“Qırmızım” - Mahmud Kaşğari hekayə ödülünü qazanmış Qəfur Xiyavlının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” layihəsində portalın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri bu dəfə Qəfur Xiyavlının yaradıcılığı ilə tanış edəcək. 

Qəfur Xiyavlı 1978-ci ildə Xiyav şəhərində anadan olub. 2007-ci ildən “Yaşmaq” dərgisinin qurucusu və baş yazarı olaraq həmən dərgisə tənqidi məqalələri ilə özünəməxsus ədəbi baxışını ümum oxuculara tanıdıb. 2016-cı ildə 18 ölkə arasında qurulan Türk dünyasının Mahmud Kaşğarlı hekayə ödülünü qazanıb və həmən ildə "Qırmızım" adlı hekayələr kitabı yayımlanıb. 
Onun "Sümükləri qalmışdı" adlı hekayələr kitabı isə 2019-cu ildə yayımlanıb.

Sabah Qəfur Xiyavlı yaradıcılığı ilə tanışlıqdan, düşünürük ki, məmnun qalacaqsınız.

 

QIRMIZIM

Uşaqların dördü də ayağa durdu. Mən arxalarında oturub özümü gizlətdim. Həsən beçəni iyirmi metr qabaqda əlində tutmuşdu. Afşinin işarəsi ilə boşladı. Beçəni çağırmaq üçün fit çaldım. Səsimi eşidincə uzun qırmızı boynunu yan-yörəsində gəzdirdi. İlk dönə idi səsimi eşidirdi, özümü görmürdü. Yavaş-yavaş səsə doğru gəlincə adını da çağırdım:
- Qırmızı, Qırmızım!
Haradan olsa gəzib məni tapacağını bilirdim. Boynunun tükü biz-biz olmuşdu, ürkmüşdü. Afşin dedi:
- Bir zərrə özünü göstərsən uduzubsan ha...
Yenə fit çaldım. Addım-addım səsimi izləyirdi. Üç metrliyimə çatdı. Çürük Nadirin ayaqlarının arasından başımı gördü. Dövr vurub mənə tərəf qaçdı. Üstümə atıldı. Qucağıma alıb pipiyindən öpdüm. Günəşin işığı altında parlayan uzun qırmızı tüklərini sığalladım. Çürük Nadirə tərəf əlimi uzaltdım:
- Çöplə gəlsin görək pulu! Bir də sən olasan mənnən şərt vurmayasan.
Həsən araya girdi:
- Mənnən də şərt vurursan? – dedi. – Döyüşdürək, beş dəyqəyəcən lar xoruzumun qabağında dura bilsə sən udubsan.
- Yox – dedim. – Hələ bu doqquz aylıqdır. Qoy yekəlsin, deyərəm əmin kənddə nə satır! – deyə uzaqlaşdığımda tər bükük minliyi cibimə basmaqdaydım.
Nadir arıq qara gədə idi. Həmişə əlinin içi tərli olurdu. Bu adı bilmirəm kim, haçan üstünə qoymuşdu?! Bəlkə ona görə idi ki, cibində olan hər şey əzik-büzük idi. Elə bu tərli əllərlə idi məhəllədəki uşaqların hamısını qıdamışdı. Bu il bayramda yığdığım bayramlığın hamısını gülpıçla  bajeldə  udmuşdu. Bir aya qədər gədəni görəndə istəyirdim xirtdəyindən yapışıb boğum. O şax pulların hamısı indi çürük ciblərində kiflənmişdi. Axırda da burama verdi; gülpıç oynayanda yarıcan bir eşşəkarısını qanadından yapışıb gül yerinə ovucuna qoydum. Əlini yumanda elə vəngildədi ki, böyük qardaşı Qadir höyüllü-höyüllü qapılarını açıb eşiyə çıxdı. Qorxumdan qaçıb evimizə təpildim. İki qardaş gəlib daş qalmadı çırpdılar qapımıza.
Evdə Rza hirslə üzümə baxdı:
- Genə çöldə birinən boğuşubsan hə? Köpəyin gedəsi, sənin hesabıvı əlivə verərəm.
Hələ biçə-biçə  durub həyət qapısına getdi. Qapını açmaq həmən ağına-bozuna baxmadan iki qardaş üstünə yumuldular. Durub qorxa-qorxa baxmaq, sonra da Rzanın hirsli-hirsli gəlib mən ilə hesablaşmağını güdməkdən başqa əlimdən heç nə gəlmirdi. Qonşular həyətə tökülüb aralaşdırdılar. Rzanın burnundan qan axırdı. Köynəyinin üzərində Şatır Əhmədin aralayanda unlu əllərinin izləri qalmışdı. Ara boşaldı. Rza həyət qapısını bağladı. Pillələrdən üstə çıxarkən tələsik addımlarının guppultusu otağa doldu. Nənəm evdə yox idi, bacımın ətəyinə sarıldım.
Nənəmgil gələnə qədər işini qurtarıb zirzəmiyə getmişdi. Onlardan yediyinin neçə qatını mənə yedirtdi. Bilirdim zirzəmidə siqaret çəkir.
Axşam nənəm köynəyimi yuxarı çəkib kürəyimdəki çubuğun izlərini gördüyündə ağladı. Ağam hirslənmişdi:
- Ədə səfeh gedə, gəl görüm nə həqqinən uşağı bu günə salıbsan?
Qulağının dibinə bir əfsər şilləsı  geydirdi. Qalxıb ağamın başına bağırdı:
- Bunnan belə həqqin yoxdu mənə şillə vurasan, bildin? Bu da uşaqdı tərbiyət eləyibsən. İndidən düşüb aralıq latlarıynan ayaq olub. Sabah da qəşəng qumarbaz olar.
Yadıma gələn ilk dönə idi ağamın üzünə dururdu. Lampanın işığı altında üz-üzə durmuşdular. İlk dönə idi Rzanın heykəlini ağamdan uca, səsini isə gur görürdüm. Ağamın səsi titrəyirdi. Ürəyim sıxıldı. Ağzımı açıb bağırdım:
- Sən də siqari .
Qorxmasaydım qalanın da deyəcəkdim:
- Qızbaz.
Sabahısı gün idi atam məni sevindirsin deyə əlini çiynimə qoydu:
- Sənə bir qırmızı cəngi xoruz alacıyam. – dedi.
Sevindiyimdən qucağına atıldım.
Həyətdəki ərik ağacının dibində Çürük Nadirdən qazandığım minliyin guşələrini safaldırdım. Qırmızım yavaşdan əlimə dimdik vurdu. Acmışdı, naharını istəyirdi. Pəncərədən anamın səsi gəldi:
- Gedə əgər o xoruzu ləkə salsan, elə bu gün Rzaya deyəciyəm tutub başın kəsə ha... O ləki mən nə zəhmətnən əkmişəm.
Üzü ağacların arasından görünmürdü:
- Eşitdin day nə dedi? Deyir şulux eləsən pıx-pıx eliyəcək. İndi qəşəng uşaqlar kimi otur burda, yerindən dəbərmə, gəlim. Bildin?
Əlimi boğazına aparmışdım. Bilirdi şuxluqlaşıram.
Anam istil kasadakı şorbanı mənə uzadanda üzümə baxdı:
- Xoruzu ləkə boşlayıb gəldin hə?
- Yox.
- Bə harda?
- Oturub orda, güdür naharın aparam. – dediyimdə başını əyib baxdı:
- Səndən gözüm su içmir. Yekələndə elə qırıq çörəkçidən, aşpazdan zaddan həmən olarsan bala.
Əlimdə şorbanı görcək ayağa durdu. Quyruqdan acığım gəlirdi. Əti mən yeyirdim, quyruğu o. Çörəyi doğrayanda bir tikə mənim idi, bir tikə onun. Yekə tikəni udanda, həmişə boynunu əyirdi, gülməyim gəlirdi. Çinədanına əlimi vurdum. Top kimi şişmişdi. Tüksüz yerindən qırmızı damarları görünürdü. Boğazından bir cür yavaş səs çıxdı. Bilirdim təşəkkür eləyir. Əlbəttə mən təşəkkür eləyəcəkdim; Çürük Nadirdən intiqamımı ancaq o ala bilmişdi. Əlimi tüklərinin arasında gəzdirdim.
Arxadan kölgə düşdü: - Murdarçı. –  Dönüb baxmaq lazım deyildi. Təkcə Rza idi mənə səbəbsiz söyüş verə bilirdi.
- O əlivi bit-birəli cücəyə vurub, yumamışdan nahar yeyirsən hə?
- Bit-birəli olsaydı cücənin ətini o belə çox istəməzdin.
Üzümü ona doğru çevirəndə günəşin tünd işığı gözlərimi qamaşdırdı.
- Dil demə. Mən cücəni yuyulub bişəndən sonra yeyirəm. Onda mikrobları zadı ölür. Sənin kimi murdarçı deyiləm.
- Onda cücənin özü də ölüb.
- Cərə ölüb, cəhənnəmə ölüb.
Cavab vermədim, təzədən üzümə baxdı:
- Şorbanı cücəyə kasanın içində verdin, ya yerdə?
- Yerdə vermişəm, inanmırsan bax, rəddi də qalır.
Torpağın üstündəki xırda daşların üstünə yaxılan yağ günün altında işıldayırdı. Barmağımı işıldayan xırda daşa tərəf uzaltdım.
- Bə kasada niyə vermədin?
- Onda siz kasadan iyrənərdiz. Sizə görə də olsa, o işi görmərəm.
- Niyə bə sən özün iyrənmirsən?
- Hər cücədən də iyrənsəm, Qırmızıdan iyrənmərəm. – dedim. – Qırmızı mənim cıqqılı qardaşımdı, adam cıqqılı qardaşından iyrənməz ki.– Az qalmışdı bunu da deyəm.
- Bə qabaq niyə bi dəfə kasada vermişdin?
- Onda bilmirdim siz Qırımızıdan iyrənirsiz. O bir dəfədən sonra heç vaxt verməmişəm.
- Hardan bilim düz deyirsən, ya yox?
Gözləri istil kasanın içinə zillənmişdi.  Nə axtardığını Bilirdim. İçində biraz noxud, bir balaca da yeralma qalırdı.
- Kasanın içinə baxa bilərsən. Əgər bir nişanə görsən, düz deyirsən.
- Sabit eləsəm düz deyirəm, nə qayırarsan?
- Axı düz demirsən?
- Bə kasanı niyə uzaqlaşdırdın?
Susdum. Cavabımı özü bilirdi. Sözünün ardını tutdu:
- Sən bilirsən bu xoruznan nə qədər bizim evə zərbə vurubsan? Bu xoruzun hər gün yediyi vər-vəsayılın pulun cəmləsən bilirsən neçəyə çıxar?
- Mən öz payımdan verirəm.
- Sən öz payından verirsən, vəli özün ac qalırsan. Əvəzində soyuducunu açıb əlivə gələni ağzıva təpirsən. Yəni bu murdar xoruz sənin ağzuvnan bizim payımızı yeyir.
Qırmızı böyrümdə gözlərini yumub arxayınlıqla yatmışdı. Sevinirdim ki, dilimizdən baş tapmır.
- Yavaş danış, görmürsən yatıb? – deyə cavab verəcəkdim utanmasaydım.
Deyinməyinin ardını tutdu:
- Xalq bir tikə çörək tapa bilmir, burda bizim xoruzumuz quzu əti yeyir. Sən bilirsən bu pul nə zəhmətnən ələ gəlir?
- Qırmızım ət yemir, quyruq yeyir. Sənin də quyruqdan acığın gəlir, pulu da ağam qazanır. – Dedikdə, verdiyim cavabdan peşman oldum.
- Deyəsən ağzıvın şumarəsində danışmırsanaaa... Pulu ki hədərə verirsən; qab-qaşığı niyə bu murdarın ağzına sürtürsən? Əgər məriz  olsaq, sərətan  tutsaq kimin hesabınadı? Genə dədəmiz xərcin verəcək hə? Onda gərək dava-dərman puluna bu evi də sata; niyə, çünki bir murdar xoruz var imiş, bir də iki qarış boyu olmayan dili uzun gedə ki, göylü istirdi bu murdar xoruza qonaqlıq verə. Dədövün pulu olsaydı məni evləndirərdi. Mənim evlənmək vaxtımdır, amma bem-bekar aralıqda dolanıram. Cib pulum da yoxdu; başa düşürsən ya yox?

Səsi daha da ucalmışdı. Bilirdim axırda sözü bura çəkəcək. Əvvəlcə evlənmək, sonra o macəra, biraz sonra da mütləq təhdid ilə məktubu istəyəcək. Məktubu verməyəcəyimə söz vermişdim. O gündən bəri zirzəmidə alma qutularının altında idi. Əlim titrəyə-titrəyə boş qutuları qovzayıb lap altdakı qutunun içinə qoydum. Sonra da özümü bilməməzliyə vurub Afşingil ilə top oynamaq bəhanəsi ilə küçəyə çıxdım. Oynamaq  bəhanə idi. Fikrimin hamısı zirzəmidən gələn o səsdə qalmışdı. Elə bil boş bir qazanın içinə damcı-damcı su tökürdün. Ardınca da ildırım səsinə oxşar boğuq bir səs gəlirdi. Maraqlı olmuşdum. Yavaş-yavaş zirzəminin girəcəyinə yaxınlaşdım. Pillələrdən aşağı endim. Qutulardan laqqıldama səsi gəlirdi. Üst qutulardan bir-ikisi yerə düşdü. Bir qız səsi gəldi:
- Yavaş, yavaş namərd.
Ardıca da boğuq ildırım səsi. Addımlarımı daha da yavaşlatdım. Girəcəkdə durdum. Təlisi aralayıb gözümün birini içəri soxdum. Gözlərimə inana bilmirdim. Hövlümdən pillələrdən atılıb yuxarı çıxdım. Otağa girib qapını qıfılladım. Yorğanın altında üzümü basdırdım. 15 dəqiqə sonra idi qapının qulpu buruldu:
- Aç qapını Yaşar, mənəm, aç. – Dedi. 
Özümü yuxuluğa vurdum. Zirzəminin pillələrindən çıxanda ayaqlarımın səsini eşitdiyindən əmin idim.
- Aç Yaşar, mənəm, Rza.
Səsi mehriban olmuşdu. Qorxa-qorxa durub açdım.
- Bə niyə ağlayıbsan Yaşar, nə olub ki?
- Heç zad, xoruzum məriz olub. – Deyəndə bu cavabı hardan çıxardığımı özüm də bilmirdim.
- Bunun ağlamağı yoxdu ki. Mənim bir dampezeşk  dostum var; sabah apararıq bir iynə vurar, curlanar. Böyük qardaş bə haçan kara gələr? Hələ mən də dedim bəlkə küçədə zadda uşaqlar səni döyüblər; istirdim gedəm hamısının qulağın kəsəmee...
Susdum. Təzədən səsə gəldi.
- Əgər ayrı müşkül zad olsa de ha mənə.
Dilim açılmırdı.
- Yaxcı, mən gedim üst-başımı çırpım. Aşağıda qutuları curlayanda toz-torpaq oldu.
Deyib otaqdan çıxdı. Həyət qapısının ucadan səsi gələndə bildim ki, evdən eşiyə çıxdı. Qaçıb zirzəmiyə girdim. Məktubu alma qutularının arasına düşdüyü yerdən tapdım. Ağ kağızın üstündə iki ayaqqabı izi qalmışdı. Paketini açdım. Zağ-zağ əsirdim. Əlimin titrəməsi kağızı xışıldadırdı. Məktubu kamil oxuya bilmədim; axır sətri qırmızı qələmlə yazılmışdı.
“Ta eyd bayəd be tore rəsmi ezdevac konim. Aşeqe ba vəfayət, Reza.” 
Evlənmək kələməsi yekə yazılmışdı. Böyründə üç-dörd dənə qırmızı ulduz əlaməti var idi.
Sabahısı gün məktəbimizin qabağını kəsdirmişdi. Qapıdan çıxcaq mənə tərəf gəldi:
- Gəlmişəm gedək dampezeşkə.
- Yox, - dedim – xoruzum curlanıb.
- Bə nə tez? Elə bi gündə məriz oldu da, curlandı da?
- Hə, bir gündə məriz oldu da, curlandı da.
Bilirdi yalan deyirəm.
- Helə olsun. Yaxcı yadıma düşdü Yaşar, sən zirzəmidə kağızdan-zaddan bir şey tapmamısan təzəlikdə?
- Nə kağızı?
Dediyimdə kəkələməyə düşdü:
- Heç, dostlarımdan birinin idi.
- Hansı dostuvun? - Dediyimdə əsəbiləşdi. 
Dostlarının hamısını tanıdığımı Bilirdi.
- Məni sual-cavaba çəkmə. Fəqət bir kəlmə, görübsən ya yox?
Addımlarını tündləşdirdi.
- Yox. – dedim.
- Sözündən əminsən? – deyərkən gözümə baxdı.
- Hə. – dedim.
- Əmin olduğundan da əminsən.
- Hə.
- Məsələsi yoxdur.
Əlimi əlində sıxa-sıxa yeriyirdi. Dalı qalmamaq üçün sürətlə addımlamalı idim.
Qırmızım hələ böyrümdə arxayınlıqla yatmışdı. Hərdən Rzanın səsi ucaldıqca gözünü açıb sonra yumurdu. Məlum idi sözümüzdən bir kəlmə də başa düşmür. Rzaya dedim ki:
- Əgər bundan sonra beçəyə şorba verməsəm, müşkülün həll olar?
Gözümün içinə baxdı.
- Özüv o yola vurma.
- Hansı yola.
- Bilirsən onu nə qədər çox istirəm?
Sualını birdən-birə soruşdu. Bilirdim “O”dan mənzuru zirzəmidə “Yavaş” - Deyə çığıran ağ qız idi. məcbur idim soruşam “Kimi?”
- Məni sarıma, zərərüvədi.
Deyəndə, gözümü alnına zilləmişdim. Alnındakı qırışları sayırdım.
- Neynək. Sözümü ayrı cür deyirəm. Ağlıvı yığ başıva. Bəzi şeyləri sən çox istirsən, bəzi şeyləri də mən. Ancaq mən hazıram o çox istədiyim şeylərin yolunda min dənə belə xoruzları qurban kəsəm.
İşarə barmağını Qırmızının başına yaxınlaşdırdı. Qırmızı gözünü açdı, ancaq daha yummadı. Elə bil bu dönə sözümüzdən baş tapmışdı.
- Əgər istirsən bu murdar xoruzun diri qala, o məktubu gətir ver mənə. bildin, ya bilmədin?
- Məktub məndə deyil.
- Əgər səndə deyil, onda hardan bilirsən ki, hansı məktubdan danışıram?
Susmalı idim. Bunu çox yaxşı bilirdim. Yəni cavabım da yox idi.
- Bu beçəni müxtəlif yollarnan aradan apara bilərəm. Məsələn sən mədrəsədə olanda siçan davasını şorba suyuna batırıb qabağına ata bilərəm. Bilirsən, lam-lam udar. Mütməinnəm o qədər şorba yeyib ki, iysini neçə metrdən bilir. Vəli heyifdi, rahat iki kilo əti var. İstəmirəm ağama zərər vuram. Sən olmayanda başın kəsib qoyaram pillənin üstünə. Onda nənəm məcbur olacaq şorbasını pişirsin. Sən də məcbur olarsan ya ətini yeyəsən, ya da ac qalasan.
Sözünə ara verdi. Ucadan gülüb üzümə baxandan sonra sözünün ardını tutdu:
- Cücənin başı kəsiləndə bilirsən nə cür olur? Pıçağın iti yeri boğazına dəyməyənəcən cücə hələ bilmir nə ittifaq qərardı düşə. Pıçağı sürtələyəndə əvvəldə hulqumu kəsilir. Sonra gedir dərinə, boğazın sümüyünə çatanda xırçıldama səsi gəlir; qan fışqırır. Onda yazıq cücə bilir hər şey qurtarıb. Çabalamaq istəyəndə ayaqlarının üstündəki ayağımnan möhkəm fişar verirəm. Lap axırda boynunun dərisini də qopardıb başını bir tərəfə, bədənini bir tərəfə atıram. Dimdiyi iki-üç dəfə açılıb-yumulur. Vəli bədəni boş yerə o qədər çalıqlayır ki, axırda yorulur, uzanır. Bir dəfə bir xoruzun başın kəsirdim, başsız bədəni qan axa-axa durub qaçdı. Özümün də rəhmim gəldi. On dəyqəyəcən çalıqladı. Ehtimalən səninki də onlardan olacaq. Əlbəttə sənin beçəvi xüsusi məclisdə kəsəcəyəm. Adaxlılıq gecəmdə qonaqlıq verəndə. Sevgilimin təbii ətdən çox xoşu gəlir.
Sevgilisinin özünün bədəni qeyri-təbii idi. Zirzəmidən boylananda dalısı mənə tərəf idi. Ömrümdə o qədər ağ bədən görməmişdim. Rəssamlıq dəftərimin bütün səhifələrindən də ağ idi. Əlimdə qara marker olsaydı bədəninin hər yerini qap-qara eləyərdim. Durub küçəyə qaçdım. Qırmızım da başını qovzayıb arxamca qaçdı. Küçə isti idi. Heç kəs yox idi. Başımın üstündə günəşə baxdım. Gözlərim doldu. Gözlərimi yumdum.
Sabah sühür yeməyi yemədim. Anam dedi:
- Neynək, çörək-pənir qoyuram, mədrəsədə yeyərsən.
Qaçıb lülün taxta qapısını açdım. Çoxdan idi yolumu güdürdü. Vurnuxmasından bildim. Qabağına iki ovuc Çürük Nadirin pulu ilə aldığım buğdadan tökdüm.
Əlimi başına çəkib həyət qapısına qaçdım. Dönüb anam ilə də, Qırmızım ilə də sağollaşdım.
Anam deyirdi:
- Mal-qoyunlar, toyuq-cücələrin başları kəsiləndə ağrı çəkmirlər.
- İnanmıram buna.– dedim. – İmkanı yoxdu ki, əgər ağrı çəkməsələr onda onları vuranda qışqırıb qaçmazlar ki. Bir dənə cücəyə balaca təpik vursan quqquldayıb qaçar; mallar mavıldayar; qoyunlar bəvildəyər. Yəni deyirlər vurma, ağrıyır.
Üzümə baxıb güldü.
- Mənə də böyük babam belə demişdi, ancaq mən sənin kimi fikirləşməmişdim.
Əlini boynuma salıb sözünün dalısını tutdu:
- Hələ nə olub ki, belə suallar soruşursan, olmaya öz xoruzundan qorxursan?
- Hə. – dedim.
- Genə Rza bir söz deyib? – deyə soruşduğunda cavabım eyni idi:
- Hə.
- Rza qələt eləyib, hələ vaxtı deyil.
Soruşmadım, soruşa bilmədim haçandı vaxtı.
Məktəbdə müəllimimiz dedi bu cür şeylərə çox fikir verməyəm “Bunlar allahın hekmətidir” – deyə.
- Yanı sizin nəzərizə ağrı çəkirlər ya yox? – deyə soruşdum.
- Mən bir yerdə oxumuşam, bəzi filosoflar deyirlər ağrı çəkmirlər.
- Filosoflar ağa?
- Filosoflar o adamlardırlar ki, hər şeyin üstündə çox fikirləşirlər.
- Nə cür bu nəticəyə çatıblar ağa?
- Bəziləri deyir heyvanların ruhu yoxdur.
- Qəbul eləmirəm. – dedim. – Əgər filosofların bi qırmızı xoruzu olsa biri gəlib ona daş vursa xoruz səs salıb qaçacaq. Çünki rəhlükə hiss eləyib. Çünki ağrı çəkib. Daşın da yeri göyərəcək. Eyni bizim bədənimiz kimi ağa.
Yaxınlaşıb əlini başımda gəzdirdi. Üzümə gülümsəyib dedi:
- Bizim bədənimizin proteini bilirsən ki, ətdən təmin olur?
- Yəni məcburuq ətlərin yeyək?
- Yəni belə yaranmışıq. Əlbəttə sən qırmızı xoruzunkundan yeməyə bilərsən də. – dediyində hamı birdən gülüşdü.
- Allah eliyə bilməzdi bizi ayrı cür yarada?
- Hamımız öləcəyik. Heyvanlar bir cür ölür. İnsanlar ayrı cür; fəqət ölümün növü fərq eləyir. – deyərkən gözümün içinə zilləmişdi gözlərini.
- İnsanlar yüz il, həştad  il ömür eləyirlər; heyvanlara bir-iki il də fürsət vermirik. Mənim Qırmızım doqquz aylıqdır ağa.
- İnsan da var bir il, bir ay da ömür eləmir. Qalıb qismətinə. Birinci və ikinci dünya savaşında bilirsən neçə milyon adam öldü?
Bilmirdim. İstəmirdim biləm. Bilməli deyildim dünya savaşında ölən insanların sayısına görə qoyam Qırmızımın başı kəsilib gedə o qızın ağappaq bədəninin içində itə.
Yolda təsmimimi tutdum. Evə yetişcək həmən mətbəxə getdim. Anam gil otaqdaydılar. Yekə bıçağı götürsəydim şübhəyə düşərdilər. Meyvə kardı ilə imtahan eləyəcəkdim. Otağımın qapısını qıfılladım. Kitab-dəftərlərim tör-tökük otağın ortasına dağılmışdı. Rzanın işi idi. Bilirdim axırda gəlib buraları da axtaracaq. Kitabların üstündə uzanıb kardı boğazıma apardım. Ucunu xirtdəyimə sürtdüm. Əllərim titrəyirdi. Biraz daha sıxdım. Ağrını bir hününün sancması kimi boğazımda hiss elədim. Daha çox sıxdım. Dərin bir göynərti bədənimin hər yerinə elektrik kimi yayıldı. Xırçıldama səsini duymurdum hələ. Sıxmaq gücünü daha da çoxaltdım. Qışqırmamaq üçün zorla saxlaşdırdım özümü. Dişlərimi sıxdım. Hələ hulqumumu kəsməmiş, ağrıdan az qalırdım ağlayam. Kardı uzaqlaşdırdım. Ucundakı qırmızı qanıma baxdım. İlk damcısının boğazımdan aşağı axdığını hiss elədim. Qorxdum. Rəssamlıq dəftərimdən bir səhifə cırıb qanın üstünə tutdum. Uzanıb ağappaq tavana baxdım. Başı kəsilən hər heyvan ölməmişdən bu ağrının yüz qatını duyur. Əvvəlcə kiçik sancı, sonra ağrı çoxalır, çalıqlayır, axırda ölür. Ölüm dadına yetişir. Rza deyirdi on dəqiqə çəkdi canı çıxsın. Deyirdi başsız bədən durub qaçdı. Bədən bir tərəfdə can verirdi, baş bir tərəfdə.
Boğazımın qanı qurumuşdu. Qanlı kağızı götürdüm, ayrı səhifə cırdım. Tüpürcəklə yerini təmizlədikdən sonra zirzəmiyə qaçdım. Alma qutularını bir-bir götürüb yerə qoydum. Lap alt qutunun altındakı məktubu götürüb köynəyimin altında qarnıma qoydum. Rzanın bu mövqeylərdə harda olduğunu bilirdim. Küçədə işıq dirəyinin yanında siqaret çəkirdi. İlk dönə idi siqaretini məndən gizlətmirdi. Məktubu ona tərəf uzaltdığımda inanılmaz sifət ilə üzümə baxdı:
- Afərin, indi oldun qəşəy uşaq, bax?! Gədə bunu əvvəldən gətirəydin daynan.
Əvvəl paketi cırılmış məktuba, sonra gözümün içinə zillədi gözlərini:
- Məktubu oxuyubsan, hə?
Əsəbi idi.
- Hə. – dedim. Qaşları düyünləndi:
- Boğazuva nə olub ədə?
- Yıxılmışam. – dedim. – Genə xoruzumun başın kəsəcəksən?
Gözünü boğazımın kəsilmiş yerinə yaxınlaşdırıb baxmaq istədi. Əlimi üstünə tutdum:
- Kimnən savaşıbsan ədə? – deyərkən boğazımda idi gözləri.
- Mədrəsədə yıxıldım. Genə xoruzumu öldürəcəksən?
- Nə cür oldu yıxıldın, fəqət boğazın kəsildi?
- Bilmirəm.
- Məktuba görə birinə bir söz deməyibsən ki?
- Yox, deməmişəm.
- Sənin xoruzunan hələlik işim ox.
- Haçan olacaq?
Əlini çiynimə qoydu:
- Mənzurum budur ki, mən hələ əsgərliyə gedəcəyəm. İki il əsgərliyim çəkəcək. Ondan sonra iş dalısınca olacıyam, bəlkə tapdım, bəlkə tapmadım, ədə kimdi mənə bu vəziyyətdə qız verə? Onacan da sənin xoruzun qocalıb öləcək.
Siqaretinə qullab vurub üzümə püflədi.
- Demədin boğazıva nə olub?!
- Onda xoruzumnan işin olmuyacaq?
- Yox, hələlik olmayacaq.
Məktubu cibinə qoyub siqaretinın kötüyünü arxın suyuna atdı. Su, kötüyü çırpa-çırpa uzaqlaşdırdı.
Soruşmadım haçan olacaq, soruşa bilmədim. Nahar vaxtı idi. Evə qaçmalı idim, bilirdim Qırmızım acıb naharını gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)