Elçin modern Azərbaycan ədəbiyyatının yaşayan ən böyük ustadlarından biridir Featured

Xalq yazıçısı, milyonların sevimlisi Elçinin 80 illik yubileyi oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun “Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi reallıqları və Elçin yaradıcılığı” sərlövhəli məqaləsini oxucularına təqdim edir.

 

 

Elçin yaradıcılığı ilə tanışlığımın yaşı dörd onilliyin o yanından boylanır. Ədəbi cəbhə yönündə irəliləyişı az qala gözlərim önündə baş vermişdir. Sənətkar hər il demək olar ki, bədii məqsədə tuşlanan nəzəri düşüncələrini ovxarlaya-ovxarlaya oxucularla hər yeni görüşündə qələmi ilə özünün fərqli təfəkkür sahibi olduğunu sübut etməkdədir. Elçin yaradıcılığı bu gün elə bir kamil səviyyəyə yetişmişdir ki, o, özünü nəinki ünlü yazıçı-nasir, həm də orijinal dramaturq, avtobioqrafizm janrında öz fərdi möhürünü qoymağı bacaran esseist, ssenarist, ədəbiyyatşünas-tənqidçi kimi təsdiq etmişdir. Oxucular Elçini orijinal bədii yaradıcılıqla yanaşı, praqmatik çaplı məqalələr müəllifi kimi də yaxşı tanıyırlar. Ədəbi tənqid sahəsində çalışanlar, ədəbiyyatşünaslar onun yazdıqlarını nəzərdən keçirdikcə əsərləri ilə bağlı mübahisələr edir, mühakimələr irəli sürür, polemik nəzər nöqtələri sərgiləyirlər. 

Elçin hələ əvvəllər XX əsrin 80-ci illərində proletar ideologiyasının kəshakəsində “Против провинциализма в литературе” (“Ədəbiyyatda əyalətçiliyə qarşı”) məqaləsində qoyduğu problemlərlə sovet tənqidinin nəzərini yetərincə cəlb etməyi bacarmışdı. Eyni zamanda onun tənqid sahəsində əvvəl yazdıqlarına baxmayıb, söylədiklərinə diqqət yetirməsək belə, XXI əsrdə qələmə aldığı həcmcə kiçik, mahiyyət etibarı ilə dəyərli “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” kimi sanballı monoqrafik tədqiqatlarında tarixi dövrə, ədəbiyyatın və ədəbiyyatşünaslığın problemlərinə sırf fərdi baxış bucağından yanaşdığının şahidi oluruq. Bu yaxınlarda Türkiyəli doktor, professor Salim Conoğlunun oxuduğum belə bir fikri ilə razılaşırıq ki, Elçin modern Azərbaycan ədəbiyyatının yaşayan ən böyük ustadlarından biri olmaqla onu ədəbiyyat məsələlərinin incələnməsi, roman və hekayə janrının ünlü nümayəndəsi kimi dəyərləndırmək daha zəruridir. Elçinin mövzu və obrazları, qəhrəman və personajları, epik, dramatik və perifrastik sənət dünyasının ifadə imkanları o qədər rəngarəngdir ki, o, daim öz kosmosunda, öz qravitasiyasında, öz gəmisinin göyərtəsində oturub, kürrəyi-ərzi dolaşmaqla dünyanı fərdi baxış bucağından seyr edib orada gördüklərini ictimaiyyət və tənqidçilərlə bölüşməkdədir.

Elçin yaradıcılığının nə qədər orijinal olduğunu onun digər əsərləri ilə yanaşı, “Baş” romanının mətninə, infrastrukturında yer almış qəhrəmanların, obrazların və personajların, struktur-kompozisiyasının, ideya-məzmun özəlliyinin, Azərbaycan xalqının tarixi keçmişi, ictimai-sosial, siyasi-kulturoloji, etnik-tarixi, mədəni-mənəvi həyatı ilə birbaşa bağlı olan məqamları, realist, postrealist, modernist və postmodernist, yanaşmalarının Elçinsayağı bədii tryüklərini bilmədən natamam görünərdi.

Elçinin bədii yaradıcılıq axtarışları XX əsrin 60-cı illərinin lap əvvəllərinə təsadüf etsə də, qısa zaman kəsiyində o, ədəbiyyat cəbhəsində imzası daha tez-tez görünən yazıçılardan olmuş, digər tanınmış bədii-poetik təfəkkür sahibləri R.Rza, B.Vahabzadə, N.Xəzri, Anar, İ.Hüseynov, S.Əhmədli, İ.Məlikzadə, İ.Əfəndiyev, X.R.Ulutürk, M.Araz və başqaları kimi 60-cılar ədəbiyyatının yadda qalacaq simalarından birinə çevrilmişdir. Ədibin “Mahmud və Məryəm”, “Bülbülün nağılı”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Dəlixanadan dəli qaçıb”, “Baladadaşın ilk məhəbbəti”, “Dolça”, “Bayraqdar”, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti”, “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, 10 cildlik “Seçilmiş əsərləri”, tamamilə yeni nəşr olunmuş “Salyerinin son günü” və s. kimi yaratdığı nümunələr geniş auditoriyalara yayılaraq Azərbaycan, sovetlər birliyi, Avropa və dünya xalqlarının oxucu ictimaiyyətinə çatdırılmış, rəğbətlə qarşılanmışdır. 

1970-ci illərdən Elçin dramaturgiyada özünəməxsus yeniləşmələr etməyə çalışsa da, 90-cı illərdən bu proses daha intensiv xarakter almışdır. “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”) triptixi kimi maraqlı əsərləri ilə o, daha çox gündəmi zəbt edirdi. Elçinin dram əsərləri özünün fərqli dramaturji gedişi, orijinal mövzuları, qeyri-adi süjet xətləri və situasiyaları, yeni obrazlar qalereyası ilə tez-tez diqqət mərkəzinə düşürdü. 

“Qatil”, “Teleskop”, “Cəhənnəm sakinləri”, “Şekspir” və s. kimi dram nümunələri tamaşaçını yetərincə duyğulandıran əsərlərdəndir. Təsadüfi deyildir ki, Elçinin dram əsərləri müxtəlif janr formalarını özündə çevrələmək baxımından da diqqətəlayiqdır: komediya, tragikomediya, kədərli komediya, xronika, həyat xronikası, məhəbbət dastanı (“Mahmud və Məryəm”), faciə, absurd, improvizasiya və s. kimi maraqlı dramaturji janrlardakı bu dram əsərlərinin əksəriyyəti Azərbaycanın müxtəlif teatrlarında müxtəlif illərdə tamaşaya qoyulmuşdur.

Elçin barədə söz açdıqda onun elmi-nəzəri yaradıcılığı da bəhs etdiyimiz bu çeşidli təfəkkür sahibinin fəaliyyətinin xüsusi tərkib hissəsi kimi maraqlıdır: “Tənqid və ədəbiyyatşünaslığın problemləri”, “Klassiklər və müasirlər”, “Ədəbiyyatımızın yaradıcılıq problemləri”, “Tənqid və nəsr”, “Ədəbi düşüncələr”, “Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesinin problemləri”. “Klassik aşıq poeziyasında dünya obrazı”, “Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti”, “Şəxsiyyət və istedad (Cəfər Cabbarlı)”, “Cəfər Cabbarlı”, “Sosrealizm bizə nə verdi”, XIX əsr ədəbiyyatına fərdi baxış sərgiləyən “Aqoniya”, yoxsa təkamül?” və s. kimi monoqrafik araşdırmaları və məqalələri, Moskva jurnallarında və müxtəlif dərgilərdə dərc edilmiş ədəbiyyat problemləri ilə bağlı düşüncələri Elçini orijinal və novator ədəbiyyatşünaslar sırasına qoymuşdur.

Elçin bir sənətkar olaraq cəmiyyətdə baş verən proseslərə son dərəcə diqqətlə nəzər salmaqla konkret tarixi dövr üçün hansı problemlərin qabardılmasını, onların diqqət mərkəzinə çəkilməsini özünün bədii prioritetinə çevirir. Çünki o, birbaşa daxilində yaşadığı cəmiyyətin tarixi, mənəvi, siyasi, ictimai problemlərindən qaynaq alıb, özünün bədii əsərlərini həmin cəmiyyətə çatdırmağı sənətkarlıq və vətəndaşlıq borcu hesab edir. Fikrimizcə, digər çoxsaylı əsərlərində (məsələn, “Dəlixanadan dəli qaçıb”, “Mənim ərim dəlidir?”, “Ah, Paris, Paris!..”, “Cəhənnəm sakinləri” və s.), olduğu kimi “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, “Baş” və s. bu qəbildən olan nəsr nümunələrində; ədəbi tənqidin ən aktual məsələlərini çevrələyən “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” və s. məhz Elçinin sosial-ictimai və mədəni-mənəvi məsələlərə sayıqbaşlı sənətkar baxışının özünəməxsus konturlarını çevrələməkdədir.

Elçin bədii nəsr, dramaturgiya, absurd teatr və ədəbi tənqid janrlarında son dərəcə produktiv işləyən təfəkkür sahiblərindəndir. Adlarını çəkdiyimiz sənət sahələrində Elçin nə qədər bənzərsiz nümunələr yaratsa da, onun “partiturasının” çoxsəsli “orkestrində” 2015-ci ildə oxuculara və tədqiqatçılara təqdim etdiyi “Baş” romanının mövqeyi tamamilə fərqlidir. Elçin yeni bədii nəsr nümunəsi yaradarkən heç də burada “partituranı” sadəcə olaraq əlləri ilə hərəkət edən dirijor kimi yox, eyni zamanda dispetçer kimi beynində öz “simfoniyanın” bütün mürəkkəb sxemini hər bir anda doğru-düzgün təcəssüm etdirməyi bacaran yaradıcı şəxsiyyətdir. “Baş” romanı nəşr olunduqdan sonra əsərin “tənqid təsərrüfatımızda “oxunuşu”, “təfsiri” sahəsində xeyli fərqli yönlü araşdırmalar aparıldı. Məqalə və materiallar, tədqiqat işləri və monoqrafiyalar işıq üzü gördü. Mübahisələr yarandı, bəzən bir-birini təkzib edən, bir-birinə zidd baxışlar ortaya gəldi. Televiziya kanallarında, media müstəvisində materiallar bir-birini əvəzlədi. N.Cəfərov “Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun” apokalipsisinə”, V.Yusifli “Ədəbi hadisə. İsti-isti. Elçinin “Baş” romanı haqqında”, N.Şəmsizadə “Baş”ın səyahəti. Xalq yazıçısı Elçinə ədəbi məktub”, Ə.Cahangir “Baş”lanğıc. Birinci hissə. “Baş” romanında reallıq və metafizika – məsələsi və onun “On üçüncü gecə. Xalq yazıçısı Elçin haqqında məqalələri və yenə də onun “Baş”lanğıc. II hissə. Elçinin “Baş” romanında tarix və metafizika məsələsi (Cahangir Ə. Bakı, “Təhsil”, 2016, 160 s.), V.Nəsib. “Baş qeyrət romanımız – “Baş”, yazıçı Qanturalının Cavanşir Yusifli ilə Elçinin “Baş” romanı haqqında söhbəti”, T.Əlişanoğlunun “Tarixi janrın həqiqətləri. 2015-ci ilin tarixi romanları materialında Elçinin “Baş” və S.Rüstəmxanlının “Şair və şər” romanlarına baxış, T.Vəlixanlının “Azərbaycan tarixi məsələləri ən yeni Azərbaycan nəsrində” və bu sətirlərin müəllifinin 15-dən artıq çeşidli problematikalı məqalələri və əsərin tənqidi oxunuşuna həsr etdiyi “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” (Tağısoy N. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində. Bakı, “Təhsil”, 2017, 272 s.) mövzulu polemik monoqrafiyası nəşr olundu. Bütün qeyd edilənlərə baxmayaraq, hesab edirik ki, Elçinin “Baş” romanı hələ də sona qədər gərək ola biləcək müstəvidə təhlil süzgəcindən keçirilməmişdir. Odur ki, onun digər müstəvilərdə oxunuşu indən sonra da davam etdirlilməlidir.

Elçin yaradıcılığını bir qədər dərinləşdirilmiş aspektdə təhlilə cəlb edərkən “müəllif – mətn – oxucu” triadasını nəzərdən keçirməyə ehtiyac duyulur. Burada biz bir qədər mahiyyətə vararaq onu da söyləməyi vacib hesab edirik ki, bədii mətn yaradıldığı zaman oxucunun kongeniallığı (Kongeniallıq latın dilində olan “con (cum) – birgəlik, eyni vaxtda və genius – ruh” mənasına gəlir. Kongenial ideya istiqaməti, üslub və fikir obrazları ilə uyğunluq deməkdir) fikri heç də bütün hallarda müəllif təfəkküründə yer almır. Bununla belə, bu, oxucu üçün mətnin özünün dil xüsusiyyətləri ilə lap başlanğıcdan ortada dayanır. Bunları söylədikdə böyük amerikan şairi Uolt Uitmenin dedikləri yadımıza düşür - “Dahi poeziya yalnız dahi oxucular olduğu zaman yarana bilər”. Etiraf edilməlidir ki, Elçin nəsri düşündürücü yaradıcılıqdır. Onun əsərlərinin təhlilinə yanaşarkən nəzəri instrumentarilər bolluğundan təyinatına görə istifadə etməyi bacarmaq lazımdır.

Elçinin “Baş” romanının bədii əsər olaraq hansı prinsiplər və yaradıcılıq metodu ilə yazılmasına da birmənalı cavab vermək mümkün deyildir. Çünki burada əsərin baş qəhrəmanı knyaz Sisianov bir tərəfdən mücərrədlik “çəkisizlik” və “şəffaflıq” şəraitində təqdim olunursa, belə olduqda bu romanı mücərrəd idealist roman tipi kimi dəyərləndirmək olar. Lakin burada digər mövqedən Elçinin nəinki Pavel Sisianovun, həm də başqa personajlarının hərəkət və davranışlarına baxsaq, onların əksəriyyətində psixoloji halların, psixologizmlərlə dolu davranışların şahidi oluruq ki, belə olduqda əsərdə qəhrəman və obrazların dünyaya fərqli baxışının şahidi olarıq. Deməli, belə olduqda “Baş”ı psixoloji roman tipi kimi səciyyələndirə bilərik. Yaxud elə ekstremal məqamlarla da görüşürük ki, romanda obrazların davranışları əsərdə müəllifin alt semiotik işarələri onu digər roman formalarından və növündən qoparıb tərbiyəvi roman janrına yuvarlandırdığını görərik.

Elçinin iti müşahidəli sənətkar kimi ədəbiyyatımız qarşısında xidməti ondadır ki, o, müasir dövrdə yeni roman texnologiyaları formalarının və tiplərinin yaranmasından yaxşı xəbərdar olduğunu sübut etməkdədir. Çünki qənaətlərimizə görə Elçin Qabriel Qarsia Markes, Milorad Paviç, Frans Kafka, Ümberto Eko, Cozef Xeller, Filip Dik, Kurt Vonnequt, Orxan Pamuk, Əlif Şəfəq, Murat Munqan, Xaruki Murakami və onlarca başqalarının yaradıcılığı ilə bağlı müvafiq təsəvvürlərə malik olduğunu yaradıcı təfəkkürü ilə sübut etməkdədir. Fikrimizcə, Elçin dünya ədəbiyyatında roman janrında baş verən avanqard istiqamətlərin mahiyyətini, postmodernizmdəki qeyri-müəyyənliyi, fraqmentarlığı, ironiyanı, “dekonstruksiyaya” uğradılmış, hibridləşdirilmiş obrazların bədii yaradıcılıqda hansı rol oynamağı ilə bağlı geniş təsəvvürlərə malik olduğunu da ortaya qoymaqdadır. Postmodernizmdə məlum olan dekonstruksiya simulyakr işarələrin getdikcə daha da güclənərək müasir roman texnologiyalarında “vakuumu” inamla doldurduğunu da yaxşı bildiyindən xəbərdarıq. Odur ki, “Baş” romanın xeyli xüsusiyyətlərinə nəzər salarkən biz burada müəllifin sırf fərdi dekonstruksiya imkanlarından yararlandığını da yaxşı görürük. Elçinin bu romanda ən çeşidli diskurslardan (təbliğati, məişət, tarixi, elmi və s.) istifadə etdiyini də sezirik ki, yaradılan bu mətn məhz Elçinin bədii düşüncəsinin məhsulu olaraq ortaya gəlir. Yeri gəlmişkən qeyd edək ki, postmodernizmin verbal paradiqmasında çoxmənalı anlayışlar strukturalistlər tərəfindən dövriyyəyə buraxılmaqla nitq təşkilinin spesifik üsulu, yaxud spesifik qaydası kimi qəbul edilir. Konkret söz mətninin postklassik düşüncə məkanına məxsus olduğu bildirilir. Odur ki, bu gün roman janrının öz klassik janr formalarından qopub, xeyli dərəcədə deformasiyaya uğradığını da qəbul etməyə ehtiyac duyulmaqdadır.

Elçin “Baş” romanında elə bir özünəməxsus fərdi bədii gedişlər etmişdir ki, biz onların bütün roman mətninin alt qatına enərək əsərin süjet konstruksiyası, süjetin bədii forma kateqoriyası, süjetdənkənar elementlər, tarixi fon və bədii təxəyyül, portret xarakteristikası, Sisianovun prototipi, personajlar sistemi, xarakterlərin psixologiyası, xronotopun süjetyaradıcı element kimi əsərin mətnində yeri, “Baş” romanının poetikasında postmodernist estetika, postrealist və postmodernist xətlər və gedişlər, romandakı mistik-idillik təsvirlər, Elçinin Sisianovun obrazını ikiləşmə və bütövləşmə kontekstində təqdim etməsi bəhs etdiyimiz romanın nəinki Elçin yaradıcılığının Azərbaycan da və türk bədii məkanında, həm də daha geniş çevrədə götürsək, dünya romançılığında nəzərə çarpacaq ədəbi hadisə olduğuna əsaslar yaratmaqdadır.

Xalq yazıçısı Elçin çoxsaylı fundamental nəsr əsərləri, xüsusilə “Baş” romanı ilə Azərbaycan ədəbiyyatı tarixində, yeni paradiqmalı, yeni strukturlu və yeni məzmunlu roman yaratması ilə janra fərdi baxış bucağından yanaşmaqla öz möhürünü vurmuşdur. 80 yaşını tamam edən Elçin bu gün yenə də əvvəlki kimi böyük həvəs və vüsətlə ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın inkişafı naminə intensivliklə və şövqlə çalışmaqdadır. Ona bu gərəkli fəaliyyətində davamlı uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)