Sənə bir məktub yazdım... - Poetik qiraətdə Elxan Yurdoğludur Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə   Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

Sənə bir məktub yazdım,

Hər sirrim içindədi –

Oxumaqçün darıxma.

Bir sevda gizlətmişəm,

Hər gün zərfi sığalla,

Mən ölməyincə baxma.

 

Sənə bir məktub yazdım,

Min məktuba əvəzdi...

Min romana, min şeirə.

Soruşma bu dövrdə

Məktub da hardan çıxdı,

Nə oldu birdən-birə!?

 

Sənə bir məktub yazdım,

Nədən korluq çəkdimsə,

Səndən umub yazmışam.

Hər cümlədə dolmuşam,

Sıxmışam gözlərimi –

Bərk-bərk yumub yazmışam.

 

Sənə bir məktub yazdım,

Bir ildi hər gün bir az

Hərf-hərf yazmışam.

Xəttim pisdi, amma ki,

Sənə yazıram deyə,

Elə zərif yazmışam.

 

Sənə bir məktub yazdım,

Ünvanın yox... Boş qalsın

Zərfin üstündə: Hara...

Bəlkə, uzaqlardasan?

Bəlkə, elə üstünə

Yazım ki: "Uzaqlara".

 

Sənə bir məktub yazdım,

Bir qərar da vermişəm –

Göndərəcəm hər yana.

Yəqin ki, biri mütləq,

Bir şəkildə çatacaq

Sən yaşayan ünvana.

 

Sənə bir məktub yazdım,

Çatmasa da, sevənlər

Bir-birinə oxuyar.

Amma səhər yuxudan

Duran kimi bu şeiri

Birinci sən oxu, yar...

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində,

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)