Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

11-ci dərc

 

Eyvaz acdığını hiss edib saata baxdı. Günorta nahar əvəzinə bir dönər alıb yeməsindən düz beş saat keçmişdi. Saat 6 idi. Əlində tutduğu yarıya qədər su ilə dolu plastik butulkanın qapağını açıb suyun hamısını birnəfəsə başına çəkdi. Sonra dodaqaltı, öz-özü ilə danışırmış kimi donquldanmağa başladı:

-Daha dönər yeməyəcəm. Bayaqdan mədəm ağrıyır. Eybi yox, birtəhər dözərəm. Bir az da dayanım, çıxım gedim evə. Yəqin daha bu vaxtacan heç kim gəlmədisə, bundan sonra bu ofisi açan olmaz, dayanmağın nə mənası? Bu Bəxtiyar kimdirsə, məni bütün işimdən-gücümdən elədi bu iki gündə.

Eyvaz bunları fikirləşərkən üzbəüzdə, izlədiyi ofisin qarşısında qara rəngli «Mercedes» dayandı. Arxa sol qapıdan düşən orta yaşlı, kepkasını gözünün üstünə basmış, qara eynəkli kişi qapını örtən kimi maşın yerindən tərpənib uzaqlaşdı.

Bir ayağı axsayan kişi, asta addımlarla üzərində «Detektiv Agentliyi» yazılmış ofisin qarşısından keçib bir qədər irəlidəki geyim mağazasına girdi.

Onu diqqətlə nəzərdən keçirən Eyvaz, öz-özünə, -Əşşi yox, bu da deyil. Bəxtiyar enlikürək, idmançı qamətlidir, bu yazıq lap büzüşüb ki. Hələ ayağını da çəkir. Ofisə tərəf də heç baxmadı. Aha, bax, paltar dükanına girdi, -fikirləşib, əlindəki boş plastik su qabını tullamaq üçün yaxınlıqdakı zibil qutusuna tərəf getdi.

 

* * *

Stepanı aparmaq üçün göndərilmiş xidməti maşında birlikdə aeroporta gəlmişdik. Onu yola saldıqdan sonra elə şəhərə gələn həmin maşın məni az əvvəl ofisin qarşısında düşürüb getmişdi. Qiyafəmi və yerişimi bir qədər dəyişməyim kifayət emişdi ki, artıq «fərasətinə» bələd olduğum, məni izləmək üçün dünənki yerində dayanacaqda dayanmış yemişbaş məni tanıya bilməsin.

İndi girdiyim qonşuluqdakı geyim mağazasının şüşəli qapısının arxasında dayanıb ona baxır, bu izləmədə məni narahat edən əsas sualın cavabını tapmağa çalışırdım. Hər halda, nə isə düz getmirdi və bunu hiss edirdim. Mənim nəzərimdə yolun o biri tayında dayanmış, dünəndən məni izləyən adamla onun dayandığı yerin yaxınlığındakı söyüd ağacının heç bir fərqi yox idi. Görəsən belə bir izləmədə məqsəd nə idi?

Əgər dünən bu yemişbaşın hərəkətləri mənə bir qədər də məzəli gəlirdisə, indi ona baxarkən hissiyatım tamam başqa şey deyirdi. Belə izləmə olmur. Bütün ömrünü əməliyyat işinə həsr etmiş, qorxu nə olduğunu bilməyən polkovnik Dadaşzadə mənimlə görüşə hətta qiyafəsini dəyişib gəlirsə, mobil telefonla belə bütün əlaqələri qadağan edib son dərəcə ehtiyatlı olmağımı tapşırırsa, bu rəqibin nə qədər ciddi və təhlükəli olmasından xəbər verir. Yooox, ehtimallarımda yanılmıram, qarşı tərəf nə isə oyun oynayır. Sonu heç də yaxşı görünməyən bir oyun…

Ağacın yanından keçəndə mənə lazım olan işarənin verildiyini görmüşdüm. İndi lazım olan məlumatı götürmək üçün getmək olardı.

Mağazadakı tanış qızlarla hal-əhval edib arxa qapıdan çıxacağımı dedim. Belə hərəkətlərimə öyrəşmiş qızlar, -Necə istəyirsiniz, -deyib gülümsədilər. Mağazanın arxa qapısı köhnə yaşayış binasının həyətinə açılırdı. Həyətə, oradan da küçəyə çıxdım.

 

* * *

Teymur Əliyev küçəsində, «Köhnə Samsunq» kimi tanınan mağaza ilə üzbəüzdə, yolun əks tərəfində dayanan taksinin arxa qapısı asta-asta açıldı. Maşındakı yaşlı, üzünü ağ saqqal örtmüş sərnişin hər iki ayağını yerə qoyub çəliyini dayaq verdikdən sonra çətinliklə maşından düşdü. Bir qədər nəfəsini dərdi, küçənin kəsişdiyi Azadlıq prospektinə tərəf addımlayıb əlli metr getdikdən sonra sağa, məhəllələrin arasına döndü.

Dəbdəbəli villalarla, böyük şirkətlərin möhtəşəm binaları ilə əhatə olunmuş bu küçədə 1990-cı illərin ortalarında nəinki maşınlar, hətta piyadalar belə hərəkət edə bilmirdilər. Dərin çalalarını çirkab suları basmış bu küçədən sürücülər yan ötür, sakinlər isə suya və palçığa batmamaqçün özlərinin düzdükləri daş parçalarının üstü ilə atıla-atıla evlərinə gedib-gəlirdilər. İndi görünüşünü tamamilə dəyişmiş bu küçə şəhərdə «Milyonçular məhəlləsi» kimi tanınınrdı. Bu ərazi imkanlı adamlar tərəfindən təsadüfən seçilməmişdi. «Azadlıq prospekti»ndən başlayan küçənin o biri başı «Atatürk» parkına birləşirdi. Bu parkın bir tərəfi «Ayna Sultanova» heykəlinin, digər başı isə «Gənclik» metrosunun qarşısındakı meydana qədər uzanırdı. Bu meydanın adının hələ lap keçmişdən, 60-cı illərdən «Qələbə» meydanı olduğunu, yaşlı nəslin nümayəndələri istisna olmaqla, indi Bakı şəhərində çox az adam bilir.

Qocanın döndüyü küçə də sağ və sol tərəfdən müxtəlif memarlıq üslublarında tikilmiş çoxmərtəbəli böyük evlərlə əhatələnmişdi. Bu evlərin arası ilə addımlayan qoca hərdən dayanıb bir əlini çəliyinə, o biri əlini divara dayaq verərək bir qədər nəfəsini dərir, sonra yenə yoluna davam edirdi.

Küçədən keçən insanlar bu yaşlı adama təəssüblə baxır, bəziləri köməyini təklif edirdi. Gülümsəyərək köməkdən imtina edən qoca yenə də asta-asta yoluna davam edir, nəfəsini dərmək üçün etdiyi fasilələrdə hiss elətdirmədən divara dayaq verdiyi qolundakı saatına baxırdı.

Növbəti dəfə nəfəsini almaq üçün dayanan qoca yenə də əlini divara dayaq verib saatına baxdı. Saat 19:58 idi. «İki dəqiqə var, hələ tezdir», -qoca öz-özü ilə danışırmış kimi astadan deyib irəlidəki, təxminən otuz metr məsafədə olan villanın hündür darvazasına tərəf baxdı. Darvaza bağlı idi…

 

* * *

«Moskva» univermağının bağlanmasına beş dəqiqə qalmışdı. Burada işləyənlərin çoxu işini bitirmişdi, iki-iki, üç-üç univermağı tərk edib yola tərəf axışırdılar.

Mənim üçün hazırlanmış məlumatlar olan konverti götürdükdən sonra metro ilə «Memar Əcəmi» stansiyasına gəlib, oradan univermağın qarşısına qalxmışdım. Layiqənin gəlməsinə hələ beş dəqiqə var idi. Univermaqdan çıxanlara mane olmamaqçün bir qədər kənarda dayanıb gözləyirdim.

Dörd dəqiqədən sonra pilləkənlərə yaxınlaşan Layiqəni gördüm. Qıvrım sarı saçları çiyninə tökülən köməkçim yenə də çox sevdiyi idman üslubunda geyinmişdi. Nazik cins şalvar və ağ koftada, ağ rəngli krossovkalarda olan Layiqə oynaq addımlarla pilləkənləri qalxmağa başladı.

Univermağın çıxışından yola qədər olan təxminən yüz əlli metr məsafədə köməkçimdən başqa eyni istiqamətdə hərəkət edən insan axınına qarşı gələn heç kim gözə dəymirdi. Afərin, deməli, özünü büruzə vermədən tapşırığı yerinə yetirə bilmişdi bu qız. Hər halda təşkil etdiyim ən sadə yoxlama ilə indi müşahidə etdiklərim belə düşünməyimə əsas verirdi. Ümid edək ki, qarşı tərəf hər hansı sürpriz hazırlamayıb və hər şey indi görünən kimidir.

Layiqə üçün narahat idim. Onu bu tapşırığa cəlb etsəm də, əslində bu heç də ürəyimcə deyildi. Hələ nə olduğunu tam aydınlaşdıra bilmədiyim bir hiss məni rahat buraxmırdı. Həmişə hər şeyi dəqiqləşdirib vəziyyətə nəzarət etməyə öyrəşdiyim üçün, indi yaranmış vəziyyətin tam nəzarətimdə olmamasını hiss etməyim məni sıxırdı. Qeyri-müəyyənliyi heç sevmirdim. İndiki sakitlik isə, fırtınadan qabaq yaranan sakitliyi xatırladırdı.

Sürətlə pilləkənləri qalxan Layiqə yanımda dayandı.

-Salam, şef.

Bu nikbin qızın kefi həmişəki kimi kök idi.

-Salam, ey əvəzolunmaz köməkçim.

-Xeyli boşluq yarandığından şəhərin mərkəzində yaşayan rəfiqəmgilə qayıtdım. Səhər də əynimi onlarda dəyişmişdim. Demişdiniz izləməni iki gün davam etdirəcəm. Ona görə düşündüm ki, sizinlə görüşə səhərki qiyafədə yox, öz qiyafəmdə gəlsəm düzgün olar.

-Düz düşünmüsən. İndi bir qədər gəzişək, sən də danış görüm nə gördün, nə müəyyən elədin. Sonra qərar verərik.

 

* * *

Səhərdən dayandığı yerdə diqqət çəkməməkçün «Nizami» metrosu ilə avtobus dayanacağı arasında var-gəl edən Eyvaz yenə də saatına baxdı.

-Axşam oldu. Deyəsən axı bu ofisi bu gün heç kim açmayacaq. Heç o dünənki qız da gəlmədi. Boş yerə bütün günü burada dayandım. Məncə, bu saatdan sonra buraya kimsə gəlməz. Görəsən gözləyim ya gedim? Bİr söz də deyən yoxdu. Bəlkə Aydəmiri yığım soruşum?

Elə bu vaxt, sanki onun fikirlərini oxuyurmuş kimi, telefonuna zəng gəldi. Sevincək telefona cavab verdi:

-Eşidirəm.

-Vəziyyət necədir orada?

-Heç necə, nə gələn oldu, nə də o ofisi açan.

-Bir saat da gözlə, gələn olsa, nə etmək lazım olduğunu bilirsən, olmasa, get dincəl. Əlavə nəsə tapşırıq olsa, zəng vurub deyəcəyəm, zəng vurmasam, səhər tezdən villada ol.

-Yaxşı, başa düşdüm.

Eyvaz gözəl anlayırdı ki, Aydəmir Qızılbaşın tapşırığı ilə ona zəng vurub. Ona görə də deyilən bir saatın nə vaxt bitəcəyini dəqiq bilmək üçün yenə də qol saatına baxdı.

-Deməli düz saat 9-da gedə bilərəm. Eybi yox, birtəhər bu bir saatı da dayanım, -bunu fikirləşən Eyvaz yorğunlduqdan ağrıyan ayaqlarının keyini açmaq üçün yenə də bayaqkı marşrutu üzrə var-gəl etməyə başladı.

 

* * *

Çəliyi yerə düşmüş, səkinin üstündə oturmuş ağsaçlı, ağsaqqallı qocanın başına yeddi-səkkiz nəfər yığılmışdı. Elə bu vaxt villanın avtomatik açılan darvazasından çıxmağa başlayan maşının sürücüsü, darvazanın qarşısında toplaşmış adamları görüb maşını saxlamağa məcbur oldu, arxa oturacaqda oturmuş idman paltarında olan gəncə, -İndi gəlirəm, -deyib nə baş verdiyini öyrənmək üçün maşından düşdü, tələsik adamlara toplaşanlara yaxınlaşdı. Maşındakı gənc villa sahibinin nəvəsi idi və sürücü həftənin cüt günləri axşamlar, eyni saatda onu idman etmək üçün həmişə getdiyi trenajor zalına aparırdı.

Sürücünün yaxınlaşdığını görən qoca əlləri əsə-əsə cibindən dərman şüşəsini çıxarıb asta səslə su istədi. Yaxınlıqda heç bir mağaza olmadığından hamı indicə villadan çıxan sürücüyə tərəf baxdı.

-Bu saat gətirərəm, -deyən sürücü cəld içəri qaçdı və bir azdan əlində su dolu stəkanla geri qayıtdı.

Onu görən qoca bir əli ilə stəkanı alıb o biri əli ilə sürücünün qolundan tutub oturduğu yerdə bir qədər dikəldi. Dərmanını içəndən sonra nisbətən gümrah səslə, -Narahat olmayın, indi keçər, -deyib ətrafdakılara təşəkkür etdi və stəkanı sürücüyə qaytardı.

-Dayı, bəlkə təcili yardım çağıraq? -ortayaşlı qadın narahat halda dilləndi.

-Ehtiyac yoxdur, qızım, qocalıqdır, həkim mənə neyləyəcək? Elə bu içdiyim dərmanı da həkim yazıb.

-Onda qoyun kimsə sizi ötürsün.

-Lazım deyil, eləcə kömək edin, ayağa qalxım, özüm gedəcəm.

Kişilərdən biri qocanın qalxmasına kömək etdi, başqa bir kişi isə yerə düşmüş çəliyini qaldırıb ona verdi.

-Çox sağ olun, ürəyim idi, dərmanımı vaxtında içməmişdim, indi yaxşıyam, bu dərman mənə yaxşı təsir edir.

Qoca, hamıya “sağ olun” deyib, çəliyini yerə vura-vura uzaqlaşdı. Bunu görən adamlar dağılışmağa başladılar. Villadan çıxan maşının sürücüsü də əlindəki stəkanı küçəyə çıxan, geyimindən xidmətçiyə oxşayan qadına verib maşına oturdu və gecikən adamlar kimi bir qədər sürətlə sürüb uzaqlaşdı.

Villanın darvazası yavaş-yavaş bağlanmağa başladı.

Bir azdan küçəyə sükut çökdü. Ancaq bu, uzun çəkmədi. Təxminən beş dəqiqədən sonra həmin villaya gurultu sala-sala dövlət nömrə nişanları olmayan, ikitəkərli bir motosikl yaxınlaşdı. Motosikldən düşən, əynində qara rəngli dəri kombinezon, əllərində qara əlcəklər, başında həmin rəngli qoruyucu şlem olan gənc villanın qapısının zəngini basdı. Sifətinin yarısından çoxunu və çənəsini örtən şlemin altından oğlanın yalnız burnunun bir hissəsi və ağızı görünürdü.

-Nə lazımdır? -qapıya qoyulmuş mikrofondan gələn qadın səsi soruşdu.

-Sizə bağlama gətirmişəm.

-Kim göndərib?

-Səlim müəllimin köhnə dostları göndərib, dedilər təcilidir.

-Gözlə, gəlirəm.

Bir azdan qapıya yaxınlaşan bayaq küçəyə çıxmış xidmətçi qadın oğlanın uzatdığı bağlamanı alıb o tərəf-bu tərəfə çevirməyə başladı. Bağlamanın üzərində heç bir yazı yox idi.

-Narahat olmayın, içindəki kitabdır, dedilər, mütləq oxusun, ona aid kitabdır.

Bunu deyən oğlan, motosiklinə əyləşib yenə gurultu sala-sala uzaqlaşdı. Onun arxasınca baxan qadın başını bulayıb qapını örtdü.

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(24.06.2023)