Arifə Əliyeva Rəsul Rza mükafatına layiq görülməsi münasibətilə sevincini bölüşüb

Xəbər verdiyimiz kimi Xalq şairi Rəsul Rzanın doğum günündə Rəsul Rza mükafatları Narıngül Nadirə və Arifə Əliyevaya təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arifə Əliyeva qazandığı uğurun sevincini bu cür bölüşüb: 

“İndi Rəsul Rza Ədəbiyyat Ocağı adlanan ictimai təşkilat 1996-cı ildə Rəsul Rza Fondu kimi fəaliyyətə başlayıb. Rəsul Rza mükafatı məhz bu təşkilata aiddir, yəni Yazıçılar Birliyinin deyil. Təşkilatın ilk rəhbəri Xalq şairi Fikrət Qoca olub. 1999-cu ildən Fikrət müəllim dünyasını dəyişənədək onun müavini, yəni Fondun vitse-prezidenti kimi məsul bir vəzifəni daşımışam. Fond imkanı olduqca kitablar da nəşr etdirib, ilk kitabları Fond tərəfindən çap olunan müəlliflər də var. 2020-ci ildən Rəsul Rza Ədəbiyyat Ocağının prezidenti akademik Rafael Hüseynovdur. Mən də öz vəzifəmdə qalıram. Bir neçə gün əvvəl Anar müəllim mənə bir siyahı verdi. Siyahıda öz əlilə birinci mənim adımı yazmışdı. Adların altında "Rəsul Rza mükafatları. 19 may, saat 13-00" qeydi vardı. Mənim kimi duyğusal insan belə bir əlyazmadan təsirlənməzmi? Bir xeyli ağ kağız üzərindəki tanış xəttə baxdım, baxdım... Bu, adi kağız deyildi, ən yüksək fərman idi mənim üçün. Təkcə Birlikdəki 45 illik xidmətimə, Ocaq başındakı 25 illik zəhmətimə verilən qiymət deyildi, Ədəbiyyata sədaqətimin mükafatı idi. Dahi şəxsiyyətin təşəkkürnaməsi idi. Siyahının icra tərəfi olmasaydı iş gününün sonunacan siyahıya baxa-baxa qalacaqdım. "Çərçivəyə salıb, evdə divardan asacam", deyib şövqlə icraya başladım.

Bu məbəddə xoş sözlər çox eşitmişəm, minnətdarlıq nə qədər olub, hətta Mirzə İbrahimov kimi tələbkar rəhbərdən yazılı təşəkkür də almışam, amma bu qədər təsirləndiyim olmamışdı, təkcə sevinmək deyil, məhz təsirlənmək.  

Dünən Rafael müəllim mükafatları təqdim etdi. Avropa Şurası Parlament Assambleyasının tribunasında Azərbaycanın haqqını müdafiə edən millət vəkilimiz, akademik Rafael Hüseynovun təqdim etdiyi mükafatı almaq özü də möcüzə kimi bir şeydi. Bu duyğuları yaşamaq hər ürəyin hünəri deyil.

Qısası, 2023-ün Rəsul Rza mükafatı laureatı Arifə Əliyeva sizinlə sevincini bölüşdü.”

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)