Müharibə iştirakçıları olan şairlər “İgidlərin sözü” layihəsində bir araya gələcəklər

Rate this item
(0 votes)

Beynəlxalq Muğam Mərkəzi “Söz” ədəbi layihəsi çərçivəsində “İgidlərin sözü” adlı proqram təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, noyabrın 5-də reallaşacaq tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Layihə rəhbəri Nigar Həsənzadə bildirir ki, proqrama regionlardan olan qazilər və müharibə iştirakçıları da qatılacaq və bir çox bölgələrimizdən olan döyüşçü-şairlər qələmə aldıqları şeirlərini  geniş kütləyə çatdırmaq imkanı qazanacaqlar. Bu şeirlər arasında birbaşa döyüşlər zamanı qələmə alınan nümunələr də yer alır. Müharibə iştirakçısı olmuş şairlərin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olunacaq və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.
Qeyd edək ki, Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan “İgidlərin sözü” proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdacaq.