“Min dəfə arxama baxıb gedirəm!..” - Güneyli şair Əli Qayib Featured

Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

GEDİRƏM

 

Getmək istəyənlər arxaya baxmaz,

Min dəfə arxama baxıb gedirəm.

Əlimi əlindən qoparır hicran,

Taleyin çayında axıb gedirəm.

 

Yaşadıq həyatın gerçəklərini,

Bəzən də unutduq gərəklərini,

O duru eşqinin çiçəklərini,

Bu vurğun qəlbimə taxıb gedirəm.

 

Ayrılıq baxtıma yaman daş vurub,

Nə desən qəm-kədər başa-baş vurub,

Qəlbimi qəlbinlə qoşalaşdırıb,

Quru cismim ilə çıxıb gedirəm.

 

Mən səni özüm tək inanıb sevdim,

Yatdım xəyalınla oyanıb sevdim,

Dünyanın qarşında dayanıb sevdim,

Dünyanı başıma yıxıb gedirəm.

 

Qayıbın qəlbində xatirələrin,

İllərdir yer salıb dərindən dərin,

İnanma, yalandır onlardan birin,

Desəm də yandırıb yaxıb gedirəm...

Min dəfə arxama baxıb gedirəm!..

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)