Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

24-cü dərc

 

-Tərimi sil!

Cəllad həkim qanlı əlindəki şprisi kənara qoyub asissentinə tərəf çöndü. Asissent cəld bu məqsədlə kəsilərək bir neçə qat qatlanmış tibbi tənziflərdən birini pinsetlə götürüb ona yaxınlaşdı. Alnından üzünə axan tər damcılarını siləndən sonra tənzifi bir kənara atıb yerinə qayıtdı.

Hər ikisi həyəcanlı idi. Əməliyyata başlmazdan az sonra cihazlar hələ bir müddət də sağ qalması onlara lazım olan kişinin ürək döyüntüsünün çox zəiflədiyini göstərməyə başlamışdı. Əgər pasiyent lazım olan daxili orqanları çıxarılmazdan əvvəl ölərsə, artıq bu orqanlar heç nəyə yaramaz, onu sifarişçiyə vermək olmazdı. Bu halda isə sifariş tam yerinə yetirilməməklə aralarındakı müqavilənin şərtləri pozular, böyük cərimə ödəməli olardılar. Məhz məsələnin tibbi tərəfinə onlar cavabdehlik daşıdıqlarından bu cərimənin onların belinə vurulacağını gözəl başa düşürdülər. Üstəlik də, belə işlərdə çox vacib olan dırnaqarası reputasiyalarına xələl gələrdi. Qarşı tərəfin etibarını itirərlərsə, növbəti sifariş gəlməyə də bilərdi və günahkar birbaşa onlar olacaqdılar. Bu isə nə qədər itirilmiş pullar demək idi. Sivri burunlu bunu onlara bağışlamazdı.

Ancaq kifayət qədər həkimlik təcrübəsi olan cərrah bu vəziyyətdən çıxmağı bacarmış, xüsusi inyeksiyalarla nəbzin əvvəlki ritminə qayıtmasına nail ola bilmişdi.

Asissenti həyəcandan onun alnını basmış tər damcılarını sildikdən sonra yenidən skalpelini işə saldı. Nəzərdə tutulmayan on beş artıq dəqiqə itirmişdilər…

 

* * *

-Kamil müəllim çoxdan işləyir bu ərazidə?

-Hə, əmin ola bilərsiniz, ərazini beş barmağı kimi bilir. Həm də axı özü bu rayonun işıq idarəsində şöbə rəisi olub.

-Maraqlıdır, bəs niyə çıxarıblar?

-Çıxarmayıblar, öz xahişi ilə çıxıb.

-Belə də olur ki? -bayaqdan susan Layiqə də söhbətə qatıldı.

Dəmirlinin sözlərindən belə məlum oldu ki, Kamil müəllim həqiqətən də öz işini çox gözəl bilən, üstəlik də düzgün, prinsipial bir adamdır. Bu ərazinin işıq idarəsində rəhbər vəzifədə işləyəndə yüksək vəzifəli bir şəxsin bacısı oğlunu onun şöbəsinə işə düzəldirlər. Hər şey də bundan sonra başlayır. Bacıoğlunun nə işdən anlayışı olur, nə də ki, bir şey öyrənmək istəyir. Bu azmış kimi tez-tez də intizamı pozub işə gecikir və ya işdən yayınır. Həmişə özünə və işçilərinə qarşı tələbkar olmağa öyrəşmiş, belə şeyləri qəbul edə bilməyən Kamil müəllim bir müddət səbr edib danışmır. Hətta bacıoğlu rəhmətə getmiş yaxın qohumunun cümə axşamı mərasimində iştirak etmək üçün həftənin bazar ertəsi günü icazə istəyəndə də susub heç nə demir.

Kulminasiya nöqtəsi isə, bacıoğludan hesabatı nə vaxt verəcəyini soruşarkən onun -“Mən bu yaşadək heç kimə hesabat verməmişəm” -deməsi olur. Zavallının söhbətin rüblük hesabatdan getməsi barədə belə anlayışı yox imiş. Elə həmin gün Kamil müəllim işdən çıxması barədə ərizəsini yazaraq hər şeyə tüpürmüş, ona dəyər verən rəhbərliyin uzun-uzadı təkidlərindən sonra həmin idarədə qalıb sahə rəisi kimi işləməyə davam etmiş, bu ərazi ona təhkim olunmuşdu.

Dəmirlinin zəngindən on altı dəqiqə keçmişdi. İşıqları bayaq bizim gəldiyimiz yolda görünən taksi yoldakı çalaları birtəhər dəf edərək yanımızda dayandı.

Maşından düşən Kamil müəllim Dəmirli ilə görüşüb bizə başı ilə salam verdi.

-Nə olub Orxan, sizə nə köməyim dəyə bilər?

-Bunu sizə Bəxtiyar müəllim deyəcək.

Orxanın işarəsi ilə Bəxtiyarın məhz mən olduğumu başa düşən Kamil müəllim sual dolu baxışlarla mənə baxdı.

-Kamil müəllim, Orxanın sözlərindən belə məlum olur ki, bu ərazidə xeyli vaxtdır işləyirsiniz. Zəhmət olmasa deyin, dayandığımız yerdən təxminən beş yüz metr, bəlkə də daha böyük radiusda, ümumiyyətlə bu ərazidə işıq məsrəfi gah çox artan, gah da qəpik-quruşa enən bir mənzil, yaxud da obyekt tanıyırsınızmı?

Kamil müəllim cəmi bir neçə saniyə fikirləşdi.

-Bəli, belə bir ünvan var. Həyət evidir. Deyə bilmərəm ki, belə hal mütəmadi olaraq təkrarlanıb. Ancaq konkret ünvanda bu cür hal bir neçə dəfə müşahidə olunub. Dediyim ünvanda elə olub ki, aylarla işıq pulu bir-iki manatla, bəzən hətta qəpiklə ölçülüb, amma birdən də elə olub ki, bir ayda yüz əlli-iki yüz manat arasında dəyişib.

-Belə halı neçə dəfə müşahidə etmisiniz?

-Dəqiq xatırlamıram, iki dəfə olar. Bəlkə də üç. Yox, dəqiq xatırladım, belə hal üç dəfə olub həmin ünvanda. Mən rəhbərliyə bu barədə məlumat da vermişəm, ancaq dedilər ki, nə vaxt nə qədər elektrik cərəyanından istifadə etməsi abonentin şəxsi işidir, yetər ki, pulunu vaxtı-vaxtında ödəyir. Ödənişində isə doğrudan da heç vaxt gecikmə olmayıb.

-Bu hal hansı fəsillərdə baş verib?

-Dəqiq olmasa da, deyə bilərəm ki, əvvəl kiçik, təxminən bir ay, sonra isə üç-dörd ay fasilə ilə məsrəf artıb və yenə də köhnə vəziyyətinə qayıdıb. Deməli həm yaya, həm də qışa, bir sözlə istənilən fəsilə təsadüf edə bilərdi. Ancaq yenə də deyirəm, ödənişlərdə gecikmə olmadığından həmin abonentə hər hansı iradımız olmayıb.

-Əlbəttə olmayacaq, -dodaqaltı dedim. -Axmaq deyildilər ki, pulu ödəməyib diqqəti cəlb etsinlər.

-Bağışlayın, nə isə dediniz?

-Xeyr, Kamil müəllim, sizinlə deyildim. İndi isə mümkünsə, həmin evin yerini bizə göstərə bilərsinizmi?

-Ev çox yaxındadır. Baxın, bu yol gedib sağa dönür və sonra dalana dirənir. Dalanın sağ tərəfi bu arxanızdakı çöllükdür, solda isə evlər. Dalanın sonundan bu tərəfə olan ikinci həyət dediyim ünvandır. Bu tərəfdən isə üçüncü həyət düşür. Hündür hasarı, dəmir darvazası və alaqapısı var. Buradan ora təxminən yüz əlli metr məsafə olar.

-Ev sahibinin adını və ya soyadını xatırlamırsınız, təsadüfən?

-Məsələ bundadır ki, evin əvvəlki sahibi Ərəstun Şeydayev idi. Türkmənistandan idi əsli. Onunla tez-tez rastlaşırdım, hal-əhval tuturduq. Təxminən bir il, ya bir qədər çox müddət əvvəl isə bu evi satdı. İndiki sahibinin soyadı İmanovdur. Adını xatırlamıram.

Əlbəttə İsmiyev olmayacaqdı ki. Əgər ev təxminən bir il əvvəl İmanov soyadlı biri tərəfindən alınıbsa, ancaq onu heç kim görməyibsə, belə çıxır ki, bizim bu Babaxan hələ saxta sənədlər də düzəltdirib başqa soyadla bu evi alıb? Belədirsə, mən bu Babaxanı lazımınca dəyərləndirməmişəm.

-Bəs heç onunla rastlaşmısınızmı?

-Adətən aylıq bildirişi sayğacın qutusunun içərisinə qoyuruq. Abonentlər də oradan götürüb ödənişlərini edirlər. Amma bir dəfə görmüşəm. Bəstə boylu, kök bir kişidir.

-Daha sizin vaxtınızı almayaq, əziyyət verdik.

-Bu nə sözdür, dəyməz, -deyən Kamil müəllim sağollaşıb bayaq gəldiyi yolla piyada əsas yola tərəf uzaqlaşdı. Taksiyə verdiyi pulu isə, -Polisə kömək etmək borcumuzudr, -deyərək götürməkdən imtina etdi.

-Hə, Dəmirli. Həmin həyət və sahibi haqqında nə deyə bilərsən?

Məndən çox cavan olduğunu nəzərə alaraq, həm də sıxılmasın deyə, Orxana bayaqdan sən deyə müraciət edirdim.

-Həyətin sahibi Cövdət İmanov uzun müddətdir ki, ata-baba yurdu olan Şamaxıda yaşayır. Əslində mən onu heç vaxt görməmişəm. Bu məlumatı da sorgu əsasında Mərkəzi Məlumat Bazasından əldə etmişəm ki, ərazimdə evi olan birinin kim olduğunu bilim. Ancaq bir il əvvəl həmin həyətdə təmir işləri gedəndə bir neçə dəfə baş çəkdim. Yaxın dostu olan birinə həvalə etmişdi işləri. Onunla danışdım, dörd usta işləyirdi orada. Həyətdə hovuz da tikdilər.

-Dörd usta… Danışdığınız adam da bəstə boylu kök biri idi elədirmi?

-Bəli..

Dəmirli bundan artıq heç nə deyə bilmədi. Artıq gənc leytenant necə bir səhv buraxdığını başa düşməyə başlamışdı.

-Onun adını soruşmadınızmı?

-Xeyr, burada müvəqqəti biri olduğunu, təmir işləri bitəndən sonra çıxıb gedəcəyini nəzərə alıb çox sual vermədim. Həm də, Bəxtiyar müəllim, vallah mənə nə deyirsiniz deyin, o insan heç cinayətkara oxşamır axı. Olduqca gülərüz, mehriban bir adamdır. Sonralar da, həqiqətən çox az-az gəlib gedib. Fikirləşirdim ki, əmanət evə baş çəkməyə gəlir.

-Bununla belə, yaşayış olmayan evdə aybaay kommunal xidmətlərə görə ödənişlər həyata keçirilib. Özü də gecikmə olmadan. Bu barədə danışarıq. İndi vaxtımız yoxdur, Orxan. Tələsməliyik. Artıq həmin adamın axtardığımız Babaxan olduğuna heç bir şübhə qalmadı. Bütün əlamətlər uyğun gəlir. Vaxt itirmədən o evə girməliyik. Hamı məni dinləsin. İndi birlikdə dalana gedirik. Evin hasarı və darvazasının çox hündür olduğunu dedi Kamil müəllim. Orxan da bunu təsdiqləyir. Əlbəttə biz bu hasardan aşmağın bir yolunu tapa bilərik. Ancaq biz xüsusi təyinatlılar deyilik. Rastlaşdığımız cinayətkar dəstə olduqca təhlükəlidir və hasarın o biri tərəfində bizi nə gözlədiyini bilmədiyimiz üçün bunu etməyəcəyik. Ona görə də, evə çatmamış biz qaranlıqda gizlənirik, Layiqə isə qapını döyüb evin keçmiş sahibi olan Ərəstun Şeydayevi soruşur, onun qohumu olduğunu və Türkmənistandan gəldiyini deyir, təbii ki, guya evin satılmasndan xəbərsiz kimi. Babaxan hətta əlaqələri varsa belə, çətin ki, Ərəstun Şeydayevin bütün qohumlarını tanımış ola. Özü də Türkmənistanda yaşayan qohumlarını. İstənilən halda Ərəstunun artıq burada yaşamadığı cavabını alan Layiqə gediləcək yeri olmadığını bildirib israrla qapını açmağı tələb edir. Qapını döyənin qadın olduğunu, üstəlik də çıxıb getmədiyini görəndə çox güman ki, Babaxan, yaxud da həyətdə olan hər hansı dəstə üzvü, böyük ehtimalla heç nədən şübhələnmədən, həm də onun səs-küyünü kiminsə eşidəcəyindən ehtiyatlanaraq qapını açacaq ki, Ərəstunun çoxdan bu evi satdığını bir daha izah etməyə çalışsın. Bundan istifadə edən Layiqə bir bəhanə ilə özünü həyətə təpib oradakı vəziyyətə qiymət verəcək və əgər qapıya çıxan kimliyindən asılı olmadan həyətdə təkdirsə, sonra nə etmək lazım olduğunu özü bilir. Yox əgər tək deyilsə, onda heç olmasa harada gecələyə biləcəyini soruşub həmin adamı söhbətə tutur və yenidən küçə qapısına tərəf gətirir. Onda artıq biz qapının içəridən bağlanmasına imkan vermədən işə qarışırıq.

Qapını açandan sonra qarşısında dayanmış qısa ətəkli, gözəl bir qızı görən istənilən kişi sayıqlığı bir qədər də itirəcəkdi. Biz Nərminin saxlanıldığı konkret məkanın axtarışında idik. Bu məkanın həyət evi, binanın mənzili, yaxud imarət olacağını bilmirdim. Ancaq təyinatından asılı olmayaraq, istənilən məkanın giriş qapısı olur. Kişilərin girə bilmədiyi bir məkana qadınların çox asanlıqla qapıdan daxil olduqlarını sizə demişdim. Layiqəyə “gecə kəpənəyi” geyimində olmasını tapşıranda artıq belə bir ehtimalın yarana biləcəyini istisna etmirdim. “Gecə kəpənəyi” situasiyaya uyğun geyimin adı idi. Bu halda geyimin maksimum açıq-saçıq olması şərt idi. İndi bu təsdiq olunmuş həqiqəti bir daha əməldə yoxlayacaqdım və uğurlu olacağına inamım böyük idi. Çətin ki, Layiqə kimi gözəl bir qızın qarşısında hansısa qapı tab gətirəydi. Qoy lap qatı cinayətkarların gizləndikləri məkanın qapısı olsun. Ən azından, o cinayətkarlar da kişi cinsindən idilər. O ki, qaldı riskə, risk bizim işimizdə həmişə olub və olacaq. Təkcə konkret situasiyada faizi dəyişir.

Bu hal üçün lazım olan, uzaq yol gələn birinin əlində olması vacib sayılan yol çantasını da Orxan tezliklə tapıb gətirdi. Çantaya haradansa boş qutular da tapıb doldurmuşdu. Yol kənarına kiminsə tikinti üçün yığdığı kərpiclərdən birini də çantaya qoymasını tapşırdım Orxana. Kifayət qədər iri, ağzına qədər dolu olan çanta belə yüngül ola bilməzdi. İndi hər şey yerini aldı.

Evə girməyin ilkin planı hazır idi. Sonrası içəri girəndə məlum olacaqdı. Mən də, yanımdakı polis zabitləri də içəri keçəndən sonra ilk iki saniyədə vəziyyətə qiymət verib ona uyğun addım atacaqdıq. Bu məsələdə uşaqlara özüm qədər inanırdım. Polis əməkdaşlarına keçirilən xüsusi hazırlıq kurslarında heç kimə güzəşt olunmurdu. Əgər uşaqlar tabel silahı gəzdirmək hüququ ilə xidmətə buraxılmışdılarsa, deməli olduqca çətin olan kursu müsbət nəticələrlə başa vurmuşdular və istənilən ekstremal vəziyyətə hazır idilər.

Hər şeyi əvvəlcədən hesablamaq mümkün deyil. Ancaq Layiqə üçün yarana biləcək təhlükənin dərəcəsini də maksimum hesablamışdım. Əvvəla Türkmənistandan gəlib həqiqətən də bu evin sahibi olmuş qohumunu axtardığına görə bir xanıma heç kim güllə atmayacaqdı. Sonrası da ki, bu qız on üç il idmanın əlbəyaxa döyüş növü olan karate ilə məşğul olmuşdu. Üstəlik, qaz tapançası əl çantasında idi və təhlükə anında nə etmək lazım olduğunu gözəl bilirdi. Bayaq dediyim kimi, belə vəziyyətlər üçün xüsusi hazırlıq keçmiş silahlı üç nəfər də onu sığortalayacaqdı. Layiqədən arxayın idim.

-Rəşad, maşının qapılarını bağla, diqqəti cəlb etməməkçün piyada gedəcəyik. Son dərəcə ehtiyatlı olun. Mobil telefonlarınızın səsini alın.

Dalanın başlanğıcına qədər təxminən səksən metr məsafə olardı. Asta, səssiz addımlarla dalana tərəf istiqamətləndik. Yol çantasını hələlik Rəşad götürmüşdü. Heç kim danışmırdı. Təxminən qırx metrdən sonra yolun kənarında iki zibil qutusu, ondan bir qədər aralıda isə təyinatı bilinməyən, ucqar kəndlərdəki toyuq damına bənzəyən alçaq, üstünə paslı dəmir lövhələr vurulmuş bir tikili var idi. Tikili çox kiçik idi və cəmi bir pəncərəsi vardı. Ancaq nədənsə, tikilinin damından odun sobasının borusu çıxırdı. Görəsən bu kiçik daxma hansı məqsədlə qızdırılır?

Tikilidən sonra yolun kənarında sıra ilə beş minik avtomobili dayanmışdı. Maşınlar arxası dalana, üzü biz gəldiymiz istiqamətə durmuşdu. Yəqin həyətləri kiçik olan avtomobil sahibləri gecələr maşınlarını küçədə qoyurlar.

Yolun əks tərəfindəki evlərin hamısında işıqlar sönmüşdü. Təkcə bizdən xeyli irəlidə, dalandakı evlərdən sıraca birinci olanının küçə qapısının üstündə asılmış zəif elektrik lampası yanırdı ki, bu işıq elə o qapını işıqlandırmağa ancaq bəs edirdi. Görünür, buradakı sakinlər işığa qənaət etməyə üstünlük verirdilər. Yolun sağ tərəfi də boş çöllük olduğundan, hər yan qaranlığa qərq olmuşdu.

Zibilliyin yanından keçib daxmanın tuşuna çatdıq. Daxma ilə dayandığımız yolun arasında beş-altı metr məsafə olardı.

-Bu nə daxmadır, Orxan?

-Burada evi-eşiyi olmayan bir fağır kişi məskunlaşıb. Gündüzlər camaatın verdiyindən yeyir, gecələr isə onların maşınlarına baxır ki, bir ziyanlıq yetirən olmasın. Düzdür, bir az spirtli içkiyə meyillidir. Ancaq heç kəslə işi yoxdur deyə, mənim də yazığım gəlir, dəymirəm ona. Yəqin harasa çıxıb, yoxsa məni görən kimi yaxınlaşardı. Aha, elədir ki var, diqqətlə baxın, daxmanın qapısına da qıfıl asılıb.

“Evi-eşiyi olmayan, spirtli içkiyə meyilli kişi…Hmm…”

 -Yaxşı, gedək, -dedim, doğrudan da qaranlıqda diqqətlə baxanda daxmanın qapısında iri bir asma qıfılın olduğu görünürdü.

Orxan buralara bələd olduğu üçün irəlidə gedirdi. Ardınca Rəşad, sonra Layiqə addımlayırdı. Maşınlarla aramızda beş-altı addım olardı. Üç-dörd addım gedəndən sonra çönüb bir daha daxmaya baxdım. Daxmada heç bir həyat əlaməti müşahidə olunmurdu. İki addım da atdım. Nə isə məni narahat edirdi. Amma başa düşə bilmirdim nə. Hər halda nəsə düz gəlmirdi. Birinci maşına çatdıq. Yenə heç kim danışmırdı. Artıq uşaqlar birinci maşının yanından keçib sıradakı ikinci maşına çatmışdılar. Mənsə qəsdən bir qədər ləngidiyimdən hələ birinci maşının yanında idim. Birdən, zülmətə bürünmüş küçədə qarşımdakı maşının ön şüşəsinə zəif bir işıq düşüb yox oldu. Gecənin qaranlığında, bizdən başqa heç kəsin olmadığı küçədə bu işıq haradan düşə bilərdi? Cəld geriyə çevrilib daxmanın pəncərəsinə baxdım. Pəncərədə də işığa bənzər bir kölgə oynayıb tez də yoxa çıxdı. Orxanın sözləri yadıma düşdü, “yəqin harasa çıxıb, yoxsa məni görən kimi yaxınlaşardı…” Şübhə yox idi. Daxmada kimsə var idi və biz görməsək də, o bizi görür və bütün danışdıqlarımızı eşidirmiş. İşıq isə mobil telefon aparatının ekranından düşən işıq idi. Geciksəm hər şey məhv ola bilərdi. Sürətlə yerimdən sıçrayıb bir anda daxmaya qədər olan məsafəni qət etdim. Daxmaya çatanda qapısına elə bir təpik vurdum ki, qapı rəzəsi ilə bir yerdə qopub yerə düşdü. Cəld içəri atılıb oradakı adamın əlindəki telefon aparatını vurub yerə saldım. Adamın qolunu burub fəndə saldıqdan sonra tez yerdəki telefon aparatını götürüb baxdım. Özümü çatdıra bilmişdim. Nömrə ekrana çıxarılsa da, telefondan zəng getməmişdi.

Uşaqlar özlərini daxmanın qarşısına yetirmişdilər. Adamı qolunu burduğum vəziyyətdə bayıra çıxardım.

-Tanış ol, Orxan, bu sənin fağır dediyin, axtardığımız qızın oğurlanmasında bilavasitə Babaxana kömək edən şəxs, izinə düşdüyümüz cinayətkar dəstənin üzvüdür. Onu möhkəm saxla. Əməliyyat qrupunu çağır. Əl radiostansiyasından, xidməti maşının sayrışan işıqlarından qətiyyən istifadə olunmasın. Bu əbləhi onlara təhvil verəndən sonra ardımızca dalana gəl. Əməliyyat qrupu burada gözləsin. Duyuq salmamaqçün bizim ardımızca dalana səndən başqa heç kəs daxil olmasın. Gördüyün daxmadan taqqıltı səsləri gələrsə əhəmiyyət verməyin.

-Aydındır. Ancaq sonuncunu başa düşə bilmədim.

-Sonra bilərsən. İndi dediklərimi et, Orxan.

Mənim deməyimi gözləmədən Orxan hələ də qolunu burub saxladığım adamın üst-başını yoxladı, şalvarının kəmərinə taxdığı düyməli cib bıçağını götürüb öz cibinə qoydu, sonra bu üfunət iyi verən məxluqu məndən təhvil aldı və zəng etmək üçün telefonunu çıxardı.

Orxana təhvil verəndən sonra adama bir daha diqqətlə baxdım. Şübhə yox idi. Bu Nərmin oğurlanan gün uşaqların gördüyü, dilənçiyə oxşatdıqları həmin adam idi. Qədim Mumba-Yumba qəbiləsinin nümayəndəsinə oxşayan bu adamın üst-başındakı çirkdən onun paltarının əsil rəngi bilinmir, qalın qaşlarının altından olduqca bic baxışları olan gözləri mənə baxırdı. 

Yaxşı ki, bu əclaf zəng etməyə imkan tapmamışdı. Onun hər-hansı şübhəli hal barədə məlumat verməsi məqsədi ilə cinayətkar dəstə tərəfindən bura qoyulduğu aydın idi. Onu sorğulamağa da ehtiyac yox idi. Ya heç nə deməyəcəkdi, ya da ki, yanlış bir məlumat verib onsuz da dəqiqələrlə ölçülən vaxtımızı alacaqdı. Daxmadan çıxardıqdan sonra onu diqqətlə süzmüş, qaranlıq olsa da, sağ əlinin orta barmağındakı, residivistlərin döydürdüyü döyməni görmüşdüm. Döymə, “dəfələrlə həbsxana həyatı yaşamış biri” mənası verirdi. Ona sual verərdimsə, yoldaşlarına vaxt qazandırmaq üçün ya min nağıl danışacaq, ya da ki, susmaqla məni təbdən çıxarmaq istəyəcəkdi ki, bu xoşbəxtliyi ona yaşatmadım. Onsuz da, hər şey aydın idi. Cinayətkarlar yerini müəyyən etdiyimiz evdə idilər. İndi çevik tərpənib qan tökülmədən onları götürmək, əgər hələ sağdırsa Nərmini xilas etmək lazım idi. Onu sorğu-sual etməyəsə, polis əməkdaşlarının çox vaxtı olacaqdı.

-Bir dəqiqə gözləyin, -deyib yenidən daxmaya girdim. Qaranlıq daxmanı cəld nəzərdən keçirib yenidən çölə çıxdım.

-Daha gedək, tələsin uşaqlar, -deyib Rəşad və Layiqə ilə dalana tərəf addımladım. İndi bir nəfər də azalmışdıq.

Səs salmadan, sakit addımlarla, divara qısıla-qısıla dalana girdik. Sağ tərəfi böyürtkən kollarından yaranmış çəpərin ayırdığı çöllük, sol tərəfi isə evlər olan dalanda qapısı üzərində zəif işıq yanan birinci evə çatdıq. Ev zəngin olmasa da, kasıb ev təsiri də bağışlamırdı. Zəif də olsa, işıq zolağına düşməmək üçün yolun sağ tərəfini tutmuşduq. Son dərəcə ehtiyatlı olmalıydıq. Dalanda da kimsə ola bilərdi. Birdən, evin qapısı üzərində əl ilə çəkilmiş kiçik ölçülü bir şəkil diqqətimi çəkdi. Uzaqdan bunun nə olduğu anlaşılmadığından Rəşadla Layiqəyə gözləməyi tapşırıb qayıtdım və işıq düşməyən tərəfdən, divarın dibi ilə qapıya yaxınlaşdım. Qapıdakı şəkil, düzbucaqlı üçbucaq şəkli idi. Üçbucağın tərəflərinin uzunluğu iki santimetrdən çox olmazdı. Şəkil qapının dəstəyindən bir qədər sağ tərəfdə idi və ilk baxışdan hansısa dəcəl uşağın çəkdiyi bir şəkil təəssüratı bağışlayırdı. Bəli, əclaflar hər şeyi nəzərə alıblar…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2023)