“Sevginin yaddaşı” - Səbinə Yusifin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Həvəskarların yaradıcılığı bölümündə sizlərə Səbinə Yusifin “Sevginin yaddaşı” hekayəsini təqdim edir. 

 

- Bir sevgi istədim Tanrıdan. Vətən kimi müqəddəs. Bəxş etdi mənə. Sənin sayəndə. O sevgini heç nəyə dəyişə bilmərəm.

- Mən də bir sevgi istədim Tanrıdan. Saf, təmiz. Bəxş etdi mənə. Sənin sayəndə. Mən də səni heç kimə dəyişə bilmərəm.

- Bəs necə edək? Zaman keçib. Bu sevginin əlacı ayrılıqdan başqa bir şey deyil. Biz bir-birimiz üçün əvəzolunmaz olsaq da, susmalıyıq. Çünki çox gec.

- Bircə sən "hə" de. Hər şey düzələcək.

- Heç nə düzəlməyəcək. Bu mümkün deyil.

 

Öz aralarındakı dialoqu yenidən lent kimi gözləri önünə gətirən mayor siqareti siqaretin arxasınca yandırırdı. Stolun üstündəki külqabı siqaret kötükləri ilə dolmuşdu. Heç o da bilmirdi bu eşq necə tapıb onu. Otağı təmizləmək üçün gələn xadiməyə isə bu gün işdə qalacağını və otağın təmizlənməsinə ehtiyac olmadığını dedi. İşdən evə getmək də istəmirdi. Özü də olanları təhlil etməyə çətinlik çəkirdi. Axı onlar çox möhkəm dost idilər. Və bir-birinə qarşı heç bir hissləri yox idi. "Bəs yaxşı indi nədən bunlar baş verir? Mən niyə onu düşüncəmdən qoparıb ata bilmirəm?" -deyib, iki əli ilə başını tutdu. Bütün olanları bir-bir xatırlamağa çalışırdı: "Müharibə vaxtı məni ən çox o axtardı. Halımı o soruşdu. Elə müharibədən qayıdanda da mənimlə görüşəndə onun sevincinin həddi-hüdudu yox idi. Yaxşı başa düşürəm. O bunları bir dostum kimi edirdi. Başqa münasibət onun ağlından keçmirdi. Yaxşı bəs mən? Niyə onu sevdim? Niyə özümü də ona sevdirdim? Axı mən bunları bilə-bilə etmədim. Hər şey qəfil oldu. Sevgi gələndə səs etməz deyirlər. Ancaq bizim sevgimiz odlu-alovlu müharibədən bir yadigar qaldı sanki. Bizim sevgimiz müharibə ilə birgə gəldi". Düşüncələrinə hakim kəsilə bilməyən mayor pəncərədən çölə doğru baxdı. Saatın necə sürətlə irəlilədiyinin fərqində olmadığını anladı. Şəhərin küçə lampaları yanır, göydə  ulduzlar Aya naz edirdilər sanki. Ulduzlara baxa-baxa birdən dostunun həmişə söylədiyi şeirdən bir bənd yadına düşdü:

Ulduzlar köz-köz olub,

Bir oğlan, bir qız olub.

Gəl biz də ulduz olub,

Göy üzündə görüşək.

Kaş bizim də Göylərə getmək imkanımız olaydı, deyib, özündən asılı olmadan hönkürtü ilə ağladı. Bəs deyirlər, kişilər ağlamaz, deyib yenə də öz-özünə danışmağa başladı. Kişilər də ağlayarmış sən demə. İlahi sevgiyə tuş gələndə, ürəyinin dərinliyində onu duyan birinin var olduğunu hiss edib, ona uzaqdan baxmağa məcbur olanda kişilər də ağlayarmış.

Yanan ürəyinə sərinlik gətirmək üçün bir stəkan sərin suyu birnəfəsə içəndən sonra yenə də öz-özünə danışmağa başladı: 

-Sevgi də müharibə kimidir. Ya döyüşüb hisslərinə qalib gəlməlisən. Ya da hisslərinin əsiri olmalısan. Elə müharibədə də ən dəhşətlisi əsir düşməkdir. Əsir düşmək bir hərbçinin ən çox ehtiyat etdiyi məqamdır. İndi mən bir sevginin əsiri olmuşam. Artıq heç nədən də ehtiyat edə bilmirəm. Yaxşı gecənin bu vaxtı görən o neynir? Bəlkə zəng edim? Heç nə deməyim. Hal-əhval olum. Səsini eşidim. Yox, yenə də eyni sözləri deyəcək: Gecdir daha. Yaxşı bəs mən nə edim? 

 

Aidə də pəncərinin qarşısında dayanıb ulduzlara baxırdı. İndi görəsən o nə edir? Kaş ki, biz heç bir-birimizi tanımayaydıq. Hər şeyin ən möhtəşəmi ən sıldırımlı yollardan keçir. Belə möhtəşəmlik mənim nəyimə lazım idi? Sevirəm. Ancaq imkansız. İmkansızı sevmək bəlkə də günahdır. Mən günah edirəm. Ancaq nə edim?! 

Elə bu vaxt Aidəyə zəng gəldi: "Odur. Bəlkə cavab verməyim. Yox, cavab verim. Bəlkə vacib sözü var. Bəlkə yenə ön cəbhəyə gedir". 

- Alo.

- Salam.

- Salam.

- Necəsən?

- Şükür. Sən necəsən?

- Yaxşıyam. Sənin üçün darıxmışam.

- Darıxma.

- Niyə?

- Gecdir.

- Heç nə gec deyil, Aidə.

- Gecdir. Həm də çox gec.

-Sən bir dəfə hə de. Sonra biləcəksən ki, heç nə gec deyil. Səni tanıdığım üçün bilirsən nə qədər xoşbəxtəm? Dünyaya yenidən gəlmək imkanım olsaydı, yenə də axtarıb səni tapardım.

- Niyə?

- Eşq niyəsizdir. Sən mənim Eşqimsən.

- Mən də səni niyəsiz sevdim. Vətən kimi sevdim səni. Ancaq gəl razılaşaq ki, bu Eşq zamansız tapdı bizi. 

- Sən bizim Eşqimizə zamansızmı, deyirsən? Eşqin zamanımı olur, gülüm? 

- Eşq Göylərdə məhdudiyyət tanımır. Ancaq Yerdə zaman önəmlidir.  

- Sən mənim Göy Adamımsan. Bunu bilmirdin? Səninlə söhbət edəndə Yerdə yox, Göylərin ənginliklərində oluram.

- Yaxşı, Göy Adamım gecənin bu aləmində nə yaxşı zəng edib, bilmək olar?

- Sabah ön cəbhəyə gedəcəm. Xəbər etmək üçün zəng etdim. Qayıdım, görüşərik. Sən mənim nəfəsimsən. Məni nəfəssiz buraxma.

-Şamil.

-Can

-Ehtiyatlı ol.

-Narahat olma.

-Gecən xeyrə qalsın. Yolun uğurlu olsun.

-Xeyirə qarşı. Can dostum, ruh dostum, aldığım nəfəs hamısı sənsən. Öpürəm səni.

 

Onlar sağollaşmaq istəməsələr də bir-birinə astadan "sağ ol", deyib yenə də təklikləri ilə baş-başa qaldılar. Hər ikisi düşüncələr içində yatmağa çalışırdı…

 

*

Səhər saat 5-də Şamil şəxsi heyətlə ön cəbhəyə yola düşdü.

 

*

Aidə gecəni yata bilmədi. Səhərə yaxın gözünə yuxu getdi. Fikirlər içində yuxuya gedən Aidə qorxulu yuxu gördü: Şamil saysız-hesabsız bir dəstənin önündə gedir. Birdən kənardan bir nəfər qara at gətirib Şamilə verir, “Bu at sənindir, ata min”,- deyir. Şamil qara atın tərkinə minir və at qanadlanır, Şamili götürüb bir göz qırpımında yoxa çıxır. 

Qorxu içində oyanan Aidə tez saata baxdı. Saat 7-yə işləyirdi. Şamilə zəng etdi. Ona zəng çatmırdı. Ağlaya-ağlaya rəfiqəsinə zəng etdi. Yuxusunu danışdı. Rəfiqəsi Aidəyə təsəlli etdi: Ay qız, narahat olma. At muraddır. Xeyir xəbər eşidəcəksən. 

Rəfiqəsi ilə sağollaşıb çarpayıya uzandı. Yarım saat keçməmiş Aidəyə bacısından zəng gəldi. 

- Salam.

- Salam.

Sonra bacısı susdu. Aidə dərhal nəyinsə pis bir şeyin baş verdiyini duydu. “Nə olub, niyə zəng edib susursan?” deyə suallar yağdırdı.

Bacısı nəhayət dilləndi:

- Şamildən xəbərin var.

Həyəcandan az qaldı dili tutula. 

- Nə olub ki?!

- Ön cəbhəyə gedirmişlər. Şəhərdən çıxanda qəzaya düşüblər. Şamil həyatını itirib.

Aidə fəryad çəkdi:

- Ola bilməz. Şamil odların ağzından salamat gəlib. Şamil dağların zirvəsinə qalxıb. Şamil şəhərin asfalt yollarında ölümə təslim ola bilməz!

“Yalan deyirsən” nidasıyla Aidə qışqırmağa başladı.

 

*

Şamilin nəşi dəfn olunanda Aidə yaddaşını itirmişdi.

28 avqust, 2022-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)