“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
Bir az sirr kimiyəm, adam
Bir az aşikar kimiyəm.
Əlindəki o ox nədi-
Yoxsa mən şikar kimiyəm?
Dilini bildiyim quşun,
Qəmi canımda qurğuşun.
Ərimədim… bir koğuşun
İçindəki qar kimiyəm.
Göydə tanrı gəzən quşam,
Yer üzündən qovulmuşam…
Mən də bir az qurumuşam-
Qışa qalan nar kimiyəm…
Kəsib götürdünüz ayı,
Bu yağış- göyün harayı…
Mənə nağıl danışmayın-
Eşitmirəm, kar kimiyəm.
Hansı dərdin adaşıyam?
Qopub düşən dam daşıyam…
Qürbətə adam daşıyan
Üşüyən qatar kimiyəm.
Hər gün neçə dağ aşıram,
Mən dünyayla dalaşıram…
Dərdə yaman yaraşıram-
Əynində paltar kimiyəm.
Mələk yoxmuş, bu şeytanmış,
Qaranlıqda ağ yalanmış…
… Taxtı- tacı yağmalanmış
Zavallı xotkar kimiyəm…
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)