“Ədəbiyyat və incəsənət” portalı Səhər Manafovanın şair Yusif Nəğməkarın doğum gününə həsr etdiyi yazısını təqdim edir.
“Dünyanın ən uzaq yolu...
Ürəklə dil arasında..."
(Y. Nəğməkar)
Bəlkə də sonu görünməyən və olmayan yol... Hisslərində, duyğu və düşüncələrində yaşanılan taleyi olan kəslər bir ömür boyu çoxlarına uzaq, amma onlara yaxın olan bu yolda var-gəl edir, duyğuları sözə daşıyır...
İyun ayının 15-i bu uzaq yolda var-gəl edən tanınmış və sevilən şair Yusif Nəğməkarın ad günüydü. Şairin təbirindən özünə baxsaq: Söz dənizi kimi yarandığı gün.
Başlandığı gün.
Dalğalanıb çırpıldığı gün.
Sözün sahilinə sətir-sətir şeirləşərək cıxdığı günlər saysız hesabsız... Yusuf Nəğəməkar dənizinin sahilində gəzişən oxucunu müşaət edən “bu mənəmmi?” sualı, ya da “ bu mənəm “ cavabı olur. Sətirləri doğma , tanış... Etiraf etmiş kimi oxucunun yükünü azaldır. Hisslər, düşüncələr doğma olsa da Yusif Nəğməkar yaradıcılığının yol alıb getdiyi üslub aləmi tam başqa, fərqli, cəlbedici...
Yağışa dönübdür göyün qolları...
Min dastan bəs etməz belə çağlara;
Şimşək qələmiylə yazıb yalları,
Bulud avtoqraf verir dağlara.
Hisslərin düz üstünə gəldiyi rahat, hamar bir yoldu Yusif Nəğməkar yolu. Şeirlərində yaşanmış hislərə, munis duyğulara oxucu özünü müəllif hesab edir.
Arzularımıza baxanda hələ körpəyik...
Oxucunu həyata bağlamaq üçün bundan təsirli ədəbi tilsim təsəvvür etmirəm. Qarşıda əlimizdən tutub bizi gələcəyə aparan qos-qoca arzularımız varkən niyə həyatı sevə-sevə yaşamayaq? Yusif Nəğməkar şeriyyətinin ən böyük təlqini insanı sevgiyə inanca, dünyaya, həyata mükafat kimi baxmağa sövq edir.
Şairliyi qədər insanlığı, böyüklüyü, dostluğu və müəllimliyi də özünəməxsus, təkrarsızdı Yusif müəllimin.
Söz aləmində fikir və düşüncələrimi müzakirə etdiyim, dəyərli qərarlar aldığım əvəszis ustadım Yusif müəllimi yeni yaşın astanasında səmimi qəlbdən təbrik edir, can saglığı arzulayır və hər zaman söz sahilində oxucularla baş-başa qalmağı arzu edirəm!
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)