Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

18-ci dərc

Araya bir sükut çökdü.

Mən uşaqlardan eşitdiklərimi təhlil edərək aldığım bu informasiya sayəsində artıq yeni, çox güman ki, son fazasına daxil olan araşdırmamda növbəti gedişlərimi fikirləşərkən, uşaqlar susub daha hansı sualları verəcəyimi gözləyirdilər.

-Daha iki sualım olacaq. Deyin görüm, uzun müddətdir ki, məşğələyə gəlirsiniz. Heç bu müddətdə Tahir müəllimin yanına kiminsə gəldiyini görmüsünüzmü, qohum ya qonşu? Bu birinci sual. İkinci sualımsa belədir. Fasilə vaxtı söhbət edərkən bir- birinizi adınızla çağırırdınızmı?

-Heç vaxt heç kimi görməmişik. Adımızısa hə, çəkmişik, dəqiq yadımdadır, -Tərlan hər ikisinin yerinə cavab verdi.

Hər iki uşağın əlini sıxıb təşəkkürümü bildirdim.

-Niyə təşəkkür edirsiniz, Bəxtiyar müəllim, biz neylədik ki? -Ləman dedi.

-Sonra bilərsiniz, uşaqlar, indi isə haydı dərsə davam. Yoxsa idman müəllimi hirslənib sizi də, məni də döyər. Baxın necə əzələləri var.

Uşaqlar gülüşdülər.

Uşaqlarla evdə sağollaşıb iş otağına keçən Tahir müəllimin həyətə çıxmamasını onun dediklərindən dəqiqləşdirmişdim.

Yaxşı, bəs Babaxanın qoyduğu dolabı aparması barədə ən azı qardaşını məlumatlandırması lazım deyildimi? Bəlkə tələsirmiş və ya onun özünün səsə çıxacağını düşünərək deməmişdi, Tahir müəllim həmin vaxt arxa otaqda olduğundan həyətdəki səsləri eşitməmiş, Babaxan isə sonradan zəng vuraraq və ya növbəti gəlişində deyəcəyini düşünərək getmişdir. Bu mümkündür.

Bəs əksinə imişsə, Babaxan dolabı apardığını qardaşının görməsini istəməyibsə?

Yenə də suallar, suallar… Tələsməliydim.

Tahir müəllmdən götürdüyüm əlaqə nömrəsini yığdım.

-Salam, Tahir müəllim. Sizi Bəxtiyar Nəzərli narahat edir.

-Salam Bəxtiyar müəllim. Yəqin nəsə bir xəbər var ki, yığmısınız. Ümidvaram ki, yaxşı xəbərdir.

-İnşallah olacaq. İndi isə bir şeyi sizinlə dəqiqləşdirmək istəyirdim. Uşaqlarla son söhbətim zamanı həyətinizdə paltar dolabı olduğunu, sonradan isə dolabı kiminsə apardığını dedilər.

Tahir müəllimə son məlumatı Zabitədən aldığımı deməyim vacib deyildi. Çətin ki, o özü də dolab aparılandan sonra uşaqların məşğələyə gəlmədiklərinin fərqinə varaydı.

-Dolabı ora qardaşım qoyub. Bir tanışının evi söküntüyə düşüb. Əşyalarını dəyər-dəyməzinə satırmış, Babaxan da bu dolabı alıb. Tanışının evi yaxın olduğu üçün dolabı müvəqqəti olaraq bura qoyub. Apardığınısa, nədənsə mənə deməyib. Heç mən də fikir verməmişəm.

-Nə əcəb sonradan zəng-zad da eləyib deməyib?

-Əşşi onun xasiyyəti belədir. Elə uşaq vaxtı da beləydi. Öyrəşmişik onun bu xasiyyətinə. Yəqin nə vaxtsa gələndə deyəcək. O dolab olmasaydı son dörd ayda onu cəmi bircə dəfə görmüşdüm. O da, yaxın qohumumuzun yasında. Həm də tez- tez Rusiyaya gedib-gəlir. Ona görə bir şəhərdə yaşasaq da, çox az-az görüşürük.

-Bəs bağı varmı,  birdən bağ qonşusu olarıq qardaşınızla?

Bağım olmasa da, Tahir müəllimə bu yalanı uydurmağa məcbur idim.

-Açığı, gediş-gəlişimiz yoxdu deyə maraqlanmamışam. Memuar yazmağım çox vaxtımı apardığından, son illər də səhhətim imkan vermədiyindən evdən çölə az çıxıram, qohum-əqrəbadan da heç kimə baş çəkmirəm. Babaxansa ya bizə gəlmir, ya da ayda-ildə bir dəfə gələndə beş-on dəqiqə ayaqüstü söhbət edib gedir. Ona görə heç nə deyə bilmərəm.

Tahir müəllim azacıq düşünüb belə bir əlavə də etdi:

-Ancaq yasda olarkən oradkılardan biri Babaxanla görüşəndə, dedi ki, səni tez-tez Zabrat qəsəbəsi tərəfdə görürəm. Bəlkə oralarda, şəhər kənarında ev alıb, deyə bilmərəm.

Deməli Zabrat qəsəbəsi.

Müəllimdən lazım olanları öyrəndim. Bir şeydən başqa. Elə bir şey ki, bunu ondan soruşa bilməzdim. Özüm yerində dəqiqləşdirməliydim. O bilmədən.

Maraqlı idi. Bu cinayətin izi ilə haralara gedib çıxsam da, yenidən hadisələr məni bu saf insanla danışmağa, ya da onun həyətinə qayıtmağa vadar edirdi.

Məktəbin qarşısında saxladığım maşına əyləşəndə yol polisi tərəfindən şüşəsilənə taxılmış cərimə talonunu görüb gülümsədim. Hər şey düzdür. Bura təhsil ocağının qarşısıdır, parkinq deyil. Talonu götürüb maşına əyləşdim və Tahir müəllimin evinə üz tutdum.

Yolda Layiqədən zəng gəldi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Tam zamanında zəng vurmusan.

Layiqənin ona belə müraciət etməyimi xoşladığını bilirdim.

-İcazə verin məruzə edim.

-Başla.

-Hazırda kapitan Qasımlının yanındayam. Dediyiniz tarixdə və saatda elə bir yük maşını ətrafdakı heç bir kameranın görüntüsündə müşahidə olunmur.

 Bu yaxşı xəbər deyildi. Layiqənin əhvalı isə dediklərinin əksindən xəbər verirdi. Ona görə də, susub onun daha nə deyəcəyini gözlədim.

-Mənsə bununla kifayətlənmədim. Görüntüləri ardıcıllıqla izləməyi Rəşad müəllimdən xahiş etdim və elə növbəti günün görüntülərində oxşar əlamətləri olan yük maşınının səhər saat 10 radələrində “Kubinka” ərazisindən çıxdığını, Bakıxanov küçəsini kəsərək Cəlil Məmmədquluzadə küçəsinə tərəf getdiyini aşkar etdik.

-Afərin.

-Görüntünü yaxınlaşdıraraq maşının dövlət nömrə nişanını müəyyən etdik. Hazırda Rəşad müəllim sürücüsünün şəxsiyyətini və ünvanını dəqiqləşdirir.

-Bütün bunlara görə sağ ol. İndi sənə bir şey deyəcəyəm. Bizi maraqlandıran tarixdən düz iki gün əvvələ, saat 20 radələrinə də bax. Böyük ehtimalla həmin maşını yenə də gələn görməyəcəksən, ancaq ərazini tərk etməsini görəcəksən. Telefonu isə kapitan Qasımlıya ver.

-Salam, Bəxtiyar müəllim.

-Salam Rəşad müəllim. Nə yenilik var?

-Nərmin itən günü tanışım vasitəsi ilə ona gələn zəngləri yoxlatdırmışdım. İndi mobil operatorun sorğumuza cavabı əsasında Nərminin telefonuna son günlər gəlmiş zəngləri də təhlil etdim. Heç bir nəticə vermədi. Adi zənglərdir. Sürücünün ünvanı bilinən kimi əməliyyat qrupunu ardınca göndərəcəyəm.

-Yaxşı. Ancaq indi o sürücüdən vacib bizə lazım olan bir fiqurant peyda olub. İsmiyev Babaxan Səfixan oğlu. Bu ikimizin də tanıdığı Tahir müəllimin qardaşıdır. Yük maşının sürücüsü ilə yanaşı onun da ünvanını müəyyənləşdirib təcili saxlanılmasını təmin edin. Bu adama çoxlu suallarım olacaq.

-Baş üstə, Bəxtiyar müəllim. Başqa?

-Bu gecə mənə köməyiniz lazım olacaq.

-Mən hazır.

Bir qədər fasilə verdim.

-Bir də bir xahişim olacaq.

-Əlbəttə, buyurun.

-Hələ ki, Tahir müəllim heç nə bilməsin. Qardaşının tapılması üçün ona müraciət etməyin. Ünvanını başqa üsullarla müəyyən edin.

İndi də Rəşad susdu. Amma bu, çox çəkmədi:

-Başa düşürəm. Hər şey siz dediyiniz kimi olacaq.

Telefonda Layiqənin uzaqdan gələn sevincli səsi qulağıma dəydi, -Tapdım, tapdım!

 Ardınca Qasımlıdan telefon aparatını alan Layiqə -Bəxtiyar müəllim, tapdım, axşam saat 9-a işləmiş bu ərazidən çıxır, -dedi. -Cızıqlarından, bəzi başqa əlamətlərindən də görünür ki, hər iki halda ərazidən çıxan eyni yük maşınıdır. Ancaq Siz haradan bilirdiniz ki, iki gün əvvəl də axtardığımız maşın orada olub?

-Sonra bilərsən, -Layiqəyə də Ləmana verdiyim cavabı verdim. Layiqə o qədər əmin idi ki, bu dəfə maşının dövlət nömrə nişanlarına təkrarən baxmağı belə lazım bilməmişdi.

-Sən ofisə qayıt və dincəl. Rəşad isə axtardığımız adamları tapandan sonra mənimlə əlaqə saxlasın.

Artıq günortanı keçmişdi. Maşını Tahir müəllimin evinə bir tin qalmış saxlayıb düşdüm. İndi əsas məsələ müəllimdən çox Zabitə ilə üz-üzə gəlməmək idi.

Bu arvad yadıma düşəndə qeyri-ixtiyari dodağım qaçdı. Yəqin ki, indi Zabitə “cüvəllağı” adlandırdığı Tərlanı hər məşğələyə gələndə ciddi-cəhdlə güdərək onda bir səhv tapmağa və növbəti gəlişimdə etimadımı qazanmaq üçün bu barədə mənə məlumat verməyə çalışacaqdı. Çünki belə insanların psixologiyasına bələd olan biri kimi tamamilə əmin idim ki, onunla söhbətimizdən sonra yalnız bir istiqamətdə işləyən beyni bu yolla məndən əldə edəcəyi qazancını əlli manatdan yüz manata qədər qaldıra biləcəyi barədə ona fasiləsiz siqnallar ötürməyə başlamışdı. Hər şey bir yana, deyəsən, yazıq uşağı da işə salmışdım. Yaxşı ki, qəbul imtahanlarına az qalıb.

Uzaqdan boş küçəni müşahidə etdim. Məllimin də, Zabitənin də küçə qapıları bağlı idi. Sürətlə dayandığım yer ilə müəllimin qapısı arasında olan məsafəni qət etdim və qapını itələyib həyətə keçdim.

Gözlədiyim kimi həyət boş idi. Yəqin müəllim yenə də arxa otaqda, memuarları üzərində işləyirdi. Əslində Tahir müəllimlə rastlaşacağımın heç bir qorxusu yox idi. Uzaqbaşı ona bir-iki əhəmiyyətsiz sual verib, şübhələrimin doğrulması üçün həyətdə mənə lazım olan yeri ötəri gözdən keçirməyim də kifayət edərdi. Ancaq bütün işlərim kimi bunu da ötəri etmək istəmirdim.

Yavaşca irəli keçib qızılgül kollarının yanında, uşaqların durub söhbət etdikləri yerdə dayanıb ayaqyolu tərəfə baxdım. Sonra ayaqyoluna girdim və qapını arxadan bağladım.

Lazım olan şeyləri öyrənmək üçün mənə üçcə dəqiqə bəs etdi. Gəldiyim kimi də sakitcə həyətdən çıxıb maşına tərəf getdim…

 

* * *

Şişman ehtirasdan elə uçunurdu ki, otağın qapısını arxasınca örtməyi da unudub qıza tərəf addımladı. Titrəyən əlləri ilə laqeyd baxışlarla ona baxan qızın qolundan tutub çarpayıya uzatdı. Qız heç nə ifadə etməyən baxışlarla tavana baxır, müqavimət göstərmirdi. Heyvanlara xas instinklə qarşısındakı qurbanın ondan zəif olduğunu hiss etməsi şişmanın olan-qalan ağlını da başından aldı. Daha dayanmağa taqəti qalmamışdı. Ayağa qalxıb şalvarının kəmərini açmağa başladı…

 

* * *

Yolüstü yüngul bir qəlyanaltı alıb ofisə gəldim. Yəqin Layiqə də ac idi. Birlikdə yemək yeyib polis bölməsində baş verənləri üzbəüz özündən eşitmək istəyirdim.

Ofisə girəndə Layiqəni oturduğu yerdə mürgüləyən gördüm. Qapının səsinə ayılan Layiqə cəld ayağa qalxıb salam verdi. Əlimdəki torbanı ona uzadıb dedim:

-Bir-bir.

Hələ yuxusu qaçmayan köməkçim key-key torbaya baxıb sonra onu məndən aldı. Yəqin fikirləşirdi ki, torbanın içindəki “bir-bir” adlandırdığım şey görəsən nə ola bilər.

-Şef, bir-bir nədir və bu torbanı neyləyim?

-Torbanı aç və içindəkilərdən bir qəlyanaltı hazırla. Bir-bir isə o deməkdir ki, bu gün səhər sən məni yuxudan oyatmışdın, indi mən səni oyatdım. Hesab bərabərləşdi.

Layiqə başını yelləyib mətbəxə keçdi. Hiss olunurdu ki, hələ ayıla bilməyib.

Bir azdan mətbəxdən səsi gəldi:

-Yemək hazırdır, Bəxtiyar müəllim.

Mətbəxə keçib süfrəyə əyləşdim.

-Sən yeməyəcəksən?

-Mən yemişəm, siz nuş edin. Kapitan Qasımlı nahar etməmiş məni buraxmadı.

-Mən də onun yerinə olsam buraxmazdım da, -deyib güldüm.

-Yaman da, -deyib Layiqə əda ilə çiyinlərini atdı və dönərək mətbəxdən çıxdı.

Ən yaxşısı bu qızı belə mövzuda dindirməmək idi. Yoxsa əlinə ilk fürsət düşən kimi yenə də atmacasını atdı. Gülünün qulaqlarından iraq.

Telefonu götürüb Gülünü yığdım.

-Neynirsən? -Gülü ilə heç vaxt salamlaşmaz, elə birbaşa söhbətə keçərdik. Ümumiyyətlə aramızda qəribə danışıq tərzi formalaşmışdı.

-Evdəyəm, sən?

-İndi ofisdəyəm, ancaq bir azdan heç yerdə olmayacağam.

-Nə vaxtacan?

-Fikirləşirəm ki, gecəyə, ya da sabah səhərə qədər.

-Yenə pendirlə pomidor-xiyar?

-Bu dəfə bibər də almışam.

Zarafatım Gülüyə sirayət etmədi. Sabah səhərə qədər məni axtarmaması barədə etdiyim xəbərdarlıq, nə qədər möhkəm qadın olsa da, onun rahatlığını növbəti dəfə əlindən almışdı.

Danışığımdan vaxtımın məhdud olduğunu bilən Gülü, - Gözləyəcəyəm, -dedi.

-Gələcəyəm, -deyib xətti kəsdim.

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(22.05.2023)