məndən əvvəl ayağa qalxıb dedi:

-Heç elə şey yoxdur. Çay içməmiş sizi heç yana buraxan deyiləm.

Sonra üzünü bayaq keçdiyi otağa tərəf tutub həyat yoldaşını səslədi: -Nataliya, çayımızı gətir görək.

 

* * *

Layiqə «Azadlıq prospekti» stansiyasında metrodan çıxdı. Ətrafa boylanıb yolun qarşı tərəfinə keçməli olduğunu anlayıb yenidən stansiyanın yeraltı keçidinə düşdü və bir qədər sonra əks tərəfdə keçiddən qalxdı. Ona lazım olan, əsas küçəyə birləşən ara küçə düz keçidin çıxışının qarşısında idi. Buraya şefinin tapşırığı ilə, kamera görüntülərində sonuncu dəfə bu ara küçəyə dönmüş, artıq ona tanış olan «Nexia» markalı maşının izinə düşmək üçün gəlmişdi. Əlbəttə, nə onun, nə də şefinin bu böyük ərazidə, hansısa həyətdə saxlanılan maşının tapılacağına elə də böyük ümidləri yox idi. İkinci dəfə «Moskva» univermağının qarşısında görüşərkən başqa şeylərlə yanaşı bu tapşırığı verən şefi elə belə də demiş, Layiqə də razılaşmışdı. Ancaq əldə edilmiş informasiyaya uyğun hərəkət etmək tələb olunurdu. Çəkməçini izləyən orta yaşlı kişinin sürdüyü maşının səksən yaşlı bir kişinin adına sənədləşdirildiyini, kişininsə, idarə olunması üçün heç bir şəxsə etibarnamə vermədiyini öyrənən şefi, bunun iz verməməkçün düşünülmüş şəkildə edildiyini dərhal anlamış, bəlkə də son on ildə sükan arxasına oturmamış bu yaşlı kişinin kimliyini öyrənməyin yalnız vaxt itkisinə gətirib çıxaracağını düşünərək maşını axtarmağın ən primitiv üsulunu seçmişdi. Təbii ki, maşın cinayətkarlar tərəfindən son üç gündə yox, elə bu məqsədlərlə istifadə edilməsi üçün nə vaxtsa alınarkən belə sənədləşdirilmişdi. Qalır etibarnaməsiz idarə edilməsi, onu da çox güman ki, nadir hallarda istifadə olunan bu maşınla qaydaları pozmamaqla ötüşdürürlər. Qayda pozuntusuna yol verməsən, yol polisinin səni saxlaması ehtimalı bir faizdir. Ona görə də Layiqə axşamadək, bəlkə sabah da bütün günü bu küçədə və ona birləşən ara yollarda müşahidə aparmalı idi.

Əslində, Bəxtiyar, onu azdıraraq Xırdalan şəhərinə yönəltmək məqsədi ilə çəkməçinin olduğu küçəyə göndərilmiş bu köhnə maşının sahibinin hansısa neytral birisi olacağını, bu yoxlamanın heç nə verməyəcəyini təxmin etmişdi. Bunun yemişbaşdan fərqli olaraq, onu göndərən çox ağıllı, gedişləri əvvəlcədən hesablaya bilən rəqibin çəkməçi ilə etdiyi fəndə cavab addımının olduğunu gözəl başa düşürdü. Sadəcə, hər şeyi axıradək yoxlamağa öyrəşmiş biri kimi bunu da dəqiqləşdirmiş və gözlədiyi kimi bu ehtimalı təsdiqlənmişdi. Bütün bunları Daxili İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsində işləyən dostu Nadir vasitəsilə öyrəndikdən sonra maşının son dəfə kamera görüntülərinə düşdüyü ara küçəni Layiqəyə izah etmiş, orada müşahidə aparmasını tapşırmışdı. Maşın bu küçəyə döndükdən sonra bir daha oradan çıxmamışdı.

Peşəkar əməliyyatçı olan Nadir müşahidə kameraları vasitəsilə Balababa Məcidov küçəsindən qəfildən tərpənərək gözdən itən «Nexia»nın Xırdalan şəhərinə getdiyini müəyyən etmiş, bir gün sonra isə Bakı istiqamətində hərəkətdə olduğu marşrutu izləyib əsas yoldan döndüyü ara küçəni Bəxtiyara nişan vermişdi. Bundan sonra, maşının başqa hərəkəti kameralar tərəfindən qeydə alınmamışdı. Fotoşəkli verilmiş, sükan arxasında olan adam haqqında isə hələ ki, bir məlumat əldə etmək mümkün olmamışdı.

Hər-halda qarşı tərəf bu addımı ilə istifadəsində olan maşınlarından birini aşkara çıxarmışdı və Bəxtiyar bundan yararlanmaq üçün hər şeyi edəcəkdi. Maşını axtarmaqda da məqsəd, onun saxlanıldığı həyəti müəyyən etmək və bu ünvan vasitəsilə sahibinin kimliyini öyrənmək idi. Əgər bu dəfə də saxta biri çıxmazsa, o zaman nə isə müəyyən edəcəyinə ümid edirdi Bəxtiyar. Qarşı tərəfin kim olduğunu mümkün qədər tez öyrənmək çox vacib idi. O, bunun üçün ən xırda ehtimalı da yoxlamağa hazır idi.

Bütün bunları son söhbətləri zamanı şefindən öyrənən Layiqə «bismillah» deyib ona lazım olan küçəyə döndü. Artıq hava qaralmışdı…

 

* * *

Gülanəyə bir müddət onun yanında gecələyəcəyimi demişdim. Matveydən ayrılandan sonra birbaşa yanına getmiş, yüngül şam yeməyindən sonra çay süfrəsi ətrafında xeyli söhbət etmişdik. Dünən gecə şifrin üzərində baş sındırmayacağıma qərar vermişdim. Bu mənim adətim idi. Əgər bir şey alınmırsa, onu bir müddət kənara qoyur, başqa işlərlə məşğul olurdum. Elə son günlər narahatçılığı aşkar hiss olunan Gülanəyə də bir qədər diqqət ayırmağım vacib idi.

Matveyin danışdıqları, xüsusilə bu qətlin arxasında «Harun» və adamlarının durması barədə vaxt itirmədən polkovnik Dadaşzadəni məlumatlandırmağım tələb olunurdu. Ona görə də bu gün səhər yuxudan duran kimi lazım olan məlumatı bir vərəqə yazıb konvertə qoymuşdum. Gülanə ilə sağollaşıb çıxdıqdan sonra avtomat telefondan Elbrus Cavadovun xidməti otaq nömrəsinə zəng vurub xəstəxanaya nə vaxt gedəcəyimizi soruşmuşdum. Elbrus vacib işi çıxıdığı üçün gedə bilməyəcəyini, səfərin başqa vaxta qaldığını bildirmişdi. İndi cibimdəki konverti lazımi ünvana verməliydim. Əslində, aldığım son məlumatlar mütləq müzakirə tələb edirdi. Ancaq hələ ortaya «Harun» barədə məlumat çıxmazdan əvvəl qarşı tərəfin kimliyini öyrənmək məqsədi ilə Layiqəyə verdiyim bir tapşırığın nəticəsini ən azı bir gün gözləməyə qərar vermişdim. Layiqə dünən axşamdan həmin tapşırığı yerinə yetirməyə başlamışdı. Əgər bir nəticə olarsa, onu da aldığım məlumatlara əlavə edib sonra polkovniklə görüşməyim daha yaxşı olardı. Bu halda, artıq müəyyən etdiyimiz adamın «Harun»un şəhərdə olan səlahiyyətli adamlarının ilk üçlüyündə yer almasına şübhəm olmayacaqdı. Polkovniksə, görüşməyi vacib bilərsə, özü vaxtını və yerini mənə bildirəcəkdi.

Yarım saat sonra lazımi ünvana çatıb konverti artıq məni üzdən tanıyan, ilk dəfə gələrkən gördüyüm kişiyə verdim. Yenə də parolu dinləyən kişi mənə həmin cavabı verdikdən sonra valyutadəyişmə məntəqəsini tərk etdim.

Çoxdandır Dənizkənarı bulvarda olmamışdım. Oraya gedib bir qədər dəniz havası almaq, həm də təhlillərimi davam etdirmək qərarına gəldim. Yaxın olduğu üçün on dəqiqə sonra bulvardakı boş skamyalardan birində oturmuşdum.  

Layiqəyə verdiyim tapşırıq «Nexia» markalı maşının saxlanıldığı həyəti müəyyən etmək idi. Ona qısa şəkildə nə edəcəyini izah etmiş, çox şeyi açıqlamağı lazım bilməmişdim. Ancaq əslində isə qarşı tərəfin kimliyini müəyyən etmək üçün başqa bir istiqamətdə də iş aparılırdı. Bunu Nazirlikdə işləyən, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili olan dostum Nadir edirdi. Maşının səksən yaşlı bir kişinin adına sənədləşdirilməsi bu maşının başqası tərəfindən idarə olunmasını mümkünsüz edirdi. Çünki heç kimin adına etibarnamə verilməmişdi. Bu halda, həmin  maşının başqası tərəfindən idarə olunmasını Layiqəyə fərqli şəkildə izah etsəm də, əslində vəziyyət elə deyildi. Qanun ata və oğul arasında eyni maşının etibarnaməsiz idarə olunmasına icazə verir. Məhz Layiqənin sükan arxasında gördüyü adamla maşın sahibinin ata-oğul olub-olmamasını indi Nadir araşdırıdı. Bu təsdiqlənərsə, məkanı bilinən birini izləmək və onun vasitəsilə əsas obyektin yerini müəyyən etmək elə də çətin olmayacaqdı. Qarşı tərəfin «çəkməçi» fəndimə qarşı atdığı yayındırıcı cavab addımı ilə istəmədən mənə verdiyi ipuclarından maksimum yararlanmağa çalışırdım.

Tapşırığı Layiqəyə fərqli şəkildə verərək bu dediklərimi ondan gizlətməyimin səbəbi var idi. Bu araşdırmada hələ o qədər nəzərə çarpmasa da, ilk gündən hiss etdiyim və get-gedə artan real təhlükəni görürdüm. Kəllə-kəlləyə gəldiyimiz aləmdə zarafatı sevmirlər. Bu səbəbdən ona yalnız texniki məsələlərlə bağlı tapşırıqları verir, dəstə üzvləri ilə bağlı heç bir işi tapşırmamağa çalışırdım. Əlbəttə, çəkməçini izləyən adamı müəyyən etməyi ona tapşırmışdım, ancaq bu, zərurətdən yaranmışdı və məsafədən həyata keçirilmişdi. Həm də həmin vaxt təhlükənin miqyası tam bəlli deyildi. Ancaq daha bu işlərə onu qatmamağa maksimum çalışırdım. Ona görə də maşının sahibi ilə onu idarə edənin ata-oğul olmalarını və təsdiqlənərsə, sonrakı işləri görməyi yaxın dostum Nadirə həvalə etmişdim. «Harun»un bu işdə bilavasitə əli olduğunu bildikdən sonra isə Layiqəni daha az tapşırığa cəlb etməyə çalışacaqdım. Əvvəlki araşdırmalarda özünü tam doğrultsa da, hər anı gözəgörünməyən təhlükə ilə müşayiət olunan bu araşdırmanın yükü onun çiyinləri üçün deyildi. «Qanuni oğru» adının indiyənədək heç bir qadına verilmədiyi bu aləmin adamları ilə savaş, bizim, oddan-alovdan keçmiş, həyatını qatı cinayətkarlarla mübarizəyə həsr etmiş kişilərin, polis zabitlərinin işi idi.

Özünəməxsus qoxusu olan bulvar havası burnumu qıcıqlandırır, dənizdən əsən meh yumşaq bir sərinlik yaradırdı. Ancaq daha getmək lazım idi. Hələ başqa işlər vardı, axşam da Layiqə ilə görüşməli idim.

 

* * *

-Mən sənə nə demişdim?

«Qızılbaş»ın sərt baxışlarından büzüşüb baxışlarını aşağı dikən Aydəmir susur, nəsə deməyə cürət etmirdi.

-Cavab ver!

-Demişdiniz, maşını o qocanın qapısının qarşısında saxlayım.

-Bəs niyə sürüb bura gətirmisən?

-Ora getdim. O küçədə yas məclisi var idi, böyük bir çadır qurulmuşdu. Heç küçəyə dönə bilmədim. Məcbur olub bura sürdüm.

-Küçədə çadır var idi, bütün şəhərdə də çadır qurulmamışdı ki? Başqa yer tapmadın? Mən bu Bəxtiyarı az-çox tanıyandan sonra bu maşın, nə bilim Xırdalan məsələsini boş yerə etdiyimi anladım. Ona görə, heç olmasa bir qədər onun işini artırmaq üçün bir gün sonra maşını o qocanın qapısına sürməyi tapşırdım, dedim, mən deyənə qədər qalsın o küçədə. Sən nə vaxtdan mənim sözümü çevirməyə başlamısan?

Onsuz da qorxudan büzüşmüş Aydəmirin rəngi ağardı.

-Bağışlayın. Çadırı görəndən sonra ağlıma heç nə gəlmədi, fikirləşdim özbaşına haradasa sürüb saxlasam işləri korlamış olaram, sürdüm qapıda saxladım ki, sizdən soruşum nə edim. İçəri salmaq fikrim yox idi. Siz də dincəlirdiz deyə, yarım saatacan gözlədim, sonra qorxdum ki, küçədə görən olar, başqa çarəm olmadı, gizlətmək üçün sürüb həyətə saldım.

Onun sözünə əhəmiyyət verməyən «Qızılbaş» davam etdi:

-İndi sənə deyirəm. Əgər o səndən qat-qat ağıllı olan Bəxtiyar maşının izi ilə bu həyətə qədər gəlib çıxsa, səni elə o maşını saxladığın yerdə basdıracağam. Bilmirsən hər yer kameradır? Cəhənnəm ol gözümdən.

Aydəmir ayaqları bir-birinə dolaşa-dolaşa həyətdən çıxdı, küçədə divara söykənib əlləri əsə-əsə cibindən çıxardığı qutudan bir siqaret götürdü. Sonra qutunu cibinə qoyub alışqanı çıxardı. Hava küləkli olduğu üçün yandırdığı alışqan sönür, heç cür siqaretini alışdıra bilmirdi. Nəhayət titrəyən əlinin ovucu ilə alışqanı küləkdən gizlədib birtəhər siqaretini yandırdı və tüstüsünü ciyərlərinə çəkdi. O, «Qızılbaş»ın dediyi heç bir sözü unutmadığını bilirdi…

Onun ardınca baxan «Qızılbaş» iki qullab vurduqdan sonra bayaqdan barmaqları arasında sıxdığı siqarı hirslə yerə çırpdı. Qarşı tərəfin məkanını müəyyən edə biləcəyi, əlbəttə, ona xoş gəlmirdi. Ancaq baş verənlərdə ən dəhşətli olan bu deyildi. «Oğru» qanunları ilə yaşayan bu adam, tək özünün deyil, cavabdeh olduğu adamının buraxdığı səhvə görə də sorğu-sualın ondan ediləcəyini bilirdi… Yenə də bunu Dəmirdən birtəhər gizlədə bilərdi. Ancaq bununla da hər şey bitmirdi. Yaşadığı aləmin «qanun»ları ilə hər bir hərəkətini, hər bir sözünü ölçüb-biçən, heç vaxt «səhv» buraxmayan nüfuz sahibi kimi indi baş verənlərdə şəstinə toxunan və onu təbdən çıxaran başqa bir şey də var idi. Son dərəcə iti zəkaya malik olan və rəqibinin hörmətə layiq ağlına qiymət verməyi bacaran biri kimi, adamının etdiyi bir axmaqlıq nəticəsində özünün qarşı tərəfin gözündə axmaq yerinə qoyula biləcəyi fikri onu dəliyə döndərirdi.

 

* * *

Bəxtiyarın verdiyi məlumat polkovnik Dadaşzadəni yenidən fikrə getməyə məcbur etmişdi. İsfəndiyar Mövlayev kimi birinin oğlunu qətlə yetirməyə cürət edənlərin adi adamlar olmadıqlarını təxmin etmişdi lap əvvəldən. Ancaq məsələnin «Harun»a qədər gedib çıxacağını heç ağlına gətirməzdi. Qarşısında isə, bunun məhz belə olduğunun təkzibedilməz sübutu var idi - təcrübəsinə və bacarığına ən çox inandığı tələbəsi Bəxtiyarın verdiyi məlumat. Bəxtiyar heç vaxt doğruluğuna arxayın olmadığı bir məlumatı ona ötürməzdi.

Bu, cürbəcür ağır və dolaşıq cinayətləri açmış polkovnik üçün məntiqdən kənara çıxan bir məlumat idi. Əgər İsfəndiyar Mövlayev özü qətlə yetirilmiş olsaydı və indi o, bu qətli araşdırarkən belə bir məlumat alsaydı qətiyyən təəccüblənməzdi. İsfəndiyarın mənsub olduğu dairələr və nüfuzu bəlli idi. Ancaq gənc bir oğlanla, qoy lap soyadı Mövlayev olsun, «Harun»un nə məsələsi ola bilərdi? Özü də onu qətlə yetirməyə qədər gedib çıxmış bir məsələ. Axı oğlunun İsfəndiyarın işlərinə heç vaxt heç bir qarışacağı olmayıb, bu dəqiqdir.

Polkovnik əlini çənəsinə dayayıb dərindən nəfəs aldı. Yoox, nəsə düz gəlmir. Deyək ki, Səlimin qeyri-adekvat addımını təhlil edib bir məntiqi nəticəyə gəldim. Bəs bu qətldə «Harun» kimi birinin əlinin olmasını hara yozmalı?

Yaxşı bəs, bunu öyrəndikdən sonra Bəxtiyar niyə mənimlə şəxsən görüşmək istəməyib? İstənilən əməliyyatçı başa düşər ki, bu məlumat «SOS» siqnalıdır və mütləq müzakirə tələb edir. Bəxtiyar da bu qaydaları bilir. Bunu etməyibsə, deməli bir səbəbi olmalıdır. Belədirsə, onda tələsməyək, görək daha nə öyrənə bilərik. Hələ ki, vaxta var…

 

* * *

Layiqə şefinin sonuncu dəfə təyin etdiyi yeni görüş yerinə gedirdi. Verilmiş tapşırığa əsasən iki gün metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığındakı böyük ərazini gəzdikdən sonra lazım olan maşını tapa bilməsə də, bəzi müşahidələrini bölüşmək istəyirdi. Təxminən beş dəqiqədən sonra deyilən yerə çatdı. Tam vaxtında gəlmişdi. Amma nədənsə Bəxtiyar gözə dəymirdi.

Şefinin heç vaxt heç yerə gecikmədiyini bilən Layiqə ətrafa boylandı. Aha, bu da yaxınlıqdakı şirniyyat mağazasından çıxan şefi.

Sol əlində şirniyyat dolu torba olan Bəxtiyar mağazadan çıxıb Layiqəni görmürmüş kimi yanından ötdü və asta addımlarla təyin etdiyi yerdən bir qədər aralıdakı parka tərəf getdi. Torba Bəxtiyarın sağ əlində olsa idi, Layiqə heç bir halda ona yaxınlaşmalı deyil, təcili buranı tərk etməli idi. Görünür təcrübəli şefi mağazanın vitrin şüşəsinin arxasından onun gəlişini izləmiş, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra mağazadan çıxıb özünü göstərmişdi. Torbanın Bəxtiyarın sol əlində olması «bir qədər sonra ardımca gəl» demək idi. Şefinin uzaqlaşmasını gözləyən Layiqə bir azdan onun getdiyi istiqamətə addımladı.

Elə də böyük olmayan bu park, həmişə adamla dolu olardı. Parka çatan Layiqə ən qıraqdakı, arxası parka tərəf olan skamyada oturmuş, əlindəki kətəni iştahla yeyən şefini o dəqiqə gördü. Yaxınlaşıb çantasından çıxardığı salfet kağızını ona uzadıb yanında əyləşdi.

-Salam, şef.

-Salam, sənə də kətə verim?

-Yox şef, nuş olsun.

-Onda sən başla, mən qulaq asım.

-Deyilən ərazini ələk-vələk elədim. İçərilərə getdikcə, o küçə o qədər şaxələnir ki, zorla axırına çıxa bildim. Oralardakı avtoyuma və avtotəmir məntəqələrinə də baş çəkdim, bizə lazım olan maşın heç yerdə yoxdur. Ancaq düşünürəm ki, o ərazidəki bir ünvanı yoxlamağa dəyər, -Layiqə ünvanı dedi.

-Başa düşdüm, -kətəni yeyib qurtarmış Bəxtiyar salfetlə əlini sildi.

-Tapşırdığınız kimi, gələrkən yolüsütü ofis tərəfdən gəldim. Ağacda heç bir işarə yoxdur.

-Bu da aydındır.

-Şef, bu ağac məsələsinin bir başqa yolu yoxdur? Bax yenə qiyafəmi dəyişməli oldum. Bəlkə proqram yükləyim, ofisdəki kameranın görüntüləri telefonuma gəlsin? Ağac kamerada aşkar görünür.

-Elə bilirsən mən bunu fikirləşməmişəm? Ancaq texniki vasitələrdən istifadə etməyimiz indiki halda arzuolunan deyil. Bizim edə biləcəklərimizi qarşı tərəf də hesablaya bilir və onların hər yerdə adamları ola bilər. Sənin yükləyəcəyin proqramı izləyən başqa proqramlar da var. İpucu verib onları sevindirməyək. O ki qaldı ağaca, razıyam, sabaha «dostlarımızla» görüş təyin edəcəyəm. Elə həmin görüşdə bu məsələni də həll edəcəyəm.

-Hə, yaxşı olar.

-Ağac məsələsi sənə elə də primitiv görünməsin, atdığımız hər addımın bir mənası var. Bəzən qarşı tərəf bizim hansı qəliz əlaqə vasitələrindən istifadə edəcəyimizi düşünüb baş sındırarkən, biz ən sadə üsulları seçib onları azdırırıq. Peşəkarlıq elə budur, Layiqə. Qeyri-standart addımlar atmaqla sığortalanmaq, eyni zamanda məlumatsız qoymaqla rəqibin əl-qolunu bağlamaq.

Bilirsənmi, əlaqə vasitəsi təyin olunanda uzun müddət gizli qalacağımızı, rahat ofisə gəlib-gedəcəyimizi, lazım olan anda üzə çıxacağımızı düşünürdük. Hər şey də buna hesablanmışdı və rahatlıq üçün belə qərar verilmişdi. Ancaq gözləmədiymiz halda, elə ilk gündən vəziyyət dəyişdi.

-Başa düşdüm, şef. Bəs ümumi vəziyyət necədir?

-Yaxşı deyil Layiqə. Bu iş çox dərinlərə gedib çıxır. Üstəlik də, son görüşümüzdə bu işdəki gedişatla bərabər qonşumun oğlu Salamın tutulduğunu, bunun şərə oxşadığını sənə demişdim. Hələ onun işi ilə də ətraflı maraqlanmağa vaxtım olmayıb.

-Bəlkə o işə mən qoşulum, mənim boş vaxtım kifayət qədərdir?

-Hələ ki, ehtiyac yoxdur. İşi aparan müstəntiqlə uşağın günahsız olmasında həmfikir olduğumuz üçün çox narahat deyiləm. Həm də sən hər an lazım ola bilərsən. İndi isə get dincəl. Tapşırıq olsa, zəng vuracam. Bu şirniyyatları da sizə almışam, rəifqənlə çay içərsən.

-Sağ ol, şef. Ancaq ikimiz də pəhrizdəyik. Söz vermişik, iki kilo arıqlayaq.

-Rəfiqən nə qədər istəyir arıqlaya bilər. Sən isə fiziki formanı həmişə saxlamalısan, bunu unutma.

Çarəsiz torbanı götürən Layiqə sağollaşıb uzaqlaşdı. Bəxtiyar hələ bir xeyli bu skamyada oturacaqdı. Onun düz yarım saat sonra burada başqa bir adamla da görüşü var idi.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2023)