Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

15-ci dərc

Bir şey çox maraqlıdır. Təsadüfən yaxınlıqda dolaşan bir avaranı köməyə çağırmaq olar. Ancaq daha onu özünlə aparmağa nə ehtiyac var ki? Getdiyin yerdə dolabı düşürməyə kömək edəcək bir adam yoxdurmu? Bəlkə elə doğrudan da yoxdur?  Onda həmin yer hara ola bilər? Bağ evi? Başqa hara? Bəlkə şəhər kənarında yeni tikili? İndi o qədər yeni yaşayış sahələri salınıb ki, tikinti aparan çox, yaşayış isə hələ tək-tükdü. Yox, bu dolab nə boydadır ki? Ən azından, onu sürücünün köməkliyi ilə düşürmək olardı. Üçüncü adam beləmi vacib idi? Bəlkə də vacib idi. Sürücü beli ağrıdığını deyib əvvəlcədən şərt kəsə bilərdi. Suallar çoxdur. İndi buna vaxt itirməyim.

Yaxşı, bəs əgər Nərminin oğurlanmasında Babaxanın əli varsa və bu avara da onun adamıdırsa, onda necə? Onda bu adamlar diletantdırlar və böyük səhv buraxıblar. Belə işlərdə bağışlanmaz sayılan səhv. Ən sadəlövh insan da başa düşməliydi qızın yoxa çıxmasından sonra axtarışların əsas subyekti onun evdən çıxaraq birbaşa gəldiyi bu ünvan olacaq.

Yaxşı, bəs onda iki diletant şəhərin ortasında bir qızı oğurlayır, iki gündən çox keçməsinə baxmayaraq hüquq-mühafizə orqanları heç bir izə düşə bilmir, bunu nə ilə izah etmək olar. Yooox, məntiq belə demir, burda nəsə başqa cürdür, indi fikirlərimi tamamlaya bilmirəm. Hələ Zabitə arvad da gözlərini mənə dikib baxır. Buradan sağollaşıb getmək, uşaqlarla yenə görüşmək lazımdır. Tərlan və Ləmanla. Mümkün qədər tez. Onlara çox vacib suallarım yaranmışdı.

Zabitə astadan öskürdü. Görünür fikrə getdiyimi düşünmüşdü.

-Hə, deyəsən fikrə getmişdim, -mən də özümü elə göstərdim. -Daha vaxtdır, gedim. Hər şeyə görə sağ olun.

Bunları deyə-deyə beynimdə məni maraqlandıran daha bir məqamı necə aydınlaşdıracağımı sürətlə fikirləşirdim. Zabitənin birinci çıxışı ilə ikincinin arasındakı vaxtı. Bunu necə soruşaydım ki, bu qazdan ayıq arvad şübhələnmədən cavab versin.

Yenə də uzaqdan başladım.

-Sizə çox arxayınam. Əminəm ki, Tərlan məşğələlərdən yayınsa, mütləq bunu biləcəksiniz və mənə deyəcəksiniz. Çünki uşaqları çox sevirsiz və qardaşım oğlunun yaxşılığı üçün də mənə kömək edəcəyinizə şübhəm qalmadı.

-Uşaqları sevdiyimi hardan bildin? -Zabitə təəccüblə soruşdu.

-Bayaq nəvənizdən danışanda üzünüzün ifadəsi tamam dəyişdi. Sizi başa düşürəm. Mən də babayam, yaşıma baxmayın, qızı tez köçürmüşəm, əkiz nəvələrim var. Hə, o ki, qaldı uşağın ağlamağına, ondan narahat olmayın, haradasa oxumuşam ki, ağlamaq uşaqlara xeyirdir, ciyərləri genişlənir, -artıq özümü baba da etdim. Təki duyuq salmadan bu tərs arvaddan lazım olan son məlumatı da öyrənə bilim.

Deyəsən Zabitə arvadı bir qədər kövrəldə bildim.

-Yoxa, lap bilsəm ki, dərmanıdı, yenə də nəvəmin ağlamağına dözmərəm. Üç-dörd dəqiqə çalışdım ovundurum onu, olmadı, sonra yenə çıxdım görüm kimi tapıram.

Deməli üç-dörd dəqiqə.

-Sizə nömrəmi vermirəm. Özüm həftədə bir-iki dəfə gəlib baş çəkəcəyəm. Etiraz etmirsinizsə.

Zabitə arvad çəpəki baxışlarla mənə baxdı. Hər işdə öz mənafeyini güdməyə öyrəşmiş bu tip insanların beyni də yalnız bu mənafedən çıxış edərək belə məsələlərdə çox sürətlə işləməyə uyğunlaşmış olur. Telefon nömrəmi verərəmsə, mənə edəcəyi zənglərin ona heç bir fayda verməyəcəyini, növbəti gəlişimin isə, xalatının cibində təzahür edərək sonradan döşəyinin altındakı birinci əlliliyə qovuşacaq daha bir əllilik əskinasa sahib olmağın sevinci ilə müşayiət olunacağını Zabitənin normal standartlara uyğun olmayan beyni üç saniyəyə təhlil etdi və mənə baxan çəpəki baxışları təbəssümlə əvəz olundu.

Normalda əgər mən narahat olduğum hansısa məsələ ilə bağlı bir xahişə gəlmişdimsə, mütləq qaydada gedərkən əlaqə nömrəsi qoymalı, bir şey olarsa, dərhal mənə məlumat verməsini Zabitədən dönə-dönə xahiş etməliydim. Bunu kifayət qədər çoxbilmiş biri olan Zabitə də gözəl başa düşürdü və ilk saniyələrdə mənə çəpəki baxışlarla baxmasının səbəbi də bu idi. Lakin qısa ünsiyyətimiz zamanı xislətini tam müəyyənləşdirdiyim üçün, arada özüm gəlib dəyəcəyimi ona eşitdirmək kifayət etdi ki, bu arvad qalan şeyləri unutsun.

Və nəticədə hiyləgərliklə tamahkarlığın əbədi mübarizəsində yenə də birinci qalib gəldi.

 -Nə vaxt istəsən gəl. O cüvəllağını gözümdən qoymayacağam, -Zabitə arvad sağ əlini irəli uzadıb şəhadət barmağını silkələdi.

-Sağ olun.

-Sağ ol.

Ordan çıxdım. Bir qədər getdikdən sonra taksi saxladıb evin ünvanını dedim. Maşını götürüb sonra uşaqlarla görüşməliydim. Tədris ilinin sonu idi. Görəsən uşaqlar məktəbdə olarlar ya evdə? Çox güman ki, məktəbdə.

Taksiyə oturanda Layiqədən zəng gəldi.

-Şef, məktəbdən indi çıxdım. Dərsin sonuna az qaldığı üçün müəllim sinif otağında gözləməyimi təklif etdi. Mən də dərsin son on dəqiqəsində iştirak etdim. Tənəffüsdə isə Rüfət və uşaqlarla söhbət etdim. Rüfət Nərminin “Qabusnamə”ni axtardığını təsdiqlədi. Ancaq başqa nə isə bilmir. Sinif uşaqları ilə də söhbət bir nəticə vermədi. Uşaqlardan Tahir müəllimin qonşuluğunda yaşayanı da yoxdur. Növbəti göstərişinizi gözləyirəm.

-Yaxşı ki, zəng vurdun, daha ofisə qayıtma, indi qızın itdiyi ərazinin polis bölməsinə get. Orada kapitan Rəşad Qasımlını tap. De ki, təcili hadisə baş verən gün saat 20:00-dan təxminən 20:40-dək həmin əraziyə daxil olan kabinəsi ağ olan, yük yeri göy rəngli çadırla örtülmüş kiçik həcmli yük maşınını müəyyən etsin. Mümkün olarsa, hərəkət marşrutunu da.

-Aydındır şef. Bəs sonra?

-Sonra ofisə qayıt və çalış bir qədər yuxunu alasan. Gecə yatmayacaqsan. İşlərimi bitirib ora gələcəyəm.

-Gecəki geyim forması nə olacaq, şef?

-“Gecə kəpənəyi”.

-Göstəriş aydındır.

Layiqəyə bütün hallar üçün nəzərdə tutulan geyimlərin adlarını da hələ işə başladığı ilk günlərdə başa salmışdım. Ona görə də artıq sual vermədi. Bəzi fikirlərim var idi. Bu gecə olduqca ciddi əxlaqa malik olan bu qız yüngül xasiyyətli qadın obrazında mənə lazım ola bilərdi.

Ümumiyyətlə, qadının əməliyyata cəlb olunmasının bir çox üstünlükləri var. Layiqə kimi gözəl qızınsa, ikiqat. Bəzən kişilərin keçə bilmədiyi məkanlara cazibədar qadınlar çox asanlıqla daxil olur, heç bir şübhə oyatmadan lazımi məlumatı toplayıb geri qayıdırlar. Heç kimin də ağlına gəlmir ki, işvəli-nazlı bir qadın hansısa xüsusi əməliyyata cəlb olunub.

Görək bu gecə Layiqənin bu qabiliyyətlərinə ehtiyacımız olacaqmı?…

Açarlar cibimdə idi. Məni evə gətirən taksi sürücüsü ilə hesablaşıb, öz maşınıma oturdum. Məhəllədə heç kim gözə dəymirdi. Təkcə Səmədağa küçə qapısının qarşısında çömbəltmə oturub siqaret tüstülədirdi. Qanının qara olması uzaqdan sezilirdi. Mənə tərəf heç baxmadı da.

Tələssəm də, ona yaxınlaşdım.

-Salam, Səmədağa.

Məni görən Səmədağa ayağa qalxdı.

-Salam, Bəxtiyar.

-Niyə belə fikirlisən, bəlkə bir köməyim dəyər?

-Heç, elə-belə.

-Yenə də, çəkinmə, de.

-Əşşi, evə girə bilmirəm, nəvəm səhərdən, ququ-ququ deyib, ağlayır. Xoruza yaman öyrəşmişdi. Gedib başqa xoruz alarame. Ancaq nə bilim onu bəyənər, ya yox.

Səmədağa məndən beş yaş böyük idi. Üç yaşında da nəvəsi var idi.

Həəə, bu pis oldu. Qonaqlıq verərək, özlüyümdə Səmədağanın qarşısında “günah”ımı yuduğumu düşünmüşdüm. Məsələ başqa cür imiş. Bu heç yaxşı olmadı.

-Yaxşı, mən gedim. İndi tələsirəm. Sənin nəvəni ovundurmağın bir yolunu taparıq, darıxma.

-Sağ ol, Bəxtiyar.

Məni bezdirmiş o xoruzu kəsəndə işin bu tərəfini bilə bilməzdim. Uşağın ağlamağı heç yaxşı olmadı. Nə yaxşı ki, Səmədağaya yaxınlaşdım və bunu mənə dedi. Bütün dünya bir uşağın bir damla göz yaşına dəyməz. Bu işi bitirəndən sonra gərək bir şey fikirləşim ki, uşaq ovunsun. Görüm ağlıma nə gələr…

Maşınla dövrə vurub həyətdən çıxdım və Tərlanla Ləmanın oxuduqları məktəbə istiqamət aldım.

İdman dərsi olduğu üçün uşaqları elə məktəbin həyətindəki idman meydançasında gördüm. Son dərs günləri olduğundan əyinlərini dəyişməsələr də, sinfin oğlanları meydançadakı turnikdə yarışır, kimin daha çox dartınacağını bir-birlərinə sübut etməyə çalışırdılar. Qızlar isə bir qədər aralıdan onların bu yarışmasını izləyirdilər. Ləman da onların arasında idi.

Əlindəki davamiyyət kitabında nəsə qeyd edən idman müəlliminə yaxınlaşıb Tərlana və Ləmana bir neçə dəqiqəlik icazə verməsini xahiş etdim.

Bir qədər kənara çəkildikdən sonra uşaqlarla hal-əhval etdim.

-Salam uşaqlar, necəsiniz?

-Salam Bəxtiyar müəllim, yaxşıyıq, Siz necəsiniz?

-Mən də yaxşıyam. İndi isə mənə deyin görüm, Tahir müəllimin həyətində paltar dolabı olduğunu xatırlayırsınızmı?

Uşaqlar fikrə getdilər. Birinci Ləman dilləndi.

-Bəli, ancaq o dolab əvvəldən orada yox idi. Sonradan kimsə gətirib qoyub.

Nərmin itəndən sonrakı günlərdə Tahir müəllim məşğələləri müvəqqəti olaraq dayandırdığı üçün Ləman dolabın həyətdən götürüldüyünü bilə bilməzdi. Ona görə də məhz  kimsə qoyub dedi, qoymuşdu yox.

-Yaxşı bəs, neçə gün əvvəl, xatırlamırsınız ki?

-Bir ay, bəlkə bir qədər az olar, -Ləman gözlərini qıydı.

-Hə, təxminən elə olar, -Tərlan da söhbətə qoşuldu.

-Həyətin harasına qoyulmuşdu?

Ləman başını aşağı saldı. Tərlan utana-utana, -Həyətdəki ayaqyolunun lap yaxınlığında, divarın dibində, -deyə cavab verdi.

Aha, deməli belə. Tahir müəllimin həyətinin quruluşunu yadıma saldım. Ensiz uzunsov həyətə girərkən bir qədər irəlidə -  sağ tərəfdə ayaqyolu, ondan təxminən iki-üç metr sonra isə çoxdan budanmamış, kifayət qədər hündür iki qızılgül kolu var idi.

Deməli, dolab ayaqyolu ilə qızılgül kollarının arasındakı boş yerdə qoyulubmuş.

Qoyulduğu yeri və təxmini vaxtını öyrəndikdən sonra dolabın ora nə məqsədlə qoyulmasını, qısa müddətdən sonra niyə aparılmasını öyrənməliydim. İlk baxışdan burada qeyri-adi bir şey yox idi. Bir qardaş digər qardaşın həyətinə özünə lazım olan bir dolabı müvəqqəti olaraq qoyur, sonra da imkan düşən kimi maşın tutaraq dolabı aparır. Ancaq adi adam üçün bu belə idi. Mənsə artıq kələfin ucunu tapdığımı düşünürdüm və indi yavaş - yavaş bu kələfi yığmalıydım görüm, o biri ucu məni hara aparıb çıxaracaq.

Yenə də Tahir müəllim. Artıq ikinci dəfə idi ki, araşdırmanın gedişatında şübhələr ona yönəlir, ancaq mənim məntiqim bununla razılaşmırdı.

Hər şeyə rəğmən Tahir müəllimlə bir də danışmalı idim. Nərmin itən gün uşaqların məşğələdən çıxan vaxtı ilə demək olar ki, eyni vaxtda həmin həyətdən yük maşını ilə dolabın aparılması təsadüf idimi?

-Tərlan, yadınıza salın, son məşğələdə fasilə zamanı nə etmisiniz. Evdəmi oturdunuz, ya həyətə çıxdınız?

Sualı hər ikisinə ünvanlasam da, qəsdən Tərlanın adını çəkdim ki, yenə nəsə ayaqyolu ilə bağlı olarsa, Ləman utanaraq cavab verməyə bilərdi.

-Evdə oturduq.

-Yaxşı, indi isə ondan əvvəlki məşğələnin fasiləsində nə etdiyinizi yadınıza salın. Tələsməyin, bir neçə gün keçdiyinə görə nəyisə xatırlamaya bilərsiniz. Ona görə də tələsməyin, fikirləşib sonra cavab verin.

-Həyətə çıxmışdıq, -Tərlan dərhal cavab verdi. -Anam deyib ki, fasilələrdə təmiz havaya çıxım ki, beynim oksigenlə dolsun və qavrama qabiliyyətim artsın. Ancaq soyuq havalarda yox. Həmin günsə hava xoş idi. Mən çıxdım və bunu görən qızlar da bir azdan mənə qoşuldular. Sonuncu məşğələdə isə, Tahir müəllim fasilə versə də, Ləman dərsdən kənar bir məsələ ilə bağlı ondan məsləhət istədi, bizə aidiyyəti olmasa da, müəllim danışarkən durub otaqdan çıxmağı düzgün hesab etmədiymizə görə biz də otaqda qaldıq.

-Yaxşı bəs, çıxandan sonra harada dayandınız?

-Qızlar çıxanda mən həyətdəki qızılgüllərin üstündəki təzə açılmağa başlayan tumurcuqları iyləməkçün ora yaxınlaşmışdım. Onlar da yanıma gəldilər.

-Utanmadan bu sualıma da cavab verin, ayaqyolundan istifadə edən oldumu?

 Ləman yenə utanıb başını aşağı saldı.

-Xeyr, -Tərlan da bir qədər qızardı.

-Dəqiq yadındadır, Tərlan?

-Hə, dəqiq. Əvvəlcə Ləmangil də qızılgülləri iyləmək istədilər. Kol hündür olduğu üçün mən əlimlə budağını əyib iyləyirdim gülü. Onlarsa tikanlarından qorxduqları üçün fikirlərini dəyişdilər. Bir qədər orada durub söhbət etdik və fasiləyə verilən on dəqiqə bitdiyi üçün birlikdə evə keçdik.

Mənim üçün cavabları son dərəcə maraqlı olan sualları uşaqlara verdikcə artıq çox şeyi başa düşməyə başlayırdım.

-On dəqiqə az vaxt deyil. Bu qədər vaxta xeyli söhbət etmək olar. Siz nədən danışdınız?

-Əsasən instituta qəbul üçün tələb olunan sənədlərdən. Sənəd qəbulu buraxılış imtahanlarından sonra başlayır. Bu il isə paytaxtda keçirləcək mühüm dövlət tədbiri ilə bağlı sənəd qəbulu tez başlayacaq. Çünki buraxılış və qəbul imtahanlarının vaxtı irəli çəkilib. Sənədləri qəbul komissiyasına təqdim edərək qeydiyyatdan keçmək üçün az vaxtımız olacaq. Ona görə də məsləhətləşib yaşayış yerindən arayışı, tibbi arayışı indidən hazırlamağı qərara almışdıq. Qızların arayışları hazır idi. Mənsə sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya gedəndə həkimlərdən biri icazəli olduğundan arayış sonraya qalmışdı. Qərara aldıq ki, arayışı səhərisi gün alım. Növbəti məşğələdən sonrakı gün isə qəbul komissiyasının qarşısında görüşüb bəzi şeyləri dəqiqləşdirməliydik.

-Yəni Nərmin itən gün, son məşğələnin səhəri görüşməliydiniz?

-Bəli.

-Söhbətin detallarını olduğu kimi xatırlayın uşaqlar. Hər bir sözünüzü, nöqtə-vergülünə qədər. Bu çox vacibdir.

Hiss edirdim ki, araşdırdığım cinayətin ümumi mənzərəsi artıq yerini alır.

Bayaqdan susan Ləman söhbətə qarışdı.

-Bəxtiyar müəllim, elə əhəmiyyətli bir şey danışmadıq. Tərlan dediyi kimi, daha hansı sənədlərin lazım olacağını müzakirə etdik və bunu öyrənmək üçün qəbul komissiyasına getməyi qərarlaşdırdıq. Elə sənədlər var ki, onları da buraxılış imtahanlarından əvvəl toplamaq olar. Bizsə, hazırladığımız iki arayışdan başqa daha hansı belə sənədlərin olmasını öyrənmək və vaxt itirməməkçün hazırlamaq istəyirdik. Həm də yolüstü sənəd üçün şəkil çəkdirəcəkdik. İnanmıram ki, bizim o günki söhbətimizin məzmununun Nərminin tapılmasına nəsə köməyi dəysin. Adi söhbət idi. Mən dedim ki, labarator analizlərin cavablarını oxuyan həkim qanımda hemoqlobinin normadan bir qədər aşağı olduğunu bildirib mənə yaxşı qidalanmağı məsləhət gördü. Nərmin isə bildirdi ki, onun sağlamlığı ilə bağlı heç bir problemi çıxmayıb yoxlanılarkən. Hə, bir də ki, Nərmin dedi, arayışı hara qoyduğunu xatırlamır. Biz də dedik ki, arayış evdədirsə mütləq tapılacaq, hara yox olsun ki. Hələ vaxta da var. Yəqin yadına düşər yeri. Bu qədər.

-Yox, bu qədər yox. Sonda mən zarafatca Nərminə dedim ki, maşallah balta kimisən. Heç bir problemin yoxdur. Bircə bu “Qabusnamə”ni tapıb oxuya bilsəydin, daha dərdin qalmazdı. Hələ bu sözümə Ləman da güldü.

Aha… Sakit yaz səmasında yenə də ildırım çaxdı.

-Davam elə Tərlan. Nərmin sənə nə cavab verdi.

-Ah çəkdi. Dedi bilsəz o kitabı niyə bu qədər axtarıram, zarafata salmazsınız.

-Mən də dedim ki, xətrinə dəydimsə bağışla, ancaq bir kitabı tapa bilmədiyinə görə bu qədər narahat olmağının səbəbini başa düşə bilmirəm. Nə vaxtsa tapıb oxuyarsan da.

-Nərmin kitabı axtarmağının səbəbini sizə dedimi?

-Dedi, -Tərlan başını aşağı saldı.

-Çəkinmə, danış.

-Açığı, Nərmin səbəbini deyəndən sonra, mən çox utandım və ondan zarafatıma görə bir daha üzr istədim. Nərmin dedi ki, dörd yaşı olanda valideynləri avtomobil qəzasında həlak olub, onları heç xatırlamır və nənəsi ilə babasının himayəsində böyüyüb. Bir neçə müddət əvvəl isə təsadüfən onların bir söhbətini eşidib. Nərminin babası nənəsinə deyirmiş ki, kaş oğlumuz sağ olaydı. Onun bir arzusu heç yadımdan çıxmır. Bir dəfə dedi ki, Nərmini dünyada hamıdan çox istəyirəm. Qız uşağı olsa da, onu oğlan kimi tərbiyə edəcəyəm. Qoy güclü olsun, həyatda rastlaşacağı çətinliklərə sinə gərməyi, bir də gözəl insan olmağı öyrənsin. Ona görə də, onu “Qabusnamə”dəki nəsihətlərlə böyüdərək tərbiyə verəcəyəm. Nərmin bu söhbəti eşitdiyini onlara bildirməsə də, həmin gündən ona verilən cibxərcliklərini yığaraq “Qabusnamə”ni axtarmağa başlamış, heç xatırlamadığı atasının bu arzusunu həyata keçirməyə, o kitabı oxuyaraq oradakı nəsihətlərə əməl etməyə qərar verib. Bax buna görə o bu kitabı belə ciddi-cəhdlə axtarırmış, Bəxtiyar müəllim.

Araya bir sükut çökdü

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(17.05.2023)