“Mən, qu quşları və…üşüyən yağış” - Əlizadə Nuri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Poeziyada ən çətini poetik lövhə yaratmaq, poetik mənzərəni detal-detal oxucunun  gözündə canlandırmaqdır və əlbəttə ki, hissləri oyatmaq, insanın iç dünyasını təlatümə gətirməkdir.

Əlizadə Nuri görün bunu necə bacarıb. 

 

 

Qəmgin ayın kölgəsi düşüb bu yer üzünə,

Yenə ulduzlar solur çiçək-çiçək, ilahi.

Göy üzündə qurusa o alma ağacları,

Nağılların ovcuna nə düşəcək, ilahi?!

 

Bir ovuc torpağıyla dibçək gülə vətəndi,

Gül var ki, dərər səni, gül də var ki, dərilər.

Dibçəkdəki güllərin yerini dəyişsələr

Elə bil ki, o gülü qürbətə göndərirlər…

 

…Sən də sanki saçını qaranlığa sərmisən,

Qoy, ay dinsin üzündə-at yerə bu niqabı.

Şüşə qırıntıları indi batır canına 

Toy günü ayağınla sındırdığın o qabın…

 

…Bir şüşə şərab kimi içirəm bu gecəni,

Bir siqaret yandırıb… söndürürəm özümü.

İlahi, bu tabutun hər tərəfi açıqdı-

İndi harda gizlədim bu günahkar üzümü?

 

Hər quşun nəğməsinin öz sehri , öz rəngi var,

Bülbüllər neynəyir ki, qarğaların dilini?

Bəlkə dəniz sözünü dalğalara söyləyib-

Bəlkə gedib öyrənim dalğaların dilini?

 

…Payız yağışı altda sevişir qu quşları,

Əlin qırılsın ovçu, əlin gəlsə, vurmağa.

Köynəyimi açmışam, bu üşüyən havanı,

Bu üşüyən yağışı yaxama doldurmağa….

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)