“Məni aldatmağa nə var...” –Ramilə Qardaşxanqızının şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə Şeir vaxtıdır, Ramilə Qardaşxanqızının şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

Ramilə QARDAŞXANQIZI

 

 

ÖMÜR YOLUM

 

Kaş ki ilham pərim təşrif buyura,

Mübarək üzünü görəm bu gecə.

Yığam hisslərimi, duyğularımı,

Bir şeir şələngi hörəm bu gecə.

 

İllərdi üzünə həsrət qalmışam,

Dinmir, sanki ruhum içimdə ölüb.

Məni harda atıb, harda unudub,

Bilmir, azıb yolun, işığı sönüb.

 

Ay məni ruhumdan uzaq salanım,

Ömür heç şeirsiz, sözsüz olarmı?

Bu can eşqdən dönər, aşiqdən dönər,

Şeirsiz, de görüm, nəfəs alarmı?

 

Nə ola, ruhumdan döndərməyə üz,

Baxam sağım şeir, solum şeirdi.

Tutam əllərindən, atam içimə,

Mənim ki bu ömür yolum şeirdi...

 

 

YENİDƏN SEV

 

Məni misralarımla sevmişdin, əzizim,

misralarımla...

Onlar ruhumun rəngiydi, nəğməsiydi, nəfəsiydi...

Onlar ruhumun səsiydi;

məni sənə çağıran, səni mənə gətirən…

 

Daha əvvəlkitək şeirlər yazmıram, yaza

bilmirəm.

Səbəbini  bilirsən...

Çox oldu ruhumdan küsəli, çox...

Nəğməsizəm, səssizəm, rəngsizəm,

nəfəssizəm indi.

Sən məni əvvəlkitək sevirsən?

Əvvəlki kimi...

 

Ehh, öz-özünü sağaltmaq asan deyil,

bilirsən.

Bir az keçmiş xatirələr,

bir az da səhvlərimiz gəlir köməyimə,

sağ olsunlar.

Amma asan deyil,

asan deyil, inan mənə…

 

Öz-özunü  sağaltmaq asan deyil.

Hərdən kitablarımı varaqlayıram,

şeirlərimi oxuyuram.

Biraz gülümsəyirəm, bir az ağlayıram,

Bəzən ağlamaqdan özümü güclə

saxlayıram.

Bəzən də elə kobud,

elə gülməli səhvlərimi görürəm ki, gəl

görəsən.

 

Düşünürəm: mən niyə bunları etmişəm,

niyə axı?!

Sonra üstünü qaralayıb, təzədən yazıram

sənin olmadığın sətirləri.

Hə, düz eşitdin, sənin olmadığın sətirləri…

 

Bilirsən, qadın da kişinin əsəridir, əslində,

Onu sevən, onu qoruyan kişinin.

Sevdiyinin...

 

Poz əsərini!

Poz, əzizim, poz, təzədən yaz!

 

Sil ürəyimə düşən acıları!

Sil gözlərimdəki kədəri!

Sil, əzizim!

Sil, barışdır məni ruhumla və yenidən sev!

Yenidən sev məni, əzizim!

Elə sev ki, əvvəlki kimi şeirlər yazım,

Sevgidən, xoşbəxtlikdən, bizdən yazım,

əzizim.

Bizdən...

 

Ən gözəl şeirlərimin ünvanı sən olmusan,

sən!

Silinib təzədən yazılmaz, əvvəzsiz, tək...

Sən öz əsərini poz!

Öz əsərini,  əzizim!

Poz, təzədən yaz!

Təzədən!

 

 

DUA

 

Eyni anda yaşlanırıq,

ömür keçmiş olur anbaan.

Hər gün şəkilləri düzürəm yan-yana,

alnımıza, gözlərimizə, dodaqlarımıza baxıram,

dəyişir cizgilər…

 

Zaman soldurur siyahları,

bəyazlaşır saçlarımız.

Qocalırıq, ömrüm,

qocalırıq...

 

Hər gün bir neçə tel artıq düşür

saçlarımızdan,

qaşlarımızdan, kirpiklərimizdən...

Hər gün bir az daha zəif çırpınır ürəyimiz.

Dizlərimiz titrəyəcək bu gün, ya sabah,

biz hələ də zamanın arxasınca baxırıq;

keçmiş, keçmiş, keçmiş...

 

Mən hələ də,

hələ də hər gün bir az həsrətlə,

bir az sənsizliklə yalvarıram;

Tanrım, Tanrım, Tanrım,

ömrümüz uzun olsun!

Çox yaşamağın hərisi deyiləm haaa,

Bəlkə, çata bildim yanına,

onsuz ölməkdən qorxuram,

rəhm elə!

 

Acıdır gerçəkləşməyən duaların sahibi olmaq

və hər gün hələ qocalmamışam deyib əl

açmaq göylərə:

Yalvarıram…

Yalvarıram…

Yalvarıram...

 

Uça bilməyəcəyini bilən hər qanadlı

göylərə baxıb ah çəkirmi?

Mənim sənə çatmayan əlimi tutub

dizlərimi döyür göz yaşlarım, İlahi...

 

 

ÖLMƏYƏ ÇALIŞMA

 

Bu adam alın yazımdı,

Öldüsə, ölüb gedəcəm.

Ölümümdən sonra baxıb,

Halıma gülüb gedəcəm...

 

Güləcəm ki, biçarəyəm...

Sevgidən qəlbi yarəyəm...

Güləcəm ki, bir eşq üçün

Bir ömürlük avarəyəm.

 

Bu adam alın yazımdı,

Silməyə çalışma, fələk!

Yazımın ardı lazımdı,

Ölməyə çalışma, fələk!

 

 

QADINLAR

 

Qadınlar gördüm, sinə gərmiş hər əzaba –

müharibə, bombardman edilmiş həyat,

bir araya toplanmayan ömür;

boşluğu çox, itkisi çox, qazancsız,

əli ətəyindən uzun...

 

Qadınlar gördüm, alınlarının qırışı

ürəklərərilə zidd –

yaşamadıqları sevgi, dadmadıqları

xoşbəxtlik

ümid verir gələcəyə, fəqət

bu yaz da o deyil...

Qadınlar gördüm, misralarımtək yarımçıq –

yaşanmamış, qırıq xəyallarla dolu...

Qadınlar gördüm,

nə gənc, nə də qoca,

nə ölü, nə də döyünən ürəyi olan

qadınlar...

 

 

ŞAİR OLMAQ İSTƏYİRƏM

 

Bu axşam ürəyim elə yanır ki,

Közünü basıb gözlərimə,

Bütün varlığımla yazmaq,

Şair olmaq istəyirəm varaqlara...

 

Yenə xatırladım çünki...

Ətəyində körpəsi,

Tində bardaş quran,

Ötənə-keçənə əl uzadan,

İmdad dilənən o qadını...

Çirkli ovuclarını açıb,

"Əmi, səni and verirəm

O yanındakının canına,

Heç olmasa on qəpik ver,

on qəpik" deyən qaraca qız,

Səni doğan ölsünmü?!

"Mən yolçu-dilənçi deyiləm,

Anam xəstədir,

Allah heç kimsəni

Xəstə qulluqçusu eləməsin"

deyən gənc qız,

Allah bu milləti çörəyə möhtac,

Ac-yalavac eləməsin!

Sağ ayağını əyib,

Solunda axsayan gənc,

İyirmi qəpik üçün

İyirmi min dəfə əyilirsən.

Sən hər dəfə əl uzadıb,

Göz zilləyib yalvaranda

Utanıram şəhidlərdən!

Nə olar, ya düz dayan,

Ya da güc dilən bir azca da –

Azacıq dirilməkçün...

Övladını doğub atan,

Namusunu satan qadın,

Axı baha doğulmuşdun,

Nədən belə ucuzlaşdın?!

Ürəyim elə yanır ki,

Közünü basıb gözlərimə,

Şair olmaq istəyirəm

Bu axşam...

Varaqlara...

 

 

NƏ VAR

 

Məni aldatmağa nə var,

Çox da çətinə düşmərsən.

Etmədiyin bir şey deyil,

Bir şirin söz, bircə kəlmən kifayətdi,

Gözlərimi yummaq üçün.

 

Məni unutmağa nə var,

Bir "blokluq" xatirənəm.

De ki, tanımırsan məni,

Unudaram kiməm, nəyəm...

 

 

ÜZR MİSRALARI

 

Anasının nəfəsi, bu gecəki yağış dəydimi sənə?

Yudumu əlini, ayağını,

yudumu içindəki, körpə şıltaqlığını,

su səpdimi hardasa qalan incikliyinə?

 

Anasının ürəyi, səngər istidi, ya mən?

Bir yaz hərdən, səs eylə,

Ora yaxşımı evdən?

 

Sənə qurban olaram, ay mənim öz oxşarım,

Hər anı gözlərimdə böyüyən, irilənən,

Mənim canım, tən yarım,

De, anası ölmüşüm, islandınmı yağışda?

Yox, o islatmaz deyib, hələ nəm hiss etdinsə,

Bu ananı bağışla...

 

 

GÖRƏSƏN...

 

Bir kəlmə turş sözümdən,

Bir acı nəzərimdən,

Ay qaşları çatılıb,

gözləri süzülənim,

Mənimsənmi, görəsən?

 

Gör biçarə ürəyim

Nələrinə dözübdür.

Nələrindən inciyib,

Nələrindən küsübdü.

İçin-için deyinib,

İçin-için soruşub:

Mənimsənmi, görəsən?

 

Sən de hələ, de mənə,

Gecələri yuxundan

Kal oyanıb arabir

Öz-özünə sormusan:

Mənimsənmi, görəsən?

 

İndi bezib, usanıb

Bu çatılan qaşımdan,

Pozulan əhvalımdan,

Öz-özündən sor, yaxşı,

Mənimsənmi, görəsən?

Mənimsənmi, görəsən?

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)