Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini bu gün yekunlaşdırır. Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayıb. Və oxunma sayından görünür ki,siz bu romanı çox bəyənmisiniz.

 

 

29-cu dərc

 

 

EPİLOQ

 

Tumsatanla görüşümdən yeddi gün keçmişdi. Son bir ildə müəllimimdən mənə miras qalan bu müəmmalı agentin kuryeri ilə indiyə qədər heç bir görüşü buraxmamış, onun gəlib-gəlməməsindən asılı olmayaraq təyin olunan vaxtlarda görüş yerində olmuşdum. Bu gün də onunla görüşmüş, indi aldığım tum paketindən çıxan kiçik vərəq parçasını  masanın üzərinə qoyub baxır, cırıb tullamağa tələsmirdim. Bu dəfəki vərəq parçasında hər-hansı məlumat yox, görüş yeri yazılmışdı. Görüş yeri mənim öz agentlərimlə görüşdüyüm, təkcə özümə məlum olan çayxananın ünvanı idi. Saat 20:00-da məni orada gözləyəcəkdilər. Bu çox maraqlı idi…

Bu görüşə getməyə bilməzdim. Axşama hələ çox var idi.

Kompyuterimdə vərəq parçasında olan ünvanı yazıb printerə verdim. Sonra tum paketindən çıxan vərəq parçasını cırıb əvvəlkilər kimi unitaza atıb suyu buraxdım. Görüşə bir saat qalmış ünvan yazdığım vərəq parçasını Layiqənin masasının üstünə qoyub ofisdən çıxdım. Bu, hər ehtimala qarşı atılan addım idi. Əgər bir şey olarsa, son olduğum yer barədə məlumat vermiş olar, heç nə baş verməzsə, səhər Layiqədən tez gəlib kağızı götürəcəkdim.

Adətim üzrə ətrafı nəzərdən keçirmək üçün görüş yerinə bir qədər tez gəlmişdim. Tanış parkda xeyli var-gəl etsəm də, şübhəli bir şey müşahidə etmədim. Nə qədər fikirləşsəm də, tək özümə məlum olan bir ünvanda mənə görüş təyin edən birinin kim ola biləcəyinə qərar verə bilmirdim.

Saata baxdım, 19:59 idi. Mən çayxanaya girib beş nömrəli otağa keçməliydim.

Otağın qapısını döymədən açdım. İçəri keçməyə tələsmirdim. Çayxananın dəhlizindən, açdığım qapıdan görünən alaqaranlıq otaqdakı masanın üstündə buğlanan qəhfədan, yanında iki armudu stəkan və qəndqabı qoyulmuşdu. Stəkanlardan birinə çay süzülmüş, o birisi isə boş idi.

İki stəkan… Bu yaxşı əlamət idi… Demək boş stəkan mənim üçün nəzərdə tutulmuşdu.

Bir addım atıb içəri keçdim. Uzunsov otaqda, girdiyim qapıdan sol tərəfdə masanın yuxarı başında oturmuş adama tərəf baxanda isə təəccübümdən gözlərim dörd oldu...

-Sizsiniz?!

O, təmkinlə dedi:

-Otur Bəxtiyar, səninlə söhbətimiz uzun olacaq…

 

1-ci kitabın sonu

 

 “Ədəbiyyat və incəsənət”

(07.06.2023)