Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

 “Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

7-ci dərc

 

-Keç içəri.

Bayaq gözləməsini tapşıran kişinin səsi yemişbaşı xəyallardan ayırdı. O, tələsik addımlarla onu çağıran adamın açıq saxladığı qapıdan içəri keçdi.

-Gəl, Eyvaz, gəl. Danış görək neylədin, nə öyrənə bildin və necə oldu ki, izləməyi tapşırdığım adamı itirdin.

Qarşısındakı, daha doğrusu özünün büzüşərək qarşısında durduğu, iri kresloya yayxanmış, siqar çəkən adamın sakit danışığı yemişbaşı qətiyyən sakitləşdirmədi. Uzun illər xidmətində durduğu bu adamın xarakterinə yaxşı bələd olduğu üçün, onun elə bir çox adamların taleyi ilə bağlı qərarları da belə sakit tərzdə verməsinin dəfələrlə şahidi olmuşdu.

-Əvvəlcə hər şey yaxşı gedirdi. Hətta onun çəkməçi işləyən bir nəfərlə görüşüb gizli məlumat almasını da öyrənə bildim. Ancaq metroda mindiyimiz qatar tərpənərkən, deyəsən çoxdan görmədiyi tanışını görüb birdən vaqondan düşməsi hər şeyi korladı. Qapılar bağlandığı üçün mən vaqonda qaldım və onu itirdim.

-Həmin tanışı dediyin adamın neçə yaşı olardı?

-Təxminən eyni yaşda olardılar, qırx ya bir qədər az.

-Sifətini görə bildin?

-Yox, qucaqlaşandan sonra tanışı fırlandı və arxası mənə tərəf olduğu üçün görə bilmədim.

-O da Bəxtiyarı qucaqladı?

-Hə, deyəsən qucaqladı - Eyvaz verdiyi cavabın düzgünlüyünə əmin olmadığı üçün qeyri-ixtiyari boynunun dalını qaşıdı.

-Yaxşı.

Oturan adam gözlərini qıyıb nəsə fikirləşməyə başladı. Kreslonun böyrünə dayaq verdiyi əlindəki barmaqlarının arasında tüstülənən siqarın külü döşəməyə sərilmiş bahalı xalçaya dağılsa da, o buna əhəmiyyət vermir, bir nöqtəyə baxmaqda davam edirdi.

Yemişbaş sakitcə onun nə deyəcəyini gözləyir, nəfəsini də ehtiyatla alırdı ki, ona mane olmasın.

-Qoy sən deyən olsun…

Nəhayət kreslodakı adam dilləndi.

Onun dediklərindən heç nə başa düşməyən yemişbaş əvvəlcə bir qədər döyükdü. Sonra ehtiyatla soruşdu:

-Bağışlayın, ancaq başa düşmədim.

       Qarşısındakı onun bu sualına əhəmiyyət verməyib dedi:

-İndi gedə bilərsən. Sabah tezdən burada ol. Aydəmirə çəkməçi dükanının yerini nişan verəcəksən səhər.

İzlədiyi adamı itirdiyinə görə danlanacağını gözləyən yemişbaş, bu sözlərdən sonra bir qədər rahat nəfəs aldı, -Oldu, baş üstə, sağ olun, - deyib cəld otaqdan çıxdı.

 

* * *

Deyəsən xeyli yatmışam. Havanın qaralması onu göstərir ki, yuxuya getməyimdən azı iki saat keçib. Divandan qalxıb əl-üzümü yumaq üçün hamamxanaya keçdim. Soyuq su məni əməlli-başlı ayıltdı.

Yuyunub qayıdanda bayaqdan sakitlik çökmüş məhəllədə bir uğultunun yarandığını eşitdim. Bu uğultu məhəllə kişilərinin polis bölməsindən qayıtmalarının əlaməti idi. Hamının eyni vaxtda danışması səslərin bir-birinə qarışaraq evə uğultu şəklində gəlməsinə səbəb olurdu. Qayıtmaları yaxşı oldu. Məhəlləyə çıxıb nə baş verdiyini öyrənmək mənim üçün bir tərəfdən qonşu kimi vacib idisə, digər tərəfdən keçmş polis zabiti və peşəkar kimi buna borclu idim.

Geyinib həyətə düşdüm. Kişilərin gəldiyini görən arvadlar da küçəyə çıxmışdı, hərə öz həyat yoldaşından nə baş verdiyini soruşurdu. Bu qarışıqlıqda ağız deyəni qulaq eşitmirdi. Birdən başına yığışan insanların arasında məni görən Qələndər uca səslə qışqırdı:

-Bu nə işdir, Bəxtiyar, gör başımıza nələr gəldi. Heç bilmirəm nə olub. Günorta nahar eləyib hamımız yatmışdıq, birdən polislər gəldilər, qapını döyüb bizi oyatdılar, dedilər Salamı aparacaqlar, guya cinayət törədib. Mənim uşağım neyləyib axı, evdə yatan yerdə balamı oyadıb apardılar.Salamımı bölmədə saxladılar. Deyirlər qatildir, adam öldürüb. Mənim oğlum qatil ola bilməz axı Bəxtiyar, sən ki, Salamı tanıyırsan?!

Bu haraydan məhəlləyə yenə də sükut çökdü. Bu haray halal zəhməti ilə, əlinin qabarı ilə övladını böyüdüb ona gözəl tərbiyə vermiş, oğlunun qatil olacağına heç bir vəchlə inanmaq istəməyən atanın harayı idi.

Hamı kövrəlmişdi, hamı susurdu. Yaxınlaşıb “Günorta nahar eləyib hamımız yatmışdıq” kəlmələri ilə məni təəccübləndirmiş (günorta nahar edib bütün ailə üzvlərinin yatması sizə müəmmalı gəlmir ki?) Qələndərin qoluna girdim.

-Sakit ol, Qələndər, polis bölməsində nə dedilərsə, hamısını mənə danış.

-Nə deyəcəklər, guya Salam dünən gecə saatlarında maşınla adam vurub qaçıb. Adam da ölüb. Axı oğlum səhərə qədər işdə olub, o necə kimisə vura bilərdi həmin vaxt? - Qələndər ağlamsındı.

-Vurulan adam uşaqdır ya böyük, kişidir, ya qadın, yerində ölüb, ya həkimə çatdırıblar?

-Kişidir dedilər. Təxminən qırx beş yaşında. Yerindəcə keçinib. Adamları da bölmənin qabağında idilər. Beş-altı kişi idi. Hamısı da «quldura» oxşayırdı. Salamın atası olduğumu biləndə az qalmışdı məni öldürsünlər. Əvvəl qonşular, sonra polislər araya girdi. Zorla əllərindən aldılar məni.

-Salamın maşını haradadır?

-Polis bölməsinin həyətində. Dedilər, hələlik orada qalması lazımdır. Bayaq uşağı aparanda maşını da apardılar.

-Yaxşı, narahat olma, Salamı hamımız tanıyırıq, bilirik ki, başına belə bir hadisə gəlsə, heç vaxt qaçıb gizlənməzdi, ilk növbədə vurduğu adama kömək edər, səndən də bunu gizlətməzdi. Günahı yoxdursa, polislər hər şeyi aydınlaşdırıb buraxacaqlar.

-Dedilər, sübutlar var. Daha bilmədim nə subütlardı, demədilər. İndi mən neyləyəcəm,  Bəxtiyar?

-Sakit ol. Axşamın xeyrindən səhərin şəri yaxşıdır. Sakit ol və keç evə, yoldaşına ürək-dirək ver. Yəqin səhər nəsə bilinər.

-Çox sağ ol, Allah hamınızın köməyi olsun, ay qonşular.

Qələndərdən ayrılıb evə qayıtdım. Görəsən bölmədə deyilən sübutlar nə sübutlardır?

Bunu sonraya saxlayaq. İndi bəzi şeyləri edib, getmək olardı. Yatarkən söndürmədiyim televizorun pultunu götürüb səsini minimuma endirdim. Sonra avtomatik sönmə rejiminə qoyub dörd saat vaxt müəyyən etdim. Əgər evim nəzarətdədirsə, qapıdan çıxmadığımı görən izləyicini televizorun işləməsi bir qədər də arxayınlaşdıracaqdı və evdə olduğuma əminliyi artacaqdı. Televizor isə gecə yarısı öz-özünə sönəcəkdi. Qoy fikirləşsinlər ki, yatmağa uzandım. Yəqin ki, mən təxminən həmin vaxt yatmağa uzanacaqdım. Ancaq başqa yerdə…

Hamının bir-birini yaxşı tanıdığı Dağlı məhəlləsində yad birinin saatlarla oturub müşahidə aparması real deyildi. Çünki ilk on beş dəqiqədə məhəllə kişiləri yaxınlaşıb yad adamın küçəmizdə dayanması səbəbi ilə maraqlanacaqdılar. Əvvəlcə çox nəzakətlə. Ancaq cavab tutarlı olmasaydı və adam burada dayanma səbəbini izah edə bilməsəydi, bu nəzakət bir anda başqa rəftarla əvəzlənəcəkdi.

Şəhər camaatı məhəlləmizin bu ənənələrinə bələd idi. Bunu yüz faiz bilən qarşı tərəfin də məhəlləyə burnunu soxmayacağını bilirdim. Deməli, əgər evim nəzarətdədirsə, yəqin ki bu, ətrafı hündürmərtəbəli binalarla əhatə olunmuş məhəlləmizdə məsafədən və xüsusi vasitələrlə edilir. Bunu müəyyən etmək heç də asan olmadığından evin izlənib-izlənilməməsini dəqiqləşdirməyə vaxt sərf edib özümü yormağı lazım bilmədim. Sadəcə arxa pəncərədən qonşunun damına, oradan isə arxa küçəyə keçib gedəcəkdim. Ona görə də havanın qaralmasını gözləmişdim. 

Bu mənim üçün vacib idi. Çünki gecəni Gülanənin yanında qalmağı planlaşdırırdım. Gülanə ilə ailə kimi yaşayırdıq. Deyə bilərsiniz ki, niyə ailə yox, ailə kimi? Neçə illər əvvəl bir toy məclisində tanış olduğum bu qadının talelərimizi birləşdirməyə qərar verməsi üçün altı ay səbrlə gözləmişdim. Sonradan şəriətlə kəbin kəsdirib münasibətlərimizi rəsmiləşdirsək də hərənin öz evində yaşamaqda davam etməsinə yekdil qərar vermişdik. Bu yaşam tərzi, işimin xüsusiyyətini nəzərə alaraq mənim üçün çox əlverişli idi. Gülanə isə, sadəcə uzun illər tənha yaşayıb isinişdiyi evindən ayrılmaq istəməmişdi.

Dediyim pəncərədəki dəmir barmaqlıq çöldən heç nə ilə fərqlənməsə də, içəridən bir tərəfi petləli idi, digər tərəfi isə daxili qıfılla bağlanırdı. Qıfılı açdıqdan sonra barmaqlığı qapı layı kimi axıra qədər açmaq olardı. Mənə isə onu azca aralamağım bəs etdi ki, qonşunun damına düşüm. Əlimi uzadıb qıfılı yenidən bağladıqdan sonra pəncərəyə baxdım. İşığını söndürdüyüm evin pəncərəsində yalnız televizordan düşən işığın oynamasını görmək olardı. 

Ayaq səslərim qonşunun evində eşidilməsin deyə, qır örtüklü damda bacardığım qədər ehtiyatla addımlayıb damın qonşu küçəyə birləşən kənarına çatdım. Damın kənarı ilə çəkilmiş yoğun qaz borusundan tutub aşağı sallandım və küçəyə düşdüm. Bu küçə başqa bir ara küçəyə, oradan isə əsas yola birləşirdi.

Gülanənin evi ikinci mikrorayanda idi. Yola çıxıb taksi saxlatdım və gedəcəyim ünvanın yaxınlığındakı başqa bir ünvanı dedim. Sürücünün başı ilə «əyləş» işarəsindən sonra maşına oturdum.

 Axşamın bu saatında evdə olacağını bildiyim üçün gələcəyimi Gülanəyə deməmişdim. Bu qadının ən sevimli məşğuliyyəti ev işləri idi. Həftədə cəmi iki-üç dəfə baş çəkdiyimi bilsə də, hansı gün gələcəyimi bilmədiyindən hər gün iki nəfərlik yemək bişirir, yolumu gözləyirdi. Ancaq bir dəfə də olsun zəng edib gəlib-gəlməyəcəyimi soruşmamışdı, xasiyyətimi bildiyi üçün bunu öz ixtiyarıma buraxmışdı. Onu mənə daha da çox sevdirən cəhətlərindən biri də bu idi.

Hələ ki, yalnız izlənirdim, qarşı tərəfin hər-hansı aktiv addımı qeydə alınmamışdı və düşünmürəm ki, evimdə gecələməyim mənim üçün hansısa təhlükə anlamına gəlirdi. Sadəcə, ilk gündən «rəqib»lərimin əsəblərini oynatmaq qərarına gəlmişdim. Üstəlik də, gecə ya gündüz olsun, araşdırma zamanı sutkanın istənilən vaxtında vəziyyət kəskin dəyişə bilərdi və mən harasa getməli ola bilərdim. Bu qabaqlayıcı tədbirlə, lazım olan anda sərbəst hərəkət imkanlarımı özümdə saxlayırdım.

Fərziyyələrimdə yanılmırdımsa və qarşı tərəf həqiqətən də cinayət aləminin elitasına söykənirdisə, buna isə artıq şübhəm yox idi, bu halda Gülanənin evində qalmağım onun üçün heç bir təhlükədən xəbər vermirdi. Hətta nə yollasa yerimi öyrənmiş olsalar belə, bu aləmin qaydalarını bilən hər kəs bilirdi ki, ailə üzvləri toxunulmazdır və onları hansısa məsələlərə qatmaq olmaz.

Ancaq istənilən halda, neçə illər ərzində varlığından çox az adamın xəbəri olan qadınımın ünvanını kimlərinsə tanıması planlarıma daxil deyildi və pəncərədən çıxaraq getməyimin bir səbəbi də bu idi.

-Çatdıq, qardaş.

-Çox sağ olun, buyurun pulunuzu çıxın.

Sürücü uzatdığım onluğu alıb bir beşlik qaytardı. Sağollaşıb maşından düşdüm. Buradan Gülanənin evinə qədər yüz-yüz əlli metr məsafə olardı.

Əvvəlcə yol kənarındakı mağazaya girdim. Səhv eşitmədiniz, məhz mağazaya. Məni üzdən tanıyan satıcı içəri girdiyimi görcək gülümsədi. O, obyektinin üzərində market yox, mağaza yazıldığı üçün yolum düşdükcə hər dəfə onunla alış-veriş etdiyimi bilirdi.

Bilmirəm mağaza sözü hansı səbəbdən market sözü ilə əvəzləndi və demək olar ki, doğma dilimizə uyğunlaşmış bu sözü az qala tamamilə leksikonumuzdan çıxardı. Ancaq onu bilirəm ki, milyon market ola, bircə mağaza, mən alış-verişi «mağazamız»dan edəcəyəm. Eksperiment üçün evinizdəki kiçik uşaqlara sual verin, görün mağazanın nə olduğunu bilirlərmi? Ancaq marketi hamısı bilir… Başqa dilləri bilmək çox yaxşıdır. Ancaq doğma dilimiz hər şeydən üstün olmalıdır bizimçün.

Bəlkə də razılaşmayacaqsınız. Ancaq mən düşünürəm ki, vətən sevgisi də, millət sevgisi də ən kiçik şeylərdən başlayır…

Gülanə ilə tanışlığımızdan sonra çox sevdiyim «Yubiley» peçenyesini ona da sevdirmişdim. İki qutu peçenye alıb, satıcı ilə sağollaşdım və binaların arası ilə gedəcəyim ünvana tərəf yan aldım.

Qapının üç qısa zəngi mənim gəlişimi bildirirdi. Açarım olsa da, həmişəki kimi zəngi basıb gözlədim. Gülanənin qapını açması heç on saniyə çəkmədi.

-Cənab detektiv?

-Bəli, xanım.

-Xoş gəlmisiniz. Buyurun içəri.

-Təşəkkür edirəm.

Bu aramızda öz-özünə yaranmış özünəməxsus danışıq tərzini heç vaxt dəyişməzdik.

İçəri keçib, qapını örtdüm. Gülanə məni qucaqlayıb başını sinəmə sıxdı. Onun üçün çox darıxsam da zarafatla çiyinlərindən tutub özümdən araladım:

-Elə şey yoxdur, əvvəlcə yemək ver. Bilirsən ki, ac kişini yola gətirmək çətindir.

Gülanə qəhqəhə çəkdi:

-Keç əllərini yu, ac kişi.

Bayaqdan əlimdə tutduğum peçenyeləri Gülüyə verib, ayaqqabılarımı çıxardım, başmaqlarımı geyib hamamxanaya keçdim.

-Elə bil ürəyimə dammışdı ki, gələcəksən. Qəşəng plov dəmləmişəm, qarası da yanında, qızsın gətirirəm, - mətbəxdən Gülünün səsi gəldi.

Mən yeməyə çox tələbkar deyildim, pendir-çörək, yaxud kabab yeməyin mənim üçün heç bir fərqi yox idi. Ancaq yeganə sevdiyim yemək var idi ki, o da üstü qaralı, xüsusilə də şabalıdı çox, düyüləri dən-dən olan zəfəranlı plov idi. Uşaqlıqdan anamın bişirdiyi plovu necə sevmişdimsə, tox olarkən bircə artıq tikəyə əl uzatmadığım halda, qarşıma plov gələrdisə, heç vaxt imtina etməzdim. İndi isə çox ac idim. Gülünün plovuna isə söz yox idi.

Otağa keçəndə süfrədə hər şeyin hazır olduğunu gördüm. Çörək, göyərti, turşular, pendir, iki qrafində su və kompot, stəkan və boşqablar… «Görəsən bu şeylər əvvəldən süfrədə idi, ya mən əllərimi yuyanadək düzüldü?» sualını öz-özümə versəm də, cavabını tapa bilmədən keçib süfrəyə əyləşdim.

-Diqqət, məclisə aş gəlir!

Gülü şıltaq-şıltaq gülüb, əlində buğlanan plov dolu buludla mətbəxdən gəldi. Buludu əvvəlcədən boş saxladığı yerə, süfrənin düz ortasına qoydu. Həmişəki kimi gəlişimə necə sevindiyini gizlətmək istəmirdi Gülü.

Birlikdə olduğumuz illərdə, uşaq kimi sadəlövh olan Gülünün qəlbinə dəyəcək ən xırda bir hərəkətə də yol verməmişdim. Hansısa ağıllı adam qadını yaxşı köklənmiş royala, kişini isə barmaqlarını bu royalın dillərində gəzdirib qadının ən gözəl duyğularını oyatmağı bacaran ifaçıya bənzədib.

İllərdir gözü hər gün qapıda qalan, heç vaxt həftənin hansı günü və saat neçədə gələcəyimi, gecəni yanında qalıb-qalmayacağımı bilməyən bu sevimli qadının dilinə gətirdiklərindən çox, susduğu şeyləri necə də anlayırdım…

-Nuş olsun, cənab detektiv.

-Sağ olun, xanım, əlinizə sağlıq.

Bismillah deyib, boşqabımı ağzınacan doldurub qabağıma çəkdim…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(20.06.2023)