Əlbət bir gün gülümsəyər bu darlıq - İraqlı azərbaycanlı şair Səmir Kəhiyəoğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi Əli Çağla bu dəfə sizi İraqda yaşayıb yaradan Azərbaycan türkü Səmir Kəhiyəoğlunun şeirləri ilə tanış edəcək. 

Necə də maraqlıdır, o uzaq coğrafiyada Azərbaycan türkcəsində yazan soydaşlarımız şairlər var. 

 

Səmir Kəhiyə oğlu Hüseyn Vəli - Səmir Kəhiyəoğlu 1964-cü ildə İraqın Tuzxurmatu şəhərində doğulmuşdur. O, İraq Yazıçılar Birliyinin üzvüdür. Səmirin şeirləri Fransız, Fars, Banqladeş, İspaniya və Türk dillərinə tərcümə olunmuşdur. Onun müxtəlif ölkələrdə 25-dən artıq kitabı çap olunmuşdur.

 

 

İSTƏRSƏN

 

İstərsən...

İstərsən şair olmaq

Şeir qapısını döymədən

Dilsiz olma!..

Vəzn, qafiyədən çıxma

Ətəyinə yağdır alın təri ilə çağdaş sözcüklərini

Aç kitabları öyrən

Göylərə özgürcə uçuşuna

Saqın qürurla çox tələsmə...

Demə mən şairəm!..

Demə mən ölən şairlərin saqqızını çeynəyirəm

Ölülər saqqız çeynəyir

"El oğlu"-nün mirası sayılır!..

Bunun mütləq xəbərdarsanmı?

Sərhədlər hamısı sənin olsa da

Viza almadan şeir sərhədinə girə bilməzsən!..

 

İstərsən

Şair olmaq

Xəyalları topla

Duyğuların etibarında qal.

Min bir bulağın qəm sinəsində

Şeir ağlamağın gəlirsə də

Saxla göz yaşlarını

Islandırma Təbrizli röyalarını

Diskindirmə şair ölüləri

Aydınlıq qanadlarına

Şeir bağla.

Hər sətir başı bir nöqtə qədər ağla.

Şüəra məqbərəsi xəritəsində

Gözyaşını çağla.

Nəhayət fəlsəfə namazında iki rükət şeir oxu!..

Daha bir romantik!..

Bir damla yaş qoy qalsın

Kirpiklərin arasında.

Tərif etsin şairliyin

Danışmağa dil aç

Dilsizlərin ehtiyacı var bu gün.

Hamıya şeirdə pambıq bir yol aç

Qoyma gilas ağaclarının yarpağı saralsın.

Bahar ömrün çiçəyinə

Xəzan mövsümündə bülbüllər ağlasın.

Həyatın sonuncu nöqtəsini qoymadan

Uca baş dağların köksündə

Bayatları səsləndir.

Bəlkə də Günel səbr eləyir

Həsrətdə boğulan,

Qəribə sevgidən

Qəmlər kölgələnir ürəyin içərisində!..

Şeirini baharlı xəyallara ilişdir

Şəhriyarın başı altındakı

Yastığa döndər.

Ya "Bu qəfəs də uçdu bəlkə" - 

Nadir İlahinin kitabını!..

Al bir daha təkrar oxu.

 

İstərsən aşiq olmaq

Siqaret, qədəhlərdə tap özünü.

Ya gözlə adını qoysunlar sərsəri!

Ya səni qeyd etsinlər qeyd etsinlər,

Məcnunlar dəftərində adını qazsınlar.

Ya sükutluğundan öz əsrində yaşa

Sən əhvalından xəbərin varmı?!..

 

Möhnətə dayanmasın sevdadan

Məşiqqətlərə gücün yoxdu Fərhad kimi

Nüsxeyi-Tibq-ül əsl ola bilməzsən!..

İstərsən əzrail olmaq

Dilimdən al ruhumu.

Ya üzr istə tanrıdan!

İstərsən qaranlıq olmaq

Açma gözlərini əbədiyyətə qədər

Ya gecələrdən sabahlara təlaq göndər!..

İstərsən günaha girmək

Bu şeiri oxuyarkən tanrıya baxma.

Ya ürəyimlə basdığın xəncərdə

İntihar elə!..

 

 

İNTİHAR

 

Qalx!

Bir siqara yandır.

Kibrit axtarma

Ürəyimin alovundan yax!

Bir nəfəs mən alım,

Bir nəfəs sən.

Qış gecələrinin uzun saatlarında

Bir nəfəs mən öpüm

Bir nəfəs sən.

Torpaq rəngli dodaqlarımıza

Bir şeir mən yazım,

Bir xoryat sən.

Hər ikimiz bir anda tütünləşək

Hər ikimiz hər halda getmək istəyirik kəndimizdən!

Hər ikimiz səhər çağı çılpaq doğulmuşuq!

 

 

SIFIR

 

Sən bir hayko şeiri

Milyonlarca yazılan haykoları

Anladırsan.

Sən bir sözcüksən, bütün sətirlərdə varsan!

Sən bir tələbsən,

Qəribə füsunkarsan.

Səni heç kim çözüb, mənim kimi anlada bilməz.

Sən bir təəccübsən

Lüğətlərdə bənzərin olmaz.

Sən bir Məryəmsən

Adın iqtibas Üzradan.

Sən bir ilahi qadın

Özgür doğulmuşsa,

Özgür gedəcəksən

Özgür məmləkətinə.

Sən hər sətir başı nöqtəsən.

Mən hər sətrin nöqtəsiyəm .

Sən mükəmməl bir şeir,

Mən isə yarımçıq bir nəsr.

Sən indi

Hə, sən qalacaqsan!

Mən indi

Hə, mən qalacağam!..

İkimizdə də Nyuton cazibəsi var.

Mən mənfi, sən müsbət.

Gözlərin polad kimi çəkir məni.

Mən fəsillərin payızı,

Sən nilufər aynası.

Şeir oxuyandan

Səsin çıxılmaz küçələrdə sədalanır.

Doyunca bütün yatanlar yuxudan oyanır.

Səsin bir uşaq kimi beşiksiz tərpədir məni,

Sən hər dürmək çörəkdəsən

Amma uda bilmirəm səni.

Sən hər yuxusuz gecələrdəsən

Amma yata bilmirəm səni.

Sən hər kağızımda qaralamasan

Amma silə bilmirəm səni.

Sən hər bir gəlinin köynəyi kimi

Amma əllərim titrəyir

Asa bilmirəm səni.

Sən bir qadağa içrə qadağasan,

Öpə bilmirəm səni.

Sən bir şərqi

Bəstəsi gözlərindən yazılmış.

Mən bir mahnı

Nəğməsi yasaq qazılmış.

Sən bir neçə nömrəsən

Telefonun qarnında.

Rəqəmlərində

Nə bir var,

Nə iki var,

Nə üç var,

Nə dörd var,

Nə beş var,

Nə altı var,

Nə yeddi var,

Nə səkkiz var,

Nə doqquz var!

Sadəcə

Sıfır var.

Ən son zəng eləyən çarəsizlikdən

Sizi arayan

Mənəm!..

O sıfırı arayan!..

 

 

GƏLMİŞƏM

 

Duman, Elçin, Ümid ilə görüşdüm,

Şerimizdən Elgölüdə danışdım,

Qonaq oldum, Xosrovgildə buluşdum,

Sevdim yağış saniyəsi tablosu;

Dəniz qıyı, simfonisi, röyası.

 

Şeir dedim Şəhriyara, Söhraba,

Səda gəldi xoş gəlibsən, mərhəba!

Axşam üstü yolum düşdü Saraba,

Söz vermişəm Yaquboğlu Nikzada;

Gələcəyəm Azərbaycan, fəryada.

 

Durdum Muğan qəbri üstə ağladım,

Gül yerində bir dəstə söz bağladım,

Qəbir daşın gözyaşımla çağladım,

Cəsəd getdim, ruhum qaldı Muğamda,

Azərbaycan, həm Qaraca oğlan da.

 

Səttarxandan öyrənmişəm aslanlıq,

Söz deyərsə işıq olur qaranlıq,

Əlbət bir gün gülümsəyər bu darlıq,

Şəhriyarın ruhu saçar evimizdə;

Mən öldümsə, gömün məni Təbrizdə.

 

Şeir yazın qəbrim üstə mərmərdə,

Bu qərib kim, gömülübdü bu yerdə?

Gələn görsün şəklim üstə bir pərdə,

Bir gül qoyun, bir damla yaş, bir əsər;

Türbəm üstə oxuyun siz bir şeir.

 

Bu qərib kim, bizim şeir torpaqda?

Gömülübdür adsız belə qıraqda,

Deyən olsa tibqi-şəkli yarpaqda,

Hər sətrində Türk ruhumu sıxırdım;

Yalan deyil, kabuslardan çıxırdım!..

 

 

TƏBRİZLİ ANAM

 

Qış gecə yarısı,

Yağışlı bir gündə

Təbrizli anamın

Təbriz qoxusu saçan qucağında

Bir yoxsul məhəllədə

Atamın isti xalçasında

Gülümsər gözyaşında səadət çalxanarkən

Bir zəif fənər işığı altında

Gözlərimi açdım!

Məni bağrına basan

İsinmiş duyğuların

Yaşıllıqlarına sarılmışdı.

Səhər çağı

Paltarımı soyundurub

Təbrizin azadlıq günəşinə sərdi məni.

Sevgi qoxuyan yellərə tanıtdırdı məni.

Bir məhəllə qucaqlarına

Sərinləşdirdi məni.

Parlaq-parlaq,

Öpüşlər yanaqlarımda dişləndi,

İlk dəfə

Dodaqlarımı islatdım.

Anamın qəzəl bağından

Türk südünü içdim.

Azərbaycanlı nəfəslər aldım

Pambıq özləmələr içində

Bayaz mahtablı gecələrdə.

Qaranlığın gözlərini bağladım

Biraz böyüdüm.

Şəhriyarları axtardım,

Küçələrdə gəzdim.

Urmiyanın,

Təbrizin

Sahillərində

Dostluq qurdum.

Uşaqlığımı Təbrizin torpaqlarında yaşatdırdım.

Hekayələr,

Nağıllar,

Dinləyərdim

Uzun qış günlərində.

 

Leyla balam Leyla

Anamın dilində

Əzbərlədim hecalarını.

Şəhriyar şeiri ilə bəsləndim.

Göz yaşı ilə

Qorxu-qorxu tər bələndim.

Beşiyimin ayaqları

Yeridikcə

Yuxuladırdı məni.

Qapılara

Göz muncuğu

Vurardı anam.

Məni saxlardı

Qara gözlərdən!..

Özümü tapınca

Ayaq basdım Təbrizin torpağına.

Adımı yazdım şeirlə

Çiçəklərin yarpaqlarına.

Nəfəsimi sovurdum

Aşiqlər küçələrinə.

Səkilər kənarında oturdum

Bir siqara yandırdım.

Seyr etdim yoldan keçən

İnsanların üzünə baxdım.

Hər gördüyüm insanı

Bir şair olaraq sandım.

Şair dostlarımı xatırladım

Gəldim Təbrizə.

Təbrizi görməyə.

İçində şair dostlarımın

Yanaqlarından öpməyə.

Əlimdə olsa belə

Billah,

Köçməzdım Təbrizdən.

52 bahar yaşımda

Qanadsız, cəsarətsiz.

Yuvasız, zamansız

İxtiyarlıq quşum uçdu

Şairlər məzarına...

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)