Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

21-ci dərc

 

-Tələsmə Layiqə, tələsmə, orada bilinər. Araşdırmaya başlayarkən indi danışdıqlarımı bilirdikmi? Qalan bilmədiklərimizi də öyrənərik, inşallah. Dur və dediyim kimi, gecə kəpənəyi olmağa hazırlaş, bir azdan kapitan Qasımlı gələcək və birlkidə çıxacağıq.

-Yaxşı, şef.

Saat 19:35 idi. Cib telefonumu çıxarıb səsini aldım və titrəmə rejiminə qoydum. Layiqəyə hər şeyin yaxşı olacağını bildirsəm də, əslində danışdıqlarımdan başqa əlimdə əlavə bir faktın olmadığını bilirdim. Ona görə də, polis bölməsinin əməkdaşlarının köməyinə ehtiyac duymuşdum. Onlardan ala biləcəyim hər hansı məlumat axtarışlarımın sonrakı istiqamətini müəyyən edə bilərdi. Şanslarımı əllinin-əlliyə dəyərləndirirdim. Lakin bunu Layiqəyə deməyi lazım bilmədim… Ancaq olduqca əmin olduğum bir şey var idi. Bu gecə Nərminin axtarışlarında son gecə idi. Həlledici son gecə…

Əynini dəyişmək üçün mətbəx otağına keçən Layiqə oradan çox gec qayıtdı. Qayıdanda isə əlindəki sinidə çörəyin içində pendir, pomidor, xiyar və bibərdən düzəltdiy iki buterbrod, bir şüşə qazlı su və iki stəkan var idi. Sinini masamın üzərinə qoyub, şpilkadaban ayaqqabılarının üzərində bir dəfə fırlanıb soruşdu:

-Necəyəm, şef?

Bu qız yenə də başladı. Əynindəki qısa tuman, altından geydiyi qara rəngli şəffaf kalqotka, qarnını zorla örtən qısa koftası və üstündən geydiyi ondan da qısa gödəkçəsi onu tanımayanları mütləq başqa fikirlərə sala bilərdi. Əslində indiki məqamda mənə elə bu lazım idi.

-Şəhanəsən.

-Hə, bilirəm.

-Nəyi bilirsən -Layiqənin dediyini başa düşmədim.

-Şəhanə olduğumu, -Layiqə bic-bic gülüb buterbrodun birini götürdü, -fikirləşdim ki, vaxtımız var, nəsə yesək yaxşı olar, kim bilir, neçədə qayıdarıq.

İştahım olmasa da, Layiqə düz deyirdi. Bu gecə nələr olacağını heç kim bilmirdi. Həvəssiz ikinci buterbrodu götürüb ağzıma apardım.

-Şef, insanlar niyə cinayətkar olurlar?

-Hər insan bir xislətlə doğulur, Layiqə.

Layiqənin tez-tez suallar verməsi xoşuma gəlirdi. İşlədiyi qısa müddətdə çox şey öyrənsə də, hələ öyrənəcəyi şeylər çox idi. Onun fürsət düşən kimi suallar verərək öyrənməyə çalışması təqdirəlayiq idi. Unutmaq olmazdı ki, Layiqə illərlə peşəkar müəllim ordusunun hazırladığı kadr deyil, Aviasiya Akademiyasının məzunudur və onun bu sahədə bilikləri tək mənim olduqca qısa zaman kəsiyində verdiyim dərslər, izahlar və təlimatlardan ibarətdir. Ancaq təbiət bu qıza elə bir xoşbəxtlik nəsib etmişdi ki, çox yaşıdları ona həsəd apara bilərdilər. Bu xoşbəxtlik onda olan entuziazm idi. Çalışqanlıq, yorulmadan işləmək, heç vaxt ruhdan düşməmək bu gənc qız üçün xarakterik cəhətlər idi. Məhz bu cəhətləri, ağıl və sadəlik qarışıq ciddiliyi ilə yanaşı, onu gözümdə daha da ucaldan özünəməxsus xüsusiyyətləri idi.

-Xislət insanla doğulur. İnsanın inkişafına, şəxsiyyətinin formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum olan 40-dan çox “homo ferus” - insan nəsli mövcuddur. İnsan şəxsiyyətinin formalaşmasında tərbiyə böyük rol oynayır. Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq. Tək şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Tərbiyə insan yaratmır. Sədəcə, bayaq dediyim, müxtəlif xislətlə doğulan varlıqların yaxşı və ya pis olmasına kömək edir.

Buterbrodları yeyib qurtarmışdıq. Rəşad Qasımlı düz deyilən vaxta ofisə daxil oldu.

-Hər şey hazırdır, bizi gözləyirlər, gedə bilərik, -deyən Rəşadın baxışları Layiqəyə sataşanda sözünün dalını unutdu.

-Layiqə də bizimlə gedəcək, belə lazımdır.

-Elədirsə, getdik, -hələ də özünü ələ ala bilməyən Rəşad qapıya tərəf addımladı.

Bakı şəhərində harasa getməlisənsə, mütləq tıxacı nəzərə almalısan. Əslində, iyirmi dəqiqəlik yolumuz olsa da, qırx dəqiqə əvvəl çıxmağı lazım bilmişdim.

Rəşadın maşınına oturub yola düşdük.

-Şəkil əldə edə bidin?

-Xeyr. Təsəvvür edin ki, yoldaşı evi ələk-vələk etdi. Bircə şəkli də tapılmadı. Arvad özü də mat qalmışdı. 

-Bu da bizim diletant dediyimz Babaxan?!

-Sizi bilmirəm, Bəxtiyar müəllim, ancaq hələ də bu Babaxandan baş aça bilmirəm. Yoxlatdırmışam, əvvəllər də heç bir cinayət işində iştirakı qeydə alınmayıb. Adi zootexnikdir.

-Mən də eyni fikirdəyəm. Ancaq yəqin ki, hər şey kimi bunun da bir izahı var. Bəs öz kanallarınızla şəkil əldə etmək mümkün deyilmi? Şəkil işimizə çox yarıyardı. Əliboş gəlməyəcəyinə çox əmin idim.

-Yalnız sabah əldə etmək olar. Kimin ağlına gələrdi ki, Babaxan bütün ailə şəkillərini gizlətmiş olar.

-Sabah gec olacaq…

…Polis bölməsində bizi gözləyirdilər. Layiqəyə maşında qalmasını tapşırıb Rəşadla birlikdə yuxarı, bölmə rəsinin otağına qalxdıq. Bizi gülərüzlə qarşılayan, çoxdan tanıdığım  rəis oturmağımızı gözlədikdən sonra keçib öz yerində əyləşdi.

Kapitan Qasımlı qısaca məsələnin məğzini ona anlatdıqdan sonra, qaşları düyünlənən rəis, bayaqdan qəbul otağında və dəhlizdə yığışaraq gözləyən əməkdaşların içəri girmələrinə göstəriş verdi və hamının əyləşməsini gözləyib sözə başladı:

-Üç gün əvvəl “Kubinka” deyilən ərazidən qaçırılmış yeniyetmə bir qızın bizim inzibati ərazidə gizlədilməsi ehtimal olunur. Ona görə də, indi Bəxtiyar müəllimin sizə verəcəyi sualları diqqətlə dinləyin və nə kömək lazımdırsa etməyə hazır olun. Məsələ çox ciddidir. Söhbət həmin qızın həyatından gedir.

Əməkdaşların bəziləri ilə tanış idim. Xidməti zərurətlə bağlı əvvəllər dəfələrlə təmasda olmuşduq. Bəxtiyar müəllimin hansımız olduğunu bilməyən bölmə əməkdaşları isə gah mənə, gah da kapitan Qasımlıya baxıb hansımızın dillənəcəyini gözlədilər.

-Zəhmət olmasa, əvvəlcə bilmək istərdim, ərazinizdə yaşayan, yaxud işləyən və yaxud da hər hansı işlə bağlı mütəmadi olaraq gəlib gedən İsmiyev Babaxan Səfixan oğlu adında birini tanıyırsınızmı? Şəkli bizdə yoxdur.

Bu dəfə hamı bir-biri ilə baxışdı.

-Mənim ərazimdə Babaxan adlı biri yaşayır, ancaq soyadı Rəhmətovdur. Arıq uzun kişidir, -ağsaçlı mayor dilləndi.

-Təəssüf ki, bu bizə lazım olan Babaxan deyil, başqa kimsə varmı? -üzümü əməkdaşların üzündə gəzdirdim. -Bəstə boylu, kök biridir, yaşı əlli səkkizdir.

-Beləsi yoxdur. Varsa da, son zamanlar o qədər yeni tikililər inşa olunur ki, ancaq çatdırıb sahiblərini özümüzçün qeydə ala bilirik. Onlara gələn qohumları, tanışları isə.., -həmin mayor bu dəfə hamının yerinə dillənib əlini yellədi.

- Bəlkə maşınını ğörmüsünüz? “Nissan Sunni” markalı, nömrəsi…

Maşının dövlət qeydiyyat nişanını dedim.

Bu dəfə heç kim dinmədi.

-İndi isə bilmək istəyirəm, təxminən son dövrdə ərazinizdə yadda qalan, qeyri-adi hər hansı hadisə baş veribmi? Deyək ki, daxili orqanı və ya orqanları çıxarılmış meyitin aşkar olunması, yaxud insanların tez-tez itkin düşməsi.

-Bir xəbərsiz itkin düşənimiz var, axtarırıq, ancaq bu kütləvi hal almayıb, hamı kimi, özünüz bilirsiniz, bu hərdən baş verən haldır, -bu dəfə bölmənin rəisi dilləndi. Elə bir meyit aşkar olunması halı isə baş verməyib. Bir nəfəri maşın ölümcül vuraraq sürücü hadisə yerindən yayınmışdı. Onu da müəyyən etdik və o cinayət açılıb. Başqa heç nə.

-Başqa nə isə, hə uşaqlar, yada salın. Ən əhəmiyyətsiz görünə biləcək hadisələri də.

Bu zaman ayağa qalxan leytenant rütbəli gənc zabit özünü təqdim etdi:

-Polis leytenantı Orxan Dəmirli. İcazənizlə mənə təhkim olunan inzibati ərazidə baş verən iki qeyri-adi hadisə barədə məlumat verim. Bəlkə işinizə yaradı.

-Buyurun, leytenant.

-Təxminən on ay əvvəl səhər saatlarında ərazidəki zibil qutularından birinin ətrafında dörd it və yeddi pişik ölüsü olması barədə məlumat aldım. Dərhal hadisə yerinə getdim. Deyilənlər doğru idi. Ölmüş küçə heyvanlarının cəsədləri zibil qutularının yaxınlığında sərələnmişdi. Heyvanları kiminsə öldürüb ora atdığını düşünərək hər birinə diqqətlə baxdım. Leşlərdə fiziki zor əlamətləri yox idi. Onların ölüm səbəblərinə o vaxt aydınlıq gətirmək mümkün olmadı. Daha onsuz da ölmüş heyvanlara ekspertiza təyin etməyə bir lüzum görmədim. Eləcə, bunun kütləvi zəhərlənmə olması versiyası üzərində dayandım. Ancaq hər ehtimala qarşı zibil qutularının içinə baxdım və orada içində müxtəlif rəngli telefon qırıqları olan bir qara sellofan torba tapdım.

-Bəs sonra?- bu məlumat məni maraqlandırdı.

-Mən buna elə də əhəmiyyət vermədim. Bu bərədə heç kimə deməyi də lazım bilmədim. Kiminsə qırıq telefonları idi də. Onların heyvanların ölməsi ilə nə əlaqəsi ola bilərdi ki?

Bölmə rəisi məzəmmətlə Dəmirliyə baxdı, ancaq heç nə demədi. 

-Neçə telefona aid olardı qırıqlar?

-Dörd, bunu dəqiq xatırlayıram. İkisi boz, biri qara, biri isə göy rəngli adi ucuz telefon aparatlarına məxsus qırıqlar idi. Boz rənglərin də biri açıq, o birisi isə tünd boz idi. Elə bil hamısını da çəkiclə əzmişdilər. Zorla müəyyən etdim.

-Həmin tarixi dəqiq xatırlayırsınızmı? -suallarımı bir qədər tutularaq hələ nə səhvə yol verdiyini anlaşdıra bilməyən leytenanta mümkün qədər həlim tonda verirdim ki, daha da çox sıxılmasın.

-Hə, mən hər şeyi dəftərimdə qeyd edirəm, -əlindəki dəftəri vərəqləyən leytenant, -Baxın, burada yazmışam, -dedi.

Rəisə tərəf baxdım. Baxışlarımdan nə demək istədiyimi dərhal anlayan rəis, müavinini işarə ilə yanına çağırıb qulağına nə isə dedi. Lazımi təlimatları alan müavin dərhal otaqdan çıxdı.

-Yaxşı bəs, ikinci deyəcəyiniz nə idi?

Artıq bir qədər ürəklənən gənc leytenant əvvəl rəisə, sonra isə mənə baxıb dedi:

-Bundan bir müddət sonra, təxminən həmin ərəfələrdə sakinlərdən məlumat aldım ki, gecə canavar ulamasına bənzəyən, əcaib səslər eşidiblər. Həmin vaxt bir neçə gecə həmin ərazidə gəzinti keçirsəm də, heç bir şey aşkar edə bilmədim. Lakin bu hal dörd ay keçmiş yenidən təkrarlandı. Birinciyə o qədər əhəmiyyət verməsələr də, bu hal ikinci dəfə təkrarlananda ətrafdakı sakinlər əməlli-başlı qorxuya düşmüşdülər. Şahidlərin dediklərinə görə, çox tükürpədici səslər imiş və bu dəfə ulamaqdan çox imdad istəyən insanın fasiləsiz qışqırığına bənzəyirmiş. Yenə də bir neçə gün təkrar gecələr evə getməyib nə baş verdiyini öyrənməyə çalışdım. Ərazinin əməliyyatçısı ilə birlikdə nə qədər çalışsaq da bir şey müəyyən edə bilmədik. Axırda qərara gəldik ki, həmin səslər ərazidə köhnə, qapısı illərlə açılmayan, qapısındakı qıfılı çoxdan pas atmış yeraltı sığınacaqdan gəlir. Daha doğrusu, sığınacağın havalandırılması üçün üzərində iki iridiametrli dəmir boru quraşdırılıb. Fikirləşdik ki, səs küləyin təsirindən həmin borularda yaranan səslərdir və bu hal daha təkrarlanmadığı üçün bu məsələni unutduq. İndi siz qeyri-adi hadisə deyəndə yenidən yadıma düşdü.

-Leytenant, sözünüzdən belə çıxır ki, son on ayda həmin ərazidə daha külək əsməyib? -kifayət qədər təcrübəli bir əməkdaş olan bölmə rəisi yenə də məzəmmətlə əməkdaşına baxdı.

-Biz bu versiyaya da tam əmin deyildik. Heç nə müəyyən etmədikdə daha çox sakinləri sakitləşdirmək üçün bu versiyanı irəli sürdük o vaxt, -leytenant özünü müdafiə etməyə çalışdı.

Araya gərginlik çökməməkçün müdaxilə etməyi lazım bildim.

-Əslində bu iki hadisənin əhəmiyyətli və ya əhəmiyyətsiz olduğunu hələ heç kim bilmir. Biz də gənc olmuşuq və təbii ki, hər şeyi birdən öyrənmək olmur. Siz yaxşı zabitsiniz leytenant. Xüsusilə, hər şeyi dəftərinizdə qeyd etməyiniz çox xoşuma gəldi. Biz də vaxtilə xidmətə hamı kimi leytenant rütbəsində başlamışıq və nə qədər diqqətdən qaçırğımız, lakin diqqət çəkməyə layiq olan məqamlarla qarşılaşmışıq. Bir şeyi heç vaxt unutmayın, detallara əhəmiyyət verməmək olmaz. Ən xırda detallar da bizim işimizdə çox əhəmiyyətli ola bilər.

Dəmirli razılıq işarəsi olaraq başını aşağı saldı.

Elə bu vaxt müavin qapını döyüb içəri girdi və rəisə yaxınlaşıb eynilə pıçıltı ilə qulağına nəisə dedi.

Mənalı-mənalı mənə baxan rəis, -Əgər bir işiniz qalmadısa müşavirəni bitirək, -dedi.

-Elə bir işimiz qalmadı, təkcə leytenant Dəmirli bizə lazım olacaq.

-Hamı azaddır, ancaq unutmayın ki, lazım ola bilərsiniz. Dəmirli, sizsə xidməti otağınızda olun.

-Oldu, -hami ilə birlikdə ayağa qalxan Dəmirli otağı tərk etdi.

Əməkdaşlar çıxdıqdan sonra rəis müavini bayaq rəisin qulağına pıçıldadıqlarını ucadan bir daha təkrar etdi:

-Az əvvəl Nazirliyin Mərkəzi Kompyuter bazasından verilən məlumat belədir. Paytaxt üzrə iyirmi bir nəfər xəbərsiz itkin düşən var. Onlardan dörd nəfəri respublikanın ayrı-ayrı rayonlarından olsalar da, eyni gündə, yəni Dəmirlinin dediyi tarixdən bir gün əvvəl ailələri ilə telefon əlaqəsi saxlayaraq növbəti gün evə dönəcəklərini bildirmişlər, bundan sonra isə onları görən olmayıb. Mobil telefonlarına da zəng çatmayıb. Maraqlı təsadüfdür, deyilmi?

-Həm də çox, -rəis müavininin bu fikri ilə razılaşmamaq olmazdı.

-İcazənizlə, mən Dəmirlini götürüb Rəşad Qasımlı ilə birlikdə ərazini gəzmək istəyirəm.

-Əlbəttə, -rəis tez dilləndi. -Mən də evə getmirəm. Xidməti otağımda qalıram. Əlavə nə kömək lazım olarsa, birbaşa mənimlə əlaqə saxlayın, əməliyyat qrupu ilə birlikdə gəlim.

İş vaxtının bitməsinə baxmayaraq, bölmə rəisi qalmağa qərar vermişdi.

-Təşəkkür edirəm.

Qasımlı ilə eyni vaxtda ayağa qalxdıq. Leytenant Dəmirli bizi rəisin xidməti kabinetinin qarşısındakı qəbul otağında gözləyirdi. Bizi görən kimi ayağa qalxıb farağat vəziyyəti aldı.

-Sərbəst olun, leytenant. İndi birlikdə bayaq dediyiniz əraziyə gedəcəyik. Bəlkə nəsə müəyyən edə bildik.

  -Aydındır cənab…. Dəmirli susub üzümə baxdı. Mənim kim olduğumu bilmədiyi üçün rəsmi müraciət formasını da yarıda kəsməli olmuşdu.

-Mənə sadəcə Bəxtiyar müəllim deyin.

-Aydındır, Bəxtiyar müəllim.

Polis bölməsindən çıxanda saat ona qalırdı. Hava qaralmışdı. Qasımlının maşınının arxa qapısını açıb Layiqənin yanında əyləşdim. Dəmirliyə isə sürücünün yanındakı oturacaqda əyləşməsini tapşırdım. Hamı maşına əyləşdikdən sonra, Dəmirlinin göstərdiyi istiqamətə yola düşdük.

-Əvvəlcə o dediyin zibil qutularının yanına gedək.

Bunu eşidən Dəmirli dərhal getdiyimiz yoldan sola dönməyin lazım olduğunu bildirib, əlinin işarəsi ilə bir qədər irəlidə dönəcəyimiz yolu göstərdi.

Qasımlı maşının sola dönmə işıqlarını yandırıb qarşıdan gələn maşını buraxdı və deyilən yola dönüb qarşımızda açılan enli, hamar asfalt döşənmiş yol ilə sürdü.

Yolun əsas yol olması xoşuma gəlmədi. Çünki bu yolla qəsəbənin onlarla yolu kəsişirdi və telefon qırıqlarını ora istənilən yerdən gətirib yolüstü ata bilərdilər.

-Zibil qutuları bu yolun kənarındadır?

-Bəli.

-Onda əbəs yerə vaxt itirməyək. Bayaq dediyniz, qəribə səslər gələn yeri göstərin.

-Yaxşı, Bəxtiyar müəllim.

Dəmirli üzünü Rəşada tutub gəldiymiz yolla geri qayıtmağın lazım olduğunu bildirdi.

Maşınların hərəkətinin kifayət qədər intensiv olduğu yolda münasib məqam tapan Rəşad cəld maşını geri fırlayaraq əks istiqamətdə sürməyə başladı.

-İndi isə bir qədər yavaşlayın, bir azdan sağa dönəcəyik,-xeyli getdikdən sonra Dəmirli sükutu pozdu.

Sağ tərəfə baxdım. Yolun sağı getdiyimiz yoldan bir qədər, təxminən bir metr hündür səviyyədə olan boş düzənlik ərazi idi. Bu düzənlikdən o tərəfdə isə evlər görünürdü.

Dəmirlinin göstərdiyi yola dönən Rəşad maşının sürətini minimuma endirdi. Çünki döndüyümüz bu torpaq yol çox ensiz və kələ-kötür idi. Yavaş getsə də, maşın ləngər vurur, bizi də silkələyirdi. Yaxşı ki, bu çox çəkmədi və az sonra geniş meydançaya çıxdıq.

-Buradır, -Dəmirli dedi.

Maşını bir qədər kənara çəkən Rəşad qaranlıq bir yerdə saxladı və işıqlarını söndürdü.   

Saat on birə işləyirdi.

Diqqətlə ətrafı gözdən keçirdim. Meydançadan dörd istiqamətə ara yollar gedir, bu yolların sağı-solu yaşayış evləri ilə əhatələnmişdi, evlərin bəziləri kifayət qədər dəbdəbəli, bəziləri isə kiçik birmərtəbəli daxmalar idi. Bir neçə hündürmərtəbəli bina da var idi yaxınlıqda. Bakı ətrafı üçün spesifik olan bir mənzərə...

Evlərin əksəriyyətində işıqlar yanır, həyat qaynayırdı. Ancaq bəziləri, digər evlərdən düşən işığın fonunda siluet kimi görünürdü.

Bayaq gördüyüm, yolun sağındakı düzənlik ərazi isə indi dayandığımız yerdən arxamızda qalmışdı.

Mənim dönüb həmin boş sahəyə baxdığımı görən Orxan Dəmirli, -Haqqında söhbət etdiyim yeraltı sığınacaq buradır, bu gördüyünüz düzənliyin altında yerləşir, illərdir ki, istifadəsiz qalıb, -dedi.

Fikrimcə, axtarışlarımın əhatə dairəsi kifayət qədər daralmışdı. Ancaq yenə də bu ara yolların hər birini axıra qədər gəzəriksə, bu yüzlərlə ev deməkdir. Görəsən doğru yoldayammı???

Beynim yenə sürətlə işləyir, bundan sonra hansı addımlar atacağımı düşünürdüm. Əgər hətta doğru yoldayamsa da, Nərminin bu yüzlərlə evdən hansında gizlədildiyini necə müəyyən etməli? Vaxt, vaxt, vaxt... Kaş ki, bu son gecə olmayaydı, cəmi bircə gün də vaxtım olaydı. Tək bircə gün.

Yenə suallar çox idi. Özüm-özümə verdiyim suallar…

Saat on birə iyirmi dəqiqə işləyib, ətrafımda yad evlər, dayandığım meydançanın arxasında, təxminən yüz əlli metr aralıda iki böyük dəmir borusu ucalan, illərlə üstünü küləyin gətirdiyi toz-torpaq basmış beton bunkerin çaqqallar ulaşan qaranlıq düzənliyə oxşayan, dayandığımız yerin səthindən təxminən bir metr hündürdə olan kifayət qədər böyük ərazisi, qarşımda isə nə deyəcəyimi gözləyərək susub duran yoldaşlarım.

Hamı mənim nə qərar verəcəyimi gözləyir. Mənsə elə onlar kimi susuram.

İntuisiyam mənə həmişə kömək edib. Ancaq bu məsələdə təkcə fəhmlə qərar verib vaxt itirmək olmazdı. Yenə də vaxt... Vaxtımın az olması məni sıxır, beynimi belə hallarda olduğundan ikiqat sürətlə işləməyə vadar edirdi… Belə bir ağır işi araşdırmağa otuz altı saatdan bir qədər çox vaxt vermişdi mənə qocalar… Bu isə çox az idi. Çox az… Kaş ki, dərhal mənə müraciət edəydilər.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(25.05.2023)