Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

10-cu dərc

 

Layiqə yüngül qəlyanaltıdan sonra əlində tutduğu bokaldakı sudan qurtum-qurtum içir, bunları edərkən izlədiyi adamı bir dəqiqə də gözdən qoymurdu. Heç nə dəyişməmişdi. Adam ya nahar etməyəcəkdi, ya da ki, maşında onunçün qoyulmuş yeməkdən yeyib oturmuşdu. Hər halda, səhərdən bu yana müşahidə apardığı postu bir dəqiqə də tərk etməmişdi. Çox güman ki, Bəxtiyarın əlamətləri ona deyilmiş, bəlkə də şəkli ona göstərilmişdi. Ona görə ara-sıra çəkməçiyə yaxınlaşan müştərilər diqqətini çəksələr də, hər-hansı aktiv addımlar atmır, konkret adamı gözlədiyi hiss olunurdu.

Heç nədən xəbəri olmayan çəkməçi dayı isə öz işindəydi. Hərdən köhnə termosundan özünə çay süzüb içir, bir az dincəlir, sonra yenə də öz sevimli məşğuliyyətinə qayıdırdı.

Saat 3 idi. Layiqə sudan bir qurtum da alıb, ofisiantı səslədi. İçində qəbz olan kitabça ilə ona yaxınlaşan ofisianta hesabı ödəyib ayağa qalxdı. Kafedən çıxıb asta addımlarla bayaq dayandığı, hələ səhər gələrkən müşahidə üçün seçdiyi yerə tərəf addımladı. Ancaq ora çatar-çatmaz bir anda hər şey dəyişdi. İzlədiyi adam birdən maşının mühərrikini işə salıb elə dayandığı istiqamətdə, sürətlə çəkməçinin yanından keçib sağ tərəfə, səhər Layiqənin döndüyü küçəyə dönərək gözdən itdi. Hər şey elə tez baş verdi ki, Layiqə istəsəydi belə, onu izləyə bilməzdi. Ancaq bu vacib deyildi. Şefi ona, adamı imkan olarsa izləməyi tapşırmışdı. Əsas lazım olan şeyləri onsuz da dəqiqləşdirmiş Layiqə yavaş-yavaş az əvvəl maşının dayandığı yerə tərəf getdi. Ora çatanda ayaqqabısının bağını düzəldirmiş kimi əyilib adamın ara vermədən çəkib yerə atdığı siqaret kötüklərindən birini hiss olunmadan götürdü. Görünür, nasaz vəziyyətdə olduğundan, dayandığı yerdə maşının motorxanasından süzülən yağ damcılarından asfaltın üzərində yağ ləkələri qalmışdı… 

 

* * *

Arxa oturacaqlarından birində boş yer tapıb oturduğum avtobus məni Buzovnaya aparırdı. Adətən sükan arxasında olanda daha çox yola fikir verməli olur, yol kənarındakı mənzərələrə o qədər də diqqət ayıra bilmirsən. İndi sərnişin kimi oturduğum avtobusda çox sevdiyim şəhərimizin bir-birini əvəz edən gözəl mənzərələrini seyr etdikcə nə qədər dəyişikliklərin olduğunun fərqinə varırdım. Bakı və Bakıətrafı doğrudan da doğma olmaqla yanaşı, həm də çox gözəldir.

Mərdəkan körpüsünün yanından keçən avtobus körpünün altındakı dairədən sola, Buzovnaya dönmək üçün sürətini azaltdı. Bu dairədən sonra Xəzərin sahilində yerləşən Buzovna qəsəbəsi başlayırdı - deyilənə görə, Bakının ən qədim kəndi olan, sonradan böyüyüb qəsəbəyə çevrilən, mərd kişiləri ilə tanınan Buzovna.

Bir qədər irəlidə, «Əli ayağı» ziyarətgahına dönən yoldan sonrakı dayanacaqda düşəcəkdim.

Beş dəqiqə sonra avtobus dediyim dayanacaqda dayandı. Düşüb elə həmin dayanacağın yanındakı yeraltı keçidlə yolun əks tərəfinə keçdim. Qəsəbənin yolunu çarpaz kəsərək «Vişnyovka» kimi tanınan Albalı bağları, Maştağa, Nardaran istiqamətinə gedən tunelin tuşuna çatanda sağa döndüm. Dönən kimi təxminən on beş metr irəlidə «Rahib» restoranı var. Gəldiyi gün də qayıtmalı olduğu ezamiyyətləri zamanı Stepanla həmişə burada görüşərdik, hava limanına yaxın olan bu restoranda. Geniş həyəti olan restoranın hər yeri yaşıllıq olmaqla yanaşı bir-birindən aralı yerləşən, taxtadan tikilmiş kabinetləri olduqca rahatdır. Yeməklərinə isə söz ola bilməz.

Məni qarşılayan gənc boş kabinetlərdən birinə ötürdü. Oturduqdan sonra saata baxdım. İyirmi dəqiqə sonra Stepan gələcəkdi. Onun çox sevdiyi turşulu dana basdırması, iki şiş quzu kababı sifariş verib soyuq qəlyanaltılar və içikilərlə birlikdə düz saat 1-də gətirməsini ofisianta tapşırdım. Sifarişi alıb çıxan gəncin ardınca mən də əllərimi yumaq üçün həyətə çıxdım. Həyətdəki gül-çiçəyin ətri adamı valeh edirdi. Əllərimi yuduqdan sonra, dostum gələnəcən həyətdə gəzişməyi qərara aldım. Bir də kim bilir nə vaxt yolum buraya düşər. 

 

* * *

Qıvrımsaçlı əlindəki siqarı stolun üstündəki külqabına qoydu, qarşısında buğlanan, altında kömürlər cızılldayan saca baxıb ləzzətlə əllərini bir-birinə sürtdü. Bu adamın bir zəif cəhəti siqardan ayrıla bilməməsi idisə, ikinci zəif yeri yemək idi. Həyatda yemək onun üçün çox önəmli yer tutur, hər gün nə yeyəcəyini qabaqcadan aşbazına sifariş verirdi. İndi də az əvvəl tapşırdığı, qızardılmış mal ciyəri ilə kartoflara baxanda kefi kökəlmiş, heç vaxt damağından düşməyən siqarını bir kənara qoymuşdu.

Qapı açıldı və bayaq onunla hovuzda olan qızlar yenə də çılpaq halda içəri girdilər. Ancaq qıvrımsaçlı onları süfrəyə yaxın gəlməyə qoymadı.

-Gedin əyninizə bir şey geyin, sonra gəlin. Süfrəyə çılpaq oturmazlar. Bir tikə bərəkətimiz qalıb, onu da siz qaçırmayın.

«Bir tikə bərəkətimiz qalıb» deyəndə, iki möhtəşəm villası, dörd maşını, xeyli sayda obyektləri olan, ömründə bir adama təmənnasız əl tutmayan qıvrımsaçlı, son zamanlar başlayan iqtisadi böhranla əlaqədar aylıq qazancının üç yüz min manatdan iki yüz min manata enməsini nəzərdə tuturdu.

Bir azdan əyinlərinə xalat geyinmiş qızlar qayıtdılar. Onlar gələnəcən öz boşqabını yeməklə doldurmuş ev sahibi sacın içindək taxta qaşıqla qızların da boşqablarına yemək çəkdi.

-Hə, indi başlamaq olar.

Ciyər tikəsini ağzına qoyan qızlardan biri, -Oy, necə də dadlıdır,-deyib ağzını marçıldatdı.

-Hələ bu nədi ki. Axşama sizə kefli beçə bişirtdirəcəyəm, barmaqlarınızın onunu da yalayacaqsız.

Ayrı vaxt zəhmindən az qala yer yarılan bu adam yeməyə oturanda sanki birdən-birə dəyişib başqa bir adam olur, kefi son dərəcə kökəlirdi.

Gənc yaşlarında mübahisə etdiyi bir həmyaşıdını bıçaqla vurub həbsxanaya düşərkən elə birinci naharda həbsxana yeməklərini görəndə necə iyrənmişdisə, ödü ağzına gəlmiş, üç gün dilinə heç nə vurmamışdı. Elə onda özünə söz vermişdi ki, azadlığa çıxandan sonra dünyanın ən dadlı yeməklərini yeyib, ən bahalı içkilərini içəcək. Fasilə vermədən fışqırtdığı Kuba istehsalı olan siqarının bir dənəsi isə dolların manata nisbətində təxminən səksən manata başa gəlirdi.

Təbiətən çox ürəkli biri olan bu adam, gənc olmasına baxmayaraq, davranışı, iti dili və qolunun gücü ilə qısa müddətdə həbsxanada özünə yer edə bilmiş, bunu görən avtoritetli məhbuslar öz yanlarına çəkərək həbsxana qanunlarının incəliklərini ona öyrətmişdilər. Onların təsiri ilə həbsxana həyatının romantikasına aludə olan, ilk cinayətinə görə yeddi il həbs cəzası alan gənc məhbuslardan birini də xəbərçilik etdiyinə görə bıçaqla vurduğuna görə cəzasına daha beş il əlavə olunduğu üçün on iki ildən sonra azadlığa çıxmışdı.

Kobud xarıcı görünüşünə və sifət cizgilərinə görə ilk baxışdan o qədər də ağıllı adam təsiri bağışlamayan qıvrımsaçlı, əslində, çox dərin zəkaya malik biri idi. Bu qabiliyyətlərinə bələd olan avtoritetlər ona «Qızılbaş» ləqəbi vermiş, azadlığa çıxdıqdan sonra onlara məxsus bəzi sahələrə nəzarəti ona tapşırmışdılar, onun bacarığı sayəsində bu sahələrdən «oğru kassa»sına gələn gəlirin miqdarı qısa zamanda xeyli artmışdı. «Qanuni oğru» adı daşımasa da, onun gec-tez bu adı alacağı heç kimdə şübhə doğurmurdu.

«Qızılbaş» vaxtının çoxunu elə bu villada keçirir, nadir hallarda buranı tərk edirdi. Onun məkanı barədə çox az adamın məlumatı var idi. İşlərin çoxunu telefon zəngləri və əlinin altında işlətdiyi adamlar vasitəsilə həyata keçirirdi. Adamlarını göndərdiyi yerlərdə bircə dəfə adının çəkilməsi hər şeyin həllini tapmasına kifayət edirdi.

Yeməyini bitirən «Qızılbaş» bayaqdan sönmüş siqarını götürüb damağına qoydu, alışdırıb dərin bir qullab vurdu, tüstünü sinəsinə çəkdi. Yağlı yeməkdən sonra siqarın tüstüsü sinəsinə yağ kimi yayılıb onu xumarlandırdı. Elə bu vaxt telefonuna zəng gəldi.

-Danış, Aydəmir.

-Dediyiniz kimi, günortaya qədər çəkməçini izlədim. Diqqət çəkən bir şey olmadı. Qoca kişidir, elə başını aşağı salıb öz işini görür. Məni izləyən biri də gözümə dəymədi. Olsa idi mütləq görərdim. Boş küçədir. Düz saat 3-də maşını işə salıb Xırdalandakı evə sürdüm. Yolboyu da məni izləyən elə bir maşın gözümə dəymədi. Ancaq hər-halda tapşırığı axıradək yerinə yetirdim. Maşını oradakı həyətə salıb bir qədər gözləyəndən sonra arxa qapıdan çıxıb qayıtdım. İndi şəhərdəyəm, nə tapşırığınız var?

-Dörd dənə yaxşı kənd çolpası al, bura gəl. Aşbaza de, axşama yaxşı bir kefli beçə hazırlasın. Sonra çıxıb gedə bilərsən. Mən bir az dincələcəm. Lazım olsan, çağıraram. Hə, bir də, Eyvaz sabah da o ofisə nəzarəti davam elətdirsin, sənsə izləməni dayandır.

-Baş üstə.

Telefonu kənara qoyan ev sahibi üzünü qızlara tutub dedi:

-Doydunuz, indi qalxın yataq otağına, duş qəbul eləyin, bir azdan mən də gəlirəm.

-Bizi çox intizarda qoyma, -deyən qızlar şıltaq-şıltaq gülüb otaqdan çıxdılar.

Tək qalan «Qızılbaş» bir qədər fikrə gedib sonra öz-özü ilə danışırmış kimi dedi:

-Bilmirəm kimsən, nəçisən, Bəxtiyar, ancaq get-gedə mənimçün maraqlı olmağa başlayırsan. Mənə bir yem atdığını düşündün, indi mənim atdığım yemi ye görək. Səni nə gözlədiyini hələ bilmirsən…

 

* * *

Düşündüyüm kimi, saat 1-də Stepan restoranın həyətinə girdi. Uzaqdan əl eləyib mənə tərəf gəlməyə başladı. Çoxdan görmədiyim dostumla qucaqlaşıb görüşdük. Ayaqüstü hal-əhval edəndən sonra kabinetə keçdik. İki dəqiqə sonra kabinetin qapısını döyən ofisiant verdiyim sifarişlərlə içəri girdi. Yeməkləri süfrəyə düzüb, -Bir şey lazım olarsa, divardakı zəng düyməsini basın, -deyərək otaqdan çıxdı.

-Möhkəm acmışam, -deyən Stepan dana basdırması tikələrindən birini götürüb boşqabına qoydu.

-Elə mən də, -deyib, əlimi süfrəyə uzatdım.

-Görəsən, bu dana basdırmasını bizdə niyə belə bişirə bilmirlər?

-Hər millətin özünəməxsus mətbəxi var. Rus xanımlarının da hazırladığı bir çox dadlı yeməklərdən doymaq olmur. Bircə, bu donuz ətiniz olmasa, -deyib gülümsədim.

Donuz ətinə münasibətimi bilən Stepan əlini yelləməklə kifayətləndi.

İkimiz də iştahla yeməyə girişdik. Dostum ac olanda danışmağı sevmir, süfrəyə oturduğu ilk iyirmi dəqiqədə qarnını doyurur, sonra söhbət edə-edə hərdən ağzına nəsə atmağı xoşlayırdı. Bunu bildiyim üçün mən də sakitcə yeməyimi yeyir, ona heç bir sual vermirdim.

Bir azdan salfetlə əlini-ağzını silib oturduğu stulun söykənəcəyinə yayxanmasından Stepanın yeməyə ilk həmləsini başa çatdırdığını anladım.

-Hə, danış görək nə var, nə yox? -Stepan ikimizin də bokalına qazlı su süzüb soruşdu.

-Bizdə hər şey qaydasındadır, qonşu Rusiyada vəziyyət necədir?

-Orada da hər şey yaxşıdır. Hərdən azərbaycanlı kolleqalarımızın köməyinə ehtiyacımız olur. İndi də bir məsələ çıxıb. Güman edirəm ki, sizlərin köməyi ilə onu tez bir zamanda həll edə biləcəyik. Hələ ki, hadisələrin gedişatını gözləyək, -dostum mənalı-mənalı mənə baxdı.

Belə məsələlərdə, peşəkarlar arasındakı söhbətlərdə hansısa sualı vermək qəbulolunmaz idi. Stepan lazım bildiyini demişdi. Mənim də artıq sual vermək fikrim yox idi.

-Quzu kababından da azca dad, soyuyur.

Bu, söhbəti dəyişmək üçün deyilən bir cümlə idi. Dostumun son cümləsi, əgər zərurət yaranarsa, gələcəkdə bu məsələdə mənim də köməyimdən yararlana biləcəyini istisna etmirdi və mən bunu çox gözəl anladım.

 

* * *

Eyvaz acdığını hiss edib saata baxdı. Günorta nahar əvəzinə bir dönər alıb yeməsindən düz beş saat keçmişdi. Saat 6 idi. Əlində tutduğu yarıya qədər su ilə dolu plastik butulkanın qapağını açıb suyun hamısını birnəfəsə başına çəkdi. Sonra dodaqaltı, öz-özü ilə danışırmış kimi donquldanmağa başladı:

-Daha dönər yeməyəcəm. Bayaqdan mədəm ağrıyır. Eybi yox, birtəhər dözərəm. Bir az da dayanım, çıxım gedim evə. Yəqin daha bu vaxtacan heç kim gəlmədisə, bundan sonra bu ofisi açan olmaz, dayanmağın nə mənası? Bu Bəxtiyar kimdirsə, məni bütün işimdən-gücümdən elədi bu iki gündə.

Eyvaz bunları fikirləşərkən üzbəüzdə, izlədiyi ofisin qarşısında qara rəngli «Mercedes» dayandı. Arxa sol qapıdan düşən orta yaşlı, kepkasını gözünün üstünə basmış, qara eynəkli kişi qapını örtən kimi maşın yerindən tərpənib uzaqlaşdı.

Bir ayağı axsayan kişi, asta addımlarla üzərində «Detektiv Agentliyi» yazılmış ofisin qarşısından keçib bir qədər irəlidəki geyim mağazasına girdi.

Onu diqqətlə nəzərdən keçirən Eyvaz, öz-özünə, -Əşşi yox, bu da deyil. Bəxtiyar enlikürək, idmançı qamətlidir, bu yazıq lap büzüşüb ki. Hələ ayağını da çəkir. Ofisə tərəf də heç baxmadı. Aha, bax, paltar dükanına girdi, -fikirləşib, əlindəki boş plastik su qabını tullamaq üçün yaxınlıqdakı zibil qutusuna tərəf getdi.

 

* * *

Stepanı aparmaq üçün göndərilmiş xidməti maşında birlikdə aeroporta gəlmişdik. Onu yola saldıqdan sonra elə şəhərə gələn həmin maşın məni az əvvəl ofisin qarşısında düşürüb getmişdi. Qiyafəmi və yerişimi bir qədər dəyişməyim kifayət emişdi ki, artıq «fərasətinə» bələd olduğum, məni izləmək üçün dünənki yerində dayanacaqda dayanmış yemişbaş məni tanıya bilməsin.

İndi girdiyim qonşuluqdakı geyim mağazasının şüşəli qapısının arxasında dayanıb ona baxır, bu izləmədə məni narahat edən əsas sualın cavabını tapmağa çalışırdım. Hər halda, nə isə düz getmirdi və bunu hiss edirdim. Mənim nəzərimdə yolun o biri tayında dayanmış, dünəndən məni izləyən adamla onun dayandığı yerin yaxınlığındakı söyüd ağacının heç bir fərqi yox idi. Görəsən belə bir izləmədə məqsəd nə idi?

Əgər dünən bu yemişbaşın hərəkətləri mənə bir qədər də məzəli gəlirdisə, indi ona baxarkən hissiyatım tamam başqa şey deyirdi. Belə izləmə olmur. Bütün ömrünü əməliyyat işinə həsr etmiş, qorxu nə olduğunu bilməyən polkovnik Dadaşzadə mənimlə görüşə hətta qiyafəsini dəyişib gəlirsə, mobil telefonla belə bütün əlaqələri qadağan edib son dərəcə ehtiyatlı olmağımı tapşırırsa, bu rəqibin nə qədər ciddi və təhlükəli olmasından xəbər verir. Yooox, ehtimallarımda yanılmıram, qarşı tərəf nə isə oyun oynayır. Sonu heç də yaxşı görünməyən bir oyun…

Ağacın yanından keçəndə mənə lazım olan işarənin verildiyini görmüşdüm. İndi lazım olan məlumatı götürmək üçün getmək olardı.

Mağazadakı tanış qızlarla hal-əhval edib arxa qapıdan çıxacağımı dedim. Belə hərəkətlərimə öyrəşmiş qızlar, -Necə istəyirsiniz, -deyib gülümsədilər. Mağazanın arxa qapısı köhnə yaşayış binasının həyətinə açılırdı. Həyətə, oradan da küçəyə çıxdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(23.06.2023)