Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

25-ci dərc

 

Asissent ikinci qurbanın da cansız bədənini qucağına alıb cərrahiyyə otağından çıxdı. Onun bədənindən kəsilib götürülən daxili orqanlar da soyuducu kamera rolunu oynayan xüsusi qutulardan birində qablaşdırılmış, ağzı kip bağlanaraq kənara qoyulmuşdu.

İkinci meyiti də qara torbaya salıb fermuar kilidini bağladı. Kilid qıjıltı ilə bağlandı.       

On dəqiqə fasilədən sonra növbəti, üçüncü qurbanı cərrahiyyə otağına aparmalı idi.

İlk baxışdan bu insanın mütənasib idmançı bədəni, güclü qolları, heç bir emosiya əks etdirməyən siması, səssiz yerişi, həmişə diqqətlə baxan gözləri onun xüsusi xidmət orqanlarında hazırlıq keçməsi təəssüratını yaradırdı.

Saat 02:00 idi. İkinci qurbanın yarılması bir qədər çox, altmış beş dəqiqə vaxt aparmışdı. Üçüncü otağın qapısını açıb oradakı kişini əl işarəsi ilə çağırdı. Kişi sakitcə ona tərəf gəlməyə başladı.

-Bunu saxla.

Qəfildən arxadan gələn səs­dən köməkçi sürətlə geriyə çevri­ləndə cərrahla göz-gözə gəldi.

-Bunu sonra gətirərsən. On dəqiqə nəfəsimi dərim, sonra o biri otaqdakı o türk qızını gətir. Onu axıra saxlamaq, xüsusi həzz ilə yarmaq istəyirdim. Ancaq bu ikinci yardığım adamın az qala öləcəyi ilə bağlı keçirdiyim həyəcan məni çox yordu. Bir türk gəncini öldürməyimdən alacağım həzzə üçüncü əməliyyatdan da əlavə olunacaq yorğunluğun mane olmasını istəmirəm. Bir azdan qızı gətir!

Bunu deyən cəllad asta addımlarla cərrahiyyə otağına qayıtdı. Əynindəki xüsusi, ağ rəngli geyimi sinəsindən ətəyinə qədər qana bulaşmışdı.

                                             

                                              * * *

İkinci evi də keçdik. Bu evdə də, dalanın sonundakı iki evdə də həyat əlaməti hiss olunmurdu.  

Üçüncü evin qapısına çatanda Rəşadla mən qaranlıqda divarın dibində gizləndikdən sonra Layiqəyə “Başla” işarəsi verdim.

Layiqə qapıya yaxınlaşıb taqqıldatmağa başladı. Aramızda beş-altı addım məsafə vardı. Arxasında gizləndiyimiz divardakı çıxıntı bizə kənar gözlərdən gizlənməyə kömək edirdi.

Az sonra qapının o tərəfindən bir qədər həyəcanlı kişi səsi eşidildi.

-Kimdir?

-Mənəm, Ərəstun əmi, Xatun, sizin Türkmənistandakı dayınız oğlu Hatəmxanın qızı. Yadınızda, iki il əvvəl də sizdə qonaq olmuşdum?

Layiqə bu sözləri birnəfəsə dedi ki, qapının o biri tərəfindəki adam sözünü kəsə bilməsin. Bu hazırladığı mətni tam səsləndirməsi sözlərinin inandırıcı görünməsi üçün çox vacib idi.

-Ərəstun çoxdan burdan köçüb, çıx get burdan, səs-küy salma.

-Nə danışırsız. Köçüb, maraqlıdır, bəs niyə bizə deməyib? Həəə, bildim. Yəqin atamdan inciyib, oğlunun toyuna gələ bilməmişdik. Ancaq o vaxt ona demədik ki, toya qanqaraçılıq düşməsin, həmin vaxtı Gülzar bibi rəhmətə getdi. Yoxsa atam bilet də almışdı.

-Ay qız, bütün bunların mənə heç bir dəxli yoxdur. Dedim axı çıx get, Ərəstun burdan köçüb.

-Aaa, bəs mən bu qaranlıqda hara gedim? Heç yeri də tanımıram. Taksi də küçənin o başında məni düşürüb getdi. İndi mən hara gedim? Bəyəm azərbaycanlılar gecə vaxtı qapılarına gələn bir qızı çölə atırlar? Heç gözləməzdim. Heç olmasa bir yol göstərin, harada gecələyə bilərəm. Səhərsə, Ərəstun əmini axtararam. Küçə də qaranlıqdı. Mən qorxuram axııı, açın qapını!!!

Sonuncu sözləri Layiqə lap ucadan, demək olar ki, qışqıraraq dedi və yenidən qapını döyməyə başladı.

Qapını yenidən döyməsi yerində edilmiş gediş idi.

Əvvəlcə həyətin işığı yandı. Sonra qapının cəftəsinin səsi gəldi. Aha, deyəsən Layiqənin daha da bərk qışqırıb diqqəti cəlb edəcəyindən qorxuya düşüb qapını açırlar. Bu qız ona tapşırılan rolu çox inandırıcı oynayırdı.

Yavaşca Rəşadın əlini sıxdım. Bu tam hazırlıq işarəsi idi.

 

* * *

Asissent qapını açdığı kimi də bağlayıb sonuncu otağa yaxınlaşdı. Bu otaq ən dibdə idi və otaqdakı qız ən sonda, üç gün əvvəl gətirilmişdi. Saatına baxdı. Fasiləyə ayrılan on dəqiqənin yarısı arxada qalmışdı.

Qapını açıb içəri keçən köməkçi gənc qızı ayaq üstə dayanan gördü. Sanki yıxılmamaqçün havadan tutmağa çalışırmış kimi əllərini irəli uzatmış qızın dizləri əsir, nəsə demək istəyirmiş kimi hıçqırığa bənzər səslər çıxarırdı.

-Yəni dərmanlar buna tam təsir etməyib ki? -bunun mümkün olmadığını gözəl bilsə də, asissent qıza ehtiyatla yaxınlaşdı. Qolundan tutanda qız bir anlıq başını çevirib nifrətlə onun gözlərinin içinə baxdı. Yalnız bir an, bir saniyə. Və nifrət dolu bu gözlərdən cəmi bir damla yaş süzülüb yanağında dayandı. Sanki bu yaş o gözlərdəki nifrəti də özü ilə yuyub apardı və qızın baxışları yenə də laqeydliklə əvəzləndi. O, qolundan tutaraq onu ölümünə tərəf aparan bu hissiyatsız insanın ardınca sakitcə otaqdan çıxdı…

Sonuncu dəfə bunkerə düşərkən ehtirası ona güc gəlmiş şişman dərmanları sonraya saxlamış, Həsənağanın gəlişindən sonra isə verməyi tamamilə unutmuşdu. Bunu sonradan xatırlayanda isə bunkerə düşüb içində dərman qatılmış yemək və kompot olan sinini kimsənin görməməsi üçün götürüb geri qayıtmış, qorxusundan bir daha qızın olduğu otağa girmək istəməmişdi. Beləliklə, kompleks şəkildə verilməli olan dərmanların sonuncu dozaları qıza verilmədən qalmışdı…

 

* * *

Azca aralanan qapıdan dalana düşən zəif işıq zolağında Layiqənin onsuz da qısa olan tumanını bir qədər də yığaraq yuxarı qaldırdığını sezdim. Afərin. Bu qız doğrudan da nə etdiyini çox gözəl bilirdi.

Bayaqdan, qapını açmaq istəməyən kişi onu görəndən sonra bir qədər süzüb qapını axıradək açdı və dedi:

-Bu yaxınlarda mehmanxana-zad yoxdur. Ancaq taksi çağıraram, səni istədiyin, münasib bir mehmanxanaya aparar.

-Oyy, çox sağ olun, nə yaxşı insansınız, bağışlayın ki, narahat etdim. Bilmirdim, vallah bilmirdim Ərəstun əminin köçdüyünü. Olar taksi gələnəcən həyətdə gözləyim, həm də yol gəlmişəm, icazə versəniz, -bundan sonrasını Layiqə bir qədər kişiyə tərəf əyilərək, sanki kimsə eşidəcək kimi,  az qala qulağına pıçıltı ilə dedi. Bu zaman onun buruq saçları kişinin üzünə toxundu.

Bir daha afərin, Layiqə. Bu qız qadın cazibəsinə məxsus yayındırıcı manevrlərdən məharətlə istifadə edirdi.

Eşitməsəm də, onun kişiyə nə dediyi aydın idi.

Layiqənin düşünülmüş təzyiqləri altında küçəyə çıxaraq onunla üz-üzə söhbət edən bəstəboy, kök kişi, bu isə şəksiz-şübhəsiz Babaxan idi, çarəsiz kənara çəkilib onu içəri buraxdı.

-Yaxşı keç, amma tez ol.

Layiqənin ardınca həyətə keçən Babaxan yenidən qapının dalını bağladı. Bunu bayaq eşitdiyim qapı cəftəsinin səsinin təkrarlanması ilə müəyyən etdim. Bu yaxşı olmadı. Dalanın quruluşu elə idi ki, gizləndiyimiz yerdən çıxıb qapıya yaxınlaşsaq, ikinci gizlənməli bir yer qalmırdı. Birdən həyətdə adam çox olarsa və bu halda Layiqə qayıdıb əvvəldən planlaşdırıldığı kimi həyətdən çıxarsa, Rəşad və mən qapı ikinci dəfə bağlanmamış qəfildən həyətə girməli, orada olan adamları zərərsizləşdirməli idik. Seçim əvvəldən də yox idi. İndi isə bir nəfər də azalmışdıq. Orxan gəlib çıxmırdı. Daha fikirləşməkdən keçmişdi. Rəşada işarə verib divara sıxıla-sıxıla qapıya tərəf addımladım. Rəşad ardımca gəlirdi. Hər ikimiz silahımızı çıxarıb hazır vəziyyətdə tutmuşduq. Qapıya çatıb hərəmiz bir tərəfində durduq.

Həyətdən heç bir səs gəlmirdi. Tam sakitlikdə birdən sükutu Layiqənin səsi pozdu:

-Oyy, çox sağ olun, yaxşı ki, icazə verdiniz, yoxsa bilmirdim nə edim, deməyə də utanırdım, siz Allah bağışlayın.

Layiqənin səsi get-gedə yaxınlaşdı və birdən guppultuya bənzər bir səs gəldi. Ardınca az keçməmiş küçə qapısı açıldı və çölə çıxan Layiqə işarə ilə bizi içəri çağırdı.

Plana görə artıq içəri keçdikdən sonra bizim qapıya yaxınlaşacağımızı bilirdi.

Babaxan tirtap vəziyyətdə yerdə uzanmışdı. Həyətdə başqa kimsə yox idi.

-Rəşad, sən tez evi yoxla, -dedim.

Sonra isə, -Ümidvaram ki, ölməyib, -deyib gözaltı Layiqəyə baxdım. Bu qızın son illər ancaq kişilərlə məşq etdiyini bilirdim.

-Ölməyib şef, indi ayıldaram, -Layiqə əyilib Babaxanın boynunda hansısa damarı sıxdı. Babaxan əvvəlcə yavaş-yavaş gözlərini açdı, sonra ətrafa baxıb nə baş verdiyini anlayanda yerindən sıçramaq istədi, ancaq onsuz da kök adamın yerinə yetirməsi olduqca çətin olan bu hərəkətinə onun başı üstündə dayanmış Layiqənin boynundan yapışan əlləri mane oldu.

-Mənə qulaq as, Babaxan. Səsin çıxsa özündən küs. De görüm, evdə başqa kimsə varmı, bu birinci sualım. İkinci, bizə Nərmin lazımdır, de görüm qızı harada gizlətmisən. Tez danış,-səsim olduqca sərt idi.

-Mə, mə, məni haradan tanıyırsız. Bi, bi, bilmirəm. Mən heç nə bilmirəm, -Babaxan tir-tir əsirdi.

-Evdə heç kəs yoxdur, -Rəşad gözlədiyimdən tez qayıtdı.

Yəni nə isə səhv buraxmışam? Evdə heç kim yoxdursa, bəs Nərmin haradadır? Yəni gecikmişəm? Hər şey bitib? Bəlkə bu əclaf ona görə susur? Nə deyəcəyini bilmir. Bax, dizləri üstə çöküb qorxudan necə əsir. Ancaq danışmır.     

Layiqə yumruğunu düyünləyib yenə də Babaxanı vuracaqmış kimi qolaylandı.

Bunu görən Babaxan iki əllə üzünü örtüb, -Yox, qadan alım, vurma. Hər şeyi deyəcəyəm, -deyib qışqırdı.

-Danış, -deyə amiranə səslə Babaxana çımxırdım.

-Oradadırlar, orada, bax orada. Mən bilirdim axırı yaxşı olmayacaq, bilirdim.

Babaxanın göstərdiyi tərəfə baxdım. Kifayət qədər böyük həyətin bu alaqaranlıq hissəsindəki çəmənlikdə nə bir tikili, nə də bir qapı yox idi. Həyətin uzaq başında, hovuzun yanında bir, ortasında da ikinci maşın dayanmışdı. Maşının biri elə Babaxanın maşını idi. Bəs ikinci maşın? Evdə də heç kim yoxdur. Bəs ikinci maşında gələnlər haradadırlar? Haradasa buralardadırlarsa, bayaqdan səs-küyü eşitməli deyildilərmi?

Babaxan birdən ayağa qalxıb dizləri əsə-əsə evə tərəf getdi. Onun isterik vəziyyətdə olduğu aydın hiss olunurdu.

-Düymə, düymə oradadır, evdə, düymə.

Layiqə mənə baxdı. “Toxunma” deyə işarə verdim. Babaxanın dediyi düymənin paltar düyməsi olmadığı aydın idi. Düşündüyüm kimi, haradasa gizli qapı var. Bu gözlənilən idi.

Rəşad hər ehtimala qarşı Babaxanla birlikdə evə daxil oldu. Layiqəyə Babaxanın maşınının arxasında gizlənərək mövqe tutmasını tapşırdım. Özümsə, silahı hazır vəziyyətdə tutub bayaq Babaxanın işarə verdiyi tərəfə baxırdım. Əgər bir gizli qapı vardısa, o qapı oradan açılacaqdı və hər şeyə hazır olmalı idim.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(01.06.2023)