Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

13-cü dərc

 

Az əvvəl başına toplaşan adamlara təşəkkür edib çəliyini yerə döyə-döyə uzaqlaşan qoca küçənin başındakı tini burulub gizlincə ətrafı gözdən keçirmiş, heç kimin olmadığına əmin olduqdan sonra təxminən iyirmi metr irəlidə dayanmış qara rəngli, arxa şüşələri qara pərdə ilə örtülmüş «Toyota» markalı maşına minmişdi.

Sükan arxasında oturmuş orta yaşlı adam çiyni üstündən geriyə boylanıb əlindəki qulaqcıqları qocaya ötürmüş, qulaqcıqları alan qoca onları oturacağın üstünə qoymuşdu. Sonra onların aralarında qısa bir dialoq olmuşdu:

         -Lazımi təlmatları vermisən?

-Vermişəm, təxminən beş dəqiqəyə Rəsul bağlamanı çatdıracaq.

-Lap yaxşı. Deməli gözləyirik.

İndi, gözucu saatına baxıb beş dəqiqənin keçdiyini görən qoca qulaqcıqları götürüb qulaqlarına taxdı. Yalnız özünün eşitdiyi səsləri dinlədikcə üzünün ifadəsi dəyişilir, yüngülcə başını yelləyirdi. Beləcə, bir xeyli dinlədikdən sonra qulaqcıqları çıxarıb sürücüyə uzadan ağsaqqal bircə kəlmə dedi:

-Gedək.

Uzaqlaşan maşında gözlərini bir nöqtəyə dikmiş qocanın üzündə insan övladının simasında çox az hallarda rast gəlinən bir ifadə var idi, təəssüf və təbəssümün qarışığının yaratdığı bir ifadə…

 

* * *

Gecəni Xaçmaz rayonunun ərazisində yerləşən yolkənarı «Çənlibel» motel-restoranında keçirmişdim. Buradakı koteclər düz meşənin qırağında tikildiyindən ağacların xışıltısı, yaxınlıqdakı çayın şırıltısı gecəyə xüsusi rəngarənglik verirdi. Uzaq yol gəlsəm də, yatmağa tələsməmiş, bir qədər meşə kənarında gəzişərək təmiz hava almış, məni kotec nömrəsinə qədər ötürən xidmətçi oğlanın gətirdiyi bir stəkan çayı içdikdən sonra yerimə uzanmışdım.

İndi adətim üzrə saat 7-də oyanıb, otaqda hər şərait olmasına baxmayaraq, yuyunmaq üçün çayın kənarına düşmüşdüm. Çayın tərtəmiz, buz kimi suyunu üzümə, boynuma vurduqca ləzzət alırdım. Buradan Xudata iyirmi dəqiqəlik yol var idi. Getmək üçün hələ tez idi. Ancaq çox gec də gedə bilməzdim. Səttarın oğlu səhər oyanıb harasa gedər, planlarım pozulardı.

Uzaqdan axşam məni qarşılayan gənci görüb yaxşı bir səhər yeməyi gətirməsini tapşırdım. Otağa qayıdıb üzümü, boynumu quruladıqdan sonra çıxıb həyətdəki boş masalardan birinə oturdum. Koteclərin qapıları birbaşa restoranın həyətinə açılırdı.

Burada istirahət edənlər hələ yuxudan durmadıqları üçün məndən başqa restoranın həyətində heç kim yox idi. Səhərin açılması ilə gecəki həzin səslərə qarışan cürbəcür quşların səsi buradakı harmoniyanı tamamlayırdı.

Bəlkə də, burada yaşayan, hər gün bu mənzərəni görən, bu səsləri eşidən biri üçün bu dediklərim adi görünə bilər. Amma səs-küylü şəhərdə yaşayana bu mənzərə əvəzolunmaz bir həzz sayıla bilərdi ki, indi mən də əlimə düşən fürsətdən istifadə edib bu həzzi yaşayırdım.

Az sonra xidmətçinin gətirdiyi şollar suyundan samovar çayını, təmiz inək yağını, qaymağı və balı da bura əlavə etsək, yəqin indi çoxunuz mənim yerimdə olmaq istədiniz. Belədirsə, tövsiyə edirəm ki, yalnız indi, səhər yeməyi bitənədək... Çünki ilk dəfə özümün ova çevrildiyim araşdırmamda sonrakı hadisələrdə başıma nələrin gələcəyini özüm də bilmədiym üçün, mənim yerimdə olmağı sizlərə heç arzulamıram. Bu mənə və yalnız mənim xəmirimdən yoğrulmuşlara aid bir həyatdır.

Səhər yeməyini yeyib saata baxdım. Daha getmək lazım idi. İşarəmlə yaxınlaşan gəncə hesabı və bir qədər «çay pulu» verib ayağa qalxdım.

Maşına tərəf gedən yol, içərisində dəvəquşunun da olduğu cürbəcür ekzotik quşların saxlandığı qəfəslərin yanından keçirdi. Onlara səhər yemini vermək üçün gəldiyimi zənn edən quşlar eyni vaxtda qəfəslərin qırağına sıxlaşıb mənə tərəf baxmağa başladılar. Ancaq yanlarından ötüb keçdiyimi gördükdə quşların marağı bir anda yoxa çıxdı və onlar yenidən qəfəslərinə səpələndilər.

Maşına oturub mühərriki işə saldım. Bir dəqiqədən sonra motel-restoranın həyətindən Xudata gedən magistral yola çıxdım. Hər iki tərəfi meşəlik olan bu yol olduqca gözəldir. Arabir bu meşəliyi yolkənarı kəndlər əvəz etsə də, yenidən meşə zolağı başlayır, maşını sürdükcə ətrafdakı mənzərə adama bir başqa zövq verir.

Bir azdan Xudatın girişinə çatdım. Şəhərin mərkəzindəki dairədən sağa dönərkən körpü başlayır, bu körpüdən dərhal sonrakı ikinci dairədən iki istiqamətə yol ayrılır. Bu yollardan biri məşhur Şollar qəsəbəsinə, o birisi isə ondan da məşhur olan Nabrana aparır. Ancaq mən bu dairəvi yola girməyib düz gedəcəkdim. İrəlidəki yol da sağa və sola olmaqla iki yerə haçalanır. Mənə lazım olan ünvan şəhərin sol hissəsində olduğundan həmin yolayrıcındakı işıqfora çatıb sola dönəcəkdim.

Vaxtilə yolum çox düşdüyü üçün bu şəhərə, onun insanlarına bələd idim. Ərazisi iyirmi altı kvadrat kilometrdən bir qədər artıq, əhalisi isə təxminən on altı min nəfər olan Xudat şəhərinin olduqca qonaqpərvər, mərd insanları var.

Əhalisini əsasən azərbaycanlılar və ləzgilər təşkil edən bu şəhəri, bu iki millətin sarsılmaz qardaşlığının bariz nümunəsi kimi göstərmək olar. Bu şəhərdə insanlar bir-birlərinə «can» deyə müraciət edirlər. Bir də ki, çoxlu şəhidlər verib bu kiçik şəhərin insanları.

Bir gün əvvəl, Səttarın oğlunun yaşadığı ünvanın yerini dəqiqləşdirmək üçün internetə girərəkən maraq üçün əvvəlcə Xudatın Sovet dövrünə aid xəritəsini tapıb gözdən keçirmiş, sonra isə şəhərin müasir xəritəsinə baxmışdım. Ərazisinə və əhalisinin sayına baxmaqla yanaşı, başqa bir şeyə də fikir vermişdim iki xəritəni müqayisə edəndə. Bir zamanlar Karl Marks, Çkalov, Timiryazev, Kirov adları ilə adlandırılmış küçələr indi dahi Nəsiminin, Natavanın adları ilə yanaşı, Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş, indi yol gedə-gedə adlarını oxuduğumXudat igidlərinin adları ilə adlandırılmışdı.Məsələ təkcə küçələrin adlarında deyil. Məntiq odur ki, öz şəhidlərinin xatirəsini əziz tutan, qəlbində yaşadan xalq heç vaxt yenilməz. Bax bu bizik - məşəqqətli, ağır illərin sınaqlarından ləyaqətlə keçib qürurunu itirməyən azərbaycanlılar!!!

Mənə lazım olan ünvanın yerləşdiyi əraziyə çatdım. Səttarın oğlunun adı Teymur idi. Maşını saxlayıb yol kənarında oturmuş təxminən həmyaşıdım olan kişiyə yaxınlaşdım:

-Salam qardaş.

-Salam, can.

-Teymurmüəllimiaxtarıram. Deyə bilməzsən, onun evi hansıdır?

-Hansı Teymur, Bakıdan köçən?

-Hə, Bakıdan köçüb bura.

-Bir qədər qabağa get, qabaqdan sağa yol dönür, dönəndən sonra sağ tərəfdəki ikinci evdir.

-Çox sağ ol, qardaş.

-Yoldan gələnə oxşayırsan, gedək bir stəkan çayımı iç, qonağım ol, sonra gedərsən, can.

-Çox sağ ol, Allah var eləsin.

-Sağ ol.

Kişinin əlini sıxıb onunla sağollaşdım və yenidən sükan arxasına keçdim. Beşinci evdən sonra deyilən döngəni gördüm. Aha, bu da axtardığım ev. Maşını həyətin darvazasının qarşısına verib mühərriki söndürdüm.

Maşından düşüb həyətin darvazasına yaxınlaşdım. Ancaq darvazanı döyməyə imkan tapmamış həyətdən bərkdən hürərək mırıldayan it səsi gəldi. İt, düz darvazanın arxasında idi.

Bir azdan ev sahibinin səsi gəldi:

-Ay it, sakit ol görək.

Sahibinin səsini eşidən it sakitləşib zingildəməyə başladı.

Bunun dalınca, həyətin alaqapısı açıldı.

-Salam, Teymur müəllim.

-Salam, buyurun, sizi eşidirəm.

-Qonaq qəbul edirsinizmi?

-Əlbətdə, buyurun, keçin içəri, xoş gəlmisiz.

Teymurmüəllimayaqlarınadolaşanitəbiracıqlanıbhəyətqapısınıaxıradəkaçdı. İtin həyətin o biri başına qaçdığını görüb həyətə keçdim.

-Buyurun, buraya keçin.

Ev yiyəsi həyətdəki talvarın altında qoyulmuş masanın kənarındakı stullardan birini çəkib mənə yer göstərdi. Keçib oturdum.

-Siz əyləşin, mən indi gəlirəm, -deyən Teymur müəllm evə keçdi, bir azdan əlindəki sinidə çay dəstgahı ilə qayıdıb çay süzülmüş stəkanları, mürəbbəni, qəndqabını stolun üstünə düzdükdən sonra özü də stullardan birinə oturdu.

-Sizə əziyyət verdim.

-Nə əziyyəti var. Elə indicə dəmləmişdim. Uşaqlar şəhərdədirlər. Özüm özümə qulluq edirəm, -Teymur müəllim gülümsədi. Olduqca səmimi insan təsiri bagışlayırdı. Fərziyyələrimdə yanılmadığıma bir daha əmin oldum. Ev yiyəsi gəlişimin səbəbini soruşmağa tələsmir, mən isə söhbətə birdən-birə başlamaq istəmirdim. Ona görə də, əvvəlcə bir qədər giriş verməyi qərara aldım.

-Deyəsən, şəhər həyatı sizi bezdirib.

-Açığını deyim ki, hə.

-Sizi başa düşürəm. Mən özüm də, ilk imkanda şəhərdən uzaqlaşmağa, təbiətin qoynuna çıxmağa çalışıram. Təəssüf ki, işimin xüsusiyyətinə görə belə imkanlar çox az hallarda yaranır.

-Əgər sirr deyilsə, işiniz nədən ibarətdir.

Qəsdən söhbəti elə məcraya yönəltmişdim ki, Teymur müəllim özü bu sualı mənə versin. İndi əsas söhbətə keçmək olardı.

-Bağışlayın, özümü təqdim etmədim. Adım Bəxtiyardır, detektivəm. İcazənizlə, mərhum atanızla bağlı bir neçə sual vermək istərdim.

Qəfildən Teymur müəllimin gözlərində qəribə bir ifadə yarandı. Bu, cəmi bir neçə saniyə çəkdi. Sonra əlini cibinə atıb siqaret və alışqanını çıxardı.

-Etiraz etmirsiniz ki?

-Əlbətdə yox, buyurun.

Üzbəüz oturduğundan tüstünü mənə tərəf vurmamaqçün oturduğu yerdə bir qədər sol tərəfə çevrilən ev yiyəsi siqaretinə dərin bir qullab vurub baxışlarını qarşı tərəfdəki daxmanın divarına dikib susdu. Açığı, onun bu davranışı mənim üçün bir qədər anlaşılmaz oldu. Məntiqlə, detektiv olduğumu bildikdən sonra, bir qədər təəccüblənərək gəlişimin səbəbi ilə maraqlanmalı olduğu halda, Teymur müəllim susur, siqaretini çəkməkdə davam edib heç nə soruşmurdu. Mən də səbrlə susur, onun nə deyəcəyini gözləyirdim. Güman etdim ki, bəlkə də, ilk deyəcəyi sözdən sonra bu davranışın səbəbini özüm üçün aydınlaşdıra bilərəm. Ancaq Teymur müəllimin dedikləri, az əvvəlki davranışından da gözlənilməz oldu mənimçün.

-Sizi gözləyirdim.

Bu sözlərdən sonra, yəqin ki, qarşımda güzgü olsa idi, gözlərimdə az əvvəl eynən Teymur müəllimin gözlərində yaranmış qəribə ifadəyə bənzər bir ifadə olduğunu görə bilərdim. Ancaq güzgü olmadığı üçün bunu yalnız təxmin etməklə kifayətləndim.

Maraqlı idi. Yəqin ki, Teymur müəllim «gözləyirdim» deyəndə, konkret olaraq məni, Bəxtiyar Nəzərlini gözlədiyini nəzərdə tutmurdu. Bu halda, onun bildiyi, nə vaxtsa kiminsə gələrək maraqlanacağına əmin olduğu bir sirri var. Ancaq bu sirr mənim bu qədər yolu qət edərək gəldiyim məsələ ilə əlaqədardırmı və ya başqa bir şeylə bağlıdır? Bu yaşlı-başlı insanın nə qədər istəsən sirri ola bilər. Ancaq yox, mən ona atası ilə bağlı suallar verəcəyimi dedikdən sonra əhvalı dəyişdi, sonra isə məni gözlədiyini bildirdi. Deməli, sirr birbaşa mərhum atası ilə bağlıdır. Hər halda az sonra bunun nə olduğu aydınlaşacaq. Yaranmış vəziyyətdə susmaq, qarşımdakı həmsöhbətimin danışmasını gözləmək ən doğru seçim olduğu üçün belə də etdim. Bir qədər sonra çəkib qurtardığı siqaretinin közünə ikinci siqareti yandıran Teymur müəllim sözünə davam etdi:

-Mənim heç vaxt polis orqanları ilə heç bir problemim olmayıb. Bir detektivin də mənimlə maraqlanacağı bir hərəkət etməmişəm ömrümdə. Bakıdan gəlmiş detektiv olduğunuzu, gəlişinizin atamla bağlı olduğunu deyəndə hər şey mənə aydın oldu. Bilmək istəyirsinizsə, gəlişinizə şadam. Bəlkə siz, atamın son nəfəsində hamının otaqdan çıxmasını istəyib təklikdə mənə dediyi, indiyənədək mənasını başa düşmədiyim və onun mənə vəsiyyət etdiyi kəlmələri mənimçün izah edə bilərsiniz.

Vəziyyət get-gedə az əvvəl düşündüyümdən də maraqlı məcraya yönəlirdi. Ancaq hələ də həmsöhbətim məsələnin nədən ibarət olduğunu dilinə gətirmədiyindən susmağa üstünlük verib gözləyirdim. Yol boyu söhbətimizin detallarını düşünərək qurduğum dialoq əhəmiyyətini itirmiş, mənim nəsə deməyimə heç ehtiyac da qalmamışdı əslində. Məhz gözlədiyi adam olduğuma olduqca əmin olan Teymur müəllim heç gəlişimin səbəbi ilə də maraqlanmadan görünür uzun müddət onu içəridən didən, atasının vəsiyyət etdiyi, hamıdan gizlətdiyi sirrin açıqlamasını verəcək biri kimi mənə ürəyini boşaltmaq istəyirdi. Gizlətməyə çalışsa da, siqareti siqaretə calaması həyəcanını biruzə verirdi. Təzə yandırdığı siqaretə bir qullab vurub sözünə davam etdi:

-Atam bir il bundan əvvəl xəstəlikdən dünyasını dəyişdi. Bu ötən bir ildə, son dediyi sözləri bəlkə hər gün yüz dəfə beynimdə səsləndirib mənasını çözməyə çalışsam da, hələ də, bunun nə olduğunu başa düşə bilmirəm. Əslində, atamın dediyi sözlər mənə yox, nə vaxtsa gələcək birinə ünvanlandığından mənim nəsə başa düşməməyim anlaşılandır. Atam çox nikbin adam idi. Ancaq son vaxtlar, xüsusilə də, xəstələnəndən sonra olduqca dalğın görünər, çox vaxt bir kənara çəkilib fikrə gedərdi. Bu hal xəstələnməsindən çox-çox əvvəl başladığından, düşünürəm ki, onun belə fikir etməsi, xəstəliyi ilə yox, mənə etdiyi vəsiyyətlə, o sirlə birbaşa bağlıdır. Hə, vəsiyyət demişkən, bir də Ömər Xəyyamı çox xoşlayardı. Tez-tez əlində onun rübailəri yazılmış kitab görərdim. Bir dəfə, həyətdəki ağacın altında xeyli oturub mütaliə etdikdən sonra, məni yanına çağırıb, öz əli ilə kitabın titul vərəqində qələmlə yazdığı dörd misranı göstərib dedi: -«Məni Xudatda, atamla anamın qəbirləri arasında boş saxladığım yerdə dəfn edərsən, Xəyyamın bu misralarını mənim başdaşıma həkk elətdirərsən».

Nəfəsini dərib davam etdi:

-Anamız cavan getdi dünyadan. Atamız ikinci dəfə ailə qurmadı. Mən atamın tək oğluyam. Bir bacım da var. Bizim uşaqlıqdan heç nəyə ehtiyacımız olmayıb. Bizi gözütox böyüdüb, gözəl tərbiyə verib atamız. O bizi, biz də onu həmişə çox istəmişik. Mərd adam idi. Şəhərdə tanınan, hörmətli kişilərdən idi. Qohumlara da həmişə əl tutardı. Vəziyyəti pisləşəndə qohum-əqrəbaya xəbər vermişdik. Hamı bizə yığışmışdı. Nəfəsi təngimişdi, zorla danışırdı. Bir məqamda, hamının otaqdan çıxmasını, tək mənim qalmağımı istədi. Sanki son nəfəsdə olduğunu başa düşmüşdü. İkimiz qalanda çarpayısının qarşısında diz üstə oturub nə deyəcəyini gözlədim.

SöhbətinbuyerindəTeymurmüəllimkövrəldi. Stəkanını götürüb soyumuş çaydan bir qurtum içdi. Boğazına yığılmış qəhəri qovmaq üçün bir-iki dəfə öskürüb sözünə davam etdi:

-Atamın mənə dediyi və vəfatından sonra mənim rahatlığımı almış sözlər belə idi: -«Oğul, mən gedirəm. Yadında qalsın. Nə vaxtsa bir insan övladı gəlib sənin qapını döyəcək, mənim haqqımda sorğu-sual edəcək. Bil ki, qapına qədər gəlib çıxıbsa, o adi birisi deyil və ona güvənə bilərsən. O zaman ona deyərsən ki, atam belə dedi, -«Mən, məni hər gün öldürən o sirri qəbirə apardım. Qoy onu qəbrimdə qar, yağış yusun, günəşin qızmar istisi yandırsın. Bəlkə onda rahatlıq taparam». Bu atamın son sözləri oldu.

Teymur müəllim söhbətini bitirib, bir siqaret də yandırdı.

Bəli, müəmmalara aydınlıq gətirmək ümidi ilə gəldiyim ünvanda başqa bir müəmma ilə rastlaşmışdım. Onsuz da çox az şey aydınlaşdırdığım araşdırmamda daha bir tapmaca çıxmışdı ortaya. Kim bilir, mərhum Səttar nəyi nəzərdə tutub vəsiyyətini edərkən.

İndi bəzi şeyləri dəqiqləşdirməyin vaxtı idi.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(03.07.2023)