“Qaranlıq tunelin işığı uzaq…” - Reyhan Kənanın şeirləri Featured

Rate this item
(1 Vote)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən Şeir vaxtıdır, bu dəfə sizlərə Reyhan Kənanın şeirlərini təqdim edirik.

 

 

ŞEİR VAXTI

 

 

Reyhan  KƏNAN

 

 

BAKI

 

Dan yeri dənizi tutur atəşə,

Hər səhər alovdan ona don biçir.

Leylək yuvasını qurub buruqda,

Durna qatarlanıb Bakıdan keçir.

Külək buludları qovur harasa,

Dənizdə dalğalar yolunu çaşır,

Əsdikcə, əsdikcə dəli küləklər,

Bakının qayğısı başından aşır.

Doğmalıq küləyin dəliliyində,

Bir də neft qoxuyan havasındadır,

Nə qədər şəhər var, qan-qadalıdır,

Bakısa məhəbbət davasındadır.

Sevgiylə döyünən ürəkdi sanki,

Nifrəti havayı satar bu şəhər.

Bəlkə də, bu dəli məhəbbətindən

Özünü dənizə atar bu şəhər.

Sevgidən yaranıb, nə yaranıbsa,

Sevgi bu şəhərin uğurlarıdır.

Paris çox öyünür Eyfeli vardır,

Bakının Eyfeli buruqlarıdır.

Bu elə şəhər ki, gözəlliyindən

Hamı elə bil ki, ovunub gedir.

O qədər sehrli, sirlidir, Allah,

Gedən ürəyini unudub gedir.

Əyri döngələrdə külək də azır,

Qəribə düzümü, bir düzgüsü var.

Günəşi əks edir öz sularında,

Onun Xəzər boyda bir güzgüsü var.

İçərişəhərin çadrasınısa,

Bu dəli külək də aça bilməyib.

Qədim Qız qalası dənizdən qaçıb,

Amma çox uzağa qaça bilməyib.

O da bir anadır övladlarına,

Nə qədər dərdlərə dözüb, dayanıb,

Odlar ölkəsinin bu baş şəhəri

Şəhid məzarların qoynuna alıb.

Gedən xəyalında aparır onu,

Bakının dünyaya yolçuluğu var.

Adamın kaş belə qonşusu ola!

Dənizlə mehriban qonşuluğu var.

Bu qədər tərifdən sonra, yəqin ki,

Gərək yox dağlarda od qalamağa.

Təyyarələr enir Bakıya bir-bir.

Gedim gələnləri qarşılamağa.

 

 

ÜSTÜNLÜK

 

Kəlmələri ipə düzüb

Sözü söz ilə tutarıq.

Sevgimizi gözümüzə,

Qəhəri qəlbə udarıq.

Pislik edən hər adama

Etdiyini yaşatmarıq.

Quşu bizə qonan kəsin

Quşlarına daş atmarıq.

Pis adamlar niyyətini

Gizlədəndə kisəsində

Danışanda tanıyarıq,

Hamı gizlənər səsində.

Kölgələrə sığınmarıq,

O zaman kölə olarıq.

Bizi Günəş bilənlərə

Özümüz kölgə olarıq.

İgidlərin dostu bizik,

İstəmirik küskünlüyü.

Mərd adamın qismətidir

Türk olmağın üstünlüyü.

 

 

QARIŞQA GÜCÜ

 

İllər keçib gedər, səndə dayanmaz,

Zülmət bir ürəkdə ümid oyanmaz,

Özünü dünyada günahkar sanmaz,

İnsanın şərəftək baş tacı varsa.

 

Qaranlıq tunelin işığı uzaq,

Parlayan gözlər var,bəlkə, yalquzaq!..

Kimsə bu tuneldə heç azmayacaq,

Ümiddən tutmağa ip ucu varsa.

 

Məndən nə qalacaq, səndən nə görək,

Hər dərdə, əzaba dözdü bu ürək,

Pislik nəyə gərək, dərd nəyə gərək,

Yaxşı əməllərim ömrə yararsa.

 

Bəlkə, daşımağa haqlı deyilik,

Sevgisiz ürək də bədənə bir yük.

Heç nə ola bilməz sevgidən böyük,

Ürəkdə qarışqa gücü yaşarsa.

 

 

VULKAN

 

Susqunam, dilsizəm, sanki bir daşam,

Xəyalım göylərdə, yel qanadlıdır,

Mən öz xəyalımda, inanma, çaşam,

Atdığım hər addım ehtiyatlıdır.

Gümanım, sanma ki, dizdə sürünər,

Bütöv ümidlərim hey gilizlənib.

Uzaqdan dağlar da sakit görünər,

Altında çox güclü vulkan gizlənib.

Bəlkə də, hər şeyi danıb dönmüşəm,

Damarda dövr edən al qan kimiyəm,

Bilmirəm,bəlkə də, yanıb sönmüşəm,

Mən elə zirvədə vulkan kimiyəm.

Ürək hər kədəri özündə saxlar,

Qorxma məğrur-məğrur dayanışından,

Titrəyər dənizlər, alışar dağlar

Yatmış bir vulkanın oyanışından.

Yanıb sönə-sönə bərkiyən biri

Nə vulkandan qorxar, nə də lavadan.

Olsa da dünyanın neçə tədbiri,

Yalnız məhəbbəti duyar havadan.

 

 

MƏNİM ŞAGİRDİM

 

Zamanın əbədi şahidi kimi

Yazılar tarixin dastanı daşda.

Qəhrəman şagirdin hünəri haqda,

Kim yaza bilər kimüəllimdən başqa?!

Bəlkə də, çox şeyə çatmadı gücüm,

Mən bir kənd müəllimi, o da şagirdim.

Onu daha yaxşı tanıtmaq üçün

Diddim xatirəni hey didim-didim.

Sinifdə iyirmi şagirddən biri,

Çiynində elmtək müqəddəs bir yük

Görürdüm necə də can atır elmə,

Görürdüm arzusu özündən böyük.

Balaca əlindən tutaraq hər gün

Onu zirvələrə daşımalıydım.

Külüngüm,silahım qələm olsa da,

Sanki qayalıqda daş yonmalıydım.

Sevimli, gülərüz, cılız oğlanın

Öyrənmək həvəsi aşıb-daşırdı.

Hər gün yeni-yeni nəsə kəşf edir,

Hər gün damla-damla başqalaşırdı.

Neçə şagirdimin içərisində,

Diqqəti özünə cəlb edə bildi.

Bəzən səhv yazsa da cümlələrini,

Həyat dərslərində səhv eləmədi.

Bilmirəm balaca, kiçik ürəkdə

Mən necə yer tutdum, ya qala qurdum?

Mənmi qazanmışdım, ya o beləydi?

Özümə məhəbbət, qayğı da duydum.

Vətənə sevgisin yazmaq istədim,

Nə qələmə sığdı, nə də yazıya.

Fərhad ola gərək o məhəbbəti,

Dağlara həkk edə, daşa qazıya.

Mövzumuz Qarabağ! Ağırdır,bəli,

Sanki yer titrəyir, göy inləyirdi.

Xocalının adı çəkilən zaman

Balaca yumruğu düyünlənirdi.

O, yaxşı görürdü mövzulardakı

Qəmin ağırlığın, dərd hücumunu.

Mən isə görürdüm o gözlərdəki

Qisas hisslərinin qığılcımını.

Ədalət arayıb hər dərsimizdə,

Vətənin dərdiylə maraqlanırdıq.

Bütün haqsızlığa üsyan edərək

Tarixi keçmişi varaqlayırdıq.

Ədalət söylədim, bəli, Ədalət,

Vaxtında bu sözü dünya bilmədi.

Otuz il gözlədik haqq yerin tuta,

Otuz il millətin üzü gülmədi.

Biz haqq yolundaydıq bütün bu illər,

Dünya kaş vaxtında bunu biləydi.

Hamıya ədalət dərsini keçən

Mənim şagirdimin adı beləydi.

Ədalət həm mülkün təməli kimi,

Həm də övladlara verilən addır.

Ədalət olmayan dünyada sanki

Xoşbəxtlik sözü də insana yaddır.

Bu savaş qırx dörd gün davam etsə də,

Elə bil yüz ilin anını verdi.

Ədalət adıyla böyüyən bala,

Ədalət uğrunda canını verdi.

Savaş bu millətin alın yazısı,

Düşməni hər zaman qanda boğulur.

O qədər zülmə biz tuş gəlmişik ki,

Körpə də əlində qılınc doğulur.

Döyüşdü şir kimi,bir pələng kimi,

Vətəni ucadan uca eylədi.

Göylərdə ən gözəl çərpələng kimi

Süzdü səmalarda, yerə enmədi.

Mən necə təsəlli verim anaya?

Övlad ki ürəyin zərif simidir.

Müəllimə ikinci ana deyirlər,

Ədalət mənim də balam kimidir.

Vətənə bağlıydı ruhu, bədəni,

Ulu bayrağımla birgə dikəldi.

Bütün döyüşlərin öndə gedəni

Üçrəngli bayrağa büküldü, gəldi.

Qəlbimdə bir vüqar ,qürür duyuram,

Yox, yox anmıram ki, dərdlə ələmlə.

Bu dəfə qiyməti mən vermədim, yox,

Özü həkk elədi qızıl qələmlə.

Bəlkə də, bu qədər kiçik sanmayaq,

Hər uşaq  silahtək hey gilizlənir.

İndi düşünürəm, hər bir şagirdin

Qəlbində nə boyda Vətən gizlənir.

Nə var bu dünyada Vətəndən böyük?

İndi öz-özümə  deyə bilərəm:

Belə şagird üçün başını dik tut,

Deməli, dar gündəVətənə dayaq,

Vətənə gərəkli övlad böyütdük,

Əzmi,dəyanəti,sədaqətiylə

Əzdi, məhv elədi yağı düşməni.

Qoymadı daş qala daş üstündə,

Bu Vətən həmişə uca olacaq

İgid övladların başı üstündə.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)