“Yenə nağıl danış mənə, ay ana” - Ülviyyə Əbülfəzqızının şeirləri

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalı Ülviyyə Əbülfətqızının şeirlərini təqdim edir. Sevgi, vətənpərvərlik, eləcə də dünyanın mizan-tərəzisi barədə düşüncələr - şairin lirik məni daim özü ilə danışmaqda, suallara cavab axtarmaqdadır. 

 

Xəbərin var?

 

Mənə qəmgin deyirsən, özündən xəbərin var?

Gülüşlərin saxtadır, “mən yaxşıyam” deyirsən.

Bəb-bəhlə tərifləyib ağrı-acı yeyirsən,

Kədərlə əlbir olan gözündən xəbərin var?

 

Susuz bir məskən seçib elə qönçə solmusan,

Məcbur asılı qalan bəxtsiz qırıq qolmusan,

Mən xoşbəxtəm söyləyib, qəmə aşiq olmusan,

Bu nə sözdür deyirsən, sözündən xəbərin var?

 

Məğrurdur bu qamətin, çinarlartək boy atıb,

Sınıq qəlbin beyninlə bir-birinə əl qatıb,

Günəşdən od götürən eşqin səmaya çatıb,

Yanırsan səssiz-səssiz, közündən xəbərin var? 

 

+++ 

 

Səma qartalı.   

 

Şığı səma qartalı, məhv et mənfur düşməni,

Azərbaycan səması heç vaxt unutmaz səni.

Zirvələrə layiqsən, sən ey cəsur qəhrəman,

Bağışlanmaz günahı, vermə düşmənə aman.

Göylərdə şahin kimi sən göstər hünərini,

Erməni yıxa bilməz Azərbaycan ərini.

Səmalar alqışlayır Xalid şəhadətini,

Canından üstün tutdun xalqın səadətini.

Susuz qalmış bir gülü qanınlamı suladın?

Torpağa qurban olub qazandın Şəhid adın.

Oğul, yerin gözəldir, dik tutmuşam başımı,

Yox-yox ağlamıram mən, gizlətdim göz yaşımı.

Baxıram dalğalanan müqəddəs bayrağıma,

Oğul, deyirəm mən də qurbanam torpağıma.

Fəxr edirəm səninlə, ruhuna baş əyirəm,

Yaşasın Azərbaycan! bax qürurla deyirəm!

 

+++ 

 

Yenə nağıl danış mənə, ay ana

 

Yenə nağıl danış mənə, ay ana, 

Qoyma kədərlərdən qəlbim dayana. 

Bacarsan, beş yaşa apar sən məni,

Körpə əllərimlə oxşayım səni.

Biri var, biri yox, söylə, ay ana, 

Bəlkə, sönmüş bəxtim bir də oyana 

Söylə, danışdığın gözəl Pərini, 

Sehrli çubuqla etdiklərini.

Necə dərs verirdi o rəzil Şərə, 

Sevinc çiləyirdi bütün bəşərə. 

Pisliyin kökünü atəşə atmış, 

Nankorlar yox olub dəryada batmış.

Söylə göz qapağı olubdur qalxan,

Yoxdu bir nəfər də harama baxan. 

Qurban olum, ana, məni sevindir, 

Ağrıdan sızlayan qəlbimi dindir.

Pambıq əllərinlə oxşa telimi, 

Müdrik sözlərinlə bəzə dilimi.

Dilimdə xoş sözlər açsın çiçəktək, 

Bu nağıl nağıl yox, olsun bir gerçək.

            

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)