… Və bəxtləri gətirəndə çayın dərin yerindən qızılbalıq tutardılar - uşaqlar üçün hekayələr

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun. 

 

Xilaskar

 

Heydər yay tətilində Nərgiz bibisinin yaşadığı Urud kəndinə gedərdi. Bu kənd öz gözəlliyi ilə digərlərindən çox fərqlənərdi. Sanki tanrı bu yerlərə bir-birindən gözəl, ecazkar təbiət mənzərələri bəxş etmişdi. Heydər hər addımda bu obada, hər dağ cığırında, çay sahillərində bir sehrli aləm görərdi. Bu aləm içində uşaqlığının maraqlı bir səhifəsi yaşanmışdı. Gözəl mənzərəsi, təbiəti olan bu kənd o qədər xoşuna gəlirdi ki, tətil qurtaranda belə oradan getmək istəmirdi. Vaxtının çoxunu demək olar ki, kəndin mərkəzindən axan iti dağ çayının – Bazarçayın sahilində keçirərdi. O, daşların üstündən hoppana-hoppana çayı adlayar, ürəyində bu daşları sayar, neçəsini adlayandan sonra çaya çatdığını əzbərdən bilərdi. Bu onun hər günki məşğuliyyəti idi. Yayın qızmar çağında bir də görürdün ki, günəş görünməz oldu, hava soyudu. Belə olanda Heydər çayda çimə bilmədiyi üçün çox kövrələrdi. Dumduru axan çaya xeyli tamaşa edər, çayın dibindəki ən xırda daşlar, o daşların arasında var-gəl edən, tələskən çömçəquyruqlardan gözünü çəkməzdi.

Tez-tez kənd uşaqları ilə çaya gəlib tilovla dabanbalığı, şitbit balığı, bəxtləri gətirəndə isə çayın dərin yerindən qızılbalıq tutardılar. Elə oradaca tonqal qalayıb bişirib yeyərdilər. Hərə evdən pendir, göyərti, yuxa gətirər, yaxınlıqdakı bostanda əkilmiş tər xiyardan, uzunsov pomidordan dərib, birlikdə deyə-gülə iştahla yeyərdilər. Hər gün çay qırağında, təbiətlə ünsiyyətdə olmaqdan o böyük zövq alırdı. Demək olar ki, çayın şırıltısına saatlarla qulaq assa da, yenə də doymurdu. Heydər həm də çayda yaxşı üzürdü.  Hərdən uşaqlarla mərcə girib, qayaların üstündən çaya tullanıb dərin yerdəki suyun altında 2 dəqiqə qala bilirdi. Əsasən, uşaqlarla “Nov daş”da körpünün altında çimərdilər.

Heydərin Rəfi adlı bibisi oğlu ondan üç yaş kiçik idi. Çox sadəlövh, təmizqəlbli, hər şeyə inanan bir oğlan idi. Üzməyi bilmirdi. Heydər onunla zarafatlaşmağı, cırnatmağı xoşlayırdı. Bir gün Rəfi çayın kənarındakı qayalıqdakı daşın üstündə oturub çayda üzən uşaqlara tamaşa edirdi. Heydər ona qarşısındakı daşı göstərib deyir: “Bax qarşındakı bu daş var ha, indi bir dua oxuyacağam, bu daş yeriyəcək. Əvvəlcə gözlərini yum, sonra dediklərimi təkrarla”.

Rəfi gözlərini yumub, onun dediklərini tutuquşu kimi təkrarlayırdı, doğrudan da möcüzə baş verəcəyini gözləyirdi. Heydərsə dodağının altında Rəfinin onu güclə eşidə biləcəyi bir səslə deyirdi:- “Yekə qulaq, qaban baş, heç görmüsən yeriyə daş?” Rəfi bir neçə dəfə təkrarlayandan sonra onun dediklərinə diqqətlə qulaq asır, başa düşür ki, onu dolayır. Üzmək bilməyən Rəfi çaya tullanıb Heydəri tutmaq istəyəndə çayın sürətlə axan suları onu ağuşuna alır, bir neçə dəqiqə ərzində su bəndinə tərəf aparır. Rəfi əl- qolunu tərpədir, amma batmaq təhlükəsi ilə artıq çayın dərin yerinə düşür. Bunu görən Heydər onun batacağını görüb, tez üzüb ona çatır, dərhal onun saçından yapışıb özünə tərəf çəkib suyun üzərinə çıxarır. Beləcə Rəfini xilas edir. Rəfiyə qarşı etdiyi hərəkətindən peşman olsa da, onu xilas etdiyinə çox sevinir. Bu hadisədən sonra Heydər Rəfiyə üzməyi öyrədir. Həm də təkcə Rəfiyə yox, üzmək bilməyən digər uşaqlara da. Sonralar Rəfi Heydərdən də yaxşı üzgüçü olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2013)