“Yazıçı, şair ədəbiyyatın çölündə olmalıdır ki, içinə nəsə gətirsin” – Anar Adillə müsahibə Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın şair və qiraətçi Anar Adillə müsahibəsini təqdim edirik.

 

-Öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Nəzərəliyev Anar Adil oğlu. Adil kişinin oğlu...  Bakı şəhərində anadan olmuşam. Bu qədər.

 

-İlham mənbəyiniz nədir?

 

-İnsan daha çox hərislikdən və xəsisliyindən ibarətdir. Təsəvvür edin, xəzinə tapmısınız. Ya onu hara gəldi xərcləyib tez istifadə edəcəksiniz,  ya da “nə vaxtsa lazım olar” deyib saxlayacaqsınız. Hər iki halda faydası olmayacaq. İlham mənbəyini də haradan və necə almağı bilmiş olsaq, inanın ki, onu ya bir gecəyə tükədib məhv edəcəyik, ya da sabah - biri gün istifadə edərik deyə - deyə həmin o "mənbə" ni qəbizləşdirəcəyik.

 

-Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr hansılardır?

 

-Xəyallarım reallıq tərəfindən işğal olunandan sonra xəyalistlər vətəndaşlıqdan imtina edib oldum realist. Standart, bozumtul xəyallardı.

 

-Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?

 

-Yazının, sözün yazıqlığı tutduğu yerdə.

 

-Yazmaq sizin üçün nə deməkdir?

 

-Bəlkə də məndən asılı bir şeydir yazmaq. Bəlkə də asılı deyil.  Özünə çatmaq üçün göstərdiyin çabadı bəlkə.  Məncə, elə mən də bilmirəm, nə üçün yazıram. Gerçəkliyə məcburi uyğunlaşmadı.

 

-Yazıçı üçün zaman nədir?

 

-İnsana yaşamaq üçün təkcə oksigen kifayət etmir. Zaman keçdikcə xatirə ehtiyatından da qidalanmağa başlayırsan. Zaman həm də insana inamın ən yaxşı immunitet olduğunu öyrədir.

 

-Ümumiyyətlə, hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

 

-Dram oxuyuram. Dedektivi isə filmdə izləməyi daha çox sevirəm.

 

-İlk dəfə nə vaxt “yazıçı olacağam” demisiniz?

 

-Konkret nə vaxtsa  şair və yazıçı olacağam deməmişəm .

 

-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

-Bilirsiniz, yazıçı və şairin özünü ədəbiyyatın içi, ədəbi cameəçi hesab etməsi yalnışdır. Yazıçı, şair ədəbiyyatın çölündə olmalıdır ki, içinə nəsə gətirsin. Arı yeşiyinə, arıların iş fəaliyyətinə fikir vermisiniz?  İşləri ancaq ağaclardan, çiçəklərdən şirə toplayıb yuvaya gətirməkdi.  Texnologiyanın yüksək inkişafı kitaba toxunuşun, oxumağın məhrəmliyini poza bildi. Kitab sərgilərində ən çox xarici yazıçıların,  qismən də yerli yazıçıların kitabı alınır. Kitab təqdimatları isə 98 faiz şair və yazıçıların, 2 faiz də oxucunun iştirakı ilə baş tutur. Hələki "heç kim , heç kimin kitabını oxumur"

 

-Yeni bir kitab yazmaq planınız varmı?

 

-Üzümüzə gələn ildə düşünürəm.

 

-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?

 

-Əlimdən uğur diləmək gəlir. Hamıya külli miqdarda uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)