“Dur gedək, böcəklə, quşla danışaq” - Elçin Mirzəbəyli Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Elçin Mirzəbəylinin şeiri təqdim olunacaq. 

 

İlahi! İlahi, kimdi bu adam –

Tanrı əzabıdı, Tanrı payıdı?

Qoymadı torpaqla, daşla danışım.

Deyir, Yer üzündə dərd havayıdı,

Dur gedək, böcəklə, quşla danışaq.

 

Dur gedək, küləklə danışaq bir az,

Sarılaq bir eşqin budaqlarına.

Dur gedək, çiçəklə danışaq bir az –

Ətri təslim olsun dodaqlarına.

 

Üfiqdə ümidlər bizi gözləsin

Dan yeri bir sirli baxışa dönsün. 

Səmada buludlar bizi gözləsin - 

Sıxaq ovcumuzda, yağışa dönsün, 

Yağsın Yer üzünün günahlarına,

Yağsın bu dünyanın sabahlarına.

 

...Nə səsim duyulur, nə dualarım

Yetişmir kimsənin qulaqlarına.

İlahi, de, hardan atılım indi

Gəlib düşə bilim ayaqlarına?

 

Ədəbiyyat və incəsənət”

(07.07.2023)