Ürəyinə ağrıma dedi, amma ürəyi dayandı… Featured

Rate this item
(1 Vote)

REKVİYEM

 

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

 

Bir vaxtlar bir Xaliq Oğuz vardı, gözəl dost idi, gözəl insan idi. Əslən Laçından idi, Sumqayıtda doğulub boya-başa çatmışdı.

Biz onunla BDU-dan, tələbəlik illərindən tanış idik. 

Gözəl də şeirlər yazırdı Xaliq. Birində ürəyinə xitab edərək yazmışdı:

 

Kiməsə ümidəm, kiməsə dayaq,

Kiməsə bir quru təsəlliyəm mən.

Hardasa şöləsi zəif bir çıraq,

Hardasa lap günəş məsəlliyəm mən.

Çağırır ardınca neçə yol, cığır,

Əlçatmaz zirvələr səsləyir məni.

Bir ana mən gedən yollara çıxır,

Bir gözəl nigaran gözləyir məni.

Nə ömür yarıdır, nə mənzil hələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Nə biləydi ki, cəmi 33 yaşında ürəyi ona naxələf çıxacaq, onu dünyadan vaxtsız aparacaq.

Bizim çevrəmizdə İbrahim İlyaslı var idi, Rauf Qaraişıq var idi, Əyyub Qiyas var idi…

İbrahim Xaliq barədə gözəl bir yazı hazırlayıb: “Məni bircə nəfər duyan olaydı...” adlanır. 

 Məni bircə nəfər duyan olaydı... Təkcə hər şairin yox, hər insanın, ümumiyyətlə, hər varlğın ən böyük istəyi, ən böyük arzusu elə bu deyilmi?! O duyğularda nələr vardı, nələr yoxdu... Gənc şair olasan, ürəyində bir-birini qovan arzular ola... Və bir gün qəfil hər şeyin sonu...

1980-ci illərin sonları... Milli oyanış,.. Gəncliyin qan-qan deyən zamanı... Handa ədəbi gənclik ola... Fədailik duyğusu və düşüncəsi...

Bizim ədəbi nəslin məndən də öncə tanınan, bilinən bir ismi – Xaliq Oğuz!!!

O zaman üçün, təkcə, bu təxəllüsü götürmək adamdan cəsarət istəyirdi. Xaliq öncə bunu bacardı. Sonra SSRİ-nin çökməyə doğru getdiyini daha tez duydu və həm təşkilatlanma, həm də maddi durum üçün böyük arzular dalınca qoşdu...

 

Bu yazı bu gün portalımızda dərc ediləcək. Onu mütləq oxuyun. Və bilin ki, bu dünyadan bir Xaliq Oğuz da keçib. 

“Ağ gün axtarıram, ağ həblər atıb” deyən Xaliq Oğuz.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)