Əli Çağla - “Və yaylığını yellədən qocalmış qızıarın duyğularını…” Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Sınıq ayna” şeirini diqqətinizə çatdırırıq. 

 

 

SINIQ AYNA

 

Qaranlığa qapıldım ümidsiz xəyallarımla

Ürəyim sıxıldı həbsxananın divarları kimi,

Depremdən törənən səsim titrədi.

Və dünya getdikcə uzanan yollara döndü!

 

Göyün sonsuzluğunda izlədiyim ulduzlar

Başımın üstündən uzaqlaşdılar sayrışaraq.

Yenidən birləşmələri üçün dartınan sınıq aynanın parçaları kimi

Ulduzların bir daha birləşməyəcəklərini anladım.

 

Göy üzünü ay, yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da

Qaranlığı axtarıram!

Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında,

Bacının həyətdə şəritdən salladığı büstqalterinə baxan

Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı!

Ananın məhkəmədə dodağının üstündə

Göllənən burun suyuna qarışmış göz yaşlarında

Və atanın... Atanın qabar əllərindəki göm-göy pullarda axtarıram...

 

Yer kürəsini "Müsbət fikirləşək" adlı kitablar qurtarsa da

Bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək.

İtsəm də qarışıq nizamın içində

Əsarətin zəncirini qırmağa çalışmağımı

Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!

 

Yenə də ümidimin alovları közərir içimdə

Adımı çığıra-çığıra səsləyən o qızın  səsini xatırlayıram

Psixologiya həkimi alzaymer tutacağımı desə də

O qızın sifətini xatırlamağa çalışıram.

Hə... Düşdü yadıma duvağı dağılmış köpəyin qızı!

Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də!

Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın

Heç zaman da inana bilməzdim ağaracağına.

Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr

Yaşıl yaylığını yellədərdi o olsaydı.

Silin bu səhnəni beynimdən, silin!..

 

Ümid adlı bir işığın böyüklüyü

Kiçik, amma güclü qaranlığa məğlubdur!..

Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar

Sizin kimi qanadlandıracağam

Bacıların dumanda yolunu azan istəklərini,

Qardaşların ürəyindəki istismar diləklərini

Və yaylıqlarını yellədən qocalmış qızların duyğularını.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.