“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında Güney təmsilçimiz Əli Çağla bu dəfə sizlərə Araz Asifin yaradıcılıq nümunələrini təqdim edir.
Araz Asif tərcümeyi-halında yazır: “1976-cı ildə Muğanın yaşıl bir yaz havasında dünyaya gəlmişəm. İllər öncə quzeyin “Araz”radiosundan dinlədiyim mahnıların yolçusu olub şeirə maraq göstərmişəm. Sonralar suyum, duzum, çörəyim olub şeir. Şeir kitabım "Quşluğuna uçdu adım" adında çap olunubdur.
Hələ də şeir ağacından yıxıldığım gənc illərin ağrısını şeirə danışıram, yaşayıram bir təhər ölümlə qonşu. Mənə görə şeir yalnız lirikadır. Odur ki, həyatı, yaşamı sevirəm. Ürəyimi ağlımdan daha çox yaşayıram.
*
Dün gecə
Odamın qaranlıq qadınlığına
Paltar soyunmuşdu birisi iblis
Pis-pis də
Mənə əziz
Birisi ağ donunda qızılgül çiçəyi
Qırmızı köynəyində nazik bənövşə izi
Qırmızı...
Havam dolandı
Bulandı gövdəm
Yola düşdü üstümdən ötən buludlar
Nə yağış yağdı
Nə yağdı külək
Yağan mən idim damcı-damcı
Və inci
Səhər
Həyətdə şəritdə dolaşırdı qızıl güllü don
Və bənövşənin bəndə düşmüşdü izi
Qırmızı
Əsən xəfifcəsinə yaz yeli idi...
*
Qiyamət qopmur ki,
Olur.
Elə bil ki, kudeta kimi bir şey...
Qopan sözcüklərdir sıcaq bir xəlvət sonrası...
Və onun dəmir barmaqları
Arxamda cızıq salır
Qalır əlimdəki nərm-nazik sözcüklər.
Zəhrimarım olur illər hökuməti
Bu anda demiş Muəmmər Qəddafi
Qəddar və sosial demokratdır hamı
Və sən sosialcasına öldürdün prezidenti
Və cəhənnəm olsun demokrat meydanındakı heykəl.
Kəl
Kəl
Kələm gül açdı nənəlik...
Oxuyur qızlar, sənin yanındakı Bakı qızlarını deyirəm
Və ötür ordan oğlan, nəfəsi Xəzərin, nəfəsi Xəzəri
Zolağında əsən əsim ötür Baksavetdən Tarqoviyə qədər...
Ötən, balonlar boş olanda ucadan ötərlər
Oğlan muğam
Muğamın oğlan çağı.
Ay yar-yar deyə
Neynək, neynək a dərdin aldığım, a dərdin aldığım
Öldü şeir yanından ötənlər.
Boy-buxunlu təpik döymələr dirildi.
Qiyamət olmur ki?
Qopdu kudetada başımdakı kəpənək
Kək
K
Ək
Məni sosialistliyinə ək
Və biç yan tərəfindəki baharı.
Dəniz sənin vaxtında tufanlı olur
Vaxt versənə xanım xatın?!
Evimiz boşdu bu gün
Qiyamət meydanına çevirə bilərik otaqlarımızı
Kimsə bilmədən belə
Vaxt sənin yanında qiyamət olur...
*
Bakıdan yola düşən leyləkləri eşidirəm dan sökülməmiş
Və isti və gənc gövdəmi Muğanın yay havasına tapşırmışam
Havalar iyirmi beş ildir isti keçir burda
Və mən iyirmi beş ildir qulaq danışıram
Ağız eşidirəm
Və dərilirəm hər nazik qızın barmaqlarında
Hər qız sənmişsən
Hər barmaq sən
Axı nədən burda bütün başı ləçəklilər sənə
Oxşayırlar
Yağış yağandan günəş batana qədər
Soyuq deyil bura
Soyuq
Soy
Soyun demirəm sənə
Onsuz da dam üstə əqaqilərin qoxusuna varmış beynim də
Sənin cizgilərini lüt-lümbəz təsəvvür etmək çətin deyil
Mən qızıl tənlərin bələdçisiyəm qadan mənə
Çətin gündüzləri xiyabanda sol qulağımla
Eşitdiyimə inanmamaqdır.
Çətini iyirmi beş ildir sonrası boğazımda
Xalq hərəkatı partlasa da
Səni sevmək çətin olmayacaq eeyyyy...
Bakıdan qapxan leyləklər
Sənin sinənin gəzişməsindən qayıdırlar
Anam hacı deyir onlara
Atam hacı leylek
Bunu həm mən eşidirəm
Həm bütün Muğan şairləri
Hətta Muğan gölləri səfehləyirlər sənin leyləklərində
O leyləklər ki, sənin ağzından danışırlar
Sənin gövdəni vəsf edirlər
Tutub əlindən dağ aşırıq, dərə batırıq tənində
Və yamaclar yaman dad verir səsin gəlində
Səsin gəlsin sarı bülbül...
(Oxuyur Qədir Rüstəmov)
Və mən təsəvvür edirəm hardan hara çəkilmiş xətt, şişmiş dəri
Bitmiş tən
Qartımış ət və od vermiş hər yan, hər yay, hər yaz Muğanlısı
Artıq danış məni
Qulaq asım səni
De hansı yanın mənim sinəmdən uzaqda mənə qan uddurur
De içimdəki hıçqırıqmı, ya fəryad?
Haramdan harama murdardır mənə Muğanın leylekli yay gecələri?
İyirmi beşdə kiminsə əlindən bir iş gəlmir
Kiminsə divarından aşmaq da belə olmur
Şəhərin bütün sənə oxşarların qaçırdıblar çoxdan
Daha olan deyil
Olan deyil
Olan
Olan
Ol
Səni sərf edirmişəm deməli bu şeirdə
Oğlanlığım hədər deyilmiş onda
İyirmi beşdən bu yana itirilmiş kimi batmış başım
Və yerlə göy arasında qəfil gülləyə rast gəlmiş mən...
Evin yıxılsın oyyyyy Tehran
Evin yıxılsın leyleksiz şəhər...
*
Sən divardakı şəklimin çiynindən
Mən divardan düşürəm
Qışda qızılgül ehtimalı olmaz
Sadəcə şeir yazıla bilər sənsizlikdə
Sənsizlik şeirin qızıl variantıdır bəlkə də
Yazılanlar yoxluğun dadında çatmır.
Ölüm havasını bevaxta salır sadəcə
Bizdən düşənlər
Bizə düşmən kimilərdir
Bunun son günü və ilk günü yoxdur
Hər günü var.
Bucaqlarımda al arvadı qorxusu yaşanandan başa düşdüm bunu .
Sonra bir ögey oğlan uşağı idi
Xəyanətlərini sənədləşdirən
İçimdə leş, leş üstə düşdü
Sənin etdiklərinin də son günü və ilk günü yoxdur sanıram
Hər günü var.
Və hər gün divardakı şəklimin çiynindən düşəcəksən.
Mən necə də gül ağızmışam
Sənə deməyəcəklərimi şeirə etiraf edirəm.
Diri gözlükdə ölmüş kimiyəm
Bunu atam dedi son vaxt
- Mənə bu tümcənin son vaxtlığı var təkcə -
Sonra başımı aşağı dikib ölənlərimə nə zümzümə elədim.
Fatihə...
Ölənlərin də son vaxtı, ilk vaxtı yoxdur
Bunu hamı bilir
Sadəcə dedim, unudulmasın ölüm.
*
Tənindən qarğış qoxusu qar qız
Tənindən qar qış qoxusu qar quş
Qoşun çəkir üstümə tənin
Və mən çoxdandır ağ bayraqla səngərini tərk etmişəm
Sənsə gümüş yağışları qarğış kimi
Yox, qar qız kimi yağdır dünyanın yaslı yanaqlarına
Dırnaq çək qan qara qamçıl qabarlığına
Dünyanı deyirəm, dünyanın deyirəm
Əlində sıxdığın büllur nar
Yanar içim, yanar
Narlar dünyanın ağac qanıdır
Qarğışa bələşmiş
Və sıxılmış təninə
Göyərmiş sinəndən iki topa nar qarı
Qar-qar oynamaq narı
Yanar içim, yanar
Əlim qana batar bu darmadağın halımınn pərişanlığına
Dur, mənimlə durdur bu darvazanın giriş axımını
Mənim alkolik səadətimdir sənin qar ağmağın
Mənim çay dəmimdə eyvan xəlvətimdir, sənin varlığın
Sonra iyirmi ildə səni bir gün yağmaq həvəsi
Qar qız qaralığını barınmaq həvəsi
Alkolik gecələrimin macərasıdır
Bu illərin hacı Qafar udumluluğuna sən məni təşrif buyurmusan
Ancaq illər keçib
İllər keçib
Sən artıq böyümüsən
Artıq böyümüsən
Böyü
Sən
Bitirmisən nigarançılıqları
Çörəksiz, pulsuz aclıqları
Unutmusan radioda dinlədiyimiz
"Gəlmişəm otağına
Oyadam səni qara gilə."
Və sən hər oyananda salam, səhərin xeyir əzizim
Və mən hər yatanda öpürəm artıq unutdurulduğum səni
Gizlin bir macəradır bu bulaqdakı qarğışlı qar qız qarlığı
Sanki bulaq tənini səndə yuyurdu
Gözünü silirdi sənə təmiz baxmağa
Artıq iyirmi ildir baxışlar xumardılar
Bu alkolik qarsız, qaraltısız baxışlar
Bir macəradır eşq.
Dinlərsən qaralar ovqatın
Dinləməzsən allah sənə rəhmət eləsin uzun qulaq qonşu.
Yükün yüngül, yolun daşlıq idi sanki
Sən yatarsan
Mən səhərin bulaqlı suyuna can sürtəcəyəm
Qaraltılarım yağsın
Qarım qarlasın
Qar
Qar
Qarıldasın bu aclıq...
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)