“Aç qapını, dərdləşməyə gəlmişəm...” - Poetik qiraətdə Elxan Yurdoğludur Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə   Elxan Yurdoğlunun şeirləri yekunlaşır.

 

 

QAPI BİLİB BAŞDAŞINI DÖYÜRƏM

Qardaşım, dostum şair İlqar Qulusoyun ölümündən 5 il keçir... Başdaşıyla dərdləşirəm...

 

Qapı bilib başdaşını döyürəm,

Aç qapını, dərdləşməyə gəlmişəm!

Sinən daşdı, mənə cavab vermirsən?

Bilmirsən ki, bura nəyə gəlmişəm?!

 

Bu nə böyük düzdü, məkan seçmisən!?

Yalan olsun qara mərmər bu düzdə.

Başdaşına söykəmişəm başımı,

Yerlər ağlar, göylər inlər bu düzdə.

 

Beş günlük dünyada beş ildi yoxsan,

Hərdən təkliyimi güldürən adam...

Döydüyüm qapını aç, mən də gəlim,

Məni diri-diri öldürən adam.

 

Ölümü əyləncə seçən şairim,

Ölüm zarafatı qanmadı axı!

Bizə bir od qoyub çıxıb getmisən,

Biz yandıq, dərdimiz yanmadı axı!

 

Gah keçib bir küncə yazdıqlarını –

Şeir kitabını vərəqləyirəm.

Gah da xəyal uçur xatirələrə –

Ömür kitabını vərəqləyirəm.

 

Darıxıram, aç qapını, danışaq,

Bu nə qərib, nə qəribə daxmadı?!

Yadındadı, mənə şeir yazmışdın –

Qızıl sözün qulağımda sırğadı.

 

Qapı bilib başdaşını döyürəm,

İlqar, səsin gəlsin, səsimə səs ver.

Adı İlqar olan vəfasız olmaz,

Sənsiz yaşamağa  mənə həvəs ver.

 

Ürəyin daşdımı, cavab vermirsən?!

İndi bəs neyləyim, mən başı daşlı?!

Diksindim, çiynimə bir əl toxundu,

– Kimlə danışırsan, o ki başdaşı?!

 

– Dostumdu, gəlmişəm ziyarətinə,

Söhbət eləyirik olub keçəndən.

...Gedir, arxasınca baxıram mən də,

Görəsən, başını bulayır nədən?!

 

Eeeeeh, ay adam, hardan biləsən,

Dağ sözüm yıxılıb, sözüm dağlanıb.

Səhərdən bir mərmər qapı döyürəm,

Hər yanı açıqdı, amma bağlanıb...

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2023)