Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

16 –cı dərc

 

Polkovnik fikirləşirdi. Bəxtiyara İsfəndiyarın yaxın dostlarından başlayacaqlarını dedikdə, bunun səbəbini açıqlamasa da, ilk əvvəl illərlə saxladığı, heç kimlə bölüşmədiyi şübhələrini yoxlamağı düşünmüşdü. Xüsusilə də Səlim haqqındakı şübhələrini. Hətta Səttar sağ olsaydı belə, yenə onu yoxlamağı sadiq tələbəsinə tapşıracağını, Səlimi isə özü yoxlayacağını bilirdi.

Onun yaşadığı villasının yerini çoxdan bələdləmişdi. Məlumatı aldıqdan sonra isə, yanında qalan sevimli nəvəsinin həftənin cüt günlərində, axşam saat 8-də evdən çıxıb məşqə getdiyini öyrənmişdi. Oğlanı Səlimin həmişə kostyumda olan sürücüsü aparır, saat yarımdan sonra geriyə, evə gətirirdi.

Özünü məhz məşq günü, saat 8-də Səlimin villası qarşısında halı pisləşmiş kimi göstərərək avtonom rejimdə işləyən, olduqca kiçik ölçülü, birdəfəlik istifadə üçün nəzərədə tutulmuş mikrofonu ona su gətirən sürücünün pencəyinin cibinə atmış, bundan sonra yaxınlıqda onu gözləyən maşına oturub göndərdiyi kitabın Səlimə çatmasını gözləmişdi.

Kitab Vidadi Babanlının «Vicdan susanda» romanı idi. Xidmətçi qadının «Dostlarınız göndərib, dedilər sizə aid kitabdır» sözlərindən sonra bağlamanı açıb kitabın adını görən Səlimin sürücünü dərhal geri çağırması, həyəcanlı şəkildə nəvəsinə evdən çıxmağı qadağan etməsi bütün bunları qulaqcıqlarda dinləyən polkovnik Dadaşzadəyə çox şeydən xəbər vermiş, həmin andan adamlarına Səlimi bir an da gözdən qoymamağı tapşırmışdı.

Səlim həyatda çox şeyə nail olmuş ağıllı adam idi. Bəzi sözlər kimi, dost sözünün də dırnaq arasında işlənərkən hansı mənanı verdiyini bilirdi. Xidmətçi qadının dediyi sözlərdən sonra kitabı göndərənlərin dostları ilə heç bir əlaqəsi olmadığını, əksinə, bunun dırnaqarası mənada deyildiyini gözəl başa düşmüş, dərhal təhlükəsizlik tədbirlərini almış, ilk növbədə isə məşqə gedən sevimli nəvəsini qorumaq üçün təcili geriyə çağırmışdı.

Hər şey təxminən aydın idi. Ancaq bu təxminəni də aradan qaldırıb tam əminlik əldə etmək üçün indi onu ikinci, sonuncu yoxlama gözləyirdi. Bu yoxlama ilə polkovnik Səlim haqqında olan-qalan şübhələrinə son qoyacaq, eyni zamanda onun ilk növbədə kimlərlə kontakta girəcəyini öyrənməyə çalışacaqdı.

 

* * *

Məhəlləmizin Kərbəlayi Meydan kişinin rəhbərlik etdiyi «torağaylar» qrupunun üzvü kimi, səhər tezdən oyanmağa vərdiş etdiyimi sizə demişdim. Ancaq bəzi hallar var idi ki, bu zaman, növbəti gün gümrah olmaq üçün saat 9-a, bəzən isə 10-a qədər yatmağı lazım bilirdim. Kim əvvəlki söhbətlərimdən məni tanıyırsa, belə günlərdə məni yatmağa qoymayan qonşu xoruzunu da tutub başını kəsdiymi xatırlayır. Bu hərəkətimə görə kimsə əvvəlcə məni qınamışdısa, sonradan, yaxından tanıyandan və səbəbini biləndən sonra o zəhlətökən yapon xoruzunu kəsməyimə bəraət vermişdi.

Bu səhər də belə səhərlərdən biri idi. Şifrin üzərində gecə saat 3-ə qədər baş sındırmışdım. Ayrı-ayrılıqda hər bir məzar daşındakı tarixlərin rəqəmləri ilə başdaşındakı misraların hərflərini nömrələyib sıraladıqda, alınmış kombinasiyalarda rabitəsiz hərf yığınından başqa bir şey ortaya çıxmamışdı.

Bundan sonra doğum və ölüm tarixlərindəki rəqəmlərin cəmini həmin üsulla tətbiq etmiş, hətta Ömər Xəyyamın farsca yazdığını nəzərə alıb, misraları sağdan sola nömrələməyim də bir nəticə verməmişdi. Bir sözlə, hələ ki, şifr mənimçün qaranlıq olaraq qalırdı.

Asta addımlarla yataq otağına girib sakitcə yerimə uzananda isə yorğanı üstümə çəkməyə macal tapmamış qazdan ayıq yatan Gülü oyanıb bir anda qarnımın üstündə oturmuş, onun  nazik gecə köynəyindən başqa heç bir şey geyinmədiyi qaynar bədəninin təmasını duyarkən saat 3-də yuxuya getmək barədəki planlarımı bir qədər korrektə etməli olmuşdum, sevdiyim qadının ehtiraslı pıçıltılarının müşayiəti ilə keçən növbəti iki saatdan sonra telefonun zəngli saatını 9-a qurub yuxuya getmişdim.

-Cənab tənbəl detektiv, səhər yeməyi hazırdır, gəlirsiz?

Zəngli saatın səsini eşidən Gülü qalxmaq vaxtımın olduğunu başa düşüb məni səslədi.

-Əgər bu səhər yeməyindən sonra gecəkinin təkrarını tələb edəcəksinizsə, o zaman mən səhər yeməyindən imtina edirəm, -zarafatca cavab verdim.

Gülü qaşlarını yuxarı qaldırıb ciddi görkəm almağa çalışsa da, gülməyini saxlaya bilmədi.

-Bunu necə başa düşək, cənab?

-Bunu, yaşlaşmaqda olan zavallı bir kişinin imdadı kimi qəbul edin, xanım.

-Sənsən yaşlaşan zavallı kişi? Dur, dur görək, çayı yarım saatdı dəmləmişəm, köhnəlir, yuyun gəl, -Gülü dartıb yorğanı üstümdən çəkdi.

-Onda tələsmə, duş qəbul edim, sonra süfrəyə oturarıq. Çaya heç nə olmaz.

İyirmi dəqiqədən sonra yuyunub, geyinib süfrədə oturmuşdum. Gülünün süfrəsindəki təamlar srağagün səhər Xaçmazda yediyim səhər yeməyindən heç də geri qalmırdı. Ancaq təmiz meşə havasını açıq pəncərədən içəri dolan mikrorayan havası, bulaq şırıltısını isə həmin pəncərədən gələn avtomobil səsləri ilə heç cür müqayisə etmək olmazdı. Gərək vaxt tapan kimi Gülünü də götürüm, gedim bir gecə «Çənlibel»də qalım.

Bu gün ikinci konvertdə ünvanları mənə verilən adamlarla görüşməyə çalışacaqdım. Əsas məni maraqlandıran, vaxtilə ekspertiza rəylərini imzalamış məhkəmə tibb ekspertləri idilər. Üç ekspertdən biri vəfat etsə də ikisi həyatda idi. Bu mənə bəs edirdi. Onlara verəcəyim bəzi sualların cavabları maraqlı ola bilərdi.

-Birini də süzüm?

Gülünün səsi məni fikirdən ayırdı.

-Yox, bəsdi, hazırlaşım çıxım.

Axşam qoburu silahla bir yerdə çıxarıb başımın yanına qoymuşdum. Yataq otağına keçib qoburu çiyinlərimə keçirdim. Geri çevriləndə Gülünü qapının arasında dayanan gördüm.

-Bu iş tezliklə bitsin, səni yaxşı bir yerə aparacam.

-İnşallah.

-Daha çıxım, işim çoxdur.

-İşin avand olsun.

-Sağ ol.

Dəhlizə birlikdə keçdik. Gülü pencəyimi asılqandan götürüb geyinməyimə kömək etdi. Ayqqabılarımı geyinib sağollaşıb evdən çıxdım.

Ekspert komissiyasının sədri olmuş Matvey Semyonoviç Proxorov Biləcəridə yaşayırdı. İkinci ekspert isə bu yaxınlarda, dördüncü mikrorayonda qalırdı. Ondan başlayacaqdım.

Rasim Məmmədovun ünvanına iyirmi dəqiqəyə çatdım. «Xruşovka» tipli binanın üçüncü mərtəbəsində yaşayırdı. Lazım olan mərtəbəyə qalxıb mənzillərin nömrələrinə baxdım. Aha, bu da axtardığım mənzil. Zəngi basıb gözlədim.

-Kim lazımdır? -qapının dalından yaşlı kişi səsi gəldi.

-Zəhmət olmasa deyin, Rasim müəllim evdədir?

Qapının kilidi şaqqıltı ilə açıldı.

-Buyurun, sizi eşidirəm.

İlk baxışdan Rasim müəllimə altmış yaş vermək olardı.

-Salam, Mən Bəxtiyar Nəzərliyəm. Detektiv fəaliyyəti ilə məşğul oluram. Sizdən bir neçə sualıma cavab vermənizi xahiş edirəm.

Rasim müəllim diqqətlə mənə baxdı. Sonra qapıdan kənara çəkilib məni içəri dəvət etdi.

-Buyurun içəri, əgər buraya qədər gəlmisizsə, deməli vacib məsələdir.

-Çox sağ olun.

Rasim müəllimin evi ortastatistik vətəndaşın evi idi. Sadə, səliqəli. Qonaq otağının pəncərəsindəki tül pərdənin arxasından görünən eyvan müxtəlif güllər əkilmiş dibçəklərlə dolu idi.

Güllərə baxdğımı görən Rasim müəllim dedi:

-Yoldaşım həvəskardır. Harada özündə olmayan bir gül növü görsə, o dəqiqə gətirir, şitil edib dibçəyə əkir.

-Çox gözəl xobbidir. Gülləri sevən insanın təbiəti də gözəl olar.

-Hə, elədir, çox mülayim həyat yoldaşım var. Dükan-bazara çıxıb, indilərdə qayıdar, bizə bir yaxşı çay verər. O vaxta qədər isə söhbətimizi edərik.

Rasim müəllimin sadə biri olması və məni belə qarşılaması çox yaxşı oldu. Daha mətləbə keçə bilərdim.

-Sizi otuz il əvvəl baş vermiş və ölümlə nəticələnmiş bir yol-nəqliyyat hadisəsi ilə bağlı narahat edirəm. Siz də həmin vaxt ekspert komissiyasının üzvü olmusuz.

Qəsdən hadisəni yol-nəqliyyat hadisəsi kimi qələmə verdim. Əgər nə isə xatırlayarsa, Rasim kişi məhz yol-nəqliyyat hadisəsini xatırlayacaqdı.

-Otuz il… Yadıma salın, o hansı hadisə idi?

-Gənc bir oğlanı Çəmbərəkənddə gecə saatlarında maşın vurmuş, sürücü hadisə yerindən qaçmışdı.

Rasim müəllim bir qədər fikrə getdi. Sonra birdən dilləndi.

-Çəmbərəkənd… Dayan, dayan, bu İsfəndiyar Mövlayevin oğlunun maşınla vurulması hadisəsi deyil ki?

-Özüdür ki, var. Həmin hadisəni nəzərdə tuturam.

-Yaxşı, bəs sizi nə maraqlandırır?

-Hər şey. Xatırladığınız hər bir şey.

-Bilirsiniz, İsfəndiyar Mövlayev çox tanınmış adamdır. Ona görə də o hadisə mənim yadımda qalıb. Biz komissiyada üç nəfər idik. Komissiyanın sədri Matvey Semyonoviç həmin dövrün ən tanınmış məhkəmə tibb eksperti idi, bizim də müəllimimiz olmuşdu.  İndiki kimi yadımdadır, oğlanın meyitini müayinə etdikdən sonra onun gəldiyi ilk qənaət bu oldu ki, oğlanı maşın vurmayıb, hansısa küt alətlə, ola bilər ki, dəmir parçası ilə qətlə yetirilib. Amma bu ilkin qənaət idi. Belə xəsarətlər bəzən ön tərəfi düz olan, məsələn «UAZ» markalı maşınla vurulmuş adamlarda ola bilirdi. Həmin maşınları yəqin xatırlayırsınız, təxminən bizim indiki «Ambulans»ın kiçik və primitiv forması.

-Xatırlayıram, əlbəttə xatırlayıram. Ural Avtomobil Zavodunun istehsalı. Həmin dövrlərdə belə maşınlar çox idi şəhərdə. Bir çox müəssisələrin balansında belə xidməti maşınlar var idi. Salonunun genişliyinə görə «Təcili yardım» maşınları kimi də istifadə olunurdu. Sonra tədricən sıradan çıxdılar.

-Hə, elədir. Bax elə məhz belə xəsarətlər, başqa sözlə, küt alətlə vurularaq öldürülən və ön tərəfi düz olan maşınla vurularaq ölən şəxslərin xəsarətləri bəzən olduqca oxşar xarakterli olur. Belə xəsarətləri yalnız çox təcrübəli ekspertlər ayırd edə bilir. Bayaq dediyim kimi, Matvey Semyonoviç belələrindən idi. Ona görə də növbəti gün onun öz gəldiyi ilkin qənaəti dəyişib oğlanı məhz maşın vurması barədə rəy verməsi bizdə heç bir sual doğurmadı və yekdilliklə rəyi imzaladıq. Müəllimimizin verdiyi rəyi şübhə altına almağa heç bir əsasımız yox idi. İlkin rəy heç də həmişə mütləq olmur.

-Zəhmət olmasa xatırlayın, həmin vaxt Matvey Semyonoviçin əhvalında hansısa dəyişiklik hiss etmədiniz ki?

-Elə bir şey xatırlamıram. Ancaq adətən rəy tərtib olunmamışdan əvvəl həmişə komissiya üzvləri ilə müzakirə edər, bizim fikrimizi soruşar, sonra yekun qərar verərdi. Bu məsələdə isə sadəcə qərar verib rəyi imzalamağımızı istədi. Hə, bir də ki, bir neçə gün sonra hərəmizə yüz rubl verdi. Dedi İsfəndiyar müəllim göndərib, əziyyətimizə görə.

-Bəs sizə qəribə gəlmədi ki, oğlu ölmüş biri, öz işinizi gördüyünüzə görə sizə pul göndərib? Siz ki qeyri-adi, deyək ki, istintaq üçün daha maraqlı olan, məsələn oğlanın qətlə yetirilməsi və sairə kimi bir hal aşkar etməmişdiz.

-İsfəndiyar Mövlayevin çox əliaçıq biri olduğunu şəhərdə hamı bilirdi. Bizim də maaşımız elə yüksək deyildi o dövrlərdə. Ona görə burada qəribə bir şey görmədik. Fikirləşdik, elə deyildiyi kimi, zəhmətimizə qiymət verib. Yəqin bilirsiniz, onunçün yüz, iki yüz rubl pul deyildi. 

Daha sualım qalmamışdı. Ayağa qalxıb Rasim müəllimlə sağollaşdım.

-Bəs çayı gözləmirsiz?

-Sağ olun, getsəm yaxşıdır.

-Sağ olun.

Rasim kişi məni qapıya qədər ötürdü. Bir daha sağollaşıb qapıdan çıxdım.

Rasim müəllimin suallarımı olduğu kimi cavablandırması, hətta onlara yüz manat verilməsi barədə dedikləri onun söhbət zamanı səmimi olduğuna dəlalət edirdi. Özü də heç bir sual vermədi. Əvvəla bu o deməkdir ki, bu məsələdə o təmizdir, narahat olmasına bir səbəb görmədiyi üçün nə xatırladısa danışdı. İkincisi də, uzun illər bu sahədə işləmiş biri kimi, hətta həmin vaxt bir səhvləri olubsa belə, hadisənin üstündən otuz il keçdiyinə görə heç bir məsuliyyət daşımadığını gözəl bilir. Üstəlik də, o danışdıqca mən gözlərinin içinə baxır, hiss etdirmədən verdiyim suallara reaksiyasını izləyirdim. Yox, burada yalan yox idi.

İndi Biləcəriyə getmək olardı. Bunun üçün əvvəlcə «Şamaxinka»ya getməli, orada başqa avtobusa minməli idim. Yolu keçib avtobus dayanacağına tərəf getdim.

Rasim müəllimgilə piyada, Matvey Semyonoviçgilə isə avtobusla getdiyim üçün demək olar ki, hər iki ünvana getməyimə eyni vaxt sərf etdim. İyirmi dəqiqədən sonra Matvey Semyonoviçin mənzilinin qapısı qarşısında idim. Mənzil köhnə ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Qapının zəngini basıb gözlədim. Bir azdan qapı arxasından yaşlı qadın səsi soruşdu:

-Kim lazımdır?

-Salam, mənə Matvey Semyonoviç lazımdır.

-Bir dəqiqə gözləyin.

Bir azdan qapı azca aralandı. Gözucu qapının zəncirlə bağlı olduğuna fikir verdim.

-Sizi eşidirəm.

Matvey Semyonoviçin səksənə yaxın yaşı olardı. Arıq, ovurdları batmış biri olan bu adamın qapının çərçivəsinə söykədiyi əli əsirdi.

-Bağışlayın, narahat edirəm, Matvey Semyonoviç. Mən detektiv Bəxtiyar Nəzərliyəm. Otuz il əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bir neçə sualıma cavab vermənizi xahiş edirəm. Yəqin xatırlayarsınız, İsfəndiyar Mövlayevin oğlunu maşın vurması hadisəsi.

-Mən heç nə xatırlamıram, cavan oğlan.

Matvey Semyonoviçin səsi olduqca sərt səsləndi. Həyəcanlandığı da aşkar hiss olunurdu.

-Sizi əmin edirəm ki, narahatlığa bir əsas yoxdur.

-Çıxın gedin, cavan oğlan. Bir daha məni narahat etməyin.

Bu sözləri deyən Matvey Semyonoviç qapını üzümə necə çırpdısa, qapının səsi bütün binada əks-səda verdi. Növbəti cəhdlərimin heç bir nəticə verməyəcəyini və yaşlı insan olan Matvey Semyonoviçin qan təzyiqinin qalxması ilə müşayiət oluna biləcəyini düşünərək sakitcə pilləkənləri enib küçəyə çıxdım.

Həəə, Matvey kişi, deməli torbada pişik var. Bu etdiklərin heç nə xatırlamayan adamın reaksiyası deyil. Heç nə xatırlamayan adam qaşların çatar, üzünə nəsə fikirləşən ifadə qonar, nəyisə yada salmaq üçün bir neçə sual verərdi. Sən isə çox həyəcanlandın. Deməli, söhbətin nədən və kimdən getdiyini dərhal xatırladın. Həyəcanın isə, sənin normal düşünmək qabiliyyətini korşaltdığından, qapını çırpmaqdan başqa ağlına heç nə gəlmədi. Həyəcan, adətən qorxu hissi ilə paralel, ya da ondan bir qədər əvvəl gəlir. Səni qorxudan nədir, qoca? Axı məsələlər belə həll olunmur, əzizim. Qapını çırpmaq heç də çıxış yolu deyil.

Bunları fikirləşə-fikirləşə avtobus dayanacağına çatdım. İşim artdı. Yenə də Arif müəllimə müraciət etməli olacaqdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(06.07.2023)