Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

28-ci dərc

Deyim niyə?

-Niyə, şef?

-Əgər müşahidə məntəqəsi qəsdən bunkerin qapısı üzərində tikilmişdisə, deməli daxma həm də lazım olarsa, dəstə üzvlərinin nəzərə çarpmadan qaçıb aradan çıxmaları üçün istifadə olunmağa hesablanmışdı. Başqa sözlə, vaxtilə bunkerə qoyulmuş əsas qapı, bir hadisə baş verərsə, ehtiyat qapı kimi istifadə olunacaqdı. Bunkerin divarlarının az qala bir metrlik dəmir-beton konstruksiyadan hazırlandığını bilirdim. Belə bir divara qədər lağım atıb sonra da beton divarı yarmaq fantastik göründüyü üçün bunkeri ehtiyat variant qismində saxlayırdım. Cinayətkarlar yalnız bu halda bunkerdən öz məqsədləri üçün istifadə edə bilərdilər. Razılaş ki, əks təqdirdə bunkerə, ətrafı yaşayış evləri olan yola baxan qapısından girib-çıxmaqdan başqa çarələri olmazdı ki, onda da heç kimin diqqətini cəlb etməmək elə birinci variant qədər fantastik olardı. Daxmanın təyinatını anladıqdan sonra daha bunkerin peri­met­rinin qalan hissələrini də gəzib yoxlamağa ehtiyac qalmırdı. Ancaq qapıda qıfılın olması etiraf edim ki, məni də çaşdırmışdı. Məntiqlə belə həlledici məqamda müşahidə aparmaq üçün oraya qoyulmuş adam heç bir halda postunu tərk etməməli idi. Daxma isə çöldən qıfıllı idi...

-Şef, bəs birdən qaçaraq daxmanın qapısını sındırmağınıza səbəb nə oldu?

-Bax indi gəlib çıxdıq hissiyatım barədə dediklərinə. Bütün indi sənə dediklərimi dəqiqləşdirdikdən sonra məhz hissiyatım məni oradan uzaqlaşmağa qoymur, vaxt son dərəcə az olsa da, hər şeyi bir daha nəzərdən keçirməyimi istəyirdi. Əslində, qıfıl məsələsinin də çözümünü tapdım orada. Ancaq bu çözüm yol kənarında dayanmış maşının ön şüşəsinə zəif işıq işartısının düşməsi ilə eyni vaxtda gəldi və mən qapını təpiklə vurub sındırarkən, onun yalnız içəridən cəftə ilə bağlı olduğunu bilirdim. Asma qıfıl isə yayındırıcı məqsədlə ora asılmışdı və bu fənd­lə bizi də aldatmağa müəyyən qədər müvəffəq oldu cinayət­karlar.

-Bəs axı...

-Əziz Layiqə. O qıfıl asılması üçün nəzərdə tutulan dəmir halqaların yalnız birindən keçirilməklə asılmışdı. Bunu gec də olsa başa düşdüm. Yadındadırsa, daxmaya ikinci dəfə də qayıtdım.

-Hə, yadımdadır, şef.

-Qapı təpiyimin təsirindən sınarkən içəri düşmüşdü. Yerə aşmış qapını yoxladım və fərziyyəmin doğru olduğuna əmin oldum. Qıfıl, dediyim kimi, yalnız qapının açılan layındakı halqaya keçirilərək qıfıllanmışdı. Amma daxmada başqa bir şeyi də yoxladım.

-Nəyi şef?

-Bunkerin qapısı həqiqətən daxmanın içərisində idi. Ən maraqlısı da bu idi ki, bunkerin qapısına vurulmuş, ilk baxışdan pas içində olan və illərlə açılmayan təsəvvürü yaradan qıfıla burnumu yaxınlaşdırarkən qıfılın içərisindən tikiş maşınlarının yağlanmasında istifadə olunan yağ iyi vurdu məni. Qıfıl rahat açılıb bağlanması üçün yağlanmışdı. Təbii ki, bunkerin öz qıfılının açarı onlarda ola bilməzdi. Buna görə də həmin qıfılı qırıb yerinə açarı olan, ancaq şübhə doğurmamaqçün elə əvvəlki qıfıl kimi paslı, mexanizmi qəşəngcə yağlanmış bir qıfıl asmışlar. Ancaq bu qapı yenə də yalnız və yalnız ehtiyat çıxış ola bilərdi. Deməli, bunkerin başqa yerdən girişi var idi. Böyük ehtimalla isə Babaxanın olduğu evdən. Təhlükə olarsa, daxmadakı adam əvvəlcə telefon vasitəsi ilə onlara xəbər verməli, sonra isə qapıdakı qıfılı açmalı idi ki, qaçıb aradan çıxa bilsinlər. Bundan sonra baş verənləri özün bilirsən.

-Dahiyanədir, şef.

-Yadında qalsın, Layiqə, bütün dahiyanə şeylərin izahını bildikdən sonra, onların ən sadə şeylərə söykəndiyi məlum olur.

-İstintaqa ifadə verərkən orada bundan əvvəl cəmi iki dəfə insanların orqanlarının çıxarılmasını öyrəndik. Kamil müəllim isə, həmin ünvanda işıq məsrəfinin üç dəfə artdığını demişdi. Təbii ki, o sonuncu məsrəf artımı barədə hələ məlumatlı ola bilməzdi, bunu sonra biləcək. Belə isə, üçüncü məsrəf artımını nə ilə izah edirsiniz?

-Təhlili öyrən, Layiqə. Əgər hər hansı bir, qoy lap gizli  tibb müəssisəsi olsun, fəaliyyətə başlayırsa, orada quraşdırılmış çoxsaylı tibbi cihazların normada işləməsini yoxlamaq, göstəricilərini uyğunlaşdırmaq, ehtiyac olarsa nizamlamaq lazım deyilmi? Bunun üçün həmin cihazlar işə salınıb saatlarla müşahidə aparmaq tələb olunmurmu? Bax elə dediyin üçüncü, əslində isə birinci məsrəf artımı o zaman yaranıb. 

-Şef, bizim işimizdə ən əsas olan nədir?

-Bir neçə əsas şey var. Bunlar təcrübə, məntiqi düşüncə tərzi, bir də ki, anında düzgün və qətiyyətli qərar qəbul etmək bacarığıdır. Güclü hissiyata malik olmaqla yanaşı insan psixologiyasını bilmək isə köməkçi şərtlərdir bizim işimizdə.

-Hissiyyat barədə bayaq danışdıq. Bəs psixologiyanın bura nə aidiyyəti var?

-Var, Layiqə, var. Psixologiyanı bilməklə çox şeyə nail olmaq, hətta yalanı da tutmaq olar. Bir misal çəkəcəyəm. Bu cinayət Babaxanın izinə düşdükdən sonra açıldı və Nərminin həyatını xilas edə bildik. Babaxanın izinə isə Tahir müəllimin qonşusu olan Zabitədən az qala kəlbətinlə aldığım sözlərdən sonra düşə bildim. Əgər ilk dəqiqədən Zabitəyə özümü detektiv kimi təqdim etsəydim, heç nə bilmədiyini söyləyib qapını üzümə bağlayacaq, çox güman ki, indi Nərmin də, elə o biri xilas etdiymiz kişi də artıq həyatda olmayacaqdılar. Bax belə psixologiya sahibləri də var. Onlara özünəməxsus, elə öz psixologiyalarına uyğun yanaşma tələb olunur. Zabitəni gör­mədən psixoloji portretini cızmışdım.

-Bəs yalan necə ifşa edilir bu üsulla?

-Bu bir qədər çətin işdir. Püxtələşmiş yalançılar var ki, onların yalanını tutmaq heç də asan olmur. Amma soruşduğun üçün bir misal çəkəcəyəm. Fərz edək ki, bir tanışına işin düşüb. Zəng edib onunla görüşmək istədiyini bildirisən. O isə açıq-aşkar yox deyə bilməsə də, görüşmək istəmir. Deyək ki, deyir, şəhər kənarında, məsələn Mərdəkandayam. Bir qədər sonra yenə də ona zəng et. Qısa müddət sonra yenidən zəng etməyin onu təbdən çıxaracaq. Çünki Mərdəkanın yolunun ən azı iyirmi dəqiqə olduğunu ikiniz də bilirsiniz. Ümumiyyətlə, qarşı tərəfin daxilinə nüfuz etmək istəyirsənsə, onu bir yolla tarazlıqdan çıxarmağa nail olmalısan. Əsəbi insan özünü idarəetməni itirir. O təbii ki, yenə də telefona cavab verəcək. “Gəlməmisənmi?“ deyə bir də sual ver. Əgər yalan danışırsa, bilirsənmi o sənə hansı cavabı verəcək?

-Hansı cavabı şef?

-Deyəcək ki, yox, hələ oradayam. Bəs məntiqlə nə deməlidi?

-Məntiqlə, əgər doğrudan da Mərdəkandadırsa, deməlidir ki, yox, hələ buradayam. Maraqlıdır şef, bəs bu necə baş verir?

-Bunun elmi izahını verə bilmərəm. Sadəcə, özüm üçün bunu belə izah edirəm. Yalan danışan insan uydurduqlarını sonradan unudur. Yalnız sonradan. Yeni uydurduğu yalanı isə bir müddət bərk-bərk xatırlayır və bu onun şüuraltında həkk olunur. İndi keçək gözlərə. Əvvəlcə müqəddəs Qurani-Kərimdən bir sitat gətirəcəyəm: “Gözlər şəhadət verəcək”. Məhz bu kəlmələri araşdıran dünya alimləri yaxın keçmişdə kəşf ediblər ki, gözlərin özünün ayrıca, göz arxasında yerləşən kisəcik şəkilli  beyni var. Gözdə inikas olunanlar bu beyinə həkk olunur. İndi davam edək. Sənin az keçmiş etdiyin təkrar zənglə əsəbiləşərək tarazlıqdan çıxmış tanışın, telefonunda adını və ya tanış nömrəni görərkən şüuraltındakı məlumat yenidən oyanır. Şüur özü isə ona Bakının mərkəzində olması barədə siqnallar ötürür. Dedikləri inandırıcı olmaq üçün şəhərin mərkəzində dayanmış insan bir anlıq özünü Mərdəkanda təsəvvür edir. İşə gözlərin beyni qarışır və yenə də ətrafda əks olunan mənzərənin Mərdəkana deyil, şəhərin mərkəzinə aid olmasını bildirir. Ziddiyətli siqnallar qarışır və göz qabağına şəhərin mərkəzi ilə Mərdəkan arasındakı məsafə gəlir. Məsafədə olan hər bir şey haqqında isə həmişə “ora”, “orada”, “oradakı” və sair sözlər işlədilir. Bax beləcə tanışın da ziddiyyətli siqnallardan çaşaraq özünü ifşa edir. Belə geniş izah etsəm də,  bütün bunların bir saniyə ərzində baş verməsi yalançının çaşmasına səbəb olur. Üzbəüz danışıqda isə, yalan danışan insanın gözünün içinə baxmaq kifayət edir. Yalançılar həmişə baxışlarını gizlətməyə çalışır, həmsöhbətinin gözünün içinə dik baxmırlar.   

-Başa düşdüm, şef. Yenə sualım qalıb.

-Soruş, Layiqə, nə istəyirsən soruş.

-Həmin gecə dalandakı birinci evin tuşundan keçəndə, qayı­dıb küçə qapısına diqqətlə baxdınız. Qapıdakı gizli simvol idi?

-Bəli, düz tapmısan. Düzbucaqlı üçbucaq.

-“Ev artıq talanıb”?

-Elədir ki, var, “ev artıq talanıb”

Talançıların gizli simvolları ilə işə təzə başladığı vaxtlarda Layiqəni tanış etmişdim. “Varlı ev”, “Ev gecə boşdur”, “Biznesmen evidir”, “Səhər boşdur”, “Axşam boşdur”, “Ev maraq doğurmur”, “Ev əlçatan deyil” və sairə mənalar verən bu simvollar vasitəsilə oğrular bir-birlərinə işarələr verirlər. Talançıların otuza yaxın belə gizli simvolları var.

-Həmin ev bu yaxınlarda talanmış olsaydı, Orxan Dəmirli mütləq dalana yaxınlaşanda bizə bu barədə məlumat verərdi. Buna borclu idi. Əgər susdusa, deməli, ev talanmayıb. Deyəsən o simvolun qapıya vurulmasının səbəbini başa düşməyə başlayıram.

-Düz başa düşürsən, Layiqə. Əminəm ki, Nərmin gizlədilən evin sağında və solundakı evlərdən, əməliyyat başa çatdıqdan sonra yaranmış hay-küydən sonra da nə bir işıq yanmadığına, nə də bir adamın boylanmadığına fikir vermisən. Ona görə ki, bu evlər də cinayətkarlara məxsusdur və bir növ, qoruyucu rolunu oynayırlar. Yaxın qonşuların olduğu bir məkanda əvvəlcə beton divarın yarılaraq bunkerə yol açılması, oğurlanmış insanların saxlanılması və sonradan orqanlarının çıxarılması kimi bir işi həyata keçirmək olduqca təhlükəli olardı və cinayətkarlar da bunu gözəl bilirdilər. Ona görə də bu evləri də almışlar. Dalandakı birinci ev isə kifayət qədər aralıda yerləşdiyindən maraq doğurmayıb və ya artıq məsrəf etmək istəməyiblər. Sa­də­cə həmin evin nə vaxtsa talanması və nəticədə cinayətlərini həya­ta keçirdikləri dalana polis əməkdaşlarının gəlməsindən sığor­ta­lanmaq məqsədi ilə evin artıq talanması barədə həmkarlarına bu yolla yalançı mesaj yollamışlar. Təcrübə göstərir ki, talanmış evin təkrarən talanması milyonda bir halda baş verir. Sadə insanlarsa, qapılarında, yaxud qapıya yaxın yerdə divarda çəkilmiş, mənasını bilmədikləri və çox vaxt da uşaq cızmaqarasına oxşayan oğru simvollarını görəndə bunun nə olduğunu başa düşməyərək əhəmiyyət vermir, adi bir şəklin evlərinin, mənzillərinin talanmaya hazırlanmasına işarə olduğunu başa düşmürlər. Sonra isə gec olur. Halbuki, internet vasitəsilə çox asanlıqla bu simvollarla tanış olmaq mümkündür.

-Həmin gecə siz bunkerə düşdükdən sonra, Babaxanla həyətdə ikimiz qalanda, mən də bir neçə sual verdim ona.

-Yük maşını barədə?

-Tək maşın yox, şəkil barədə də.

-Maraqlıdır.

-Vəziyyət elə gətirib ki, Nərminin qaçırılması planını Ba­ba­xan özü hazırlayıb və həyata keçirib. Ancaq maşını da, şəkilləri də gizlətmək kimi uzaqgörən addımlar onun beyninin məhsulu deyil. Elə şəxsi maşını və cib telefonu vasitəsilə koordinatlarını müəyyən edə bilməməyimiz də. Babaxan bütün təlimatları Həsənağa adlı birisi vasitəsilə dəstənin başçısından alırmış. Maşını gizlətməkdə də məqsəd elə izi itirmək imiş. Zəif cəhd olsa da, qız oğurlanan tarixdən növbəti və sizin tapşırığınızla iki gün əvvəlki günlərin görüntülərinə baxmasaydıq, bu fəndləri işlərinə yarıya bilərdi. Ən azı vaxt udmaq nöqteyi nəzərindən. Bu təlimatları verən kimdirsə, ağıllı adam olduğu bilinir.

-Həm də bilsən necə ağıllı. Təəssüf ki, ağıl və bacarığını belə yaramaz işlərə yönəldib. Bilirsən, Layiqə, biz sanki cinayət­kar­larla şahmat oynayırıq. Silah, fiziki güc tətbiq etməyə də həmi­şə ehtiyac olmur. Olursa da, lap sonda. Qalan vaxtda elə şah­mat lövhəsinin üzərində edilən gedişlərə bənzəyir müba­ri­zə­miz. Gedişlərdə kim kimi üstələyirsə, o da qalib çıxır sonda. Ba­ba­xanın tək bircə şəkli əlimizdə olsaydı, sonradan məlum olduğu kimi, Orxan Dəmirli onu tanıyacaq, bizi düz onun olduğu evə aparacaqdı. Nə bu qədər baş sındırmağa, nə də Nərminin həyatı bahasına başa gələ biləcək vaxt itkisinə ehtiyac olmayacaqdı. Bununla belə, hər şeyi nəzərə almaq mümkün deyildir. Hər bir cinayətkar özündən sonra mütləq bir iz qoyur. Biz isə, elə aşkar etdiymiz o izlərlə gedib cinayətləri açırıq. Elə az əvvəl haqqında danışdığımız talançı simvolu da, həmin gecə mənim üçün doğru yolda olduğumun daha bir təsdiqi olmaqla, onların özlərinə qarşı yönəlmiş oldu.

-Bir şey də öyrəndim həmin gecə.

-De, Layiqə.

-Babaxanın “Jiquli” markalı ikinci maşını var imiş. Zabrata da əsasən bu maşınla gedirmiş. Həmin gün “Jiquli” təmirdə olduğundan “Nissan”la getməli olub.

Bir qədər susdum. Bu Orxan Dəmirlinin Babaxanın maşınını xatırlamamasının səbəbini izah edirdi.

-Qoy, bu, araşdırmamızdakı yeganə səhvimiz kimi passivimizə yazılsın, Layiqə. Sağ ol ki, bunu gec də olsa, öyrənə bilmisən.

-Şef, son sualı da verəcəyəm. Ancaq inciməyin.

-Buyur, Layiqə.

-Bəs necə oldu ki, atəş açan cinayətkar sizi qabaqlaya bildi?

Burada inciməli bir şey görmürdüm. Ancaq hansısa mənada mənim üçün ağır bir sual idi. Bununla belə cavab verməliydim.

-Yaralandıqdan sonra uzun müddət müalicə aldım. Bərpa olunduğumu düşünərək xidmətə qayıtdım. Ancaq qolumda mütəmadi olaraq dözülməz ağrılar baş qaldırmağa başladı. Bu ağrılar səbəbindən həyatımı həsr etdiyim peşəmdən ayrılmaq istəmirdim. Uzun müddət bunu gizlətdim. Boş vaxtlarımda Daxili İşlər Nazirliyinin Atıcılıq tirinə gedib sol əllə tapançadan atəş açmağı məşq etdim. Çətinliklə “onda səkkiz” göstəriciyə nail oldum. Ancaq ağrılar xidməti davam etdirməyimə imkan vermədi. Təqaüdə çıxaraq müalicələr aldım. Nəticə bu oldu ki, ağrıların başvermə intensivliyi azaldı. Həmin gecə də qolumda sızıltılar baş qaldırmışdı. Buna görə silahı sol əlimdə tutmuşdum. Sol əl isə, sağ əl deyil.   

Restoranın işıqları söndü. Həzin musiqi səslənməyə başladı.

-Yenə rəqs edək, şef?

-Edək, Layiqə, edək. 

Həmin axşam Layiqə ilə düz beş dəfə rəqs etdik. Onu evlərinə düşürəndə gecə yarısı idi.  Bir gün də dincəlib, sonra işə çıxmasını tapşırdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(06.06.2023)