Kafkanın "Çevrilmə" kitabının içində bir böcək qaça-qaça bağırırdı və qaçmağa bir yol axtarırdı... Featured

Rate this item
(1 Vote)

“TRAUMA” – RAMİN BEHZADIN HEKAYƏSİ

 

 

 

“Ədəbiyyat və incəsənət” portalınında Güney Azərbaycanlı yazarların nəsr həftəsini Ramin Behzadın hekayəsi ilə tamamlayırıq.

Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır.   

 

 

Ramin Behzad

Alpər Ərtaş kimi tanınmış yazar Ramin Behzad, 1994-cü il, Təbriz şəhərində doğulmuşdur. Ədəbi fəaliyyətinə 2019-cu ildən hekayələr yazmaqla başlayaraq Güney Azərbaycanın gənc yazarlar sırasında tanınmışdır.  

 

 

 

 

TRAUMA

Gökalp Ergenin Trauma mahnsına yazılmış bir hekayə

 

Ruhunu pianonun gözəl səsi oxşayırdı və mahnının eşliyində yuxudan ləzzət alırdı. Sanki yuxuda, mahnıya video çəkirdi. Bir anda pianonun səsi güpünə dönüşüb hər bir səs başına vuruldu və gözünü açdı. Gözünün önündə qorxunc bir varlıq var idi. Kitablar açılmış, içindəki xarakterlər çıxıb qaçırdılar, hətta bədənindəki döymədə olan adam isə onlar ilə birləşib uzaqlaşırdı, amma nəfəsi kəsilmiş bədəni qurumuşdu. Nə çığırmağa, nə qaçmağa macalı var idi. 

Kafkanın "Çevrilmə" kitabının içində bir böcək qaça-qaça bağırırdı və qaçmağa bir yol axtarırdı, amma Alper hər zaman təsəllini bağlanan qapı-pəncərədə və hər kəsin gözündən uzaq olduğu yerdə tapırdı, onun üçün yenə otaqda həbs olmuş o böcək və yenə bir qapalı qapı var idi. 

Bağırtısı qulaq pərdəsini yırtmaqda böyük bir addım atmışdı, amma bağıraraq bədəni çatlayırdı. Axan iyrənc ağ şirənin qoxusu otağı götürmüşdü. Böcəyin vücudundan iki qol çıxdı. Sonra iki əlini sinəsindəki çatlağa salıb dərisini ikiyə böldü. Üzə çixan, bir insan idi. Hələ də bədəninin üstündə böcək dərisi qalmış olsa da və o iyrənc maddə bədəninə yapışsa da bir adam olduğu qəti idi. Üzünü silib, özünü göstərdi. Tanış bir üz idi. Hə, o Kafkanın özü idi. 

Masanın üzərindəki siqaralardanbirini alışdırdı və o böcəyin dərisinə tüpürdü: "Bax, biz özümüz yazırıq. Mən ailəmin gözündə yararsız və önəmsiz bir varlıq idim. Atam məndən utanardı. Mənim inanclarım və gördüyüm işlər atamın gözündə eynən ürək bulandırıcı bir böcəyin işləri kimi olmuşdu. Ailənin naxələf övladı ki, dörd divar arasında özü ilə bir şeylər fısıldayıb sonra bir böcək kimi o pislikləri kağıza tökürdü. Hə, çevrilən böcəyəm. Otağına qapanan, hər kəsdən utanan və ən pisi özündən belə iyrənən o böcək mənəm. Sözümü anlayan biri yoxdur. Sanki bir böcək özü-özünə səs salıb hər kəsin rahatlığını pozurdu. Və bu gün sənə demək istədiyim budur: Yazılarındakıdünyada yaşamağa qatlana bilməsən, bu dünyanı başqası üçün təsvirə çəkmə. Bax, mən yaratdığım dünyada yaşayıram, eynən BİR SAVAŞ TƏSVİRİ öyküsündə, öz rəsmində yaşayan bir rəssam kimi, amma o rəsimdən eşiyə çıxıb bir şeyləri dəyişə bilirdi, mən isə bu öyküləri dəyişmək üçün bir fürsət tapmadım. Başqası üçün yaranan dəhşətli anlarda mən özümə gəlirəm. Başqalarının acısından özünü tapan bir varlıq opmaq heç xoş deyil. Bu sözləri eşitdiyin an bil ki, sənin də hekayələrin daha dəyişilməz. İndi o hekayələrdə oynamaq zamanı gəlmiş. Həyatının ssenarisini yazırdın və bu acı ssenaridə oynamaq üçün bir üsyan nədənin ola bilməz. Zamanım varkənqəbristanlığa gedib heç görmədiyim oğlumun adını, qəbir daşlarının üstündən tapmalıyam. Ölümdən sonra insan daha çox bilir amma yaşadığı günləri özləmək və yaşadığı günlərdə heç önəmsəmədiyi şeylərə toxunmaq həsrəti, aman vermir." - dedi.

Kafka dərisini soyunub yola düşmüşdü. Eynən oxuduğu bir şeirdəşair demişkən: "Bu bədəni soyunaraq azadlığa çatacağıq, azadlığı dadacağıq." Sonra qolundakı döymədə olan adam çıxdı. Yatağının yanında oturdu. İlk dəfə ləçəyini açdı, saçlarını ətrafa şaçdı. Qaranlıqda belə gözləri parlayırdı, gülümsədi, otağında uşaq kimi bir səs dolandı, yanaqlarındakı çuxurda ömrünü quylamışdı. "Bax, - dedim - saatları sevmərəm və evin divarına saat asmaram. Bax, saatların durduğu anda zaman və məkan anlamın itirdiyimdə sən mənə çatarsan. Əlbəttə ki, sən röyalarda seyr etməkdə başarılısayılırsan və orda bir neçə görüşümüz oldu, amma heç zaman anlamaq istəmədin ki, mən sənin deyiləm, ola bilmərəm. Sən mənə qaranlıq yanını göstərdin, mən də sənə qaranlıqda qalmağını göstərdim. Çox sadiq idin, amma heç dözümün yox idi. Məsum həyatını kirlətmək istəmərəm və sən mənim anlıq həvəsim qurban ola biləcək son adamsan dedin, amma bir ömür sürünməyini hesaba qatmamışdın. Mən də bu gün, bu qədər çox sevdiyini anlamadım. Bir dəfə yuxuda səni gördüm, arxancagəldim, bir döngədə də döndün, mən isə daha sürətli qaçdım, döngəni dönəndə bir qəbr var idi və sənin adın üstündə yazılmışdı. İndi bu röyanın anlamını bildim, amma gec olmuş. Daha çox qala bilmərəm, səhərə sinifim var, indi bu yuxudan oyanmalıyam". - deyib gözdən itdi.

Kafka geri döndü "Sanıram ölümdən öncəki arzuna da yetişdin" - dedi. Əlinə bir kitab alıb ona sarı tutdu. Kitab "Ev gərək təmiz ola" adında idi.  Saidinin anlatdığı o böcək və canavarlar toplumunu düşünürdü. Kafka dedi: "Hə, can biraz zor çıxar. Qapını açıb böyründən o kitabı göyə atdı. Kitab açıldıqca içindən böcəklər yağırdı. Onların altında quyulanırdı və bağırdığında ağzı böcək və onların iyrəncli şirəsi ilə doldu. Dişini sıxdı və onların xırça-xırç bölünməsini və ağzına tökülməsini hiss etdi. Bir səs gəlməyə başladı. Bu qazmaq kimi bir səs idi. Ağır zərbələri sinəsində hiss etdi. Üstündəki böcəklərin ağırlığı azalırdı və bir an bir bel boğazını kəsdi...

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)