Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir. Oktyabrın 27-də işə başlayan tədbir İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə gerçəkləşir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Sammitdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir.
Oktyabrın 28-də sammit çərçivəsində “Baku Marriott Boulevard Hotel”də Mədəniyyət Nazirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusunda panel iclası keçirildi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov iclası açaraq qonaqları salamladı.
XII əsrlə müasir dövrü birləşdirən universal mənəvi körpü
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev Azərbaycan xalqı üçün Nizami Gəncəvi fenomeninin əhəmiyyətini vurğuladı. Dedi ki, Nizami Gəncəvini digər şairlərdən fərqləndirən bir sıra xüsusiyyətlər var. Onun ən böyük üstünlüyü əsərlərinin bütün bəşəriyyətə yönəlməsidir: “Dahi şair əsərlərində insan cəmiyyətinə ensiklopedik yanaşma nümayiş etdirib. Azərbaycanda multikultural cəmiyyətin yetişməsində, şübhəsiz ki, Nizami Gəncəvinin də rolu var. Bildiyiniz kimi, Nizami Gəncədə doğulub, orada yaşayıb və vəfat edib. O, Gəncədən kənara çıxmamasına baxmayaraq, əsərlərində böyük bir coğrafiyanı əhatə edib. Məsələn, “İsgəndərnamə” poemasında yaşadığı məkandan çox-çox uzaq bir məmləkətdə bir padşahı özünə obraz seçməsi və onu ideal bir hökmdara çevirməsi. Yaxud hərəsi bir xalqı təmsil edən insanların yer aldığı “Yeddi gözəl” əsəri”.
Nazirin birinci müavini bildirdi ki, bəzi şairlər gözəlliyi zahirən təsvir ediblər. Amma Nizami Gəncəvidə gözəllik xoş xasiyyətlilik, təbiəti, insanları, bütün nemətləri sevmək mənasını verir. Nizami insanın gözəl olmasını onun şəxsi işi kimi görür: “Nizaminin əsərlərini Azərbaycan xalqı tərcümələr vasitəsilə oxuyur. Həmin dövrdə fars dili ədəbi dil idi. Dahi şair də əsərlərini məhz bu dildə qələmə alıb. Nizami Gəncəvi XII əsrlə müasir dövrü birləşdirən universal mənəvi bir körpüdür. Bugünkü prizmadan baxsaq, Nizami peşəkar bir ssenaristdir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim ədəbi fikrimizin Nizami kimi zirvəsi var”.
“Nizami bu bölgənin kimliyini bildirən şəxsiyyətdir”
Kəşmir Universitetinin (Hindistan) islamşünaslıq üzrə professoru Şah Nizami Gəncəvinin müdrikliyinin bütün dövrləri əhatə etdiyini bildirdi: “Mən alimlərə müraciət edirəm ki, Nizaminin əsərlərinə, düşüncələrinə yenidən baxılsın. Onun düşüncələrində yenidən nələrisə kəşf etmək olar”.
Hindistanda da Nizami yaradıcılığına böyük dəyər verildiyini söyləyən alim Nizaminin çoxsaylı əlyazmalarının bu gün də Hindistanın kitabxanalarında, elmi mərkəzlərində qorunub saxlanıldığını diqqətə çatdırdı.
Kəşmir Universitetinin professoru Qulam Nabi Xaki çalışdığı təhsil ocağında tələbələrin Nizaminin əsərləri və onunla bağlı araşdırmalarla tanış olduqlarını bildirdi: “Biz universitet olaraq Nizami əsərlərini gənclərimiz üçün əlçatan etmək üçün çalışırıq. Nizami Gəncəvi bu bölgənin kimliyini bildirən şəxsiyyətdir. Çalışmalıyıq ki, Nizami irsini gələcək nəsillərə ötürək. Nizami kimi dahi şairlər, mütəfəkkirlər böyük dəyərlər formalaşdırırlar. İnanıram ki, Nizami dəyərlərindən bütün dünya faydalanacaq”.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRCİCA, Türkiyə) rəhbəri, professor Mahmud Erol Kılıç vurğuladı ki, Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri tədqiq etmək, ideyalarını yaymaq çox vacibdir: “Biz mükəmməl cəmiyyət yetişdirmək istəyiriksə, özümüzdə dəyişiklik etməliyik. Nizami yaradıcılığını uşaqlara məktəbdə mükəmməl öyrətmək lazımdır. Çünki onun yazdıqları başdan-başa həyat dərsi, ibrətamiz biz mənbədir. Nizami Gəncəvi, Şəms Təbrizi, Seyid Yəhya Bakuvi kimi bir çox mütəfəkkirlər var ki, onları mütləq kəşf etmək lazımdır. Bu dövrdə biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik”.